Ağoğlanların yurdunu ağ adamlar qaytaracaq
Bizi izləyin

Qırmızı.az

Ağoğlanların yurdunu ağ adamlar qaytaracaq

Laçın işğal edildi, adına "Berdzor" dedilər.

Əslən Laçındam, Gəloxçu olduğumdan bu yerlərə virtual ziyarət etmək üçün erməni resurslarına tez-tez baş çəkirəm.

Bütün kəndlərin, qəsəbələrin adını dəyişdikləri halda, bizim Qarıqışlaq köyünə təzə ad qoymağa ürək etməyiblər. Qarıqışlaq Laçının ən qədim yaşayış məskənlərindən biridir. Kəndin üstündə "Gavur qalası" deyilən bir istehkam vardı.

Hər zaman o kafirin kim olmasını maraq etmişəm. O kafirin kimliyi haqda nə ermənilərin bir tutarlı araşdırması var, nə bizimkilərin.

Bilirsiniz, mənim dədə-babam harada yaşayırmış?

Bir qara damda! Əgər məhz mənim yarıköçəri, yayda Qaragöldə, qışda Bərdədə yurd salan dədə-babam alaçıqda və qara damda yaşayırdısa, onda "Gavur qala"sını nə cür tikib, Dəmirovlu piri necə inşa edib?

Bəlkə, ermənilərdir elə bu qəsrlərin, məbədlərin, binaların memarları?- obyektiv yanaşma üçün bu sualın meydana çıxması da təbiidir, düşmən olanda nə olar... Amma, yox! Zəngəzur erməniləri də elə qara damda yaşayıblar sovetlər dönəminə qədər...

Belədə, xristianlıqdan qabakı çağlarda tikilən "Ağoğlan" məbədinin ilk daşını kim qoyub?

"Ağoğlan" adına Qarabağın başqa ərazilərində də rast gəlinir.

Mən nə rəsmi Azərbaycan, nə də rəsmi Ermənistan tarixinə 100 faiz inanmadığım üçün Laçını məhz ağoğlanların tarixi yurdu sayıram və onların kimliyinin daha bir dəfə araşdırılmasına lüzum görürəm.

Ağoğlanları kim yaxşı araşdırsa, Laçın tarixən onun yurdudur!

Hərçənd ermənilərin tarixi Zəngəzurun digər səmtləri kimi, Laçında da qeyri-hay etnosunun tarixi varlığını qəbul etmək istəmir.

Gələk, bu günə.

Azərbaycan üçün Qarabağın itirilməsi Şuşadan başladısa, ermənilər üçün Dağlıq Qarabağın "müstəqilləşməsi" Laçın tutulandan sonra önəm qazandı.

Xocalını qana bulamaqla hava dəhlizi əldə etmiş ermənilər Xankəndinin Azərbaycandan qopması üçün lazım olan quru yolunu Laçını almaqla qazandılar. Bununla Bakının həm də "blokada" siyasətini puç etdilər. Şuşa və Laçını itirməklə Azərbaycan hərbi və siyasi sahədə sözü Ermənistana verməli oldu və məhz bunun sayəsində 20 ildir ki, sülh danışıqları uğurla başa çatmır.

Çox təəssüf ki, biz azərbaycanlılar heç zaman problemin "böyük foto"suna baxa bilmirik.

* Qarabağ münaqişəsinin başlanması- SSRİ-nin dağılma və Rusiyanın yenidən dirçəliş planlarının tərkib hissəsi idi. Erməni diasporu vasitəsi ilə ABŞ, Fransa və digər qərb dövlətləri bu prosesə Sovetlər İttifaqının çökməsi, rus strateqləri isə Kremlin bölgədəki nüfuzunu qorumaq üçün dəstək verirdilər.

* Diaspora və kilsəsinin sayəsində erməni xalqı daha mütəşəkkil idi. Ermənistan kommunistləri də xalqa Azərbaycandakılardan daha yaxın idilər. Hətta 1991-ci ildə Ermənistan SSRİ-dən bizdən daha tez- 21 avqustda ayrılmışdı.

* Rusiya Azərbaycanın müstəqiliyindən öncə- 20 yanvar 1990-cı ildə Bakıya qoşun yeritməklə bərpa edə bilmədiyi zəhmini bağımsızlıqdan sonra Xocalıda göstərməli oldu. Xocalı qətliamı Rusiyanın Qafqaz siyasətində tarixi dönüş nöqtəsi idi, çünki Kreml yerli hakimiyyətləri əldə saxlaya bilməyəcəyini başa düşdüyündən təsir imkanlarını "düyün"lər vasitəsi ilə siyasətdən hərbə keçirirdi.

* Xocalıdan sonra ermənilərin iki seçimi vardı- ya alınacaq qisasın qurbanı olmaq, ya da Şuşanı götürməklə Dağlıq Qarabağı "müstəqilləşdirmək".

* Azərbaycan Xocalı faciəsindən sonra Xankəndinə hücum etmədi ona görə ki, ölkədə hakimiyyət boşluğu yarandı, Kreml bütün rıçaqlarını qullanaraq bu boşluğu dərhal doldurmağa imkan vermədi, seçkilər vasitəsi ilə Elçibəyin iqtidara gəlişi isə uzun çəkdi.

* Şuşanın alınmasında 72 erməni komandiri eyni komanda, eyni plan üzrə hərəkət etmişdisə, Azərbaycanın qüvvələri vahid komandaya və məqsədə malik deyildi. Rusiya istər mərkəzi hakimiyyətin bəzi iddiaçılarına "göy muncuq" dağıtmaqla, istərsə də Azərbaycan Müdafiə Nazirliyindəki kadrları və səhra komandirləri vasitəsi ilə Şuşanı müdafiəsiz qoymuşdu.

* Şuşa əldən veriləndən sonra Laçının getməsi qaçılmaz idi.

Və bütün bunların ən ümumi kökü bir məsələyə dayanır- dövlət və millət olaraq siyasi ənənələrimizin olmamasına.

Başqa sözlə, qara damdan çıxmış adamlar Laçını qoruya bilməzdilər və nə qədər qara adam olaraq qalacağıq, o rayona "Berdzor" deyiləcək... Çünki erməni əlifbası, erməni kilsəsi və erməni diasporu sayəsində onlar ƏNƏNƏ nədir, bilirlər.

Başqa sözlə, ağoğlanların yurdunu ağ adamlar qaytaracaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm