• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Nə yer, nə göy qucaqlaya bilər məni...”

“Nə yer, nə göy qucaqlaya bilər məni...”

“Nə yer, nə göy qucaqlaya bilər məni. Ancaq və ancaq inanan qullarımın ürəyinə sığa bilərəm...”

Elə adamlar var, gündə beş rükət namaz qılar, alnı səcdəyə dəyər...

Adamlar var:

Cümə namazını mütləq məsciddə qılar...

Hər Ramazanda oruc tutar...

Hər bayram qurban kəsər...

Ümrəyə, Həccə gedər...

(Deyərlər, daha nə qaldı ki? – Adam bəsbəlli müsəlmandı... Amma işin “amma”sı var...)

Amma...

Amma ürəyində sevgiyə və mərhəmətə yer olmaz...

Sizcə, Eşqsiz İnam olarmı?

Eşqsiz ibadətin anlamı varmı?

Bu, din yaranandan ortada olan, hər zaman cavabını gözləyən, ərtafında çoxlu dartışmaların aparıldığı ən ilginc və mürəkkəb sual olaraq qalır...

...Öncəki söhbətə qayıtmaq istərdim. ...

Beləliklə, adamlar var, dini ritualları zahirən yerinə yetirir, amma onun-bunun dedi-qodusunu etməkdən də çəkinmir... Yaxud ona-buna quyu qazanları azmı görmüşük məgər?!

Onun-bunun qadınına, qız-gəlininə göz dikənlər yoxdumu heç?..

Bəs, haram tikə yeyənlər necə? – Heçmi rast gəlmirik onlara gündəlik həyatımızda?!.

Şər-böhtan danışanlar... bir də “dindar” çıxsa, necə olar – təsəvvür edirsizmi?..

Görəsən, doğurdanmı bu işlərlə məşğul olanlar elə zənn edirlər ki, oruc tutmaqla, qoyun kəsməklə, məscidə getməklə hər şeyi həll edirlər, günahlardan tamamilə təmizlənirlər, onların günahlarından bunlara görə tamamilə keçilir?! Gerçəkdən belə düşünürlərsə, böyük günaha girirlər... Çünki bunun adı birmənalı şəkildə Allahla bazarlıq etmək fikri və niyyətidir ki, bu da ağır günahdır, ağır...

Bu cur adamlar sadəcə özlərini aldadırlar, çünki Allahı aldatmaq mümkünsüzdür....

Allah təkcə məsciddə deyil...

Allah təkcə Məkkə, Mədinədə deyil...

Allah hər yerdədir...

Allah getdiyimiz hər yerdə, baxdığımız hər şeydədir...

Allah Aşiqlərin könüllərindədir...

Necə də gözəl deyilib: “Nə yer, nə göy qucaqlaya bilər məni. Ancaq və ancaq inanan qullarımın ürəyinə sığa bilərəm...”

Bəli, Allah Aşiqlərin könüllərindədir...

O üzdən də dəstamaz almağa başlayanlar ilk öncə qəlblərini təmizləməyi bacarmalıdırlar...

Öncə dilini təmizləməyi bacarmalıdır...

Öncə beynini, əlini təmizləməyi bacarmalıdır...

Allahın hər şeyi eşitdiyinə inanan başqaları haqqında şər-böhtan, dedi-qodu danışmaz, bilmərrə danışmaz, danışmaz...

Allahın hər şeyi bildiyinə inanan kiməsə zülm etməz, əziyyət verməz!..

Allahın hər şeyi gördüyünə inanan haram yeməz, kiminsə haqqını yeməz, illah da...

Qəlb sındırmaz, könül qırmaz Allahını tanıyan adam...

Allahın sevimli qullarından olan Yunus Əmrənin sözüdü, deyir:

Bir kez gönül yıktın ise

Bu kıldığın namaz değil.

Yetmiş iki millet dahi

Elin yüzün yumaz değil...

Bir gün sevgili peyğəmbərimiz Həzrəti Məhəmməddən soruşurlar: - İslam nədir?

- Gözəl əxlaq - deyə cavab verir, Tanrının sonuncu elçisi.

Təkrar soruşurlar:

- İslam nədir?

Peyğəmbərimiz yenə bir kəlimə ilə cavab verir:

- Gözəl əxlaq!

Allaha gedən yol da, Kəbəyə gedən yol da, məscidə gedən yol da... gözəl əxlaqdan keçir...

Kənan Rifai həzrətləri həyatlarını davamlı ibadətlə keçirənlərə qarşı çox dərin sayğı göstərməklə yanaşı, deyərmiş: ”Davamlı ibadət etmək gözəl şeydir. Fəqət bu ibadət də vücuda bağlı olaraq edilir. Gerçək ibadət qəlblə ediləndir. Yəni, hər zaman Allaha açıq bir qəlb daşımaq...” Və belə bitirmişdi söhbətlərinin birində fikrini: ”Bir anlıq yoxluğunuzu yansıtmaq, mənliyinizlə bütün il boyu ibadət etməkdən daha xeyirlidir... – Bu bir cümləlik fikir özündə dərinlik, genişlik bəsləyir, həm də insan olmanın anlamını daşıyır..

Bəli, “Nə yer, nə göy qucaqlaya bilər Onu. Ancaq və ancaq inanan qullarinin ürəyinə sığa bilər O”... Yol ona yönələndə YOL olur... yönəlməyəndə ...yolsuzluq...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR