Hərəmizə bir insan düşür
Bizi izləyin

Qırmızı.az

Hərəmizə bir insan düşür

Amma yazmaq alnımıza yazıldı deyə razılaşmışıqsa, o zaman hər kəlməmiz gördüklərimizin təsviri olmalıdır, görmək istədiklərimizin yox.

Nədən yazacaqdım?

Novruz bayramı üçün edilən ailə bazarlıqlarına bu il özümün də qatılmaq həvəsimin nəticəsindən – bu ölkədə kimsə acından ölə bilməz deyə bir qənaətimdən...
Amerika açmayacam, desəm ki, ölkəmizin bir adı da Odlar yurdudur və ədəbi-bədii yazılarımızda məhz bu niklə tanıyırıq məmləkətimizi.

Bəs bu adın mistik qüvvəsini nə zaman hiss edirik biz?
Əlbəttə ki, Novruz bayramı ərəfəsində!
Məmləkətə Bahar gəlir, başında çiçəklərdən çələng, gözlərində Günəşdən işıq, bir əlində yamyaşıl Səməni, o biri əlində... Məşəl...

Bəli, Novruz bayramı qarışıqlığında Bahar qızın ətəkləri ilişə-ilişə keçdiyi yerlərə o məşəldən başlayır yavaş-yavaş Od düşməyə - məsələn, bazarlarımıza.
Müqəddəs Odun zərrələri düşən kimi bütün ərzaqların qiyməti birdəncə alışıb-yanmağa başlayır, inanmayanlar əllərinin içinə baxsınlar, bayram ərəfəsi bazarlarda toxunduqlarının neçəsindən yanıqlı qaldıqlarının izlərini mütləq görəcəklər.

Hələ adamların bir-birinin üzünə püskürdükləri odu-alovu görsəydiniz! Odlar yurdu ola, Qara Əjdaha ili ola, Novruz bazarlığı ola!

Qərəz, balığın ikisini 50 manatdan, çərşənbə səhəri bulaq başında su doldurub sındıracağımız bəzəkli bardaqların birini 3 manatdan, sarımsağın bircəsini 20 qəpikdən ala bildiyinə sevinən tək mən deyildim, deyəsən, bütün məmləkət sevincimə şərik idi və ürəyim fəxrlə çırpınırdı – bax, buna deyərlər ümummillilik!

***
Zarafat bir yana, bayram xonçalarının artıq yığışdırıldığı və ölkədə yeni iş həftəsinin başladığı bu gündə bir daha könül rahatlığımı bölüşmək üçün yazıram bunları.

Bəli, bayram ərəfələrində bahalaşma həmişə olur bizim bazarlarda; amma gözümüzə dolan bolluğa, bu bolluğun bahalığına baxmayaraq, bayram süfrəsi üçün adətlərə görə vacib olanları ala bilib evinə aparan insanlara necə sevinməmək olar?
Evə qayıtdığım zaman üstüm-başımla əlbəyaxa döyüşdən çıxmışları xatırladırdım, amma içimdə bir rahatlıq vardı – mənim yaşadığım yerin bütün evlərində ( hüzrlülərdən başqa) əsl bayram keçirilirdi və kimsənin süfrəsi boş, xonçası kasıb olmayacaqdı. Amma...

Çox, çox, lap çox kasıb yaşayan uzaq əqrabalardan birinin kişisini həyətimizdə görəndə dondu sevincim, ilin-günün bu vədəsində bu adam bizə gəlmişdisə, demək, bayram üçün maddi imkanı yox idi.

Vəziyyətlərini soruşanda: "Bacım bizə bir tabaq bayram çörəyi və balıq gətirdi, qardaşım da pul yollamalıdı sabaha Rusiyadan, indi özüm sizin kənddəki bankomatdan aylıq yardım pulumu almağa gəlmişəm, versələr, əla olardı" dedi.

Arvadı savadsız təhsilsiz, işsizdir, balaca körpələri var və özü də eynən arvadının kişi versiyası olduğu üçün, günü yaxınlıqdakı meşədən quru budaqlar yığıb təndir çörəyi bişirənlərə satmaqla keçir, bir də dövlətin ayırdığı sosial yardımla.

Ona bayram payı hazırladıq anamla, üstünə düyü, toyuq və yağ ala biləcəyi pul da qoyduq, həmən evinə tələsdi, yarım saat sonra isə bir də qayıtdı qapımıza. "Əliniz yüngül imiş, yardım pulumu da ala bildim!" deyib güldü.

Hərəyə bir insan sevindirək, hərəmiz bir insana yardım edək, hərəmizə bir insan düşür bayram rahatlığı yaşatmaq üçün, demək istəyirəm, hərənin ağzından bir avazın gəldiyi bir zamanda...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm