Qızım evdən qaçıb, oğlum porno saytlara baxır - nə edim? – Uşaq Qaynar Xəttindən REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Qızım evdən qaçıb, oğlum porno saytlara baxır - nə edim? – Uşaq Qaynar Xəttindən REPORTAJ

“Həmyaşıdlarınla problemlərin var?” “Sənə qarşı kobud rəftar edirlər?” “Narahatsan, qorxursan?”

Bu yazılarla, bəlkə də, hamınız qarşılaşmısınız. Üzərində bu suallar yazılmış kədərli uşaq şəkillərində həm də nömrələr qeyd olunub. Bəs yazılan problemləri yaşayanlar həmin nömrələrə zəng edir? Azərbaycanda uşaqlar hansı problemləri yaşayır? Yaşadıqları problemi, çətinlikləri tanımadıqları insanlara etibar edirlərmi?

Mərkəzdə gizlilik şərti

Bizi maraqlandıran suallara cavabı yalnız mərkəzə baş çəkərək öyrənə bilərdik. Amma bəzi şərtlər daxilində. “Ümidli Gələcək” gənclər təşkilatının icraçı direktoru Kəmalə Aşumovanın bizimlə şərti Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin ünvanının, orada işləyənlərin adlarının gizli saxlanması və onların şəkillərinin çəkilməsinə icazə verilməməsi oldu.

İlk dəfə idi qarşılaşdığımız şərtlər bizə təəccüblü gəlsə də, razılaşdıq. Mərkəzi tapmağımız da asan olmadı. Amma ünvanı deyə bilməyəcəyimizə görə detallara varmırıq.

Nəhayət, bizə deyilən ünvandayıq. Amma heç bir otağın qapısında “Qaynar xətt” yazısını tapa bilmədik. Təsadüfən qarşılaşdığımız xanımdan dəqiq ünvanda olduğumuzu öyrənirik. Qapıda heç bir bildiriş lövhəsinin yazılmamasının səbəbi ünvanın gizli saxlanmasıdır.

Biz mərkəzə çatanda K.Aşumova övladının problem ilə bağlı müraciət etmiş ailə ilə görüşdə idi. Bundan istifadə edib mərkəzdə müşahidə apara bildik.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti “Ümidli Gələcək Gənclər Təşkilatı”, Zorakılıq və Cinayətin Qurbanı olan Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi və Uşaq Hüquqları Klinikası ilə bir ofisdə fəaliyyət göstərir.

Gün bitir, iş bitmir

2010-cu ildən bu günə kimi Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə 11 mindən çox zəng daxil olub. Yalnız bu il ərzində mərkəzə 3200-dən artıq müraciət olub. Bu zənglərin əksəriyyəti yeniyetməlik yaş qrupunu əhatə edən uşaqlar tərəfindən edilib. Zənglərin intensivliyi fəsillərə uyğun dəyişir. Mart-aprel aylarında, əsasən, sevgi problemli zənglər olsa da, yayda müraciətlərin əksəriyyəti imtahanlarla bağlı olur.

K.Aşumova, nəhayət, işini bitirib bizi xidmətin fəaliyyəti ilə tanış edir. Bu vaxta qədər olduğumuz bütün “Qaynar xətt”lərdən fərqli olaraq, burada iş saatı bitmir. Uşaqlar şəhərdaxili nömrəyə 9:00-dan 18:00-dək, mobil nömrəyə isə gün ərzində 24 saat zəng edə bilirlər. Rayonlardan daxil olan zənglərin ödənişi isə xidmət hesabına həyata keçirilir.

Axşam saatlarında daxil olan zənglər də hüquqşünas, psixoloq tərəfindən cavablandırılır. Əməkdaşlar istənilən saat daxil olan zənglərə cavab verirlər.

Kəmalə xanım əvvəldə bizimlə kəsdiyi şərtin səbəbini belə izah edir:

“Ünvan və əməkdaşların adlarının gizli saxlanmasının səbəbi uşaqlarının bura inamının itirilməməsidir. Onlar danışdıqları insanların şəkillərini görsələr, bəlkə də, bir daha zəng etmək istəməzlər. Həm də bütün dünyada bu xidməti göstərənlər barədə məlumatlar gizli saxlanılır”.

“Qızım evdən qaçıb, nə edim?”

Kəmalə xanım azərbaycanlı uşaqların problemlərinin psixoloji və etinasızlıqla bağlı olduğunu deyir. 14-17 yaşında olan uşaqların şikayətlərində ailədaxili problemlər, intiharlar, uşaq fobiyaları, tənhalıq problemi üstünlük təşkil edir.

Öyrənirik ki, mərkəzə uşaqlarla yanaşı, məktəb psixoloqları, müəllimləri, müxtəlif dövlət idarələrinin əməkdaşları, valideynlər də zəng vurur. Onlar özlərinin, yaxud tanış uşaqların problemlərini deyirlər.

“Bəzən bizə aid olmayan suallarla da - uşaq xəstəxanasının ünvanını öyrənmək, icra hakimiyyətinə məktub yazmaq, digər nazirliklərin “Qaynar xətt”nin nömrəsini öyrənmək üçün müraciət edirlər. Həmin zənglər də cavablandırılır”.

Amma gün ərzində qəbul edilən zənglərin əksəriyyəti ciddi problemlərlə bağlı olur. Daxil olan zənglərin bir çoxu qızların tədrisdən uzaqlaşdırılması, erkən nikaha məcbur edilməsi ilə əlaqədardır.

“Qızım evdən qaçıb, nə edim?”, yaxud “qonşumda ata uşaqları döyür, işgəncə verir, artıq dözə bilmirik” kimi zənglər də olur. Bu zaman elə yanaşma olmalıdır ki, qız və ya məlumat verən şəxs təzyiqlərə məruz qalmasın. Qızların razılığı olmadan ərə verilməsi, qızların təhsildən yayınması (xüsusən vəhhabi kimi radikal dini təriqətli ailələrdə) ilə bağlı zənglər edilir. Məktəblərdə uşaqlar arasında konfliktlərlə bağlı da zənglər qəbul etmişik. Bu məsələni məktəb psixoloqları həll etməlidir. Lakin hazırda məktəblərdə psixoloqların səviyyəsi yetərli deyil. Birbaşa müdaxilə lazım olan məqamda həmin şəxslər xidmət mərkəzlərinə yönləndirilir. Bundan sonrakı iş psixoloq, hüquqşünas və sosial işçinin məsuliyyətində olur” deyə müsahibim bildirir.

6 yaşlı uşaq atalığı tərəfindən zorlandı

Uşaqların yaşadıqları psixoloji problemlərin kökündə duran məsələnin iqtisadi çətinliklərlə bağlı olduğunu deyən müsahibim, valideynlərin münasibətindən də razı deyil.

“Valideynlər qayğı ilə borclarını ayıra bilmirlər. Uşağa “dərs oxu” demək yetərli deyil. Ona demək tərzini bilmək lazımdır. Bundan başqa, boşanmaların sayı çoxalır. Natamam ailədə böyüyən uşaqların həyatında müəyyən problemlər mütləq müşahidə edilir. Xüsusən ata qayğısı, nəsihəti ilə böyüməyən oğlan uşaqları problemlər yaşayır. Bizə dəfələrlə “binanın başına çıxmışam, indi özümü atacam”, “oğlum intihar etmək istəyir, kömək edin” kimi zənglər olur. Bu zaman dövlət qurumlarına məlumat verməklə yanaşı, özümüz də ona psixoloji yardım göstərmişik. Təəssüf ki, bizə gec məlumat verilən məqamlar da olur. Bəzən hadisə baş verəndən sonra bizə məlumat verirlər. Bu yaxınlarda rayonlardan birindən 6 yaşlı uşağın atalığı tərəfindən zorlanması barədə İcra Hakimiyyətindən bizə məlumat vermişdilər. Uşağa yardım edilsə də, onun həyatında ömür boyu iz qalacaq”.

Onun sözlərinə görə, bunların olmaması üçün icra hakimiyyətləri, sahə müvəkkilləri, polis, pediatr, məktəblər diqqətli olmalıdır.

“Bütün qurumlar öz işlərini həyata keçirsə, problemlər azalacaq. Problemlərin həllinə çalışan, lakin tam başa çatdırmayanlarla yanaşı, heç bir iş görməyən, əksinə problemi daha da dərinləşdirənlər də var. Bəzən biz məcbur qalıb bəzi qurumlara lazımı işləri görmələri üçün məktub yazırıq”.

Bakı ilə yanaşı, bölgələrdəki uşaqlara yardım göstərilməsi üçün regional mərkəzlər də yaradılır. Bu ilin dekabr ayında Gəncədə belə bir mərkəz yaradıldı, artıq müraciətlər də qəbul edilib. Bundan sonra Lənkəranda belə mərkəzin yaradılması nəzərdə tutulur. Çünki problemlər daha çox iri şəhərlərdə müşahidə edilir. Müsahibim bu rayonların seçilməsinin əsas səbəbini Daxili İşlər Nazirliyinin hesabatına əsasən, Bakı, Sumqayıtdan sonra uşaq cinayətlərinin, baxımsızlığın həmin bölgələrdə daha çox olması ilə izah edir.

Bağlı qapının arxasındakı sirr

Söhbəti çox da uzatmadan “Qaynar xətt” xidmətinin işi ilə yerindəcə tanış oluruq. “Sevdiyim oğlanla problemin var, mənə kömək edin”, “atam oxumağımı istəmir, nə edim?”, “universitetdə tələbələrin qarşısında danışa bilmirəm”, “özümü tənha hiss edirəm, heç kim məni anlamır” kimi həyəcan dolu zənglərin qəbul edildiyi otağın qapısı da bağlı saxlanılır. Gün ərzində onlarla uşağın dərdini dinləyən insanlar bu qapı arxasında oturur. Hər biri ayrıca kabinədədir. Hər kabinənin üzərində ad yazılması diqqətimizi çəkir. Bu adlardan yalnız zənglərə cavab verərkən istifadə edildiyini deyirlər. Müraciət edənlər onları bu adla tanıyır. Onlar hətta bəzi uşaqlarla dost da olublar. Zəng edən uşaqlar problemləri ilə yanaşı, bəzən uğurlarını da deyirlər.

Müraciətin telefonla olması uşaqların problemlərini danışmasını asanlaşdırır. Çünki onlar danışdıqları şəxsin üzünü görmədiklərinə görə, problemlərini deməkdən çəkinmirlər. Danışdıqları şəxsin onların problemini heç kimə söyləməyəcəyi vədi, adlarının gizli saxlanması uşaqları rahatlaşdırır.

“Oğlum porno saytlara baxır, nə edim?”

Psixoloji xidmət göstərən xanım zənglərin əsasən yeniyetməlik böhranı, imtahanqabağı stresslərlə bağlı olduğunu deyir. Zəng edənlər istəsələr, ad, soyadlarını deyir, anonim də danışmaq hüquqları var.

“Hər bir problemə yanaşma üsulunu seçmək lazımdır ki, uşaq rahatlıqla problemini danışa bilsin. Suallarla uşaqların problemini ətraflı öyrənirik. Məsələn, bu gün bir xanım oğlunun günün əsas hissəsini internetdə keçirməsi barədə zəng vurmuşdu. Uşağın əsasən, şiddətli oyunlar oynadığını və porno saytlara daxil olduğunu öyrəndik. Uşağın 13 yaşının olması problemin kökü və səbəbləri barədə araşdırmalarımızı asanlaşdırdı. Kiçik sual-cavabla ailənin problemli olduğunu, uşağın atası ilə ünsiyyətinin yaxşı olmadığını, valideynlərin səhvi nəticəsində uşağın bu cür davrandığını müəyyən etdik. Məlum oldu ki, uşağı internetdən məhrum edəndə o, kitablarını cırır, yandırır, məktəbə getmir, valideynlərini təhdid edir. Bu məqamda uşaqla danışdıq, bir az söhbətdən sonra mütəmadi bizə zəng edib, problemlərini danışacağına razı saldıq”.

Bu zaman gələn növbəti zəng söhbətimizin yarıda kəsilməsinə səbəb olur. Zəng edən 17 yaşlı xanım özündən 13 yaş böyük biri ilə olan münasibətindən danışır. Qız 5 aydır münasibətdə olduğu həmin şəxsin evli olduğunu sonradan öyrənib. Lakin ondan ayrıla bilmir. Çünki yaşı və hissləri ayrılmalı olduğunu bildiyi halda, münasibətlərini bitirməyə imkan vermir. Qızın valideynləri isə bu barədə tam məlumatsızdır.

Psixoloq onunla söhbət edərək, problemin kökünü açmağa çalışır. Qız yenidən zəng edəcəyinə söz verir.

Psixoloq deyir ki, gün ərzində bu cür müraciətlər çox olur. Xüsusən yeniyetmə yaşlarda uşaqların sevgi və həmyaşıdları ilə problemləri daha çox olur. Qızlar sevgi münasibətləri, münasibətlərin alınmaması, yaxud yanlış münasibət qurmaları ilə bağlı zəng edirlər. Psixoloq bunun səbəbini ailədə və ya dostları ilə münasibətdəki problemlərlə əlaqələndirir.

Harada olsaq, telefon yanımızda olur

Sosial istiqamətli problemləri cavablandıran xanım da daxil olan zəngləri aidiyyəti üzrə yönləndirir. Artıq iki ildir “Qaynar Xətt”də işləyən xanım işin xeyli məsuliyyətli olduğunu deyir:

“İşimiz gün ərzində bitmir. Harada olsaq, telefon yanımızda olur, gələn zənglərə cavab veririk. Artıq əhatəmdə olan insanlar da işimə öyrəşiblər. Əvvəl onlara işimin bitməməyi qəribə gəlirdi. Ailəli olsam da, işimin bu tərəfi hələ ki, mənə mane olmur”.

Bu zaman yenidən zəng gəlir. Biz də işimizi bitirdik. Artıq getmək vaxtıdır. Otaqdan çıxırıq, qapı yenidən arxadan bağlanır. Burada hər şey gizlidir. Bu otaqda hər gün onlarla problem dinlənilir və neçə-neçə uşaq problemlərindən çıxış yolu tapır.

Əgər sizin də övladlarınız, tanıdığınız uşaqlar arasında problemi olan varsa, (012) 480 22 80, (088) 480 22 80, (050) 680 22 80 nömrələrinə zəng edin.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm