Hamilə qadın, polis çağırışı, içkili sərnişin...Qatar rəisi ilə SÖHBƏT - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hamilə qadın, polis çağırışı, içkili sərnişin...Qatar rəisi ilə SÖHBƏT - FOTOLAR

Yazıçı Anarın təbirincə desək, gələn qatarlar görüş qatarlarıdır, gedən qatarlar ayrılıq. Aramızda elə bir şəxs tapılmaz ki, nə vaxtsa ictimai nəqliyyatın bu növündən istifadə etməsin. Çünki dəmir yolu nəqliyyatı ən rahat, ən yaxşı nəqliyyat növlərindən biridir. Amma çoxlarımız fərqinə varmırıq ki, bu cür rahatlıq, komfort bizə xidmət göstərən qatar bələdçilərinin, rəisinin və maşinistinin gərgin əməyi, diqqət və qayğısı, ən əsası isə çox böyük məsuliyyəti hesabına başa gəlir. Bakı-Tiflis qatarının rəisi, uzaq Gürcüstan səfərindən səhər saat 09:20-də Bakıya çatan Aytəkin İsmayılova ilə söhbətimizdə dəmiryol işçilərinin necə məsuliyyət daşıdıqlarını, gərgin çalışdıqlarını müşahidə etdik, şahidi olduq. Buyurun siz də şahidi olun:

“Şükür Allaha ki, sağ-salamat gəlib çatdıq”

- Uzaq yoldan qayıdırıq – Tiflisdən gəlirik. Şükür Allaha ki, sağ-salamat, vaxtında gəlib çatdıq. Sərnişinləri düşürüb yola saldıq. Gecikməmiz olmadı. Bəzən hava şəraiti, bizdən asılı olmayan səbəblər üzündən yubanmalarımız olur.

Növbəni təhvil vermişik. İdarəyə gedib raport verəcəyik. Artıq 11 ildir dəmir yolunda işləyirəm. Bu illər ərzində beş il bələdçi kimi çalışmışam. Altı ildir qatar rəisi vəzifəsini icra edirəm.

- Bu çətin sahəyə necə gəldiniz?

- Elə oradan başlayım ki, çətin və məsuliyyətli sənətdir. Bu sənətə öz istəyimlə gəldim. Eşitdim ki, boş iş yeri var, sənədlərimi verdim.

- Özünüz istədiniz yoxsa..?

- Əlbəttə. O vaxt kadrlar şöbəsinə müraciət edib Gəncə ekspress qatarına işə düzəldim. Bir ay ərzində bizə dərs, təcrübə keçdilər. İşə düzələn hər bir şəxsə - təcrübəçiyə bir ay qatarlarda dərs keçirlər, hər şeyi – qış rejimində kömürün yandırılmasını (həmin dövr nəzərdə tutulur-müəl.), “katyol”dan (böyük peçdən-müəl.), yayda kondisionerdən istifadəni, sərnişinlərlə rəftarı, daxili qaydaları başa salırlar. Bir aydan sonra imtahan verirsən. Prosesə təlimatçılar və digər şəxslər nəzarət edirlər. Bir neçə il həmin qatarda bələdçi kimi çalışdım.

- Siz də imtahan verdiniz.

- Bəli, təxminən 2003-cü ilin iyul-avqust aylarında işə başladım. İlk baxışdan bu sahə adama çox çətin görünür. Doğrudan da məsuliyyətli, çətin, amma şərəfli sənətdir. İnsanlarla sıx ünsiyyətdə olursan, onları tanıyırsan. Təhlükəsizlik vacibdir. Qatarda sərnişinlər, briqada üzvləri, heyət var. Hamını qorumalı, mənzil başına sağ-salamat çatdırmalıyıq. Qatarların rahatlığı – qışda istiliyi, yayda sərinləndirici kondisioneri də öz yerində. Hər vaqonda iki bələdçi var. Bələdçilərimiz sərnişinlərə mədəni şəkildə - gülərüz, mehriban xidmət göstərirlər. Hər biri mədəni, bu sahə üzrə bilikli xanımlardır. Son vaxtlar ingilis və rus dillərini bilənlər işə qəbul olunurlar. Özünüz də görürsünüz ki, vaqonların səliqə-sahmanı, təmizliyi necədir. İnanmıram ki, kimsə bizdən narazı getsin, xidmətlərimizdən məmnun qalmasın. Düzdür, çox çətindir, amma hər şey öz qaydasındadır.

“O, içkili idi...”

- İnsanlarla ünsiyyətdən danışdınız. Şübhəsiz ki, hamı eyni deyil.

- Düzdür, hərdən elələrinə rast gəlirik ki, xasiyyəti mürəkkəbdir, heç nəyi başa düşmək istəmir.

- Belə hallarla qarşılaşdıqda nə edirsiniz?

- Qatarı müşayiət edən polislərimiz var. Daxili qaydalara riayət etmək hər bir sərnişinin borcudur. Xasiyyətcə mürəkkəb insanlarla qarşılaşdıqda onları gülərüz, mehriban şəkildə yola verməyə çalışırıq. Amma elələri də var, bizi heç başa düşmək istəmirlər. Bəzi sərnişinlər daxili qaydalara riayət etmədikdə polisə müraciət etməli oluruq.

- Sonuncu dəfə belə xoşagəlməz hal nə vaxt baş verib?

- Təxminən 2-3 “smen” bundan əvvəl daxili qaydalara əməl etməyən belə sərnişinlə qarşılaşdıq. O, içkili idi. Qatarda papiros çəkmək istəyirdi. Biz bunu ona başa sala bilmirdik. Vaqonun bələdçisi qaydaları ona başa salaraq təlimat verirdi. Həmin sərnişinə başa saldıq ki, papirosu ancaq qatar stansiyalarda dayandıqda çəkmək olar. Məsələn, Ucar stansiyasında 20, Gəncə stansiyasında 10 dəqiqə dayanırıq. Əks təqdirdə, sərnişin cərimə olunur.

- Cərimələrin miqdarı nə qədərdir?

- 5 manatdan 15 manata kimi...

- Qaydalara riayət etməyən həmin sərnişin sizin təlimata əməl etdi?

- Əvvəlcə inanmadı. Lakin sonra gördü ki, polis çağırıla bilər, onda qaydalara riayət etdi. Sonradan üzr istədi. Düzdür, papiros çəkməmişdi, amma bunu istəyirdi. Özünü kobud aparır, qaydalara tabe olmaq istəmir, bizi hədələyirdi. Lakin ona qaydaları başa saldıqdan sonra üzrxahlıq etdi. Adətən belə hallar olduqda akt tərtib olunur və növbəti stansiyada həmin sərnişini düşürüb onu polisə təhvil veririk. Çünki qatarda qanunlara və qaydalara riayət etmək lazımdır. Burada qoca, qadın, uşaq, ailə olur. İctimai nəqliyyatda qaydalara riayət etmək hər kəsin borcudur. Sərnişini narazı yola salmaq olmaz. Hamı burdan razı getməlidir. Kimsə hansısa sərxoş sərnişinə görə narahat olmamalıdır. Çalışırıq ki, belə sərnişinləri şirin dillə başa salaq, ona daxili qaydaları izah edək. Əgər sərnişin buna əməl etmirsə, onu qatardan düşürməyə məcbur oluruq.

“...iki gündür evdən çıxmışıq”

- Yorğun görünürsünüz.

- Hə, yorğunuq, iki gündür evdən çıxmışıq. Səhər idarədə oluruq, saat 9-da növbəni təhvil alırıq. Saat 10-a 20 dəqiqə işləmiş qatar gəlir. Qatarı təhvil alıb iş başına keçirik. Qızlar – bələdçilər təhlükəsizlik qaydalarına riayət olunması jurnalına qol çəkir, təlimatlandırılırlar. Bütün bələdçilər iclasda təlimatlandırılır, tapşırıqlar alırlar. Onların tibbi kitabçaları yoxlanılır. Bizdə hər altı aydan bir bütün bələdçilər tibbi yoxlamadan keçirlər. Tibbi yoxlamadan keçməyənləri biz həmin günə yola buraxmırıq. Belə işçilər tibbi yoxlanışdan sonra işə çıxırlar. Bir sözlə, xidmət yüksək səviyyədədir.

- Özünüz harda yaşayırsınız?

- Badamdar qəsəbəsində.

- Yəqin ki, ailəlisiniz.

- Bəli...

- Övladlarınız?

- ...İki qızım var.

- Həyat yoldaşınız da bu sahədə salışır?

- Yox, marşrut avtobuslarından birində sürücü işləyir.

- Övladlarınız ailə qurub?

- Qızlarımdan biri iki ildir ailə həyatı qurub. Bir nəvəm var. Kiçik qızım Dillər Universitetini bitirib, ixtisasca ingilis dili müəlliməsidir, firmalardan birində satış üzrə baş menecer işləyir.

“Gücləndirilmiş rejimlərdə demək olar istirahət etmirik”

- İki sutka ərzində fasiləsiz yol gedirsiniz. Bəs istirahətiniz necə tənzimlənir?

- Bilirsiniz, qatarın hər vaqonunda iki bələdçi var. Onlar təlimat kitabına uyğun olaraq öz otaqlarında yatırlar. Bələdçilər hər dörd saatdan bir növbətçi olurlar. Növbədə olan nəzarəti həyata keçirir, siqnallara çıxır, düşən sərnişinləri yola salır, yeni qatarlarda papiros çəkməyin qadağan olunduğunu sərnişinlərə elan edir. Hər ay təxminən 10 gün işləyirik.

- Bəs qatar rəisi?

- Qatar rəisinin də istirahət vaxtı var. O, nə vaxt istəsə istirahət edə bilər. Amma sərnişin çox olanda istirahət edə bilmirik. Çünki nəzarət gücləndirilir. Bayram ərəfəsində qatara əlavə vaqonlar qoşulur. Gücləndirilmiş rejimlərdə demək olar istirahət etmirik.

- Gücləndirilmiş rejimdə çox yorulursunuz.

- Bəli, amma neyləmək olar, işimiz budur. Rəhbərliyimizdən, iş qrafikindən çox razıyıq.

- Ayda 10 gün işədiyinizi dediniz. İstirahət üçün vaxtın olduğu 20 gün ərzində başqa sahədə işləyirsinizmi?

- Yox. Çünki evdə o qədər iş, qayğılar olur ki, işləməyə vaxt da qalmır. Evdə dincəlmək, yemək hazırlamaq, səliqə-sahman, beləcə istirahət vaxtın başa çatır.

- Belə çıxır doğmalarınızı, ailə üzvlərinizi doyunca görməyə, əyləncələrə, mənalı istirahətlərə - gəzintiyə, toylara vaxt qalmır.

- Ailə üzvlərimizi axşamlar görürük. Həyat yoldaşım sürücü işlədiyindən o da evə axşam gəlir. Toylara vaxt çatdıra bilirik. Əgər toy mənim istirahət günümə təsadüf etsə, məclislərə özüm gedirəm, əks təqdirdə həyat yoldaşım ailəmizi şənlik məclislərində təmsil edir. Əyləncələrə vaxtımız olur. Çünki məzuniyyətimiz var. Elə məzuniyyətdən yenicə qayıtmışam. Bəzən ərizə yazıb icazə alırıq. Məsələn, bildiririk ki, vacib işimiz çıxdığından, müəyyən səbəblərə görə bizə iki gün icazə verin. Belə olduqda icazə verirlər.

“Gülməli hadisələr çox olur”

- Çox nikbin danışırsınız, deyəsən sənətinizi çox sevirsiniz.

- Əlbəttə. İşimizi sevməli, qədrini bilməliyik. İşimi sevməsəydim 11 il işləməzdim.

- Gərgin, çətin və məsuliyyətli sənət. Bu sənətə gəlməyinizə nə vaxtsa peşman olmamısınız ki?

- Yox, heç vaxt.

- Bu illər ərzində üzləşdiyiniz ən maraqlı hadisə nə olub?

- Bir dəfə Bakı-Tiflis qatarına gənc ailə mindi. Bakıdan yola düşürdülər. Qadın hamilə idi. Yəqin elə düşünüblər ki, qadını ana olması vaxtı hələ çatmayıb. Yolda qadının sancıları başladı. Biz Yevlax stansiyasında təcili yardım çağırıb onları qatardan düşürdük. Qadının maşına minməsinə də kömək etdik. Onların yanında balaca uşaq da vardı deyə, ailəyə hər cür yardım göstərdik. Sonra zəng vurub maraqlandıq. Bizə dedilər ki, oğlanları dünyaya gəlib. Onların çantaları da qatarda qalmışdı. Sonradan qadının həyat yoldaşı onlara etdiyimiz köməyə görə bizə zəng vurub təşəkkürünü bildirdi.

Başqa maraqlı, yaddaqalan hadisələr də olur. Bir də görürsən sərnişinlərdən hansısa xəstə olur. Qızlar (bələdçilər-müəl.) onlara isti çay süzür, dərman verirlər. Gülməli, maraqlı hadisələr çox olur.

- 6 vaqon üzrə 12 bələdçiniz var. İş sistemi necə qurulub?

- İşgüzar və səmimi şəkildə. Ən azı ona görə ki, hamımız qadın, xanımıq. Hər birimizin ailəsi var. Mehriban və səmimi münasibətlər qurmuşuq. Bir-birimizi başa düşməliyik.

- Tanınmış şəxslərdən – jurnalistlərdən, aktyorlardan, musiqiçilərdən kimlər sonuncu dəfə sərnişininiz olub?

- O gün sevimli aktyorumuz Şamil Süleymanlı ailəsini yola salırdı. Ötən “smen” ANS-in aparıcısı Rövşanə Bektaşi sərnişinimiz idi. O, ailəsi, yaxınları ilə Gürcüstandan gəlirdi.

- Maaşınız necədir?

- Maaşımız saat hesabıyla hesablanır.

- 48 saatlıq yol. Darıxmırsınız ki..?

- Sərnişinləri nəzərə alıb, aşağı səslə musiqiyə qulaq asırıq. Axşam saat 12-ə qədər hamı oyaq olur. Ondan sonra bir bələdçi yatır, digəri isə növbəsinə çıxır. Darıxmamaq üçün bəzən krossvord həll edir, qəzet, kitab oxuyur, musiqiyə qulaq asırıq. Adi, gündəlik iş rejimi. Qatarı təhvil alır, təmizlik işlərinə, qayda-qanunlara nəzarət edirik. Bu sənət elə bir işdir ki, ancaq xanımlara aiddir. Çünki təmizlik, diqqət tələb edir. Düzdür, məsuliyyət tələb edir – sərnişini qəbul etmək, yola salmaq məsələləri var. Hər şey məsuliyyət tələb edir.

- Bu sənətdə dostlarınız varmı?

- Bəli, kifayət qədər dostlarım, mehriban münasibətdə olduğum insanlar var.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm