“Arvadımı yandırmışam, həkim çağırın”: Sumqayıtdakı dəhşətli hadisənin TƏFƏRRÜATI
Bizi izləyin

Qırmızı.az

“Arvadımı yandırmışam, həkim çağırın”: Sumqayıtdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Bu günlərdə Sumqayıt şəhərində tükürpədən cinayət qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü, əslən Salyan rayonundan olan İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı 1984-cü il təvəllüdlü Aynur Qadir qızı Həsənovaya ağır dərəcəli yanıq xəsarətləri yetirib. Artıq İsrafil Ələkbərova qarşı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Nəzərinizə çatdıraq ki, törətdiyi əmələ görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan İsrafil Ələkbərov hadisə baş verdiyi günə kimi Sumqayıt şəhərində yaşayıb.

Əldə etdiyimiz bilgilərə görə, sözügedən olay adıçəkilən şəxslərin azyaşlı övladlarının gözü qarşısında baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, saxlanılan şəxs İsrafil Ələkbərov bildirib ki, keçmiş həyat yoldaşının tanımadığı şəxslərlə telefon danışıqlarını diktofona yazıb. Keçmiş həyat yoldaşı işdən evə gələrkən onu izləyib və ardınca evə girib. Sonra diktofonda yazdığı səs yazılarını ona dinlədib. Bundan sonra Aynur Həsənovanın əlini, ayaqlarını və ağzını “skoç”la bağlayıb, keçmiş həyat yoldaşına xüsusi amansızlıqla işgəncə verib. Belə ki, elektrik çaydanını qaynadaraq içərisindəki qaynar suyu Aynur Həsənovanın başına, üzünə, boynuna töküb.

Sözügedən hadisə ilə bağlı daha ətraflı məlumat almaq, eləcə də həm zərərçəkmişin özünün, həm də onun qonşularının fikirlərini öyrənmək məqsədi ilə Aynur Həsənovanın yaşadığı Sumqayıt şəhərinə getdik.

Sözün açığı, həmin ünvanı tapmaq o qədər də asan olmasa da, Sumqayıt sakinlərinə baş vermiş olayı xatırlatdıqda bizi doğru istiqamətə yönəltdilər.

Qapıya çatdıqda qarşımıza 8-10 yaşlarında bir oğlan uşağı çıxdı. Ondan Aynur Həsənovanın burada yaşayıb-yaşamadığını soruşduqda, uşaq “Əmi, siz ərinin yandırdığı qadını deyirsiniz?” deyə sualımıza sualla cavab verdi. Bu zaman əmin olduq ki, ünvanı səhv salmamışıq. Odur ki, uşağın sualını cavablandırdıqdan sonra 14-cü mənzilin qapısını döydük. 5 dəqiqədən artıq gözləsək də, qapını açan olmadı. Məcbur olub yan qonşuya müraciət etdik. Qapını açan xanım Aynur Həsənovanın evdə olmadığını bildirdi: “O, evdə deyil. Xəstəxanada olmalıdır. Ümumiyyətlə, evlərində heç kim yoxdur”.

“Hadisə ilə bağlı bizə bir qədər məlumat verə bilərsinizmi? O, nə üçün əri tərəfindən bu cür ağır işgəncəyə məruz qalıb” sualını eşitdikdə Aynur Həsənovanın qonşusu qəfil qapını üzümüzə bağladı. Lakin o, qapının arxasından “Məhəllədəki qonşulardan soruşun. Onlar sizə cavab verərlər” deyə cavab verdi.

Həmin xanımın məsləhətinə əməl edib məhəlləyə düşdük. Qonşulara özümüzü təqdim etdikdən sonra bir neçə sual ünvanladıq və belə məlum oldu ki, İsrafil Ələkbərovla Aynur Həsənova bir ildir ki, qeyd olunan ünvanda kirayədə yaşayırlar: “Onlar bir il idi ki, burada kirayədə qalırdılar. Vallah biz onları sakit ailə kimi tanıyırdıq. Gənc ailə olduqlarından hərdən söz-söhbət olurdu. Ancaq budəfəki kimi dəhşət olmamışdı”.

Qonşuların sözlərinə görə, zərərçəkmiş Aynur Həsənova Sumqayıt şəhərində yerləşən hərbi hospitalda işləyir: “Qadın hospitalda çalışırdı. Ərinin nə işlə məşğul olduğunu isə dəqiq bilmirik. Onu deyə bilərik ki, kişi 10 ay həbsdə yatıb. Həmin müddətdə onlar rəsmən boşanıblar. Lakin son zamanlar yenidən barışmışdılar. Onların 3 uşağı – 2 qızı və bir oğlanları var. Qızların 7-8 səkkiz yaşları olar. Oğlan isə yeni doğulub”.

Aynur Həsənovanın qonşuları bildirirlər ki, hadisə baş verdiyi gün onların övladları da olub-bitənləri gözləri ilə görüblər: “Əslində biz İsrafildən bu cür hərəkət gözləmirdik. Onu təmkinli, mülayim adam kimi tanıyırdıq. Onun etdiyi dəhşətdir.

Deməli, İsrafil qadının əl-qolunu “skoç”la bağlayıb və əvvəlcədən qaynatdığı suyu onun üzünə töküb. Nəticədə Aynurun sifəti tanınmaz hala düşüb. Ən qəribəsi odur ki, İsrafil etdiyi əməldən sonra həyətə düşüb və məhəllədəki uşaqlara üzünü tutub “Mən gedirəm polisə təslim olmağa. İndi təcili yardım gələcək, göndərərsiniz bizim evə. Arvadımı yandırmışam” deyib və polisə gedib. Həmin vaxt uşaqlar da evdə olublar. Əgər İsrafil uşaqlarının gözü qarşısında bu cür dəhşətli əmələ qol qoyubsa, deməli, buna görə nəsə ciddi səbəbi olub”.

Qonşular iddia edirlər ki, baş vermiş hadisənin qısqanclıq zəminində törədilməsi ehtimalı daha çoxdur: “İsrafilin əməli və onun məhəllədə uşaqlara dedikləri belə qənaətə gəlməyə əsas verir ki, o, bunu qısqanclıq zəminində edib. Görünür, o, bunu öncədən düşünüb və qərar verib. Yəqin ki, Aynurla bağlı İsrafilin qulağına nəsə çatıb.

Ayrıldıqdan sonra İsrafil başqası ilə ailə qurmuşdu. Amma yenə də Aynurun yanına gedib-gəlirdi”.

Qonşuların sözlərinə görə, hadisədən sonra Aynur Həsənovanın anası uşaqları özü ilə aparıb.

“Aynuru təcili yardım maşınına mindirəndə onun üzü adyalla bağlı idi. Deyilənə görə qızın üzü tamam tanınmaz hala düşüb”.

Qonşular bildirdi ki, Aynur Sumqayıtdakı hərbi hospitalda çalışdığından ola bilər ki, elə orda da müalicə olunsun.

Beləcə, hərbi hospitala yollandıq. Nəzarət-buraxılış məntəqəsində keşik çəkən hərbçilərə özümüzü təqdim etdik və rəhbərliklə görüşmək istədiyimizi bildirdik. Eləcə də Aynur Həsənovanın hazırda hospitalda olub-olmadığını soruşduq. Bundan sonra əsgərlərdən biri rəhbərliyin ardınca qərargaha doğru getdi. Bir neçə dəqiqədən sonra geri dönən hərbçi hazırda hospitalda yoxlamanın getdiyini, korpus komandirinin də burada olduğunu bildirdi və bu səbəbdən də rəhbərliyin bizimlə görüşə bilməyəcəyini dedi.

Hostipal rəhbərliyi ilə görüşə bilmədiyimizdən məcbur olub nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı mülki geyimli şəxslərlə söhbətləşməyə başladıq. Məlum oldu ki, onlar hospitalda çalışırlar və Aynur Həsənovanı da yaxından tanıyırlar:

“Aynuru tanıyırıq. Artıq hadisə ilə bağlı məlumatımız da var. Ancaq ərinin ona dəqiq nəyə görə işgəncə verdiyini deyə bilmərik. İşdə elə bir problemi-filan olmayıb. Görünür, ailədaxili məsələ olub. Bunun işə aidiyyəti olmayıb. Hospitalla bağlı heç bir problem ola bilməz. Düzünü özləri bilirlər. Yəqin ki, hüquq mühafizə orqanları araşdırıb əsl səbəbi ortaya çıxaracaqlar. Lakin istənilən halda qadına bu cür işgəncə vermək vəhşilikdir!”

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm