• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“İsrail-Misir böhranında İranın əli var“- ŞƏRH

“İsrail-Misir böhranında İranın əli var“- ŞƏRH

Mübarək rejiminin devrilməsindən sonra Misir və İsrail arasında diplomatik böhran getdikcə artır. İngiltərənin "Times" qəzetinin israilli rəsmilərə istinadən verdiyi xəbərə görə, İsrail Misir sərhədinə 30 min əsgər və yüzlərlə tank göndərməyə qərar verib.

Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, iki ölkə arasında hələlik hökm sürən qeyri-müəyyənlik prezident seçkilərindən sonra aradan qalxacaq. İslam Qardaşları Təşkilatının parlamentdə böyük çoxluqla təmsil olunmasının İsraili narahat etdiyini deyən politoloq hesab edir ki, ölkədə gec-tez mülayim qüvvələr hakimiyyətə gələcək.

Misir və İsrail arasında hərbi qarşıdurma ehtimalına toxunan politoloq bunu mümükün sayır:

"Yaxın Şərq alovlanan regiondur, hər şey ola bilər. Əgər hərbi qarşıdurmanın olmasında kənar qüvvələr maraqlı olsalar, müəyyən toqquşmaların olması mümkündür.

Misir hələ keçən əsrin 40-cı illərindən hesab edir ki, İsrail ərəb torpaqlarını işğal edib. İsrail BMT-nin Yaxın Şərqlə bağlı qətnamələrini yerinə yetirmir. İsrail Fələstin probleminin həlli ilə bağlı müxtəlif maneələr yaradır. Demək olar ki, digər ərəb ölkələrinin torpaqlarına

indiyə kimi iddialıdır. Misirin İsrailə qarşı münasibətindən söhbət gedirsə, əsas məsələlər bunlardır".

İki ölkə arasında hökm sürən gərginlikdə İran amilinin rol oynamasına gəlincə, F.Sadıqov bildirib ki, bu istisna edilmir:

"Ərəb ölkələrinin Qərbdən üz döndərməsi, onların din amilinə üstünlük verməsi təbii ki, İranı qane edir. Məsələ ondadır ki, ərəb ölkələrində islamçılar hakimiyyətə gəlsələr də radikal islamçılıq hiss olunmur. Türkiyədə də islamçılar hakimiyyətdədir, amma bu heç də o demək deyil ki, Qərbdən imtina ediləcək.

Düşünürəm ki, İran Misirdə dini amilin güclənməsində çox maraqlıdır. İranın İsrailə düşmən kimi baxdığı reallıqdır. Fikrimcə, İsrail-Misir münasibətlərinin gərginləşməsində İranın rolu var. İran bu münasibətlərdən birmənalı şəkildə istifadə edir. İran çox istəyir ki, İsrailin düşmənləri artsın və ətrafında düşmən həlqəsi genişlənsin. İran bu istəyini müxtəlif siyasi, iqtisadi vasitələrlə həyata keçirir, amma birbaşa hansısa hərbi dəstək müşahidə olunmur".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR