Kəmaləddin Heydərov FHN-nin fəaliyyətindən danışdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov FHN-nin fəaliyyətindən danışdı - FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının doqquzuncu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar mərasim keçirilib.

Publika.az-ın məlumatına görə, FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirlik əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib.

K.Heydərov bildirib ki, cari ildə nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati, xidməti bina və qurğuların tikintisi, köhnə obyektlərin bir qismində əsaslı təmir və yenidənqurma işləri davam etdirilib.

Nazir vurğulayıb ki, ötən illərdə olduğu kimi, cari ildə də fövqəladə hallar orqanları vətəndaşlarımızın əmin-amanlıq şəraitində yaşaması, onların və əmlaklarının təhlükəsizliyini etibarlı təmin ediblər. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə il ərzində müvafiq tədbirlər davam etdirilib, o cümlədən yanğından mühafizə sahəsində əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb.

Bu ilin 11 ayında respublika ərazisində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə 10 min 567 çıxış edilib. Bu yanğın hadisələrinin 3667-si Bakıda qeydə alınıb. Bu hadisələrdən 14-ü yüksək çağırışla söndürülüb. Hər gün təxminən 32 yanğın hadisəsinə çıxış olub, hər 7 gündə 1 nəfər xilas edilib, 103 dövlət obyekti, 600 fərdi ev, 400 yardımçı tikili yanğından mühafizə olunub. On biri uşaq olmaqla, 47 nəfərin həyatı real təhlükədən xilas edilib, 738 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Nazir bildirib ki, nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

Nazirin sözlərinə görə, ötən müddətdə FHN-in 40 əməkdaşı barədə intizam tənbehi tədbirləri görülüb: "Bunlardan 16-sı xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib".

FHN-in fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən K.Heydərov dövlət başçısını əmin edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

FHN rəhbəri bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı hər kəs öz üzərinə düşən vəzifələri layiqincə icra etməldir.

Nazir qeyd edib ki, gələn il çox məsuliyyətli ildir. Heç vaxt Avropa Olimpiya Oyunları keçirilməyib, bu, ölkəmizə diqqətin təzahürüdür: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Təsadüfi deyil ki, Avropa Olimpiya Oyunları üçün Azərbaycan seçilib. Nazirliyin bütün qurumlarının rəhbərləri bilirlər ki, mühafizə işlərinin görülməsi nə dərəcədə vacibdir. Ölkəyə çoxlu sayda qonaqlar, nümayəndələr gələcəklər. Bu işlə bağlı hər kəs öz üzərinə düşən vəzifələri layiqincə icra etməldir”.

K.Heydərov qeyd edib ki, bu gün FHN əməkdaşları Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması, işləməsi və istirahət etməsi üçün çalışır: "Bir daha FHN şəxsi heyəti və öz adımdan Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür etmək istəyirəm. Prezident nazirliyin müasir avadanlıqlarla təmin olunmasına, kadr potensialının inkişafına xüsusi diqqət yetirib".

Nazir gələn il FHN-in yaranmasının 10 ilinin tamam olacağını xatırladıb: “Adətən, bizə işimizin az olmasını arzulayırlar. Pis hadisələr az olsun, vaxtınızı, işinizi bacarığınızı artırmağa, elmi potensialınızı, biliklərinizi artırmağa sərf edəsiniz”.

Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.

Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim edib.

Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar. Ümumilikdə 550-dən çox şəxs mükafatlandırılıb.

Vasif Həsənli

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm