• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kafe sahibi müştərisini öldürdü: idmançının qətlinin TƏFƏRRÜATI

Kafe sahibi müştərisini öldürdü: idmançının qətlinin TƏFƏRRÜATI

Mingəçevir şəhərində baş verən dava bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə şəhərin Naxçıvan küçəsindəki kafelərdən birində qeydə alınıb. Yeməkxana sahibi 1988-ci il təvəllüdlü Elnur İmanov işlətdiyi obyekti bağlayaraq evə getmək istədiyini deyib və buna görə də müştərilərdən kafeni tərk etmələrini xahiş edib.

Müştərilərdən 1985-ci il təvəllüdlü Toğrul Yusifbəyli kafe sahibi ilə mübahisə edərək bayıra çıxmayacağını bildirib. Bu zaman onların arasında mübahisə dava ilə nəticələnib.

Qeyd edək ki, Elnur İmanov yeni ailə həyatı qurubmuş və onun bir aylıq körpəsi olub. Hadisə zamanı Elnur Toğrula deyib ki, bir aylıq körpəsi var, qanını onun üstünə tökməsin. Bu zaman Toğrul onun bir aylıq körpəsini də söyüb. Onun bu hərəkəti Elnuru daha da qızışdırıb.

Dava zamanı kafedə olan Taleh Ədili onları ayırmağa çalışıb. Elnur İmanov Toğrul Yusifbəyliyə bıçaqla ağır xəsarətlər yetirib. Həmçinin 1983-cü il təvəllüdlü Taleh Ədili də döş qəfəsindən bıçaq yarası alıb. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, 28 yaşlı Toğrul Yusifbəylini xilas etmək mümkün olmayıb. Taleh Ədili isə həkim müayinəsi nəticəsində sağ qalıb.

Üç maddə ilə ittiham olunan ruhi xəstə

Publika.az xəbər verir ki, Elnur İmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ruhi əsəb xəstəliyindən əziyyət çəkən Elnur İmanov məhkəmə iclasında törətdiyi cinayətin səbəblərini açıqlayıb. O bildirib ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində mədəniyyət klubunun qarşısında yerləşən kafeni işlədib. Onun sözlərinə görə, iyunun 14-də, axşam saatlarında əvvəllər tanıdığı və normal münasibəti olan Taleh adlı şəxs kafeyə gəlib: “Bundan sonra Elxan adlı şəxs də gəlib və Talehlə birlikdə əyləşib. Bir qədər sonra isə kafeyə əvvəlcədən tanıdığım Toğrul və Elsevər adlı şəxslər gəliblər. Onlar içmək üçün pivə sifariş veriblər. Təxminən saat 00:30 radələrində kafeni bağlamağa hazırlaşdım. Həmin vaxt kafedə Toğrul, Elsevər, Taleh və Elxan bir masa arxasında oturmuşdular”.

“Toğrul dedi ki, məndən yaxşı oğlanla pivə içməyəcəksən ki?”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Toğrulgilə yaxınlaşaraq artıq kafeni bağlamaq istədiyini söyləyib. Onun sözlərinə görə, Toğrul onunla birlikdə pivə içməyi təklif edib: “Toğrul dedi ki, məndən yaxşı oğlanla pivə içməyəcəksən ki? Həmin vaxt Toğrul tamamilə sərxoş idi. Toğrulun bu vəziyyətdə olduğunu gördüyüm üçün onu yola vermək istədim. Bu səbəbdən, onunla birlikdə eyni masa arxasında əyləşdim. Sonra kafedə ofisiant işləyən Şahinə bir qədəh pivə gətirməsini söylədim. Şahin də mənə pivə gətirdi. Pivə içdiyim zaman Toğrul bir qədər əvvəl kafeni bağlamaq istəməyimi mənə irad tutdu. Toğrula artıq gec olduğunu, gecə yarısı kafeni açıq saxlamağa icazə vermədiklərini söylədim”.

“Mənim var-yoxumu söydü”

Təqsirləndirilən şəxs daha sonra Toğrul ilə arasında olan münasibəti belə danışıb: “Toğrul məni nalayiq söyüşlərlə söydü, pivə içməyimi tələb etdi. Bu zaman Toğrulun özündə olmadığını, daha da qızışdığını gördüm. Toğrulun ətrafa toplaşanları gördükcə qızışdığını hiss etdim. Buna görə də kafedə olan şəxslərin kənara çəkilməsini, Toğrulu oradan aparacağımı dedim. Bundan sonra Taleh, Elsevər və Elxan kafeni tərk etdilər. Onlar çölə çıxdıqdan sonra Toğrulu dilə tutaraq onu evlərinə aparmağa çalışdım. Lakin Toğrul yenə də məni söyməyə başladı. Sonra Toğrul mənimlə birlikdə yemək yeməyi təklif etdi. Mən də yemək yemək üçün onlara getməyi təklif etdim. Bu səbəbdən, Toğrulu avtomobilə mindirərək onlara getməyə razı saldım. Toğrul kafedən çıxaraq maşınımda əyləşdi. Həmin vaxt Elsevər maşına yaxınlaşaraq açarı götürdü. Taleh, Elsevər və Elxan bizə yaxınlaşaraq hara getdiyimizi soruşdular. Mən də Toğrulla yemək yeməyə getdiyimi söylədim. Elsevər Toğrula bildirdi ki, Elnur səni dalaşmağa aparır, onunla getmə. Bu zaman Toğrul avtomobildən düşdü. Toğrul mənim var-yoxumu söydü və üstümə hücum çəkərək məni döyməyə başladı”.

“Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram”

Elnur İmanovun sözlərinə görə, bu zaman Toğrul əli ilə onun boğazından yapışıb və boğmağa başlayıb. O qeyd edib ki, Toğrul onu döyə-döyə kafenin içərisinə aparıb: “Həmin vaxt Taleh, Elsevər və Şahin bizi aralamağa çalışdılar. Lakin kim bizə yaxınlaşmaq istədisə, Toğrul onu vurub uzaqlaşdırdı. Toğrul idmançı idi. Bu səbəbdən, onunla bacara bilmədim. Toğrul kafenin içərisində məni yerə yıxmağa başladı. Birtəhər Toğrulun altından çıxdım və qaçdım. Bundan sonra özümdə olmamışam, maşından və ya kafedən götürdüyüm bıçaqla Toğrulun üstünə getmişəm. Ona bıçaqla zərbələr vurmuşam. Lakin Toğrula neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram”.

“Talehin köynəyinin qana bulaşdığını gördüm”

Onun sözlərinə görə, bıçaq xəsarəti alan Toğrul hadisə yerindən qaçıb. O, Toğrulun arxasınca getməyib: “Həmin vaxt Taleh bizi ayırmaq istəyib. Toğrul getdikdən sonra Talehin köynəyinin qana bulaşdığını gördüm. Talehə bıçağın necə batdığını bilməmişəm. Bundan sonra kafenin arxasına Toğrulun qaçdığı yerə getdim. Toğrulun yerdə uzandığını, Elsevərin də Toğrulun yanında olduğunu gördüm. Elsevərə təcili yardıma zəng etməsini söylədim. Elsevər də artıq təcili yardıma zəng etdiyini bildirdi. Bundan sonra evə gəlib bu barədə atama söylədim. Sonra isə atamla birlikdə polis şöbəsinə getdik”.

Məhkəmə şahid ifadlərini dinləyəndən sonra hökm elan edib. İdmançı dostunu öldürən gəncin barəsində ittiham hökmü çıxarılmayıb. Hakimlər hadisə zaman Elnur İmanovun anlaqsız olduğu nəticəsinə gəliblər.

Belə ki, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Elnur İmanova təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin həyata keçirilməsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR