• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Brejnev Heydər Əliyevdən soruşarmış: “Bülbüllər oxuyacaq?“ - MÜSAHİBƏ

“Brejnev Heydər Əliyevdən soruşarmış: “Bülbüllər oxuyacaq?“ - MÜSAHİBƏ

... Azərbaycanın musiqi beşiyi Qarabağda bir ansambl vardı. Qarabağın bülbül kimi cəh-cəh vuran balalarını ətrafına toplayan kollektiv...

... Bu o zamanlardı ki, həmin ansambl “Qarabağ bülbülləri” adı ilə bütün ölkəyə səs salmışdı. Nəinki Azərbaycanda, bütün SSRİ-də tanınır və sevilirdi. Sovetin bərkgedən vaxtında Moskvanın Böyük Teatrında, Kremlin Qurultaylar Sarayında milli musiqimizi, muğamlarımızı təbliğ edirdi...

... Və bu o zamanlardı ki, “Qarabağ bülbülləri”nin bir yaradıcısı, bədii rəhbəri vardı – Murad Rzayev. O Murad Rzayev ki, dişilə, dırnağıyla, min bir zəhmətə, əziyyətə qatlaşaraq bu ansamblı formalaşdırmışdı. O Murad Rzayev ki, məhz bu fəaliyyətinə görə, 25 yaşında “SSRİ-nin əməkdar maarif xadimi” fəxri adına layiq görülmüşdü...

... İndi isə zaman o zamandır ki, 40 yaşlı “Qarabağ bülbülləri” Heydər Əliyev Sarayında, dövlət tədbirlərində çıxış etməyə həsrət qalıblar. Vaxtilə Böyük Teatra, Qurultaylar Sarayına sığmayan ansambl indi bir zirzəmiyə sığınmaq məcburiyyətindədir.

... Zaman o zamandır ki, 65 yaşlı Murad Rzayev çətinliklə yaratdığı ansamblı indi də yaşatmağa çalışır. Qarşılaşdığı maneələrə, cüzi əmək haqqına, kirayədə yaşamasına... və ən acısı tələbələrinin biganələyinə rəğmən...

Məşhur “Qarabağ bülbülləri”nin yaradıcısı və bədii rəhbəri Murad Rzayevlə söhbət zamanı bütün bu məqamlara toxunduq. Ancaq ilk sualımız ansamblın yaranması ilə bağlı oldu.

“Kremlə daxil olmaq üçün mənə xüsusi buraxılış vəsiqəsi də vermişdilər”

- Tale elə gətirdi ki, 1971-ci ildə Ağdamda “Pionerlər evi”nə müdir təyin edildim. Həmin gündən imkanlarım artdı. Məktəblərlə sıx əlaqələr qurdum, istedadlı uşaqları seçərək “Qarabağ bülbülləri” ansamblını yaratdım. Çox keçmədi ki, ansambl məşhurlaşdı, hörmət qazandı. Ondan sonra xarici ölkələrə, müttəfiq resbublikalara çoxlu sayda qastrol səfərimiz oldu. Müxtəlif diplom və medallarla təltif olunduq, 12 bədii və sənədli filmə çəkildik. Ansamblda Ədalət Feyziyev, Məhərrəm Qasımov, Gülçöhrə Quliyeva, Xanım Abdullayeva vardı. Onlardan sonra Tacir Şahmalıoğlu, Nazim Zeynalov, Hacı Fərhadov, Bəhram Məmmədov, Araz Hüseynov, Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev, Fehruz Səxavət, İlhamiz Paşayev və başqaları gəldi. “Qarabağ bülbülləri”nin Kremldə ilk çıxışı isə 1976-cı ilə təsadüf edir. Həmin il Moskvada beynəlxalq musiqi festivalı keçirilirdi. Keçmiş sovet respublikalarının hər birindən musiqi kollektivləri sınağa dəvət edilmişdi. SSRİ-ni isə bir kollektiv təmsil etməliydi. İlkin sınaqdan sonra Moskva qərar verdi ki, Sovet dövlətini festivalda “Qarabağ bülbülləri” təmsil edəcək. Biz də o etimadı doğrultduq. Elə bir böyük dövlət tədbiri olmazdı ki, bizi ora dəvət etməsinlər. Hətta Kremlə daxil olmaq üçün mənə xüsusi buraxılış vəsiqəsi də vermişdilər. O dövrdə Azərbaycanın incəsənət ustaları üç dəfə Kremlin Qurultaylar Sarayında konsert vermişdi. Həmişə təkidlə “Qarabağ bülbülləri”nin çıxışını sona saxlayırdım. Bu isə bir çox xalq artistlərinin qısqanclığına səbəb olurdu. Sonradan bizə deyirdilər ki, konsert ərəfəsi Brejnev həmişə rəhmətlik Heydər Əliyevdən soruşarmış: “Solovyi budut vıstupat?” Bu uğurlu çıxışlardan sonra Sov.İKP Mərkəzi Komitəsinin, SSRİ Nazirlər Sovetinin fəxri diplomları ilə təltif olundum. 25 yaşımda “SSRİ-nin əməkdar maarif xadimi” adını aldım.

-Yetirmələriniz bu gün əməkdar, xalq artistləri, ölkənin nüfuzlu sənət adamlarıdır. Yaxşı maddi durumları var, toylara gedirlər. Heç olub ki, biri qapını döyüb içəri keçsin, gücü çatan məbləği stolun üstünə qoyub desin ki, buyur, müəllim, müəyyən problemini həll edərsən?

- (köks ötürür) Bir yaxşı söz var – ustadına kəm baxanın gözlərinə qan damar. Bu söz nə vaxtsa çin olur. Mənə dəyməsinlər, heç köməkləri də lazım deyil. Adicə bayramlarda, müəllim günündə zəng vurub təbrik etmirlər. Soruşmurlar ki, müəllim nətərisən? Kirayə qalsam da ev telefonum, iki dənə də mobil nömrəm var. Heç mobili demirəm, ev telefonuma zəng vurub desinlər ki, müəllim, bayramın mübarək. O sözü mən eşitmirəm. Biri də zəng vurub maraqlanmır. Mənim xətrimə bu dəyir. Anam, qardaşım, bacım rəhmətə getdi. Birini də yasda görmədim. Hansısa tədbirdə təsadüfən görəndə yaxınlaşıb görüşürlər. Bu, mənə mənəvi zülm verir. Elə şeylər danışaram ki... Nə qədər zülm çəkmişəm. Elə tələbələrim olub ki, ayaqqabısını, köynəyini, kostyumunu, corabını almışam. Evimdə böyütmüşəm. Anam onları çimizdirib də. İndi böyüyüblər, seçilən adam olublar, böyük vəzifələri, fəxri adları var.

Elə olub ki, Moskvadan qayıtmışıq - 25 uşaq baş-ayaq bizim evdə yatıblar. Yuxunun şirin yerində “raykomun” katibi zəng edib ki, Mərkəzi Komitədən xəbər gəlib, yenidən qayıtsınlar. Oyadıb əl-üzlərini yuyandan sonra yenidən Moskvaya qayıtmışıq. Kremlin Qurultaylar Sarayında bir ayda 3 konsert vermişik. Amma nə olsun? Heç elə bil bunlar olmayıb. Deməli, mən indiyə qədər səhv etmişəm? Toya gedənlər fəxri ad aldı, villalar tikdirdi. Sağlıqlarına qismət olsun! Amma Murad Rzayev toya getmədi, dövlətə xidmət etdi, indi nə fəxri adı var, nə də evi. Mən canımı çürütdüm. Rayonda müəllimlərdən ibarət xoru, ansamblı, estradanı mən yaratdım.

“Bir tələbəm telefonu üzümə qapadı”

- Amma o zəhmətin qarşılığında bu gün tələbələriniz belə sizi unudub...

- Yox, unutmayıblar (kinayə ilə). Təsadüfən görəndə elə gözəl görüşürlər ki, qıraqdan baxan elə bilər bunlar hər gün gecəyə kimi bir yerdə olurlar. Hər tələbəm bircə manat kənara qoysaydı, o pulla mənə ev ala bilərdilər. Misal üçün deyirəm də, mən buna razı olmaram, əlbəttə . Dara düşsəm və hansınasa müraciət etsəm, heç birinin köməyini görmərəm. Və müraciət etmişəm də.

- Hansına?

- Adlarını deyə bilməyəcəm, bir neçəsinə demişəm ki, pis vəziyyətdəyəm, yoxlamam olub, onlara hörmət etmək lazımdır. Oğlum avtomobil qəzasına düşmüşdü, cüzi miqdarda pul lazım idi. Mən o pulu bu qədər tələbəmin birindən ala bilmədim. Hamısı dedi “inanırsan, yoxdu, vəziyyətim pisdi”. Bu sözləri ağzıma alıb danışdığıma görə də utanıram. Elə şeylər var, onları açıb danışsam, bütün günü efirdə olan sənət adamları, bəlkə bütün respublika vəlvələyə düşər.

- Deməli, “pul insanı çaşdırır” sözündə həqiqət var...

- Çox. Ola bilsin, bir-ikisi zəng vurub bayramımı təbrik edir, amma təbrikdən sonra qayıdıb nəsə xahiş edir. Mən də deyirəm, “baş üstə”. O qədər haqsızlıqlar görmüşəm ki... deyə bilmirəm də. Danışsam, bir kitab yazmaq olar. Biri soruşmaz ki, “müəllim, iki nəvən var, kirayə qalırsan, bəlkə evində çörək yoxdu?” Zəng edib birinin telefonuna düşə bilmirəm. Elə tələbəm var ki, 8 nömrəsi var. Mənə qarşı belə eləmək olmaz axı. Mən ki onları hər yerdə müdafiə etmişəm. Bəzi xalq artistləri haqqında deyirdilər ki, bunlardan oxuyan olmaz. Eləsi vardı, onu səhnəyə çıxaranda raykomun katibi məni danlayırdı. İndi onlar aparıcı sənətçilərdir. Çoxu da elə bilir ki, İsmayıllıda, Ağdamda qalmışam, ya da ölmüşəm. Flora xanıma, başqa müğənnilərə zəng edirəm “hay can” deyirlər. Öz tələbəmə zəng vururam, aylarla cavab vermir. Özü də nömrəm telefona düşür, bilir ki, zəng edən mənəm. Sifariş göndərirəm ki, deyin Murad müəllim səni axtarır, mənə təcili zəng eləsin. Bəlkə də onun xeyrinə olan söz deyəcəm. Yenə telefonu götürmür. Mən öz tələbəmin qəbuluna düşə bilmirəm. Ən çox xətrimə dəyən də balam qədər istədiyim bir tələbəm oldu. Neçə adamla sifariş göndərdim ki, deyin telefonu götürsün, əhəmiyyət vermədi. Birinə zəng elədim, dedi tələbən yanımdadı. Telefonu verdi tələbəmə. O da camaatın içində telefonu üzümə qapadı. Düzdür, sonradan gəlib üzrxahlıq elədi, amma artıq yaramır. Bilsəniz kimdi, özünüz də məəttəl qalarsınız, qoy hələ sirr qalsın. Tələbələrimin bu hörmətsizliyi, laqeydliyi çox xətrimə dəyir. Onlardan başqa təzə çıxanlar da var. Mən onların bəzilərinə “odnorazovıy şprits” deyirəm. Bir aylıqdırlar, sabah dəbdən düşəcəklər. Bir tələbəm var – vallah, qırıla-qırıla qalıram, heç deyə bilmirəm... Məndən xahiş etdilər ki, onu götür oxuyan olsun. Son bir-iki ildə məşhur müğənni olub. Neçə dəfə zəng eləmişəm, telefonumu götürmür, prodüseri cavab verir.

“65 yaşda təzədən “prava” almayacam ki...”

- Tələbələrinizin belə nankorluğunu görəndə vaxtilə etdiyiniz yaxşılıqlara görə peşmançılıq çəkirsiniz?

- Bu, çox düz sözdür. Amma hansısa toya, yasa gedəndə məni elə qarşılayır, hörmət göstərirlər ki, bu mənə bəs edir. Onların günahına fikir vermirəm. Bu dünyada insanların bir-birinə ögey münasibətini görəndən sonra onlardan da incimirəm. Eləcə fəxr edirəm ki, belə tələbələr yetişdirmişəm, dərs demişəm. Bu sənətin dalınca getməyən zəhmətkeş tələblərim məni yad edir, amma məşhur müğənni olanlar yox.

- Bəs Teymur Əmrah? Efirdən sizin evinizdə böyüdüyünü həmişə deyir axı. O da telefonunuzu götürmür?

- O da bayramlarda zəng vurub təbrik eləmir heç. Özünə də demişəm. Deyir yadımdan çıxıb. Ondan incimirəm. Çünki Teymurda bir az ərköyünlük var. O, mənim evimdə böyüyüb, onu öz övladım sayıram. O vaxt Teymuru Ağdam musiqi məktəbinə götürdə bilmədim. Dedilər səsi yoxdu. Halbuki indi Teymur ən yaxşı oxuyanlardan biridir. Evlə də təmin etdilər. Teymur neyləsə də, ondan incimirəm. Vicdansızın özünə də deyirəm. Amma o birilərindən inciyirəm. Çünki sağlıqlarına qismət, yaxşı imkanları var. Mən isə 1984-cü ildən qalma köhnə, çürük “Niva”mı sürürəm. Dostlarım deyir “o maşını ümumiyyətlə yandır”. Deyirəm yox, o maşın Ağdamın yadigarı, gənclik dostumdur. Milli Qəhrəman Asif Məhərrəmovla mənim həmin maşınla bağlı çoxlu xatirələrimiz var. Ona görə o maşına əl vurmaram. İsmayıllıya gedib gəlirəm, bir dəfə motoru qızmaz. Onun təkərinə qurban olaram, məni heç vaxt yerdə qoymaz. QAİ işçiləri də məni tanıyır. 1993-cü ildən “pravam” yoxdur. İtib, ondan sonra da almamışam. 65 yaşda təzədən “prava” almayacam ki... Qədir demişkən, “elə özüm pravayam da”.

“Taxta körpüdən keçəndə ağ kostyumda çaya düşdüm”

- Özünüz də dediniz ki, tələbələriniz fəxri adlar alıblar, çox şeyə nail olublar. Siz isə nə fəxri ad aldınız, nə də eviniz, normal dolanışığınız var. Sizcə, niyə tələbələrinizin kölgəsində qaldınız?

- Ona görə ki, onlar Bakıya vaxtında gəldilər, özlərinə gün ağladılar, şərait qurdular. Mən isə Ağdam işğal olunanda İsmayıllıya getdim. Çünki inanmırdım, rayon bu qədər işğal altında qalar. Fikriləşirdim ki, tezliklə yenə obama qayıdacam. Ağdamdakı evimi hamı görmüıdü. 40 otağım vardı, hərəsində də bir telefon. Köklü nəsil idik, yaxşı dolanışığımız, imkanımız vardı. Ağdamda elələri vardı ki, onlara baxanda ürəyim ağrıyırdı. İndi mənə baxıb onların ürəyi ağrıyır. Ağdamda ayaqqabı ala bilməyən adamlar burada vəzifə sahibi oldular. Tələbələrim də eləcə. Toylara getdilər, ev düzəltdilər, ad aldılar. Alsınlar, sevinirəm. Amma nankor olmasınlar. Yaşlı sənətkarlar insana qiymət verməyi bacarırlar, onlar yox. Artıq məni yaddan çıxarıblar. Çünki “bağda ərik var idi, salamməleyk var idi. Bağda ərik qurtardı, salamməleyk qurtardı”.

- Murad müəllim, aylıq qazancınız nə qədərdir?

- 170 manat maaşımdır. 162 manat da təqaüd alıram, vəssalam. 250 manat isə evə görə kirayə pulu ödəyirəm. Gülməlidir e - bu boyda sənət adamlarını yetişdirən adam özü kirayənişin qalır. Təsəvvür edin ki, 2 aydır evin pulunu verə bilmirəm... Vəziyyət bax belədir. Hərdən yoldaşım məni danlayır. Deyir, hər şeyi özün eləmisən, bütün günah özündədir. Heç incimirəm o sözlərdən. Düz deyir yoldaşım, amma mən də düz etmişəm. Xalq üçün çalışmışam. Heç nə güdmədən. Təmənnasız... Mənim çəkdiyim əziyyəti heç kim çəkməyib. Nə zülmlə kollektiv toplamışam. O vaxt uşaqları yığmaq üçün kəndbəkənd, qapı-qapı gəzirdim. Bilirsiz necə çətinliklərlə üz-üzə qalırdım? Məsələn, İzahat Cəfərovun sorağını alıb Şelli kəndinə gedirdim. Çayın üstündəki taxta körpüdən keçəndə ayağım sürüşdü, ağ kostyumla çaya düşdüm. Birtəhər gedib evlərini tapdım. Uşağın səsini yoxladım. Geri qayıdanda isə itlər üstümə cumdu. Cəld tərpənməsəydim, məni parça-parça edəcəkdilər. Çaya da düşmüşəm, it də tutub, ac-susuz qaldığımız da olub. Elə olub Moskvada pulumuz qurtarıb. Bir çörəyi 25 nəfər arasında bölüb yemişik.

“Tacir Moskvada velosiped oğurlayıb satmışdı”

- Başınıza gələn maraqlı hadisələrdən yadınızda daha hansılar qalıb?

- O qədər maraqlı hadisələr baş verib ki... Moskvada mehmanxanadakı otağımda yatmışdım. Bir də gördüm içəri milis girdi. Soruşdu azərbaycanlıların bədii rəhbəri kimdi? Dedim mən. Qayıtdı ki, bizimlə şöbəyə getməlisiz, sizin uşaq oğurluq edib. Deməli, Tacir “druq, odin kruq” deyib bir uşağın velosipedini sürmək adıyla aparıb o tərəfdə satıb. Bir dəfə də yenə Moskvada konsert gedən vaxt gördük səhnə fırlanır. Tacir başına döndüyüm gir səhnənin aşağısına, transportyorun altından səhnəni fırla (gülür). Tacir başıma o qədər oyunlar açıb. Hələ Moskvadan qayıtdığımız gün nə olmuşdu? Vağzalda Tacir bir anlıq əlimi buraxıb, sonra da məni bir gürcüyə oxşadaraq paltarından tutub dalınca gedib. Bir də baxıb ki, mən deyiləm. Qatarın tərpənməyinə dəqiqələr qalıb. Bir də gördüm səsgücləndirici ilə məni çağırırlar. Getdim gördüm milislər yığışıb, Tacir də onların arasında. Necə həyəcan keçirirdim... Bir neçə saniyədən sonra qatar yola düşəcək, pulumuz da yoxdur ki, növbəti qatara bilet alaq. Birtəhər özümüzü çatdırdıq.

Bir dəfə də Bakıya festivala gəlmişdik. Gördüm bir qız ağlayır. 6-7-cı sinifdə oxuyardı. Soruşdum niyə ağlayırsan? Dedi məni festivalda kəsiblər. Dedim eybi yox, ağlama, axşam efirə çıxırıq, sən də ansamblla birgə oxuyarsan. Həmin kaset indi də məndə qalır. Bu qız Simarə İmanova idi. Bəlkə də heç Simarə bilmir ki, ilk dəfə onu səhnəyə çıxaran kimdir. Heç vaxt adımı çəkməyib, Bakıda olduğumu da bilmir yəqin.

- “Qarabağ bülbülləri”nin əvvəlki solistləri çox məşhurlaşdılar. Amma sonrakılar o qədər də yox...

- İndiki uşaqlar da təklikdə fərqlənirlər. Amma konsertə çıxa bilmirlər ki, camaat tanısın.

- Bəlkə səbəb Qarabağ suyunun, havasının, torpağının olmaması ilə bağlıdı?

- O da var. O vaxtkı uşaqların üzündə, gözlərində sevinc vardı. Onlar çox şən idilər. Amma indiki uşaqlar şən mahnı oxusalar da, gözlərində, mimikalarında bir kədər var, çox qəmgindirlər. Bu da onların köçkün olmasından irəli gəlir. Amma nəsil-kök, gen mütləq özünü büruzə verir. Hərdən deyirlər Bakıda Qarabağ bülbülü yetişməz. Niyə yetişməz?! İstedad da yonca kimidir. Üstünü asfaltlasan da hardansa pırtlayıb mütləq çıxacaq, onu gizlətmək mümkün deyil.

- Bəs dövlət konsertlərinə niyə dəvət olunmursunuz?

- Dövlət konsertlərinə həsrət qalmışıq. Heç bizi yada salan yoxdur. Bilmirəm bu işin üstündə duran kimdi. Dövlət konsertində oxuyanlar mənim ansamblımda ən zəif oxuyan ifaçının qarşısında dura bilərlər? Niyə bizə belə yad münasibət bəsləyirlər? Köçkün rayon olanda belə edərlər? Mənə bu təsir edir. Heydər Əliyev sağ olanda o vaxtkı Lenin Sarayında bizsiz bir konsert olmazdı. Amma indi bizə qadağa qoyulub. Mədəniyyət və turizm naziri heç bilmir ki, Murad Rzayev adlı adam var, ya yox. Opera teatrını, böyük səhnələri bəzəyən sənət adamları bu kollektivdən çıxıblar da. Həmin kollektiv indi də durur, amma maraqlanmırlar.

- Özünüz də Əbülfəs Qarayevin qəbuluna getməmisiniz?

- Yox, niyə getməliyəm ki? 3-4 il bundan qabaq bir hadisə oldu. Nazir müavinlərindən biri bura zəng etdi. Dedi “istəyirəm ora gəlim, “Qarabağ bülbülləri” və sizinlə tanış olum, görüm kimsiniz”. Dedim əgər nazir müavini Murad Rzayevi və “Qarabağ bülbülləri”ni tanımırsa, heç mən onunla danışmaq istəmirəm. Bununla da hər şey bitdi.

Xəlil Rza Ulutürk: “Murad Rzayevin yaratdığı “Qarabağ bülbülləri” ansamblı Azərbaycan xalqının mənəvi sərvətidir”

- Bəlkə fəxri ada layiq görülməməyiniz də elə bununla bağlıdır?

- Nə bilim, vallah. Onu deyim ki, 1989-cu ildə Bakıya, Mərkəzi Komitəyə əməkdar incəsənət xadimi adına layiq görülməyim barədə təqdimat verildi. Bütün Ağdam sentyabrın 4-nü, fəxri adların qəzetdə dərc olunacağı günü gözləyirdi. Amma həmin gün nəşr olunan rəsmi qəzetdə təltif olunmuşlar arasında mənim adımın əvəzinə “Qarabağ bülbülləri”nin rəhbəri kimi Rafiq Rüstəmovun adı çıxdı. Məni az qala infarkt vuracaqdı. Nəinki Ağdam, Azərbaycan, bütün SSRİ bilirdi ki, “Qarabağ bülbülləri”ni mən yaratmışam. Amma bu boyda haqqımı əlimdən almışdılar. Demə, Ağdamdan iki mədəniyyət işçisinə ad veriləcəkmiş. Rayon mədəniyyət şöbəsinin müdiri Çimnaz xanım adın birini özünə götürüb, birini də verib ona. Sonradan öyrəndim ki, Rafiq Rüstəmovun saxta yolla “Qarabağ bülbülləri”nin rəhbəri kimi ad almasına Polad Bülbüloğlu şərait yaradıb. Çünki onlar ailəvi dost idilər. Birləşib mənim haqqımı tapdaladılar. Ondan sonra dedim mənə daha fəxri ad lazım deyil. Rafiq də ağdamlıdı, Xan Şuşinski adına muğam məktəbinin direktorudur. İndi də hərdən özünü o adla təqdim edir. Ayıbdır, vallah. Hamı bilir ki, bir “Qarabağ bülbülləri” var, onu da yaradan Murad Rzayevdir.

- Zeynəb Xanlarova ilə ansamblda çalışmısınız, konsertlərdə onu tarda müşayiət etmisiniz. İndiki problemlərlə bağlı ona müraciətiniz olmayıb ki?

- Hələ etməmişəm. Amma fikrim var. Bilirsiz necədi, heç kimə müraciət etmək istəmirəm. Kim nə bilir bilsin. Mən əziyyət də görmüşəm, uğurlar da. Haqqımızda çəkilən film 47 ölkəyə qızıl pulla satılıb. Kremlin Qurultaylar Sarayında bizi 2 dəqiqə ayaqüstə fasiləsiz alqışlayıblar. Özü də konserti bizimlə yekunlaşdırırdılar. O vaxtkı hörmətə bax, indiki hörmətə. Muğamın qadağan olunmuş vaxtında mahnı oxutdururdum, arasında muğam verirdim. Məşqi muğamsız edirdim, ancaq konsertə saldırırdım. Soruşanda niyə belə eləmisən, deyirdim, onsuz mümkün deyil, mahnı yarımçıq qalır. Min bir bəhanə tapırdım. Mənim o vaxt “Bayatı-Şiraz” muğamı üzərində etdiyim, Tacirin kiçik yaşlarında oxuduğu məşhur improvizə ilə Beynəlxalq Muğam Festivalı açılır. Amma nə olsun. Elə bil bura başqa planetdən gəlmişəm.

- “Qarabağ bülbülləri”nin yarandığı vaxtdan 40 il keçir. Bu il sizin də 65 illik yubileyinizdir. Yubiley ərəfəsində sizə fəxri ad verilsə, sevinərsiniz?

- Yox. Daldan atılan daş topuğa dəyər. Gecikmiş ada niyə sevinim? Addan vacib mənə ev şəraiti yaratsınlar, prezident təqaüdü versinlər ki, Azərbaycan musiqisini dünya səviyyəsində təbliğ etmişəm. Həm də elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Ömrümün 50 ilini sənətə qurban vermişəm. Uşaq yaşlarımdan teatrda aktyorluq etmişəm. Bu vaxta qədər üç iş yeri dəyişmişəm – mədəniyyət evində fəhlə, bədii rəhbər və müdir. 21 yaşımdan müdir işləyirəm. 15 respublikanın əməkdar müəllimiyəm. Bundan böyük ad var? Əməkdar, xalq artisti adları mənə aid deyil, onu tələbələrim alır. Əməkdar incəsənət xadimi ala bilərəm. Amma elə əməkdar incəsənət xadimləri görürəm ki, musiqi sahəsində bir iş görməyib, heç kim onları tanımır. Mən də qoşulub onların tayı olum? Lazım deyil. Hərənin öz adı özünə bəsdi. Öz adım və xalqın hörməti mənim fəxri adımdır. Və ən böyük adı mənə Xəlil Rza Ulutürk verib – “Murad Rzayevin yaratdığı “Qarabağ bülbülləri” ansamblı Azərbaycan xalqının mənəvi sərvətidir”. Bundan böyük qiymət?!

Xəyalə Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR