Qurban Yetirmişli: “Zəlzələ barədə məlumat SMS vasitəsilə verilə bilər, amma...”
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişli: “Zəlzələ barədə məlumat SMS vasitəsilə verilə bilər, amma...”

Bizdə kiçik təkan olan kimi insanlar təşviş keçirir

Ötən gün Hacıqabul ərazisində baş verən zəlzələ ocağında hər hansı aktivlik müşahidə edilməyib. Hər hansı prosesin olmaması normaldır. Çünki zəlzələ ocağı dərində olub və proses qırılıb-düşmə tipli hərəkətdir. Ola bilər ki, müəyyən müddətdən sonra zəif təkanlar baş versin.

Bu sözləri Publika.Az-a açıqlamasında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinin Azərbycanda zəlzələ baş verəcəyi ilə bağlı əvvəldən açıqlama vermələrinə gəldikdə isə, Q.Yetirmişli bu fikirləri nağıl, cəfəngiyyat adlandırdı:

“Bu xəbərlərin heç birində konkret alimin adı çəkilmir. Ona görə bu xəbərləri yalnız şayiə adlandırmaq olar. Bundan başqa, heç kim əvvəldən zəlzələ barədə proqnoz verə bilməz. Həm də bu proqnoz özünü doğrultmadı. Zəlzələ Bakıda yox, paytaxtdan kilometrlərlə uzaq məsafədə baş verdi, üstəlik xəsarət alan da olmadı. Bu şayiələri kimin nə üçün yaydığını deyə bilmərəm. Üstəlik, ABŞ Azərbaycandan daha seysmik zonada yerləşir. ABŞ alimləri Azərbaycan barədə açıqlama verməkdənsə, öz ölkələrindəki zəlzələlər barədə proqnoz versinlər”.

Respublika Seysmoloji Xidmət Mərkəzində zəlzələnin nə vaxt hiss edilməsinə gəldikdə isə, o, əvəldən həmin ərazidə aktivliyin müşahidə edilmədiyini dedi:

“Dünyanın heç bir bölgəsində zəlzələni əvvəldən müəyyən edən cihazlar yoxdur. Sadəcə əvvəldən hər hansı ərazidəki aktivlik, avtoşoklar barədə məlumat verilə bilər. Dünənki zəlzələyə gəldikdə isə həmin ərazi seysmiklik cəhətdən aktiv deyildi. Biz daha çox Şamaxı, İsmayıllı ərazisini daha aktiv zona kimi dəyərləndiririk”.

Aktivliyin müşahidə edildiyi ərazilər barədə əhaliyə əvvəldən məlumat verilməsinə gəldikdə isə Q.Yetirmişli bununla razılaşmadı:

“Bir neçə ilə əvvəl Yaponlarla əməkdaşlıq edəndə, bizə aktiv zonalar barədə məlumatları SMS vasitəsilə əhaliyə çatdırmaq təklif edilmişdi. Lakin mən bunun qəti əleyhinəyəm. Çünki bizim əhali ilə yaponların psixologiyası tamamilə fərqlidir. Yaponiya daim aktiv zonadır, orada yaşayan insanlar hər an baş verəcək zəlzələyə hazırdır. 2011-ci il mart ayında Yaponiyada baş verən zəlzələ də bunu sübut etdi. Amma bizdə kiçik təkan olan kimi insanlar təşviş keçirir. Bu məlumatları verməzdən əvvəl insanları zəlzələ barədə məlumatlandırmaq lazımdır. İnsanlar maariflənəndən sonra, televiziya, SMS vasitəsilə əvvəldən aktiv zonalar barədə məlumat verilə bilər. Qısa müddətli zəlzələni deyə bilmərik, lakin əvvəldən ən aktiv zonalar, zəlzələ gözlənilən əraziləri deyə bilərik. Əvvəldən verilən məlumatlar həm də kommunikasiya xidmətləri, infrasturuktur, insanların qorunması üçündür”.

Tikililərin zəlzələyə hazır olmasına gəldikdə direktor bu məsələdə tikinti şirkətlərinin üzərinə məsuliyyət düşdüyünü dedi. Onun sözlərinə görə, Bakının fon seysmikliyi 8, bəzi ərazilərində isə 9 bal qiymətləndirilir. Binalar tikilərkən bu nəzərə alınmalıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm