• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Dedi ki, hamı mini ilə gəzir, mən biri ilə gəzmişəm...” – Bir cinayətin tarixçəsi

“Dedi ki, hamı mini ilə gəzir, mən biri ilə gəzmişəm...” – Bir cinayətin tarixçəsi

Ağcabədi rayon Xocavənd kəndnin sakini, 1986-cı il təvəllüdlü Xəyal İbrahimov müvəqqəti olaraq Rusiyada yaşadığı müddətdə bacısı Xəyalə Hüseynovanın həmkəndlisi Etibar Quliyev adlı şəxslə görüşdüyünü eşidib. Kənd camaatı arasında rüsvay olduqlarını görən Xəyal İbrahimov bu üzdən bacısını öldürməyi planlaşdırıb.

Bu məqsədlə o, Rusiya Federasiyasının Saratov şəhərindən Azərbaycana qayıdıb. Kəndə gələn Xəyal atası evində bacısı ilə görüşərək danışıb. Qardaş-bacı arasında yaranan mübahisə faciə ilə nəticələnib.

Alnına sürülmüş bu ləkəni qanla yumaq məcburiyyətində qalan qardaş stolun üstündən götürdüyü ütünün qaytanını bacısının boğazına dolayaraq var-gücü ilə sıxıb. Xəyalə Hüseynova kəskin asfiksiya nəticəsində dünyasını dəyişib.

“Bacımın başqası ilə gəzdiyini eşitmişdim”

Təqsirləndirilən şəxs qismində dindirilən Xəyal İbrahimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bacısı Xəyalənin xalası oğlu Yusif Hüseynovla rəsmi nikahda olduğunu göstərib:

“Son illər bacım ərindən ayrılmışdı, atamgildə yaşayırdı. İki-üç il bundan əvvəl işləmək üçün Saratov şəhərində yaşayan qardaşlarım Niyaməddin və Xəyyamın yanına getmişdim.

Bacım Xəyalənin həmkəndlimiz Etibar Quliyev tərəfindən aldadılaraq Bakı şəhərinə getdiyini eşidəndən sonra qardaşlarım Ağcabədiyə gəldilər. Mən onlardan iki gün sonra qatarla Azərbaycana qayıtdım. Səhər saatlarında Ağcabədi rayon avtovağzalına, oradan isə taksi ilə yaşadığım kəndə getdim. Atam, anam və qardaşlarımla görüşəndən sonra bacımın harada olduğunu soruşdum. Atam Xəyalənin öz otağında olduğunu söylədi.

“Öz həyatımdır, özüm bilərəm”

Atama bacımla söhbət etmək istədiyimi bildirdim. O, mənə Xəyaləni vurmamağımı tapşırdı. Otağa girib bacımdan nə üçün ərdə ola-ola başqa kişi ilə qaçdığını soruşdum. Aramızda mübahisə yarandı. Bacım mənə: “Hamı mini ilə gəzir, mən də biri ilə gəzmişəm, yaxşı edirəm, öz həyatımdır, özüm bilərəm”, - deyəndə sağ əlimlə onun boğazından tutub yerə yıxdım.

Stolun üstündəki ütünü götürüb, qaytanını boğazına dolayıb, Xəyaləni boğmağa başladım. Təqribən dörd-beş dəqiqədən sonra öldüyünü görüb çölə çıxdım. Ailə üzvlərimə Xəyaləni öldürdüyümü bildirdim. Bundan sonra rayon polis şöbəsinə gedərək bacımı qətlə yetirdiyimi açıqladım və könüllü təslim oldum”.

“Özüm oğlanlarıma hər şeyi açıb dedim”

Zərərçəkmiş şəxs qismində dindirilən Alim İbrahimovun ifadəsindən: “Qızım Xəyalə öz xalası oğlu Yusifə ərə getmişdi. Amma son vaxtlar bizimlə qalırdı. Oğlanlarım Niyaməddin və Xəyyam 10 ilə yaxındır ki, Rusiyada yaşayırlar. Kiçik oğlum Xəyal isə hadisədən təxminən 2 il əvvəl qardaşlarının yanına getmişdi və o da orada yaşamağa başlamışdı.

Qızım Xəyalənin həmkəndlimiz Etibar Quliyev tərəfindən aldadılaraq Bakı şəhərinə yola salındığını eşitdim. Zəng vurub bu barədə oğlanlarımı məlumatlandırdım. Bundan sonra isə qızımın qaçırılması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etdim”.

“Xəyal bacısının yerini soruşdu”

Polis şöbəsində aparılan araşdırma zamanı Xəyalə izahatında Etibarın onu Bakı şəhərinə yola saldığını, özünün isə bir neçə gündən sonra gələcəyini bildirməklə onu aldatdığını göstərdi.

Oğlanlarım bunu eşidib Ağcabədiyə qayıtdılar. Kiçik oğlum Xəyal isə səhər tezdən qəflətən evə gəldi. Bizimlə görüşəndən sonra bacısının harada olduğunu soruşdu. Xəyalənin evdə otaqda olduğunu ona deyib vurmamağı xahiş etdim.

Xəyal isə evə girib təqribən 10 dəqiqədən sonra çölə çıxdı və Xəyaləni boğaraq öldürdüyünü bildirdi. Bundan sonra oğlum polis şöbəsinə gedib hadisə barədə məlumat verdi”.

Şahid qismində dindirilən Niyaməddin İbrahimov ifadəsində bacısı Xəyalənin həmkəndlisi Etibar adlı şəxslə görüşmək üçün Bakı şəhərinə getməsini Rusiya Federasiyasında olarkən eşitdiyini göstərib:

“Qardaşım Xəyyamla birlikdə Bakı şəhərinə gəldik. Xəyyam bir gün Bakıda qaldı. Ertəsi gün kəndə deyil, Ağcabədi şəhərində yaşayan əmim oğlu Ramizgilə gedib orada gecələdi. Avqustun 10-da isə onun Bakı şəhərinə getdiyini eşitdim. Xəyal isə gözlənilmədən rayona gəldi.

Bizdən Xəyalənin harada olduğunu soruşdu. Evə girib təqribən 10 dəqiqədən sonra çölə çıxdı və bacımı boğub öldürdüyünü bildirdi. Bundan sonra atam Xəyala rayon polis şöbəsinə gedib könüllü təslim olmağı məsləhət gördü”.

“Utandığımdan kəndə getmədim”

Xəyyam İbrahimov ifadəsində deyib ki, Rusiyadan Bakı şəhərinə gələndən sonra bacısına görə utandığından kəndə yox, Ağcabədi şəhərində yaşayan əmisi oğlu Ramizgilə gedib:

“Gecəni onlarda qaldım. Səhər tezdən Bakı şəhərinə yola düşdüm. Bir gün sonra isə qardaşım Xəyalın Xocavənd kəndinə gələrək bacımı boğub öldürdüyünü eşidib Ağcabədi rayonuna yola düşdüm”.

“Ona yenicə ailə qurduğumu dedim”

Bakıda yaşayan Etibar Quliyev ifadəsində həmkəndlisi Xəyalə Hüseynovanın yeddi-səkkiz ay əvvəl ona dəfələrlə zəng edərək tanış olmaq istədiyini göstərib:

“Telefonla danışıb münasibət yaratmışdıq. Hadisədən bir neçə gün öncə Xəyalə mənə zəng edərək Bakı şəhərində yaşamağı təklif etdi. Ona yenicə ailə qurduğumu və Bakı şəhərinə gedə bilməyəcəyini dedim. İki gündən sonra Xəyalə yenidən zəng vurub azyaşlı oğlu Sadıqla birlikdə Bakı şəhərində avtovağzalda olduğunu, tanıdığım adam varsa, onu qarşılamağını xahiş etdi.

Bundan sonra xalam oğlu Ziyaya zəng vurub “20 Yanvar” metrosundakı avtovağzalda Xəyaləni qarşılamağı xahiş etdim. Ziya bir qədər tərəddüd etsə də, sonra razılaşdı. Bundan sonra Xəyalənin Bakı şəhərində hara getdiyini və nə işlə məşğul olduğunu bilməmişəm”.

“İki il idi ki, bir yerdə yaşamırdıq”

Yusif Hüseynov ifadəsində xalası qızı Xəyalə Hüseynova ilə rəsmi qaydada boşanmasa da, son 2 ildə onunla yaşamadığını göstərib: “Oğlum Sadıqla danışmaq üçün bir neçə dəfə onun mobil telefonuna zəng vurmuşam. Xəyalənin Etibarla gəzdiyinə görə qardaşı Xəyal tərəfindən öldürüldüyünü eşitdim. Ertəsi gün əmim oğlu Elgün azyaşlı oğlumu taksi sürücüsü Əsgərxanla Sumqayıt şəhərinə yola saldı”.

“Əgər deyilənlər doğrudursa, qızını gəlin kimi saxlayacağam”

Etibar Quliyevin atası Fazil Quliyev ifadəsində həmkəndlisi Alim İbrahimovun onun evinə gəldiyini göstərib: “Alim bizə gəlib mənə dedi ki, oğlun Etibar qızım Xəyaləni qaçırıb, buna görə də Etibar Xəyal ilə evlənməlidir. Ona dedim ki, bu məsələni araşdıracağam, əgər həqiqətən Etibarın Xəyaləni qaçırması təsdiqlənsə, qızını gəlin kimi saxlayacağam.

Lakin Etibar evə gələrək Xəyalə ilə hər hansı əlaqəsi olmadığını bildirdi. Mən də bu barədə Alimə dedim. Bundan sonra Alim rayon polis şöbəsinə ərizə ilə müraciət edərək oğlum Etibar barəsində şikayət etdi. Sonradan Alimin qızı Xəyalənin Rusiya Federasiyasında yaşayan qardaşı tərəfindən öldürüldüyünü eşitdim”.

Məhkəmənin hökmü ilə Xəyal İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarından apelyasiya şikayəti verilib və Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən Xəyal İbrahimovun cəzası 7 ilə endirilib.

Hacı Zeynalov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR