• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanda yol polisi qayda pozduğu üçün cərimələndi - FOTO/VİDEO

Azərbaycanda yol polisi qayda pozduğu üçün cərimələndi - FOTO/VİDEO

Azərbaycanda görünməmiş hadisə baş verib. Bu dəfə sadə vətəndaş yox, yol hərəkəti qaydalarını pozan yol polisi əməkdaşı cəzalandırılıb.

Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilir ki, həmin yol polisi əməkdaşı ötən il oktyabrın 27-də Nəsimi rayonu ərazisində – metronun «28 May» stansiyasının qarşısında yol hərəkəti qaydasını pozub. Oxucu bu pozuntunu telefona çəkərək DYP rəhbərliyinə göndərib və həmin YPX əməkdaşı barəsində tədbir görülüb: «Yol patrul xidməti avtomobili «28 May» metrostansiyasının qarşısındakı birtərəfli yolda əks istiqamətdə hərəkət etdiyinə görə telefonuma həmin görüntünü çəkdim və Baş Dövlət Yol Polisi İdarəsinə göndərdim. Həmin inspektoru məsuliyyətə cəlb etdilər. 4 bal 100 manat. Çünki həmin yol polisi əməkdaşı sayrışan işıqları qoşmamışdı.

Biraz süründürməçilik olsa da, dəflərlə müraciət etdim və cərimə yazıldı. Bu işə nə dəftərxana müdiri, nə də ki, icraçı baxmaq istəyirdi. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun adına mənim şikayətimə baxılmaması ilə baglı ərizə göndərən kimi dərhal baxıldı və 3 gün ərzində protokol ünvanıma göndərildi. Mən tək polisin yox, adi vətəndaşların da qayda pozuntusunu avtomobilimdəki videoqeydiyyatçı ilə çəkib yol polisinə göndərirəm. Qanuna hörmət olunmalıdır».

Avtosfer.az həmin polis əməkdaşının Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, «BMW» markalı, 10 YP 340 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan Murtuzov Rüstəm Ramiz oğlu olduğunu dəqiqləşdirib. Bu barədə həmin əməkdaşa ötən il dekabrın 3-də yazılmış protokolda da qeyd olunur. Protokolu yazan şəxs isə Bakı şəhər DYPİ-nin inspektoru, polis kapitanı Ziya Kazımovdur. Protokolda qeyd olunur ki, sürücü Rüstəm Murtuzov barəsində İnzibati Xətalar Məcəlləsinin 153.3-1-ci maddəsi ilə protokol tərtib olunub. Bu maddə ilə sürücüyə 100 manat və 4 bal cərimə tətbiq olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin əməkdaşa protokol yazılmaqla yanaşı, onun intizam məsuliyyətinə cəlb edilməsi də qaçılmazdır: «Çünki o, yol polisi əməkdaşıdır. Hər kəs kimliyindən asılı olmayaraq qanunlara əməl etməlidir. Bu faktın özü bir daha onu göstərir ki, qanun qarşısında hamı bərabərdir».

Xəbər lenti

DAHA ÇOX XƏBƏR