Bakıda dayanacaqların şüşələrini sındırırlar – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda dayanacaqların şüşələrini sındırırlar – FOTOLAR

Paytaxtın bir sıra qəsəbələrində, şəhərətrafı yaşayış məskənlərindəki avtobus dayanacaqlarının şüşələri sındırılaraq sıradan çıxarılır.

Publika.az xəbər verir ki, son bir neçə gün ərzində 10-a yaxın dayanacağın şüşələri sıradan çıxarılıb. Belə hallara əsasən Suraxanı, Xətai rayonlarının ayrı-ayrı qəsəbələrində rast gəlinir. Naməlim şəxslər tərəfindən Bahar, Zığ, Əhmədli, Hövsan, Yeni Bahar qəsəbələrindəki avtobus dayanacaqlarının şüşələri, hətta bəzi dayanacaqlarda az müddət əvvəl quraşdırılmış nəqliyyatın intellektual idarə edilməsi sisteminə məxsus monitorlar sındırılıb.

Qeyd edək ki, adlarını sadaladığımız qəsəbələrin mənzil kommunal təsərrüfatı birliklərinin əməkdaşları tez-tez dayanacaqların ətrafını süpürür, təmizlik işləri aparırlar. Lakin bəzi yerlərdə şüşə qırıntılarının hələ də yerdə qalması onlara edilən hücumlarlın yenicə baş verdiyini göstərir. Məsələn, Bahar, Hövsan qəsəbələrindəki avtobus dayanacaqları buna misal ola bilər.

Əvvəllər avtobusların dayanması üçün icazənin verilmədiyi Zığ şosesində az müddət əvvəl quraşdırılmış dayanacağın da şüşələrinin sındırılması belə halların hələ davam etdiyini göstərir. Artıq belə hallara sərnişin sıxlığının az olduğu dayanacaqlarda deyil, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığındakı dayanacaqda da rast gəlinir. Burada da kimlərsə şüşələri sındırıblar.

Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov problemdən xəbərdar olduqlarını deyib. Bildirib ki, əvvəllər də belə hallar baş verib və onun qarşısı alınıb:

“Heydər Əliyev prospektinin işıqlandırılması üçün istifadə olunan çilçıraqlar sındırıldı. Biz həmin çilçıraqları təmir etdirdik. Bu hal yenidən təkrarlandığından əraziyə polis nəzarəti tətbiq edildi. Polisin araşdırmaları zamanı çilçıraqları sındırıb sıradan çıxaranlar müəyyən edildi. Məlum oldu ki, bunlar ziyankar adamlardır və öz niyyətlərini gecələr həyata keçirirlər. Dayanacaqları, oturacaqları da sıradan çıxarırlar. Vurub sındır, qaçıb gedirlər. Sındırılan dayanacaqlarla bağlı polisə müraciətlər edilir. Bəzi hallarda bunu edən adamlar müəyyənləşdirilib. Amma təəssüf ki, bəzi dayanacaqların şüşələrini sındıranlar hələ müəyyənləşdirilməyib. Hətta reklam elanlarının şüşələrinin sındırılması faktları da var. Bununla bağlı müraciətlər olsa da, günahkarlar müəyyənləşdirilməyib. Biz dayanacaqların şüşələrinin sındırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm