• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda uşaq qatilləri: Onları kim və niyə öldürür?

Azərbaycanda uşaq qatilləri: Onları kim və niyə öldürür?

“7 uşağım var. Yoldaşım zavodda işləyirdi, uşaqları dolandırmaq çətin olduğuna görə hamilə qalanda hər dəfə aborta getməli olurdum. 20 il ərzində 19 dəfə abort elətdirmişəm. O vaxt Yasamal bazarının yaxınlığında Sima xanım adlı tibb bacısı var idi. Evində qəbul edirdi. Ucuz başa gəlsin deyə onun yanına gedirdim”.

Bir az uydurma kimi görünə bilər, amma bunu danışan qadının indi 74 yaşı var. Nəvələri, nəticələri var. Deyir o zaman yaşı az olub və başa salan da olmayıb. İndi - bu yaşında nə qədər böyük günahlar etdiyini anlayıb.

Bəs abort nədir və necə edilir? Hansı hallarda abort etdirmək olar? Abortun zərəri və xeyri, günahı və savabı varmı? Bu suallara aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Əvvəlcə bir neçə xəstəxanada abortu həyata keçirən həkimlər və abort etdirməyə gələn qadınlarla danışdıq. Çoxu bunu etdiyini gizlətsə də, Allah və vicdanları qarşısında günahkar və gücsüzlüklərini etiraf etməyə cəsarət tapanlar da oldu. Elə həkimlərin də əksəriyyəti abort etdiklərini mətbuata söyləməkdə maraqlı deyildilər. Amma görünən rəsmi statistika isə başqa şeyi deyir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən aparılan tədqiqatlara əsasən, 2013-cü ildə Azərbaycanda hamiləliklərin 46 faizi diri doğuşla başa çatıb, 44 faizi isə abortla dayandırılıb.

Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir.

Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu göstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.

Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü (73 faiz) həyatlarında ən azı bir abort əməliyyatı etdirib.

Quba-Xaçmaz və Lənkəran regionlarında bu təcrübə (müvafiq olaraq 44 və 47 faiz) ən aşağı səviyyədədir, lakin Gəncə-Qazax regionunda (62 faiz) ən yüksək səviyyədədir.

Abort – körpə qətliamı...

Abort hamiləliyin xüsusi üsullarla sona çatdırılmasıdır. Hamiləliyin ilk həftələrində abortlar əsasən vakuum vasitəsilə edilir. Bu zaman uşaqlıq borusuna taxılan şpris vasitəsilə hələ qan şəklində olan potensial insan sorularaq çəkilir. 12 həftəsi tamam olmuş nisbətən böyük dölləri isə əvvəlcə iti bıçaqla tikə-tikə doğrayır, sonra isə hissə-hissə xaric edirlər. Körpənin başı böyük olduğundan onu xaric etmək çətinlik törədərsə, başı maqqaşla əzərək çıxarırlar.

Daha sonra isə körpənin qana boyanmış hissələrini diqqətlə bir yerə yığaraq, bütün hissələrin (ayaqlar, qollar və s.) olub-olmamasını yoxlayırlar. Təsəvvür edin ki, bütün bu proses canlı üzərində aparılır və bir çox hallarda onun ürəyi, ciyəri, beyni və s orqanları da formalaşmış olur. Əslində, bu prosesə hansı ad qoyulursa, qoyulsun, nəticə olaraq canlının bu şəkildə vəhşiliklə məhv edilməsini qətliamdan başqa nə adlandırmaq olar?

Əsasən 10 həftəlik hamiləliyə qədər abortlar hamilə qadının istəyi ilə gerçəkləşdirilir. Qadın subay və yetkin yaşındadırsa, öz qərarı kifayətdir. Ancaq evli qadının ərinin də qərarı vacibdir. Həkimlərin sözlərinə görə, 12 həftədən yuxarı isə xüsusi göstərici varsa, ölü doğuş olacaqsa, abort etmək olar.

“Rəqsanə və Röya ilə bağlı xəbərləri izləyincə, abortdan qorunma yollarını öyrənsələr, yaxşı olar...”

Mama-ginekoloq Arzu Məhərrəmovanın Publika.az-a bildirdiyinə görə, ginekoloqlara ən çox müraciətlər də elə abortlarla bağlıdır. Həkimin sözlərinə görə, ötən illərlə müqayisədə abortların sayı azalıb. Bunun əsas səbəbi isə televiziyalarda, mətbuatda olan maarifləndirici verilişlərdir. Artıq bir çox ailələr hamiləliyin qarşısını almaq üçün lazım olan vasitələr, hormonal həblər, qoruma vasitələrindən istifadə edirlər. Dünyaya gətirilən uşaq arzuolunan olmalıdır. Bu baxımdan qadınların daha çox maariflənməyə ehtiyacları var.

Bütün yaşlarda abort üçün müraciət edənlərin olduğunu deyən həkimin sözlərinə görə, abort üçün ən çox müraciət edən təbəqə isə savadsız təbəqədir: “Savadlı ailələr daha çox qorumaya müraciət edirlər və uşağı planlı şəkildə dünyaya gətirməyi düşünürlər. Qadınlarımızın, demək olar ki, hamısı telefonla internetə girir, amma daha çox “Röya ərindən boşandı”, “Rəqsanə nə işlə məşğul oldu” kimi xəbərələri izləyirlər. Bunun əvəzində düzgün qidalanma, düzgün həyat tərzi, abortdan qorunmağın yolları, uşağı tərbiyə eləməyin üsullarını öyrənsələr, daha yaxşı olar”.

Xəstəxanada rastlaşdığım Töhfə Rəsulovanın sözlərinə görə, abort etdirməsinə səbəb ardıcıl qız uşaqlarının olması olub. Ailəsində həyat yoldaşı və qayınanası tərəfindən dəfələrlə təzyiqlərə məruz qalan qadın abort etdirməyə məcbur edilib: “3 qızım var. Oğlan uşağı doğulana kimi məcbur ediblər abort etdirim. Hətta bir dəfə abort zamanı mənə infeksiya salıblar. Xeyli vaxt ondan müalicə olunmuşam. Ondan sonra aborta və müayinəyə gedərkən bəzi alətləri özüm alıb aparıram”.

Kövsər Davudova isə aborta müraciət etməsini ailə vəziyyətinin çətin olması ilə izah edir: “İkinci dəfədir abort etdirəm. Bir dəfə birinci uşaqdan sonra döldə qüsur olduğuna görə həkimlər abort elədilər. Dünən isə uşağı salmaq üçün dərman içdim, amma təsiri olmadı. Ona görə də məcbur olub abort üçün həkimə müraciət etməli oldum”.

Həmsöhbət olduğum qadınlardan onu da öyrəndim ki, əvvəllər ara mamaçalarına müraciət edənlər çox idisə, artıq bunlara inam azalıb. Elə bu mamaçalar özləri də abort etməkdən çəkinirlər. Nisbətən ucuz abortlar poliklinikalarda, xüsusən də narkozsuz aparılan abortlardır. Lakin bununla belə, bu gün də ara mamaçalarına müraciət edən pasiyentlər var.

Həkimlər deyir ki, hər bir qadın bilməlidir ki, bunun üçün mütəxəssisə müraciət etmək lazımdır. Çünki abort kiçik əməliyyatdır. Bunu ev şəraitində, peşəkar olmayan bir adama elətdirmək olmaz. Əks halda, ağır fəsadlar yarana bilər. Belə abortlar artıq kriminal abort sayılır. Mütəxəssislər hesab edirlər ki, qızlar yeniyetmə dövründən nə qədər çox informasiya alsalar, bu problemlərin qarşısını daha rahat almaq olar.

Abort etdirən uşaqların sayı artıb

Adının açıqlanmasını istəməyən digər bir mama-ginekoloqun sözlərinə görə, son zamanlar yeniyetmə arasında abort etmə hallarının sayı artıb:

“Onlar əsasən 3 halda abortla bağlı müraciət edirlər. Birinci halda müraciət edənlər cinsi təcavüzə məruz qalmış xanımlar, ikinci halda təsadüfi cinsi əlaqədən hamilə qalanlar, üçüncü isə erkən yaşda ailə qurmuş və səhhətində problem olanlardır. Əslində, yeniyetmələr xəstəxanaya abort üçün daxil olarsa, polis orqanlarına müraciət olunmalıdır”.

Əslində, hər bir klinika aborta gələnləri abort, onun şərtləri və fəsadları ilə bağlı məlumatlandırmalıdır. Lakin əksər hallarda həkimlər qazanc naminə bu əməliyyatı həyata keçirməyi üstün tuturlar. Hətta hamiləliyin kifayət qədər riskli və inkişaf etmiş dönəmində pasiyentin həyatını təhlükəyə atıb onu abort edənlər də tapılır. Bunlar təkcə pasiyentin deyil, elə öz həyatlarını da riskə atmış olurlar. İnfeksiya meydana gəlir, abortdan sonra bətndə parçalar qala bilər və abortdan sonra da bəzən hamiləlik davam edə bilər.

Həkimin sözlərinə görə, bəzən xəstələr özləri ev şəraitində abort etməyə üstünlük verirlər: “Müəyyən dərmanlar var ki, qadınlar evdə onlardan istifadə edirlər. Bəzən bizə zəng edib dərman adı soruşanda biz çalışırıq bu dərmanların adını deməyək. Çünki biz də bu məsələdə məsuliyyət daşıyırıq. Abortu qətiyyən ev şəraitində etmək düzgün deyil. Bu, təhlükəlidir, qanaxma ola bilər, hətta ölümə qədər çıxara bilər”.

Öz təcrübəsindən danışan həkim ona abort üçün 17 həftəlik hamiləlikdə bir qadının müraciət etdiyini dedi: “Bir dəfə bir qadın 17 həftəlik hamiləliklə aborta gəlmişdi. Təbii ki, mən onu qəbul etmədim. Çünki bu hamiləliyə müdaxilə cinayət sayıla bilər. Çıxdı, getdi, amma sonradan öyrəndim ki, gedib başqa bir həkimə abort elətdirib”.

Həkim söhbətində onu da bildirdi ki, abortla bağlı müraciətlərin sayı azalsa da, ən çox müraciət edənlər 15-17 yaş arasında olanlardır: “Bu çox acınacaqlı haldır ki, azyaşlılar, məktəb uşaqları arasında abort edənlər var. Hər şey bir yana qalsın, ilk hamiləliyin pozulması gələcəkdə hamiləliyin olma riskini də azalda bilir.

Abortdan qadına dəyən ziyan

Abort həm fiziki, həm də mənəvi və psixoloji baxımdan çox zərərlidir. Bu, əlbəttə ki, həm də ailənin büdcəsinə ziyandır. Həkimlər özləri də bu fəsadların olmasını etiraf edirlər. Bu, abort zamanı və abortdan sonra yaranan fəsad ola bilər. Fəsad bir çox hallarda abort edən həkimin bilik səviyyəsi və təcrübəsizliyi ilə də bağlı ola bilər və uşaqlığın deşilməsi, infeksiyaların keçməsi ilə nəticələnə bilər. Belə ki, abort zamanı qadının bәtnindәki döl xüsusi tibbi alәtlәrlә qaşınaraq götürülür. Bu zaman qadının yenidәn ana ola bilmәsi risk altına atılır. Belә ki, qadının bәtninin qaşınaraq götürülmüş hissәsi sanki açıq yaraya bәnzәyir. Bura mikroorqanizmlәr vә bakteriyalar üçün olduqca әlverişli bir mühitdir. Qadının uşaqlıq yolu abortdan sonra müxtәlif ginekoloji vә sonsuzluğa gәtirib çıxaracaq xәstәliklәrә yoluxa bilәr. Qadının bәtnindәki döl qaşınaraq götürüldükdә buradakı yumurta hüceyrәlәr dә zәdәlәnir. Bu isә qadının sonradan ana ola bilmәsini çәtinlәşdirә bilәr. Bundan başqa qadın yenidәn hamilә qalmaq üçün müәyyәn reablitasiya dövrü keçmәlidir. Qadın hәm fiziki, hәm dә psixoloji cәhәtdәn bәrpa olunmalıdır. Bütün bunlarla yanaşı, dölün süni şәkildә mәhv edilmәsi növbәti doğulacaq körpәnin anormal, fiziki vә әqli qüsuru olmayacağına tәminat vermir.

Həkimin sözlərinə görə, əvəllər abortun fəsadları çox olurdusa, indi belə fəsadlara nisbətən az rast gəlinir. Bu həm də texnikanın inkişafı, yeni üsulların meydana çıxmasıyla bağlıdır. Bir çox ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq, Yəmən, eləcə də ABŞ-ın bir çox ştatlarında abort qadağandır. Azərbaycanda isə Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır. Parlamentdə də abortun qadağan olunması ilə bağlı təklif səsləndirilsə də, bunun mübarizə üçün o qədər də effektiv olmayacağı bildirilirdi. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində isə uşağın cinsinə görə (selektiv) abortların qadağan olunması nəzərdə tutulur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, uşağın cinsinin ultrasəslə müayinəsindən sonra selektiv abortlara uşağın, yaxud ananın həyatına təhlükə olduğu və ya uşağın xəstə doğula biləcəyi halda icazə verilməlidir.

“Qalan hallarda isə düşünürəm ki, həm uşağın cinsinə görə müayinə aparılması, həm də selektiv abortun aparılması istər mənəviyyata, istərsə də tibbin qanunlarına, ümumiyyətlə, insan hüquqlarına ziddir”.

“Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” hazırlanır

Bir neçə ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanda selektiv abortların qarşısının alınması üçün doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planının hazırlanaraq təsdiq ediləcəyi barədə məlumat verildi. Bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

Layihəyə görə, belə halların qarşısının alınması üçün ölkədə doğulanların cins nisbətinin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur. Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda isə hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Bu hal ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və selektiv abortlarla izah oluna bilər.

Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramı layihəsində doğulan uşaqların sayının 2025-ci ilə kimi hazırkı səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir.

Dövlət Statistika Komitəsinin məlumatın görə, Azərbaycanda əhalinin 49,7 %-ni kişilər, 50,3 %-ni qadınlar təşkil edir.

Dində aborta münasibət necədir?

Dölün süni şәkildә abort olunması islamda da qadağan olunur. İlahiyyatçı İsmayıl Әhmәdovun Publika.az-a bildirdiyinə görə, ana bәtnindәn uşaq o halda götürülә bilәr ki, o, ananın sağlamlığı üçün tәhülkә yaratsın: “Uşaq ana bәtnindә ölә bilәr vә ya ana üçün hәr hansı bir tәhlükә yarada bilәr. Başqa heç bir halda uşaq götürülә bilmәz, bu haramdır”.

Ailə Planlaması Mərkəzinin mütəxəssisi Leyla Məmmədovanın Publika.az-a bildirdiyinə görə, Azərbaycanda abortlar barədə göstəricilər digər ölkələrlə müqayisədə orta səviyyədədir. Mütəxəssis azyaşlılar arasında aborta müraciət hallarının çoxalması ilə də razılaşmır: “Doğrudur, bəzən statistikaya düşməyən abortlar da olur. Məsələn, qadın hamilə qalır və özü aptekdən dərman alaraq ev şəraitində dərman vasitəsilə abort etdirir. Biz yalnız ondan bunun fəsadları olanda, qanaxma baş verəndə xəbər tuturuq. Ümumiyyətlə, abortların qarşısını almaq üçün Azərbaycanda olan abort siyasətinə baxsaq, bunun bütün demokratik ölkələrdə olan siyasətlə üst-üstə düşdüyünü görərik. Belə ki, bizdə də 12 həftəyə qədər olan hamiləlikləri abort vasitəsilə dayandırmağa icazə verilir. Heç bir qadın bütün hamiləliklərini doğuşla sonlandırmaq məcburiyyətində deyil”.

Lalə Məmmədovanın sözlərinə görə, 15-17 yaşlı yeniyetmələr arasında abortların olmasını bizim qızlarımızın əxlaqında olan problemlərin göstəricisi kimi dəyərləndirmək düzgün deyil: “Bu göstərici yetkinlik yaşına çatmadan ailə quran qızlarımızın hamiləliyinin pozulması göstəricisidir. Belə ki, bildiyiniz kimi, yeniyetmə hamiləliyi yüksək riskli hamiləlikdir. Yeniyetmə hamilələr arasında erkən düşüklər, dölün anadangəlmə inkişaf qüsurları, mamalıq fəsadları daha yüksək tezliklə rast gəlinir və bu da hamiləliyin pozulmasına səbəb olur. Abortların sayının azalmasına ancaq erkən nikahlara son qoyduqdan sonra nail olmaq olar”.

Abortların qarşısını almağa gəlincə, mütəxəssis düzgün həyata keçirilmiş ailə planlaması xidmətini məsləhət görür: “Bu xidmət bütün qadın məsləhətxanalarında var. Mama-ginekoloqlar ailə planlama kabinetlərində qadınlara ailə planlaması, abort barədə bütün göstərişlər, əks-təsirlər barədə məlumat verirlər. Bu xidmət hər bir qadın üçün əlçatandır”.

Abortların qadağan olunmasına gəlincə, mütəxəssis bunun abortların qarşısını almayacağını deyir: “Sovet dövründə bu təcrübədən istifadə olunmuşdu və əks-nəticə vermişdi. Belə olanda kriminal abortların sayı artır və bu da ana ölümlərinə səbəb olur”.

P. S. Təxminən 15 ilin söhbətidir, qonşuluqda gəzəyən bir qadın hamilə qalmışdı. Artıq qadının qarnı o qədər böyümüşdü ki, onu enli paltarla gizlətmək mümkün deyildi. Hətta uşağın altıaylıq olduğunu da deyənlər var idi. Körpənin nə boyda olduğunu dəqiq deyə bilmərəm, amma bu hadisədən məhəllənin əksər kişiləri həyəcan keçirirdilər. Qadın abort etdirməyə xeyli gecikdiyindən abortu yaxına buraxan həkim tapılmırdı. Nəhayət ki, rayonun mama-ginekoloqlarından biri cəsarətli çıxdı və körpəni abort elədi. Doğrudur, qadının bəxti gətirdi və əməliyyatdan sağ çıxa bildi. Elə məhəllədəki kişilərin də bəxti gətirdi. Amma bəxti gətirməyən bir nəfər oldu - doğulmamış və günahsız körpə... İnsanlar ən pis halda şikəst, əlil, müəyyən qüsurlu doğulur. Amma doğulur, yaşayır, nəfəs alır. Bu özü də, sən demə, bir xoşbəxtlikdir – doğulmaq xoşbəxtliyi. Bu dünyaya gəlməmiş bu dünyadan getmək də var imiş... Elə bu balaca kimi. Məsələ körpənin üzərinə gələndə vəziyyət bir qədər qəlizləşir. Anasının küçə qadını olmasında və qonşuluqdakı əksər kişilərlə “fırlanmasında” bu körpənin günahı var idimi? Onun doğulmağa və yaşamağa haqqı yoxdurmu? Bu sual isə açıq qalır...

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR