Azadlığa çıxan qadın: “Gecə səhərə qədər yata bilməmişəm”
Bizi izləyin

Qırmızı.az

Azadlığa çıxan qadın: “Gecə səhərə qədər yata bilməmişəm”

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisində Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamına uyğun olaraq 2 nəfər qadın azadlığa buraxılıb.

Publika.az-ın məlumatına görə, əfvin İcrası Penitensiar Xidmətinin rəis müavini Nizaməddin Cəlilovun iştirakı ilə həyata keçirilib. Cəzaçəkmə müəssisəsində azadlığa buraxılan 2 nəfər qadın Günel Həsənova və Nüşabə Əhmədovadır.

N.Cəlilov əfv sərəncamının Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə 79 nəfəri əhatə etdiyini deyib: “Onların 66 nəfəri cəzaçəkmə müəssisəsi, 3 nəfəri istintaq təcridxanası, 10 nəfəri isə məntəqə tipli müəssisələrdə olan məhkumlardır”.

N.Cəlilov bütün qadın məhkumlara azadlıq arzu edib və qarşıdan gələn 31 Dekabr Milli Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib: “Prezidentin bu əfv sərəncamı bir daha onun bütün azərbaycanlıların prezidenti olduğunu sübut etdi. Ümid edirəm ki, əfv olunanlar azadlığın dəyərini biləcək, bir daha bu müəssisələrə düşməyəcək. Mentaliletimizdə qadınların xüsusi yeri var, inanıram ki, bu gün azad olan qadınlarımız da cəmiyyətdə layiq olduqları yeri tutacaqlar. Buradakı hər bir məhkuma azadlıq arzu edirəm. Azadlığa çıxmaq özünüzdən asılıdır. Burada olduğunuz müddətdə daxili nizam, intizam qayda və qanunlarına əməl etmək lazımdır. Azad olmaq istəyənlər islah prosesinə əməl etməlidirlər”.

Daha sonra N.Cəlilov azad olunanlara əfv bülletenlərini təqdim etdi. Məhkumlarla söhbət edən N.Cəlilov onların problem və istəkləri ilə maraqlandı.

Əfv sərəncamının icrasında müəssisənin rəisi Rafis Abdullayev də iştirak edirdi.

Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə həbs edilən Günel Həsənova cəzasının 1 ilini çəkib, 6 ayından isə əfv edilib.

O, təəssüratlarını Publika.az-la bölüşüb: “Dalaşdığım şəxs barədə yalan ifadə verdiyimə görə məhkum olmuşdum. Düzdür, sonra peşman oldum, ifadəmi geri götürdüm, ona görə də cəzamı yüngülləşdirdilər. İki qızım var, ən çox onlar üçün darıxmışam. İki yaşlı qızıma anam baxır, 3 ay 18 günlük balaca qızım 1 saylı uşaq evindədir. Bu müəssisəyə düşəndə hamilə idim, qızım burada dünyaya gəlib. Onu sonuncu dəfə 5 gün əvvəl görmüşəm. Qızlarım üçün burnumun ucu göynəyir”.

G.Həsənova xəbər ilk dəfə eşidəndə az qala qulaqlarına inanmayıb: “Rəis məni otağına çağırıb xəbəri deyəndə sevincimdən nə edəcəyimi bilmədim. Qızların yanına gələndə necə qışqırdımsa, hamı şoka düşdü. Əfv olunacağıma inanmırdım. Bu xəbəri eşidəndə yaşadığım hissləri sözlə deyə bilmirəm. İndi də içimdə elə bir həyəcan var ki, qışqıraraq hər kəsə azadlıqda olduğumu demək istəyirəm. Bu gecə səhərə qədər yata bilməmişəm, qızlarımı görməyimin xəyalını qurmuşam.

İstərdim ki, bu gün mənə nəsib olan azadlığı bütün məhkum qadınlarımız yaşasın. Müəssisədə bizimlə yaxşı davransalar da, bir il sevdiklərimizdən uzaqda çox çətin keçdi. Burada hər şeyimiz var idi, bircə azadlığımızdan başqa. Çox sağ olsun prezidentimiz ki, həmin azadlığı bizə bəxş etdi. Əvvəl ofisiant işləmişəm, buradan çıxandan sonra da elə o işlə məşğul olacağam. Bundan sonra həyatımı qızlarıma həsr edəcəyəm. Bizim ailəmiz 3 nəfər - Səhər, Aysu və Güneldən ibarət olacaq”.

Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məhkum olunmuş Əhmədova Nüşabə 2 il yarımlıq həbs həyatının iki ilini çəkib, yerdə qalanından azad olub. Müəssidə onunla yaxşı davranıldığını bildirsə də, azadlığa çıxmanın böyük bir sevinc bəxş etdiyini dedi. N.Əhmədova onu əfv etdiyi üçün Prezidentə təşəkkür etdi. Əvvəl müəllimə kimi işləyən Nüşabə xanım bundan sonra da şagirdlərin arasında olmaq istədiyini bildirdi.

Nüşabə xanımı qarşılayan həyat yoldaşı da bu qərara görə ölkə başçısına minnətdar olduğunu bildirib.

Gülxar

P.S. Günel Həsənovanı isə qarşılamağa heç kim gəlməmişdi. O, müəssisədən çıxan kimi qaçaraq oradan uzaqlaşdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm