• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qlobal kataklizmalar başlayacaq? - ARAŞDIRMA

Qlobal kataklizmalar başlayacaq? - ARAŞDIRMA

Xeyli vaxtdır ekoloqlar qlobal qeyri-təbii proseslərin başlandığı haqda həyəcan təbili çalırlar. Getdikcə verilən proqnozlar da pisləşir. İqtisadi və siyasi maraqlar insanlığın taleyini təhlükə altında qoyur. Alimlərin xəbərdarlıqlarına əhəmiyyət verilmədiyindən planetdə başlayan anormal təbii proseslər artıq qarşısıalınmaz formaya keçməkdədir. Artıq soyuq ölkələrdə istiləşmə, isti ölkələrdə soyuqlaşma özünü daha qabarıq biruzə verir. Bu artıq qlobal iqlim dəyişmələridir- bəşəriyyəti məhvə sürükləyən kataklizmaların ilk siqnalı.

Qlobal iqlim dəyişmələrinin səbəbləri

Bəzi ekoloq-alimlərin təbii proseslərlə izah etməyə çalışmalarına baxmayaraq, qlobal istiləşmədə antropogen və texnogen təsirlərin mütləq təsiri danılmazdır. Əksər ekoloqlar sənayeləşmənin və avtomobillərin sayının sürətlə artmasının bunda böyük rolu olduğunu qeyd edirlər. Onların fikrincə, texnogen inkişaf planetin iqlimini tamamilə dəyişdirir.

İnkişaf etmiş ölkələrin maddi-texniki bazaya malik institutları bu sahədə elmi-tədqiqat işləri apararaq bu qənaətə gəliblər ki, iqlim dəyişmələrinə səbəb insan fəaliyyətidir. Başqa sözlə, daş kömür, neft, qaz və s. yanacaq növlərinin istifadəsi, sənayenin sürətli inkişafı atmosferdə karbon qazının artması ilə nəticələnib. Ona görə də, atmosfer səthində ozon təbəqəsindən sonra karbon qazı təbəqəsi formalaşıb.

Qlobal istiləşmə nədən yaranır?

Qeyd etmək lazımdır ki, ozon təbəqəsi Günəşdən gələn infraqırmızı şüaları Yer səthinə buraxır. Qanunauyğunluğa əsasən, həmin şüaların bir qismi yenidən kosmosa qayıtmalıdır. Amma karbon təbəqəsi buna imkan vermir. Beləliklə də istilik effekti yaranır. Başqa formada desək, istixanalarda gedən proses daha böyük formatda Yer üzündə gedir, yəni planetdə "parnik effekti" yaranır.

Ən dəhşətlisi odur ki, bu problemin həlli imkanları artıq itirilmək üzrədir. Çünki karbon qazının atmosferdə yaşama müddəti 100 ildən çoxdur. Bu da o deməkdir ki, hazırkı problemlərin yaranmasına səbəb ötən əsrdə atmosferə atılan tullantılardır. Deməli, sənayenin sürətli inkişafı ilə əlaqədar atmosferə atılan qazların əsl təsiri hələ qabaqdadır.

Ekspertlərin təhlillərinə əsasən, orta illik temperatur 2-6 dərəcəyə qədər arta bilər. Ənənəvi yanacaqdan istifadə azaldılmasa, yaxın illərdə atmosferdə çirklənmə daha da artacaq. Bu isə kataklizmaların başlamasına zəmin yarada bilər.

Bir çox alimlər, o cümlədən Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru, akademik Yuri Leonov qlobal istiləşmənin əks nəticələrə gətirib çıxaracağı qənaətindədir. O, istiləşmənin həm antropogen, həm də texnogen hadisələr nəticəsində baş verdiyini dəlillərlə sübut edir. Əksər ekspertlər də Leonovla eyni fikirdədir.

Qlobal soyuqlaşma nə vaxt başlayacaq?

Qlobal iqlim dəyişmələrindən söhbət gedərkən təkcə istiləşmə nəzərdə tutulmur. İqlim dəyişmələri nəticəsində rekord həddə çatan şaxtalı günlər də ola bilər. Bəzi isti ölkələrə güclü qar yağması və şaxta düşməsi anormal təbii tendensiyaların başlamasının ciddi xədərdarlıq siqnalıdır. Elmi mərkəzlərin hesablamalarına görə, ötən qış son 100 ilin ən sərt qışı olub.

Bəs beynəlxalq aləmdə qlobal istiləşmənin gözlənildiyi və bununla bağlı çoxsaylı proqnozların verildiyi bir vaxtda qeyd olunan yerlərə güclü qar yağması nə ilə bağlıdır? Bundan əlavə, əgər dünyada buzlaşma dövrü başlayırsa, onda son illər güclü istilərin baş verməsinə səbəb nədir?

Ekoloqların əksəriyyəti baş verən anomoliyaları texnogen səbəblərlə əlaqələndirirlər. Rusiyanın Pulkovo rəsədxanasının əməkdaşı, tanınmış alim Həbibulla Abusəmədov iqlim dəyişməsi ilə bağlı bildirib ki, bəşəriyyət əvvəlcə güclü istilərə, sonra isə buzlaşma dövrünə qədəm qoyacaq. Alimin fikrincə, qlobal buzlaşma dövrü ən tezi 2050-cı illərdə başlayacaq...

Ekololar sübut edib ki, istiləşmə Qolfstrim cərəyanının axın istiqamətini dəyişdirir və nəticədə iqlim balansı pozulur. Bu isə yayda Nyu-Yorka və Dehliyə qar yağmasına gətirib çıxara bilər.

Vaşinqtonda iqlim dəyişmələri ilə bağlı təşkil edilən konfransda çıxış edən Nobel mükafatı laureatı Şervud Rouland planetdə buzlaşma dövrünün qəfil başlayacağı barədə xəbərdarlıq edib və çox gözlənilməz hadisələrin baş verə biləcəyini deyib.

Dilemma: ya iqtisadi maraqlar, ya təhlükəsiz yaşam

Maraqlıdır, dünya ölkələri, o cümlədən Azərbaycan bu prosesin qarşısını almaq üçün hansı tədbirləri həyata keçirir? Məlumdur ki, yanacağa qənaət etməklə və enerji effektivliyini sürətləndirməklə dolayısı yolla istilik effekti yaradan qazların miqdarını azaltmaq mümkündür.

ABŞ atmosferə atılan tullantıların miqdarına görə liderdir. Qəribədir ki, məhz bu ölkə Kioto protokolu üzrə heç bir öhdəlik götürməyib. Baxmayaraq ki, 1997-ci ilə qədər protokolun hazırlanmasında amerikalı ekspertlər yaxından iştirak ediblər.

Amma Bill Klintondan sonra hakimiyyətə gələn Corc Buşun komandası sənəd üzrə öhdəlik götürməkdən imtina etdi. Üstəlik, bəzi məlumatlara görə, ABŞ alternativ yanacaqla işləyən texnologiyalara cidd-cəhdlə mane olur. Neft oliqarxlarının buna təsiri şübhəsizdir.

Bu gün ABŞ, Rusiya və Çin kimi böyük sənaye ölkələri bəşəriyyətin təhlükəsizliyini şübhə altına qoyur. Belə ki, bu dövlətlər ətraf mühitin qorunması naminə hazırlanan sənədi ratifikasiya etmir. Onlar öhdəliyi yerinə yetirməyəcəklərini bəyan edirlər. Bir sözlə, siyasi və iqtisadi maraqlar iqlim dəyişmələrinin qarşısını ala biləcək tədbirlərin həyata keçirilməsini əngəlləyir.

Kopenhagen sammiti öncəsi ekoloqlar ümidli idilər və burada dövlətlərin planeti xilas etmək üçün sonuncu şansları qaçırmayacağını düşünürdülər. Lakin Kopenhagen sammitində də böyük dövlətlər planetin ekoloji məhvinin qarşısını almaqda maraqlı olmadıqlarını əyani surətdə nümayiş etdirdilər. İqtisadi maraqlar və siyasi ambisiyalar planetin və canlı aləmin taleyini təhlükə altına qoyur.

Ekoloqlar çıxış yolu göstərir- amma kimdir baxan?

Ekoloqlar durumdan çıxış yolu kimi bildirirlər ki, ətraf mühitin təmizliyinə nail olmaq üçün hökumətlər iqtisadi gözləntiləri azaltmalıdır. Təbii ki, iqtisadiyyatın inkişafını tamamilə dayandırmaq olmaz. Elə iqtisadi sahələr var ki, orada 99 faiz təmiz texnologiyadan istifadə edilir. Ağır sənayedə- metallurgiya, aliminium və s. sahələrdə isə köhnə texnologiyalardan istifadə edilir, heç yeniləri arasında da effektlisi yoxdur.

Bu məqama heç bir əhəmiyyət verilməsə də, ekspertlər burada süni surətdə artırılan heyvandarlıq və quşçuluq komplekslərinin, ət sənayesinin rolunun önəmli dərəcədə çox olduğunu bildirirlər. Belə ki, heyvanların süni şəkildə artırılmasının atmosferə atılan zərərli qazların ozon qatının dağılmasına böyük təkan verdiyini bildirirlər.

Böyük broyler fabrikləri gün ərzində az qala yarım milyard litr su istehlak edirlər ki, bu da su mənbələrinin ifrat şəkildə istifadə edilməsi deməkdir. Eyni durum heyvandarlıq təsərrüfatlarında da müşahidə olunur.

Ümumiyyətlə, ekoloqlar bərpa olunan enerji resurslarından istifadəyə üstünlük verilməsini tələb edirlər. Bundan başqa, GMO əkinlərin, bakterioloji, kimyəvi silahların sınaqlarının, plastik istehsalının dayandırılması kimi tələblər var.

Ümumiyyətlə, son vaxtlar ekoloqlar çox qorxulu proqnozlar səsləndirirlər. Alimlərin fikrincə, təbiətə amansız divan tutulması dayandırılmasa, yaxın zamanda planeti və bütün canlıları böyük fəlakətlər gözləyir.

Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin üzvü

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR