Cəzaçəkmə müəssisələrində qəribə "kəşflər"
Bizi izləyin

Qırmızı.az

Cəzaçəkmə müəssisələrində qəribə "kəşflər"

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirmə cəhdlərinin siyahısını Publika.Az-a təqdim edib.

Bildiyimiz kimi, məhkumlar və onların yaxınları zaman-zaman həbsxanaya qadağan olunmuş əşyalar keçirməyə cəhdlər edirlər. Bəzən onların məqsədlərinə çatmaq üçün icad etdikləri üsullar adamı heyrətə salır.

Bir növ ətrafda gördüyümüz hər şey onların həbsxanaya qadağan olunmuş əşya keçirmələrində vasitə ola bilər.

Əksər hallarda isə qapalı müəssisələrə narkotik və mobil telefon keçirməyə çalışırlar.

Məsələn, bu günlərdə Qobustan Həbsxanasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində heroin və tiryək tapılmışdı. Amma necə?

Dustağın yanına gələn dostu narkotikləri fabrik üsulu ilə hazırlanmış kağız qutunun içərisindəki xurmaların içində gizlətmişdi.

Həmin həbsxanada digər məhkumun yanına qısamüddətli görüşə gəlmiş qohum, əridilmiş yağ konserv bankasının içərisində 2 ədəd elektrik qidalandırıcısı , 1 ədəd qulaqcıq, 3 ədəd Nokia markalı mobil telefon gətirmişdi.

Bu qapalı müəssisədə məhkuma verilmiş ayaqqabının daban hissəsindən 2 ədəd mobil telefonlar aşkar edilmişdi.

Qadınlar üçün cəzaçəkmə müəssisəsində isə qızının yanına gələn ana heroini öz jiletinin cibində əl dəsmalının içində gətirmişdi.

Digər fakt 3 saylı istintaq təcridxanasında qeydə alınıb. Məhkumun yanina gələn xalası oğlu həbsxanaya tortun altına qoyulmuş 1 ədəd Nokia markalı mobil telefon keçirib.

2 saylı cəzaçəkmə müəssisəsində də narkotik tapılıb. Məhbusa gətirilən qara rəngli "SYOSS" markalı şampun qabının içərisində heroin və marixuana aşkar edilərək götürülüb.

Əksər hallardan mobil telefonları sovqatların, yeməklərin içində keçirməyə çalışırlar. Narkotiklər isə yuyucu toz əvəzi qablaşdırılır, meyvə və tərəvəzin içinə doldurulur, meyvə şirələri qablarının içərisinə atılır.

Məhkumların tanışları hətta spirtli içkiləri də həbsxanaya keçirməyə çalışırlar. Çox vaxt onlar konyakı kola şüşəsinə tökürlər, arağı isə rəngləyib fanta əvəzi təqdim edirlər.

Zarina İbrahimxəlil

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm