• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bakının qalmaqallı məktəbində döyülmə

Bakının qalmaqallı məktəbində döyülmə

Bakıda orta məktəb müəllimlərinin adına kredit götürən direktorun işlədiyi məktəbdə daha bir qalmaqal yaşanıb. Söhbət Xətai rayonu ərazisindəki 171 saylı tam orta məktəbdən gedir.

Belə ki, həmin məktəbin müəlliməsinin 7-ci sinif şagirdini döydüyü deyilir. Bu barədə ANS PRESS-in “Qaynar xətti”nə uşağın valideynləri məlumat verib.

Məlumata görə, məktəbin 60 yaşlı coğrafiya müəlliməsi Mədinə Tağıyeva dərsdə şagirdi Yunis Paşazadəni vurub. Şikayətdə müəllimənin şagirdi taxta ilə başından vurduğu deyilir. Müəllimənin daha sonra şagirdi təhqir etdiyi deyilir. Həmçinin şikayətdə bildirilir ki, Mədinə Tağıyeva həmişə şagirdlərinə qarşı aqressiv olub.

Məsələni araşdırmaq üçün məktəbə yeni təyin olunmuş direktoru Rövşən Qasımovla əlaqə saxladıq. Direktor ANS PRESS-ə açıqlamasında bildirib ki, hadisə ötən ayın 28-də baş verib. Lakin o, həmin vaxt məktəbdə işləməyib. Yəni hadisə keçmiş direktor İradə Murğuzovanın işlədiyi dövrdə olub.

“Mən məktəbə dekabrın 1-dən direktor təyin olunmuşam. Lakin hadisə barədə xəbərdaram. Ötən gün Xətai rayon Polis İdarəsi 35-ci poli bölməsindən gəlmişdilər. Mənim də iştirakım olmaqla müəllimə ilə danışdılar. Müəllimə etiraf etdi ki, şagirdlə aralarında problem olub. Lakin deyilən kimi müəllimə şagirdi taxta parçası il başından vurmayıb”, - deyə Rövşən Qasımov bildirib.

Direktorun sözlərinə görə, şagird özünü yaxşı aparmadığı üçün sadəcə onu tənbeh edib. Daha sonra əlindəki plastmas çubuqla onun qolundan vurub.

“Bir direktor kimi deyə bilərəm ki, adi bir hadisəni bu qədər şişirdib, müəlliməni belə incitmək olmaz. Mənə də şikayət edə bilərdilər. Lazım olsa müəlliməyə töhmət də verə bilərəm. Amma səmimi olaraq deyim ki, həmin hadisədə müəllimənin heç bir günahı yoxdur”, - deyə direktor əlavə edib.

Daha sonra hadisənin əslində necə baş verməsini öyrənmək üçün müəllimənin özü ilə əlaqə saxladıq. Mədinə Tağıyeva ANS PRESS-ə açıqlamasında bildirdi ki, hadisə həqiqətən də sinifdə baş verib. Lakin o, iddia olunduğu kimi şagirdini möhkəm vurmayıb.

“Məndən dərsdən çıxmağa icazə aldı. Dedi ki, sinif rəhbərimdən telefonu almalıyam. İcazə verməsəm də, otaqdan çıxdı. Daha sonra sinif rəhbəri otağa gəldi və məlum oldu ki, əslində Yunis onun yanına getməyib. Daha sonra o sinifə gələndə məni niyə aldatdığını soruşdum. Sonra əlimdə xəritəni göstərmək üçün istifadə etdiyim nazik plasmas çubuqla onun qolundan vurdum”, - deyə Mədinə Tağıyeva bildirib.

Müəllimə deyir ki, bu Yunisin valideynlərinin ona qurduğu tələdir. Səbəb isə məktəbin köhnə direktoru İradə Murğuzovanın tapşırığıdır. Müəllimə bildirib ki, həmin valideynlə köhnə direktorun yaxınlığı var. Bu səbəbdən də, bu düşünülmüş addımdır.

“İradə Murğuzova müəllimələri məcbur edirdi ki, onun üçün kredit götürsünlər. Mən razı olmadım. Mənə daim tələ qururdu. İndi də, bu məsələ onun işidir”, - deyə Mədinə Tağıyeva bildirib.

Qeyd edək ki, bir müddət əvvəl 171 saylı məktəbdə insident baş vermişdi. Məktəbin direktoru İradə Murğuzova tabeliyində çalışdığı müəllimləri məcbur etmişdi ki, onun üçün kreditlər götürsünlər. Daha sonra o müəllimlərin kreditini ödəməkdəm imtina etmişdi.

Xatırladaq ki, məhkəmə müəllimlərin adına bankdan kredit götürdüyünə görə işdən azad olunan 171 saylı orta məktəbin direktoru İradə Murquzova ilə bağlı daha bir qərar vermişdi.

Direktor müsahibəsində həmin məktəbdə müəllim işləyən Mədinə Tağıyevanın ünvanına nalayiq ifadələr işlədib. Buna görə də, o, keçmiş direktoru məhkəməyə vermişdi.

Aparılan araşdırmadan sonra məhkəmə İradə Murquzovanın təhqir etdiyi Mədinə Tağıyevaya 2500 manat təzminat ödəməsinə dair qərar çıxarıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR