• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Oğru dünyası”nın eksperti: “Lotu Quli” və “Rövşən Lənkəranski” münaqişəsinin əsl səbəbləri

“Oğru dünyası”nın eksperti: “Lotu Quli” və “Rövşən Lənkəranski” münaqişəsinin əsl səbəbləri

Hansı səbəbdəndirsə, “oğru qanunları” və ümumiyyətlə kriminal avtoritetlər daim cəmiyyətin diqqət mərkəzində olub. Həm sovet dönəmlərində, həm də indi “qanuni oğru”larla bağlı yayılan hər hansı bir xəbər sadə vətəndaşlar tərəfin maraqla qarşılanıb.

Hazırda ölkəmizdə sözügedən sahəni araşdıran bir çox şəxslər var. Lakin onların arasında ən tanınmışı Bəhram Çələbidir. “Qanuni oğru”lar haqda bir neçə kitabın müəllifi olan Bəhram Çələbinin ilk kitabı “Diktator Ağakərim”dir. 1996-cı ildən etibarən kriminal mövzularla məqalələr hazırlayan müəllifin “Zolotoy mujik”, “Lotu Bəxtiyar”, “Dağlı Cavanşir”, “Lotular, cayıllar və…”, “Sabirabadlı Hikmət”, “TT Nəriman”, “Zina Paasajskaya”, “Rusiya mafiyasının liderləri” kimi əsərləri işıq üzü görüb. Bəhram Çələbinin “Lotu Söhbət”, “Karzubi Vaqif”, “Novxanılı Əliqardaş”, “Krasavçik Ağakərimin məhbəs xatirələri”, “Doktor Ağoppa”, “Dağlı Musa”, “Dağlı Muğbil”, “Olim Kirovabadskiy”, “Zver Ələkbər”, “Malışka Səfurə”, “Çolaq Böyükağa”, “Qızıldaş Mamed"in məhbəs gündəliyi” və digər əsərləri isə əlyazma halında qalmaqdadır.

Qeyd etdiyimiz kimi, Bəhram Çələbi “oğru qanun”larından, kriminal aləmin sayılıb-seçilən şəxsləri barəsində kifayət qədər məlumatlı olduğundan məhz bu mövzuda onunla söhbətləşmək qərarına gəldik.

- Oğru dünyası haqda oxucularımıza bir qədər məlumat verərdiniz. “Qanuni oğru”lar nə zamandan bəri və hansı səbəbdən yarandı?

- Cinayətkarlar qazamata düşdükdən sonra orda qayda-qanun yaratmaq üçün “qanuni oğru”lar peyda oldu. İlk dəfə “qanuni oğru”lar 1650-ci illərdə Fransada, daha sonra isə ikinci Yekaterinanın dövründə Çar Rusiyasında yaranmağa başladı. Onu da qeyd edim ki, Rusiyada oğru aləmi ilk dəfə məhz fransızlar tərəfindən Arxangelskdə yaradılıb. Məhbəsin rəisləri, rəhbər şəxsləri dustaqlara lazımınca baxmadıqları üçün “qanuni oğru”ların formalaşdırılması zərurəti ortaya çıxdı. Beləcə, 17-ci əsrin ortalarından etibarən kriminal aləmdə “oğru qanunları” öz sözünü deməyə başladı. Bundan sonra dustaqların vəziyyəti bir qədər yaxşılaşdı. Çünki “qanuni oğru”lar müxtəlif vasitələrlə dustaqlara yardım edir, eləcə də qazamatın rəhbərliyi ilə razılığa gəlib məhbusların müəyyən işlərə cəlb olunmasına şərait yaradırdılar. O zamanlar bu, hər iki tərəfin maraqlarına cavab verirdi.

“Oğru dünyası”nın yüksəliş dövrü Stalinin zamanına təsadüf edir. Belə ki, 1920-22-ci illərdən başlayaraq Stalin dustaqları məhv etmək üçün onları əzablı işlərdə çalışdırmaq barədə qərar verir. Məsələn, Stalin əslən Türkiyədən olan yəhudi Naftaliy Aronoviç Frenkeli özünə köməkçi təyin edir və ona Volqa-Don kanalını çəkməyi tapşırır. Bu zaman kanalın tikintisi zamanı az qala on milyona yaxın dustağın əməyindən istifadə olunub. Bundan sonra ona Leninqrad (indiki Sank-Peterburq) tərəfdə daha bir kanal çəkmək tapşırılıb. Və bu zaman da məhbusları gecə-gündüz ağır şəraitdə işlədiblər. Hər iki kanal tikilib başa çatdıqda 2 milyona yaxın dustaq məhv olmuşdu. Onu da deyim ki, Stalinin göstərişi ilə kanalların tikintisi zamanı məhbusların üstündə briqadir kimi “qanuni oğru”lar təyin olunurdu. Bu da öz təsirini göstərdi.

- “Qanuni oğru” ların özlərinə məxsus hansı qanunları, qaydaları var? Ümumiyyətlə, bu ad məhbusa hansı meyarlara görə verilir?

- 1940-cı ilə qədər belə idi ki, hökumətə qarşı olduğunu və “qanuni oğru” adını daşıya biləcəyini elan edən şəxsi yoxladıqdan sonra ona bu adı verirdilər. O zamanlar Leninqradda “Qarbatıy Yuriy” ləqəbli “qanuni oğru” Alekseyev Yuriy Vasilyeviç olub. O bildirib ki, həmin dövrdə 15 min dustağın arasında təxminən, 1500 “qanuni oğru” olub. Yəni kim özünün “qanuni oğru” olduğunu elan edirdisə, müəyyən mərhələdən sonra ona bu ad verilirdi. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladıqda əsgərliyə gedən, Vətənin keşiyini çəkən “qanuni oğru”lara “polskiye vorı” adını qoydular. Digərləri onları “oğru”dan dönmüş “oğru” adlandırırdılar. Beləliklə, əsl “qanuni oğrular” – “zakonnik”lər onları öz sıralarına qəbul etmədilər. Nəticədə, onlar arasında böyük müharibə başladı. Vəziyyət o həddə çatmışdı ki, onlar bir-birini gördüyü yerdəcə qətlə yetirirdilər. Qeyd edim ki, əsl “qanuni oğru”lar özlərini “nepmanskiye vorı” adlandırırdılar. “Qarbatıy Yuriy” deyir ki, Saxalində ümumi sayı 1500 nəfər olan “qanuni oğru” bir-birinə qarşı vuruşub və təxminən, 800 nəfərə yaxın insan qırılıb. Ümumiyyətlə, “nepmanskiye vorı” ilə “polskiye vorı” arasında daim gərgin mübarizə gedib. Onların bir-birini görməyə gözü olmayıb.

1961-ci ildə belə bir qayda-qanun çıxdı ki, Zaqafqaziya “oğru”ları ailə ilə sıx bağlı olduğundan, onlara evlənmək üçün icazə verilsin. Həmin dövrə kimi “qanuni oğrulara” ailə qurmaq qəti qadağan idi.

- Bəhram müəllim, bəzi bilgilərə görə, bu qərar 1998-ci ildə keçirilmış “oğru”ların geniş “referendum”unda qəbul olunub…

- Yox, bu dəqiq tarixdir. Hətta “Sanka Zver” ləqəbli “qanuni oğru” məhz 1961-ci ildə elan edib ki, mən daha “vor zakon” deyiləm. O, bunu oradan çıxmaq üçün yalandan edib. Eləcə də “Novxanılı Əhməd”, “Doktor Ağoppa” və digərləri “qanuni oğru”ların ideyalarını qəbul etdiklərini bildirməklə yanaşı, ailə quracaqlarını bəyan ediblər. Onlar icazə aldıqdan sonra evləniblər. Sonradan “Sanka Zver” 1970-ci ildə özünə toy edib. O vaxta kimi isə onların evlənməyə ixtiyarı yox idi. Çünki ailə qurduqdan sonra “qanuni oğru”lar dustaqlara yox, ailələrinə xidmət edəcəkdilər. Bu səbəbdən də əvvəllər buna icazə verilmirdi.

- “Qanuni oğru”ların “sxodka”ları əsasən hansı zərurətdən çağırılır?

- Əslində, “sxodka”ya bir növ qurultay adı da vermək olar. İndiyədək “oğru”ların ən yadda qalan “sxodka”ları Soçidə və Novqorodda baş tutub. İndiyədək bir dəfə ən böyük “sxodka” təşkil olunub və ora bütün sovet ölkələrindən, hətta xaricdən belə “oğru”lar gəliblər. Bu cür iclaslarda “qanuni oğru”lar bir sıra mühüm məsələləri, öz çatışmazlıqlarını, hansısa problemləri yoluna qoymağa, öz ideyalarını yeritməyə çalışırlar.

- “Obşak” həm də “vorovskaya kassa” adı ilə tanınır. Yəni bunu bir növ qarşılıqlı yardımlaşma kimi də qəbul etmək olarmı?

- “Obşak” kriminal aləmdə tez-tez istifadə olunan jarqonlardandır. İki cür həbsxana var: onlardan birinə “qırmızı”, digərinə isə “qara” deyirlər. “Qırmızı türmə”də rəhbər şəxslər, dövlət adamları, polis və prokurorluq, bir sözlə dövlət adamları və onlara işləyən dustaqlar olurlar. “Qırmızı zon”da “obşak” olmur. Lakin “qara zon”da mütləq “obşak” olmalıdır. Həm bizdə, həm də postsovet ölkələrinin əksəriyyətində həbsxanalarda vəziyyət o qədər də ürəkaçan deyil. Bu səbəbdən də “obşak” məhbusların bəzi problemlərinin yoluna qoyulmasına yardım edir. Dustaqlara çay, siqaret, dava-dərman, hətta pul belə “obşak”dan verilir.

- Son dövrlər bəzi “qanuni oğru”lar iş adamlarından, biznesmenlərdən bir o qədər də fərqlənmir. Sizcə, “qanuni oğru”ların həyat tərzi necə olmalıdır?

- “Nepmanskiye vorı” ömürlərinin sonunadək evlənməyiblər. Onların qaydalarına görə, “qanuni oğru” türmədən çıxdıqdan sonra uzağı 6 ay çöldə qala bilər. Bu müddət tamam olduqda onlar yenidən oğurluq edib həbsxanaya düşməlidir. O zaman kriminal aləmdə belə bir deyim vardı ki, əsl “oğru”nun yeri türmədə olmalıdır. Əvvəllər “qanuni oğru”nun heç nəyi olmayıb. O, ideya adamı olduğundan sadə həyat tərzi keçirib, qazandığının böyük bir hissəsini məhbuslara xərcləyib. İndi isə demək olar ki, əsl “qanuni oğru” yoxdur. Məsələn, “Lotu Hikmət”i götürək. O, əvvəllər əsl “oğru” kimi yaşayıb. Lakin sonradan “kommersiya”ya qoşulub. Düzdür, o, həbsxanalara “qrev” göndərsə də, özünün bank hesabı, bazarları olub. Bundan başqa, Moskvanın “obşak”ına baxan “Paşa Çirul” ləqəbli “qanuni oğru” özünə 3 milyon dollarlıq malikanə tikdirib. “Yaponçik”in oğulluğu olan “Kalina”nın hələ sovet illərində özünün mehmanxanası vardı. İndi də belələri var. Halbuki “qanuni oğru”nun biznes fəaliyyəti ilə məşğul olması, digərlərindən fərqli həyat tərzi keçirməsi yolverilməzdir. Lakin bəzi hallarda buna riayət olunmur.

- Bəhram bəy, sizcə “Rövşən Lənkəranski” (Rövşən Canıyev) və “Lotu Quli” (Nadir Səlifov) arasında artıq bir müddətdir ki davam edən mübarizənin kökündə duran əsas səbəb nədir?

- Təbii ki, onların ideyası eynidir. Burada söhbət maliyyədən, “sfera vliyaniya”dan gedir. Yəni nüfuz dairəsi uğrunda mübarizə gedir. Məsələn, əvvəllər “Ded Xasan”la “Rudik Bakinski” arasında ciddi konflikt vardı. Əslində “Rudik” “Ded Xasan”dan tanınmış “oğru” olub. O, bütün SSRİ-də ən böyük “oğru”lardan sayılırdı. Çünki “Rudik” qazancının təxminən, 90 faizini “obşak”lara verirdi, həbsxanalara “qrev” göndərirdi. Onunla “Ded Xasan” arasındakı mübarizə də məhz nüfuz dairəsi uğrunda gedirdi. Onlar arasında münasibətlər müharibə səviyyəsinə kimi gəldi və nəticədə hər iki tərəfdən 150 nəfərə yaxın adam öldürüldü. Odur ki, bugünkü mübarizə də elə nüfuz dairəsi uğrunda gedir.

- Mətbuatda belə bir məlumat gedib ki, “Lotu Quli”nin adamları Moskvadakı “Matrosskaya tişina” istintaq təcridxanasında “Zayka” ləqəbli kriminal avtoritet Zaur Əliyevə hücum edib və onun hamilə həyat yoldaşını telefonla hədələyəndən sonra “Zayka” “sınıb”. Necə düşünürsünüz, “oğru” adını daşıyan bir şəxs bu cür əmələ qol qoya bilərmi?

- Belə şeyə yol vermək olmaz. Özünü əsl “qanuni oğru” hesab edən şəxs heç vaxt ailəyə toxunmamalıdır. “Oğru qanun”larına görə, oğul ataya, ata da oğula görə məsuliyyət daşımır. Məsələn, “qanuni oğru”nunu oğlu polis də ola bilər. Əgər “Zayka” ilə bağlı deyilənlər, yazılanlar öz təsdiqini taparsa, o zaman bununla bağlı “qanuni oğru”lar arasında qərar çıxarılmalıdır. “Oğru qanun”larına əsasən onlar öz aralarında olan məsələləri “sxodka”da həll etməli, əməllərinə görə cavab verməlidirlər.

- Gələk son sualımıza. Sizə elə gəlmir ki, son dövrlər “oğru qanun”ları bir kənarda qalıb və mafiyalaşma başlayıb?

- Yəqin ki, siz 1945-55-ci illər arasında olan hadisələri əhatə edən və 1972-ci ildə çəkilmiş “Xaç atası” filminə baxmısınız. Həmin film 40 il öncə çəkilməsinə baxmayaraq, indiki bəzi “qanuni oğru”ların vəziyyəti həmin o kinodakı vəziyyətlə eynidir. Artıq bir sıra “qanuni oğru”lar mafiyalaşıblar.

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR