• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İran ADR-in “Şimali Azərbaycan“ adlandırılmasını istəyib?

İran ADR-in “Şimali Azərbaycan“ adlandırılmasını istəyib?

- Ramin müəllim, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması xalqımızın siyasi-ictimai və sosial düşüncəsində hansı izləri buraxıb? ADR bir dövlət olaraq xalqımıza nə verdi?


- Bilindiyi kimi 20-ci əsr, elə ilk illərindən etibarən dünyamızda mühüm dəyişikliklərin, inqilabların, müharibələrin, yeni ideologiyaların tüğyan etdiyi bir əsr olmuşdur.

20-ci əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının tərkibində olduğu üçün 1905 və 1917-ci illərdə Rusiyada baş verən inqilablar bir başa Azərbaycana da təsir etmişdir.

Xüsusən 1905-ci ildəki “Qanlı Bazar” hadisəsindən sonra Rusiyada Duma seçimlərinin keçirilməsi və Dumanın açılması, o dönəm Azərbaycan ziyalılarının özlərini inkişaf etdirmələrində böyük bir rolu olmuşdur. Zatən 1917-ci ildəki Fevral İnqilabından öncə Azərbaycanda bir sıra partiyalar, dərnəklər, təşkilatlar yaranmışdı ki, bütün bunlar Azərbaycan xalqının ictimai-siyasi həyatında və sosial düşüncəsində böyük dəyişmələr meydana gətirmişdir.

Şübhəsiz bu partiyalar içində, əsası 1911-ci ildə qoyulan və daha sonra, yəni 1917-ci ilin aprelində Nəsib Bəy Yusifbəylinin Türk Adəmi Mərkəziyyət partiyası ilə birləşən Müsavat Partiyasının və onun öndərinin, Azərbaycan istiqlaliyyətinin elan olunmasında çox böyük rolu olmuşdur.

28 May 1918-ci ildə elan olunan İstiqlal Bəyannaməsi ilə ilk dəfə Türk və İslam dünyasında demokratik bir dövlət təşəkkül etmiş, bu dövlət 23 ay kimi qısa müddət yaşasa da Azərbaycanda və ümumiyyətlə Türk dünyasında yenilik, fərqlilik ve dünyəviliyin əsasını qoymuşdur.

Bu dövlət uzun illər boyu azad olmaq həvəsi ilə yaşayan bir xalqın duyğularının tərcümanı olmuş, ona azadlığın və demokratik dəyərlərin ən yüksək mərtəbələrini göstərmiş, xalqdan aldığı nümayəndələr ilə xalq üçün gecə-gündüz demədən çalışmış, həm daxildə həm də xaricdə böyük bir şöhrət qazanmışdır.

Təsəvvür edin ki, vaxtilə Azərbaycan İstiqlaliyyətini duyduqda, “Ölkənizdə Türk komandanlığının müxtəlif intriqaları nəticəsində ortaya çıxmış bir qurum vardır. Biz Azərbaycan dövləti deyə bir dövlət tanımırıq!” deyən İngilis generalı Tomson belə, bir müddət sonra Bakını tərk etmiş və müstəqil cümhuriyyət üçün xoş sözlər söyləmişdir. Yəni buradan da anlaşıldığı kimi 23 aylıq qısa müddət yaşayan ADR xalqımıza və dövlətçiliyimizə böyük töhfələr vermişdir.

- O zaman ermənilər fəallaşmışdılar və Qarabağ bölgəsinə hücumlar edirdilər. Bəs ADR Dağlıq Qarabağ münaqişəsinin necə həll edə bildi?

- Təəssüflər ki, Ermənilər 20-ci əsrin əvvəllərindən, yəni 1905-1906-cı illərdən etibarən Azərbaycan Türklərinə qarşı vəhşiliklər törətməyə başlamışdılar. 1905-1906-cı illərin hadisələri haqqında həm Mir Möhsün Nəvvabın, həm də Məmməd Səid Ordubadinin dəyərli əsərləri vardır. Xüsusən Ordubadinin əsərində bir məqama diqqət çəkilirdi. Məmməd Səid əsərində deyirdi ki, ermənilər Qafqazda muxtariyyət tələb etməkdədirlər. Baxın, məhz 20-ci əsrin əvvəllərində sadəcə muxtariyyət tələb edən ermənilər, 1918-ci ildə artıq müstəqil dövlət yaratmışdılar.

Azərbaycan istiqlaliyyətini elan etdikdən sonra Ermənilər Azərbaycan ərazilərində yenidən günahsız xalqa qarşı vəhşiliklərə başladılar. Azərbaycan hökuməti, Ermənistan hökumətinə dəfələrlə müraciət edərək təcavüzkar siyasətindən əl çəkməsini tələb etsə də, ermənilər Qarabağ, Zəngəzur və Naxçıvanda, adətən elan olunmamış müharibə aparırdılar.

Məsələn statistik rəqəmlər, 1918-ci ilin sonlarında ermənilərin Zəngəzurda 115, Cavanşir, Cəbrayıl və Şuşa qəzalarında 21, İrəvan quberniyasında isə 60-dan çox kəndi məhv etdilər, əhalisini isə ata-baba yurdlarından qovdular. Azərbaycan hökuməti bu təhlükənin qarşısını almaq üçün bir sıra zəruri tədbirlərə əl atdı.

Bu tədbirlərdən ən mühümü mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ General Qubernatorluğu təsis edilməsi idi. 1919-cu il Fevralın 12-də Xosrov bəy Soltanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənilər Azərbaycan hökumətinin imzaladığı hər iki qərara dərhal etiraz etdilər. Üstəlik, Qarabağın böyük bir ərazisinin ermənilərə aid olduğunu və Xosrov bəy Soltanovun isə ermənilərin düşməni olduğunu iddia etdilər.

Hətta bu etirazlarını İngilis generalı Tomsona və Cənubi Qafqazdakı ingilis baş komissarı Haskelə də ünvanladılar. Lakin Azərbaycan hökuməti Ermənistana etiraz notaları verərək Qarabağ məsələsində Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi. 1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və ciddi tədbirləri nəticəsində Qarabağda erməni separatizminin qarşısı alındı.

- ADR-in süqutunda daxili faktorun, yəni yerli bolşeviklərin rolu nə qədər olub?

- 1920-ci ilin ilk günlərindən bəri ölkə həm xaricdən həm də daxildən çətin sınaqlar qarşısında idi. Əvvəlcə Bolşevik Rusiya xarici işlər komissarı Çiçerin, Azərbaycan hökumətinə nota göndərərək “Denikinə qarşı birlikdə” mübarizə aparmağı təklif etdi. Ancaq onun bu notası Azərbaycan hökuməti tərəfindən geri çevrildi və “Rusiyanın daxili işlərinə qarışılmadığı” rəsmən Bolşevik Rusiyaya bildirildi. Sovet təzyiqi bundan sonra da davam etdi. Ancaq bu arada ölkə içərisində Bolşeviklərin fəaliyyəti genişlənirdi. Ayrıca Azərbaycan hökuməti daxilində Sovet Rusiyasına münasibətdə fərqli yanaşmalar ortaya çıxdı.

Xüsusən xarici işlər naziri Fətəli xan Xoyski və daxili işlər naziri Məmməd Həsən Hacınski arasında Bolşevik Rusiya səbəbli gərginlik baş verdi. Fətəli xan Xoyski Bolşevik Rusiyaya qarşı ciddi mübarizə aparılmasının, Məmməd Həsən Hacınski isə böyük güzəştlər verilərək Ruslarla anlaşmanın tərəfdarı idi. Məhz Hacınskinin Bolşeviklərə qarşı bu xoş tutumu, hətta quracağı hökumətdə Bolşeviklərə nazirlik verəcəyi, özünün də Bolşevik ola biləcəyi haqqındakı fikirləri Azərbaycanın o dönəmində başını ağrıdan böyük bir problemə çevrildi. Təbii, o dövrdə Azərbaycan Bolşevik partiyasının hökumət əleyhinə apardığı propaqandanı da unutmaq olmaz.

Bu arada xatırlanması gərəkən bir məqam da Bakıda qurulan ilk Türk Kommunist Partiyasının nümayəndələri, yəni Türkiyə kommunistləri “Qızıl Ordu qüvvətləri Anadoluya, Mustafa Kamal hərəkatına kömək üçün gedərkən Azərbaycan hökuməti bu hərbi qüvvənin keçməyinə icazə vermir” kimi xalq arasında təbliğat aparırdılar. Bu kimi hadisələr Azərbaycan hökumətinin vəziyyətini ağırlaşdırırdı.

- Bəs bu məsələdə Atatürk Türkiyəsinin rolu olubmu?...

- Bilirsiniz, bu suala cavab verəndə çox diqqətli olmaq lazım gəlir. Çünki o dövrdə Atatürk Türkiyəsinin Azərbaycan siyasətinin qiymətləndirilməsinə, Azərbaycan və Türkiyə arasındakı dostluğa və qardaşlığa zərər vermə ehtimalı nəzərə alınaraq səthi yanaşılır. Ancaq mən düşünürəm ki, tarixi hadisələrə elə olduğu kimi qiymət vermək daha doğru olardı. Bilindiyi kimi Atatürkün rəhbərliyi altında 1919-cu ildən etibarən böyük bir azadlıq hərəkatı başlamışdı. Atatürk bu hərəkatı ingilis, fransız, italyan, yunanlara qarşı aparırdı və böyük çətinliklər çəkirdi.

O dönəmdə Sovet Rusiyası da öz daxilində vətəndaş müharibəsi ilə məşğul idi. Üstəlik, Sovet Rusiyasına qarşı mübarizə edən qüvvətləri ingilislər, fransızlar dəstəkləyirdilər. Buradan da anlaşılır ki, həm Türkiyə, həm də Sovet Rusiyasının taleyində ortaq bir nöqtə vardı. Bu nöqtə isə imperialistlərə qarşı davam edən mübarizə idi.


Əslində kamalçıların Sovet Rusiyası ilə görüşmələri hələ 1920-ci illərin əvvəllərində başlamışdı. Bir tərəfdən Sovet Rusiyasına yanaşmağa çalışan kamalçılar, bir tərəfdən də Azərbaycan hökuməti ilə əlaqə qurmağa çalışırdılar. Fəqət Azərbaycandakı siyasi qərarsızlıq buna mane olurdu. Kamalçılar bir an əvvəl Sovet Rusiyasından köməyin gəlməsini arzulayırdılar.

Bu səbəblə demək olar ki, o dövrün şərtlərinə görə Bolşeviklərlə qurulan əlaqələri Azərbaycanla qurulan əlaqələrə tərcih etməyə məcbur oldular. Kamalçıların bu düşüncəsi Azərbaycan hökuməti tərəfindən bəyənilməsə də, Azərbaycandakı sol hümmətçilər və ittihadçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

- O zaman İranda hakimiyyətdə olan Qacarların ADR-ə münasibəti necə idi?

- Azərbaycan Cümhuriyyəti elan olunan andan etibarən İranın bir dövlət kimi etirazları başlamışdı. İran, dövlətin Azərbaycan adlanmasına etirazını bildirmiş, apardığı diplomatik təmaslarda “Şimali Azərbaycan” adının işlədilməsini tövsiyə etmişdi. Lakin bu tələb dövrün Azərbaycan hökumətinin rəhbərləri tərəfindən geri çevrilmişdi. 1919-cu ilin ortalarından iki dövlət arasında əməkdaşlıq meylləri başlayıb. Həmin ilin payızında Azərbaycan-İran birgə komissiyası fəaliyyətə başlamış, iki dövlət arasındakı münasibətlərin bir sıra tərəflərini əhatə edən saziş bağlanmışdır.

- ADR-in beynəlxalq səviyyədə tanınması prosesi haqqında nə deyə bilərsiniz?

- Hər bir dövlət yaşamaq üçün beynəlxalq siyasətdə uğurlu addım atmalı, bunun üçün dünyanın digər dövlətləri tərəfindən müstəqilliyi qəbul olunmalıdır. Bilindiyi kimi, Birinci Dünya müharibəsi başa çatdıqdan sonra 18 Yanvar 1919-cu ildə Parisdə Sülh konfransı öz işinə başladı. Hökumət hələ 28 dekabr 1918-ci ildə Paris Sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini dəqiqləşdirdi. Buna görə Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin rəhbəri seçildi.

Beləliklə, Azərbaycan nümayəndələri İstanbula yollandı, lakin Parisə viza almaq çətin başa gəldi. Bilindiyi kimi nümayəndə heyəti 3 aya qədər gecikdi, halbuki Gürcüstan və Ermənistan nümayəndə heyəti çoxdan Parisə çatmışdılar. Bundan başqa, nümayəndə heyətindəki Əhməd bəy Ağayev ingilislər tərəfindən İstanbulda həbs edilərək Malta adasına sürgün edildi. Nəhayət, Azərbaycan nümayəndə heyəti Parisə çatdı və dərhal böyük dövlətlərin rəhbərləri və nümayəndələri ilə görüşmələr başladı.

2 May 1919-cu ildə Amerika Birləşmiş Ştatları prezidenti V. Vilsonun təşəbbüsü ilə Azərbaycan məsələsi Paris konfransının Dördlər Şurasının iclasında müzakirə olundu. Mayın 28-də isə Azərbaycan nümayəndələri Amerika prezidenti tərəfindən qəbul olundu. Əslində görüşün Azərbaycan üçün elə də uğurlu olduğu söylənilə bilməz, lakin dünyanın ən böyük dövlətinin rəhbəri tərəfindən qəbul olunmaq, Azərbaycan nümayəndə heyətinin bir uğuru kimi sayıla bilər.

Şübhəsiz, nümayəndə heyətinin 8 aylıq gərgin fəaliyyəti öz bəhrəsini verdi və 11 Yanvar 1920-ci ildə Azərbaycan yeni müstəqil dövlət kimi de-fakto tanındı. Yanvarın 19-da isə Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasda qərar yenidən təsdiqləndi. Beləliklə, Parisə göndərilmiş nümayəndə heyəti, mən deyərdim ki, qarşıya qoyulmuş vəzifəni layiqincə yerinə yetirdilər və Azərbaycanın de-fakto tanınmasına nail oldular. Ölkəmizin de-yure tanınması məsələsi isə təəssüf ki, böyük dövlətlərinin maraqlarına o gün üçün uyğun gəlmədi.

Elnur Eltürk
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR