• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bir ananın faciəsi: “Ərim məni əvvəl narkoman, sonra da fahişə etdi”

Bir ananın faciəsi: “Ərim məni əvvəl narkoman, sonra da fahişə etdi”

"Bir gün narkoman olub xəstəxanada yatacağım, narkotik maddə tapmaq üçün fahişəlik edəcəyim ağlıma gəlməzdi. Amma etdim..."- deyir və susur. Bir neçə dəqiqəlik sakitlik çökür.

6 ildir narkotik istifadəçisidir. Özü istəmədən və hətta xəbəri olmadan bu maddədən istifadə etməyə başlayıb. Dəfələrlə müalicə olunsa da, narkotikdən ayrıla bilmir.

Sənubər (ad şərti) Ağdam rayonundandır. Rayonun işğalından sonra bir müddət qohum-əqrabasının, tanışlarının yanında qalsa da, sonradan yarımçıq bir binada yerləşirlər. Daha sonra atası oranı təmir edir və ailəsi ilə birlikdə orada yaşayır. Uşaqlığı çətin dövrə düşdüyündən oxumaqdan daha çox, çörək pulu qazanmaq barədə düşündüyünü deyir.

“Məktəbə gedirdim, ancaq bilirdim ki, atamın qazandığı pul ailəni saxlamaq üçün yetərli deyil. Oxumaq istəsəm də, ali təhsil ala bilməyəcəyimi bilirdim. Ona görə də 9-cu sinfə qədər oxudum. Evdə anama kömək edirdim. Amma bir gün qonşumuzun qızı yaxınlıqdakı mağazada satıcıya ehtiyac olduğunu dedi. Özü də orada işləyirdi. Mən də atamgilə dedim, etiraz etmədilər. Çünki pula ehtiyacımız var idi”.

Qonşu qızın köməyi ilə Sənubər mağazada işə başlayır. O vaxta qədər günü evdə keçdiyindən ilk aylar çox sıxılıb. Yavaş-yavaş mühitə alışıb.

“Əvvəl çox narahat olurdum, amma gündən-günə mühitə alışırdım. Müştərilərlə ünsiyyət qurur, söhbət edirdim. Amma bir müştəridən başqa. Onun mənə baxmağını, danışıq tərzini sevmirdim. Amma bir müddət keçəndən sonra o oğlanda nə isə məni cəlb etməyə başladı. Məni özündən asılı edəcəyini, ondan ayrılmaq istəməyəcəyini deyirdi. Əlbəttə, ilk vaxtlar bu sözlər mənim üçün mənasız gəlirdi. Lakin günbəgün onunla daha yaxın olmağa başladım və artıq onu sevdiyimi anladım. Bir müddətdən sonra evimizə elçi göndərdi. Ailəm razı olmadı”.

Ailəsi razı olmasa da, Sənubər sevdiyi oğlanla qaçır.

“Evi yox idi, kirayə qalırdıq. Rəsmi nikah bağladıq, amma geniş toy etmədik. Çünki həyat yoldaşımın daimi işi yox idi. Amma gəlinlik geyinmədiyimə görə pis olmurdum. Sevdiyim adamla evlənmişdim. Ancaq ailəmdən nigaran idim. Bir də maddi imkanımız yaxşı deyildi. Evlənənə qədər yoldaşımın işi ilə maraqlanmamışdım. Düzü, o hər dəfə mənə gah tikintidə, gah da mağazada işlədiyini deyirdi. Evlənəndən bir neçə ay sonra cibgir olduğunu öyrəndim. Amma nə edim, buna görə ayrıla bilməzdim. Gün ərzində evdə olmurdu, gecə də gec gəlirdi. Artıq bu həyata öyrəşmişdim. Evlənəndən sonra davranışları dəyişmişdi, bəzən çox əsəbi olurdu, arada məni döyürdü. İkinci oğlum olandan sonra münasibətlərimiz daha da pis olmuşdu. Hər gün evimizdə dava idi. Hər şeydən bezmişdim. Ayrılmaq istədiyimi dedim, razı olmadı. Həmişə deyirdi ki, “elə edəcəm ki, ömür boyu məndən ayrıla bilməyəsən”. Bir gün böyrəyim möhkəm ağrıyırdı. Həkimə getməyə də pulumuz yox idi. Yoldaşım çox ağrıdığımı görüb iynə vurdu. Dedi ki, bu iynədən sonra bütün ağrıların keçəcək. Elə də oldu”.

Sənubər ona vurulan iynənin nə olduğu soruşmayıb. Amma o gündən sonra böyrək ağrılarına görə hər gün həmin iynəni vurdurub.

“İynə məni o qədər rahatlaşdırırdı ki, özümü xoşbəxt hiss edirdim. Yoldaşımın özünə iynə vurduğunu görməmişdim, ona görə də mənə vurduğunun narkotik maddə olduğu ağlıma gəlməzdi. Amma ağlıma gəlməyən başıma gəldi. O hələ evlənmədən əvvəl dediyi kimi, məni özündən asılı hala salmışdı. Narkotiki mənə ancaq yoldaşım verə bilərdi. Ona görə ondan ayrıla bilmirdim, çünki narkotik ala biləcəyim heç kim yox idi. Özümü idarə edə bilmirdim. Narkotikin vaxtı gələndə elə bilirdim damarımda qan axmır. O an ancaq onu tapmaq haqqında düşünürdüm. Yoldaşımın işləri əvvəlki kimi deyildi. Məni işləməyə məcbur edirdi”.

4 nəfərlik ailənin ehtiyacını qarşılamaq üçün müsahibim bir müddət mağazada işləyir. Narkotik maddəyə olan ehtiyacı və digər xərclər gündən-günə artırdı. Bunu qarşılamaq üçün daha çox pul lazım idi. Bu zaman isə həyat yoldaşından gözləmədiyi təklif eşidir.

“Bir gün ərim işdən çıxmalı olduğumu dedi. Mən etiraz etdim. Axı ora bizim yeganə gəlir yerimiz idi. Mən işdən çıxsam, necə narkotik alacaqdıq? Daha çox pul qazanmaq üçün ərim məni fahişəliyə məcbur etməyə başladı. Bu təklifi ilk dəfə eşidəndə dəhşətə gəldim. Sevib ailə qurduğum adam necə belə bir təklif edə bilər? Artıq düşünmək yersiz idi. Bir gün həmin işlə məşğul olacağım ağlıma gəlməzdi. Tək qalanda ağlayırdım. Narkotik almaq üçün bu işə məcbur idim. Qazandığım pulu ərimə versəm də, hər gün döyülürdüm. Amma heç yerə gedə bilmirdim, çünki ondan asılı idim. Bir gün onu cibgirliyə görə tutdular. Sonra narkotik tapmadım. Uşaqlarıma görə müalicə almağa qərar verdim. Müalicə alandan sonra hər şey yaxşı idi. Mən xəstəxanada olanda uşaqlarıma anamgil baxırdı. Çıxandan sonra bir müddət işsiz qaldım. Bu müddətdə bizə ailəm kömək edirdi. Sonra iş tapdım, əlimə pul keçdikcə, yenidən istifadəyə başladım. Dəfələrlə müalicə almışam. Sonuncu müalicədən sonra özümə söz vermişəm, artıq istifadə etməyəcəm. Yoldaşımla münasibətim yoxdur, ayrılmışıq. İndi çalışıram istifadəçilərdən uzaq durum, insanlarla münasibət qurmamağa çalışıram”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR