Kamran Həsənli: "Heç Avropada da belə tərbiyəsizlik yoxdur" - İTTİHAM
Bizi izləyin

Qırmızı.az

Kamran Həsənli: "Heç Avropada da belə tərbiyəsizlik yoxdur" - İTTİHAM

Azərbaycanın tanınmış teleaparıcısı Kamran Həsənli efirlərdən narazı olduğunu dilə gətirib. O, Publika.Az-a verdiyi müsahibədə televiziya kanallarında intelektual səviyyəli verilişlərə yox, qalmaqallı proyektlərə daha çox üstünlük verilməsindən şikayətlənib.


- Son illər televiziya məkanlarında az görünməyinizə səbəb nədir?

- Kanallar təqdim etdiyim layihələrə soyuq yanaşır. Telekanallarda yemək bişirməkdən və qalmaqallı verilişlərdən başqa heç nə yoxdur. Güman edirdim ki, telekanallar çoxaldıqca rəngarənglik də artacaq. Ancaq nəzərdə tutduğum kimi olmadı və bütün kanallarda eyniləşmə getdi. İntellektual mövzulu verilişlərə televiziya rəhbərləri dırnaqarası yanaşırlar. Nə vaxta qədər qalmaqallı verilişlərə baxacağıq? Təəssüflər olsun ki, telekanallar qalmaqallı proyektlərlə reytinq qazanır. Televiziya millətin üzüdür. Axı bizə bütün dünya baxır.

- Evlilik verilişlərinin telekanallarda yayımlanmasına münasibətiniz necədir?

- Əlbəttə, belə verilişlərin əleyihinəyəm. Efirlə ərə getmək tərbiyəsizlikdir. Mən buna başqa ad verə bilmərəm. 70 yaşlı qadın ərə getmək üçün efirə çıxırsa, bəs bizim ənənələrimiz harada qaldı? Dədə-babalarımızdan görmüşük ki, həyat yoldaşı qeyrətimiz sayılıb. Avropa ölkələrini pisləyirlər, ancaq heç Avropa ölkələrində belə tərbiyəsizlik yoxdur. Çünki həmin ölkələrdə çərçivə var və həmin çərçivədən kənara çıxmırlar. Avropalılar ən azından tarixlərini qoruyub saxlayırlar. Ancaq biz bu gedişlə keçmişimizi unudacağıq.

- Şou-biznes əhli niyə sənəti ilə yox, şəxsi həyatı ilə gündəmdədir?

- Şou-biznes nümayəndələri şəxsi həyatlarını telekanallara çıxararaq həyasızcasına özlərini reklam edirlər. Günahı ifaçılarda yox, kanallarda görürəm. Ancaq bəzi sənətkarlarımız da var ki, heç kimin alt paltarından danışmırlar. Həmin müğənnilərə Azər Zeynalov, Aygün Bəylər, Eyub Yaqubov aiddir. Bu insanlar səhnədə öz işləri ilə məşğul olduqları üçün efirlərdə az görünürlər.

- Teleaparıcılığınız başınıza bəla olmasına baxmayaraq, ifaçılığınızı da davam etdirirsiniz?

- Bəli, yenə də oxuyuram. 40-dan artıq mahnımın olmasına baxmayaraq, klip çəkdirmək fikrində deyiləm. Onu da deyim ki, bəzi ulduzlar il ərzində tez-tez konsert verirlər. Əslində konsert verməklərinə pis baxmıram. Tələbat varsa, konsertlərini versinlər. Ancaq məsələ burasındadır ki, gündəmdə qalmaq üçün yox, onları sevən tamaşaçıları üçün versinlər.

- Kamran Həsənli qadın ifaçıların geyimindən razıdırmı?

- Hər kəsin evində məsləhət verəni var və hərə özünə cavabdehdir. Əgər ailəsi onun geyimindən razıdırsa, kənardan heç kim rəy bildirə bilməz.

- Azərbaycanda pullu müğənnilər kimlərdir?

- Hansı ki, müğənninin toyu çoxdur, demək, onun pulu var. Azərbaycan müğənnilərinin qazanc yeri ancaq toylardır.

- Musiqi aləmində sənət dostlarınız kimlərdir?

- Könül Kərimova ilə, İzzət Bağırovla, Eyyub Yaqubovla və Ədalət Şükürovla yaxınam. Ən hörmət etdiyim müğənni isə Brilliant Dadaşovadır. Hətta Brilliant xanımla işbirliyimiz də olub.

- Bildiyimizə görə, evlisiniz. Bu vaxtadək xanımınızla sənətinizə görə problemlər yaşamısınız?

- Hər bir ailədə söz-söhbət olur. Həyat yoldaşım qısqanc biridir. İşimlə bağlı qısqanmasına baxmayaraq, çox vaxt büruzə verməməyə çalışır. Onu da deyim ki, uşaqlıq dövrümdən ətrafımda çoxlu qızlar olub.

- Bəs, siz xanımınızı kimə qısqanırsınız?

- Həyat yoldaşıma inandığıma görə, onu heç kimə qısqanmıram. Çünki ona özümdən çox güvənirəm və etibar edirəm.

Ceyran Əsgərqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm