• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda Çin(li) bazarı...- ARAŞDIRMA

Azərbaycanda Çin(li) bazarı...- ARAŞDIRMA

Son illərdə sürətlə böyüyən Çin iqtisadiyyatı ixracyönümlü formaya keçib. Nəticədə, Çin malları dünya ölkələrinin bazarlarını sürətlə işğal edir. Bu, ÜTT-nin ən böyük üzvlərindən biri olan Çində ucuz işçi qüvvəsinin, ucuz xammalın olması və ölkəyə yeni texnologiyaların gətirilməsi və inkişaf etdirilməsi, ixracıın stimulaşdırılması ilə bağlıdır. Azərbaycanda da, Çin məhsulları ticarət sektorunda böyük paya malikdir. Çin mallarının ölkədə həcminin artması çinli miqrantların artımı ilə paralel inkişaf edir.

Azərbaycana sonuncu kateqoriya Çin malları gətirilir

Azərbaycana idxal olunan Çin mallarının böyük əksəriyyəti keyfiyyətsiz və təhlükəli tərkibə malikdir. Problem əslində, Çin mallarında deyil, Azərbaycana gətirilən saxta və ya keyfiyyətsiz məhsullardadır.

Çinin yüksək keyfiyyətli məhsulları Yaponiya, Avropa və Amerika bazarlarında da geniş miqyasda satılmaqdadır. Məsələ ondan ibarətdir ki, bu ölkədə bir neçə kateqoriya üzrə məhsul istehsal olunur.

Azərbaycana gətirilənlər ən aşağı kateqoriyaya məxsus olanlardır. Belə mallar əhalisinin alıcılıq qabiliyyəti aşağı olan ölkələr üçün nəzərdə tutulub. Məhz bu səbəbdən də, ölkəmizdə satılan Çin malları sadəcə olaraq xarici görünüşünə görə yaxşı mala oxşayır, qiyməti təəccüblü dərəcədə ucuz olan bu malların çoxu "odnorazıvıy"dır.

Ədalət naminə qeyd etmək lazımdır ki, ölkəmizdə az da olsa kefiyyətli Çin mallarına rast gəlmək mümkündür. Bunlar əsasən, informasiya və kommunikasiya texnologiyalarına aid məhsullardır.

Elə bu məqalənin yazıldığı kompyuter də Çin istehsalıdır. Uzun müddətdir ki, istifadə edilməsinə baxmayaraq, heç bir problem olmadan normal işləyir. Halbuki, avropalı və amerikalı analoqlarından azı 2 dəfə ucuzdur. Lakin, Azərbaycan bazarlarında saxta və keyfiyyətsiz Çin malları meydan sulayır.

"İdxal əvəzinə istehsal siyasətini gücləndirmək lazımdır"

İqtisadçı-alim Nazim Məmmədov Publika.az-a açıqlamasında yaranmış vəziyyəti izah edib:

"Azərbaycana Çindən keyfiyyətsiz mallar gətirilirsə, bu o demək deyil ki, orda butun mallar keyfiyyətsizdir. ABŞ və Avropa bazarlarında Çinin yüksək keyfiyyətli malları mühüm yer tutur. Sadəcə, belə çıxır ki, saxta və keyfiyyətsiz malların ölkəmizə idxalında maraqlı olan qüvvələr var. Çində, gizli sexlər ola bilər, kustar üsulla hazırlanan mallar istehsal oluna bilər. Ancaq bu o demək deyil ki, həmin mallar bizim ölkəyə idxal olunmalıdır".

Ekspert bu məhsulların ucuzluğundan doğan qısqanclıqla razılaşmır:

"Bəzən ucuzluğa baxıb deyirlər ki, yəqin bu mal keyfiyyətsizdir. İstehlakçı tərəfindən baxsaq, bu daha yaxşı vəziyyət yaradır. Bizdə analoji mallar niyə baha olmalıdır ki? Necə olur ki, dünyanın o başından bura gətirilən, ilkin qiymətinin uzərinə nə qədər gömrük, vergi, daşınma xərcləri əlavə ediləndən sonra belə baha olmayan mallar burda istehsal olunandan ucuz satılır?"

İqtisadçı Çin mallarının bizdəki analoqlarından daha ucuz olmasının səbəblərinə də toxunub:

"Ola bilər ki, bizdə istehsal sahəsində maya dəyərinə təsir edən amillər çox olsun. Bu rüşvətlə, sahibkara maneələrlə və sair amillərlə bağlı ola bilər. Bizim sahibkarlara elə şərait yaradılmalıdır və onlar elə işləməlidirlər ki, xarici rəqibləri rəqabətə davam gətirsinlər. Yerli istehsal güclənsə, bu qədər idxala ehtiyac olmaz".

"Belə davam etsə, yaxında Bakıda Çin məhəllələri yaranacaq"

Son bir neçə ildə işləmək üçün Azərbaycana üz tutan miqrantların çoxunu çinlilər təşkil edir. Ölkədə "qıyıqgöz"lərin sayının sürətlə artması artıq adi müşahidələr zamanı da bəlli olur. Onların bir hissəsinin ölkə sərhəddini qanunsuz keçdiyi barədə məlumatlar var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, çinlilər artıq ucqar dağ kəndlərində də özünə yer eləməyə başlayıblar:

"Burada ticarətdən daha çox siyasət var. Düşünürəm ki, Azərbaycan hökuməti bu prosesə ciddi nəzarət etməlidir. Əgər bunun qarşısı alınmasa, əminəm ki, yaxın illərdə Bakıda çin məhəllələrinə rast gələcəyik".

Ekspert deyir ki, Çinin bununla bağlı xüsusi dövlət proqramı var - əməkçi miqrantların xarici ölkələrə miqrasiyası hökumət tərəfindən dəstəklənməsi nəzərdə tutulur. Bu da Çin sahibkarlarının, işçilərinin başqa ölkələrdə yerləşdirilməsini stimullaşdırır.

Qeyr-leqal miqrantların yaratdığı təhlükə

Ən ciddi problemlərdən biri də miqrantların rəsmi qeydiyyata düşmədən, əmək müqaviləsi bağlamadan çalışmasıdır. Bu da onların vergidən yayınmasına, topladığı kapitalı ölkədən sərbəst çıxarmasına səbəb olur.

Başqa bir problem də var. Ölkənin tikinti sektorunda azərbaycanlı fəhlələrlə yox, çinli fəhlələrlə işləməyə üstünlük verirdilər. Səbəb isə aydındır. Çinlilər həm də ucuz işçi qüvvəsi sayılır. Azərbaycanlı fəhlə günü 10-20 manata işləyirsə, çinli fəhlə gündə 5-6 manatla da kifayətlənir.

N.Məmmədov çinlilərin ucuz işçi qüvvəsi olduğuna görə bizim işçilərlə rəqabətdə üstün gəlməsi haqda fikirlərlər razılaşmır:

"Necə ola bilər ki, onlar dünyanın o başından bura gündə 5-3 manata işləməyə gəlsinlər? Bu pul burada kirayə, yemək-içmək və sair xərclərini ödəməz. Belə çıxır ki, onları leqal işlətmirlər, buna görə də əməkhaqlarından vergi və sair tutulmalar olmur".

"Turist kimi gəlib gəlirli fəaliyyət göstərirlər"

"Təməl" Hüquq Mərkəzinin sədri Vüqar Abbasovun fikrincə, miqrantların bir çoxu qanunun tələblərini pozaraq səyyar ticarətlə məşğul olmasına baxmayaraq, rəsmi qurumların nəzarətindən kənar fəaliyyət göstərir:

"Çinlilərin sənədlərində həqiqətən də göstərilir ki, onlar turistdir. Miqrantlar isə bir ay ərzində Azərbaycan ərazisində yaşaya, ölkənin müxtəlif ərazilərinə səfərlər edə bilərlər.

Onlar bir ay Azərbaycanda qaldıqdan sonra Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, daha 3 ay ölkə ərazisində qalmaq üçün icazə alırlar. Onların Azərbaycanda müvəqqəti yaşaması qanunauyğun şəkildə tənzimlənir".

Ekspert deyir ki, miqrantların ölkə ərazisində turist kimi gəlib gəlirli fəaliyyətlə məşğul olması qanun pozuntusudur:

"Qanunvericiliyə görə, 24 saatdan artıq və 12 aya qədər ölkə ərazisinə gələn, haqqı ödənilən fəaliyyətlə məşğul olmayan hər bir əcnəbi vətəndaş turist hesab olunur. Deməli, Azərbaycan ərazisində səyyar ticarətlə məşğul olanların turist kimi qeydiyyata götürülməsi müvafiq qanunvericiliyin prinsiplərinin pozulması deməkdir. Bu məsələ ilə, əlaqədar təşkilatlar ciddi məşğul olsalar yaxşıdır".

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR