20 Yanvar şahidi: “Güllə sol qolumdan girib, boynumdan çıxdı”
Bizi izləyin

Nida Xəbər

20 Yanvar şahidi: “Güllə sol qolumdan girib, boynumdan çıxdı”

Təkcə sürücüyə 42 güllə dəymişdi.

25 ildir iş qabiliyyətini itirib, çünki sol əli işləmir. Əlinə iynə batsa belə, hiss etmir. Təkcə əli deyil, ümumilikdə sol tərəfi hissiyyatını itirib. Amma o, bu həyata öyrənib, heç şikayətçi də deyil. Bu hala düşməsininn şərəfli bir tarixçəsi var.

O, 25 il əvvəl Bakıda törədilən qanlı faciədə əlil olan 600-dən çox yaralıdan biridir. Meydana gedəndə yaralanacağını ağlına gətirməmişdi. Amma başından güllə yağışı yağanda da qaçmağı, evə qayıtmağı düşünmədi.

Publika.az-ın budəfəki müsahibi Tofiq Həsən oğlu Allahverdiyevdir. Tovuz rayonun Baqqallı kəndindəndir, orta məktəbi bitirəndən sonra Bakıya gəlib. Bir müddət “Metropolitendə”, sonra polis orqanlarında işləyib. Sonra yanan evdən üç uşağı xilas edərkən aldığı travmaya görə pensiyaya çıxıb.

66 yaşı var. Yaşadıqları yaddaşına təsir edib. Söhbət əsnasında bir neçə dəfə fikirləşir, hadisəni, yaşadıqlarını bir daha yadına salır. Yada saldıqca isə ürəyi sözündən çıxır, sıxılır.

Amma danışır. Lap əvvəldən başlayır.

“Biz 20 Yanvara hazırlaşmırdıq. Belə bir faciənin olacağı ağlımıza belə gəlməzdi. Amma Topxana meşəsində baş verən hadisədən sonra sanki insanlarda bir etiraz hissi yaranmışdı. Millətçilik hissi alovlanmışdı. Meydana çıxıb, etiraz etsək də, güvəndiyimiz rus hərbçilərinin bir gün bizim üzərimizə silahla gələ biləcəyini düşünmürdük. Bəziləri deyir ki, belə bir hadisənin olacağını təxmin ediblər. Amma mən heç vaxt belə şeylər düşünməmişdim.

20 Yanvar Sovet imperiyasını dağıdan təsirlərdən biri oldu. Bizdən əvvəl bir sıra sovet ölkələrində də bu cür hadisələr olmuşdu, lakin onlar nə bizim kimi əzildi, nə də özlərini göstərə bildilər. Həmin gün xalqımız həm də varlığını sübut etmiş oldu”.

Qan gölü Xəzərə çatardı”

Həmin hadisələr ərəfəsində hər gecə küçə, meydanlara axışan xalq öz haqqını müdafiə edirdi. Yanvarın 19-u da həmin günlərdən biri idi:

“1 nömrəli mebel fabrikində yığıcı işləyirdim. Hər gün işdən çıxanda meydanda görüşmək üçün danışırdıq. Həmin gün də elə oldu, evə baş çəkəndən sonra axşam Tbilisi prospektinə, Salyan kazarmasının yanına gəldik. İnsan əlindən yer yox idi. Elə bil bütün şəhər orada idi. Hər gün olduğu kimi, yenə də azadlıq, müstəqillik məsələlərindən danışılırdı. Lakin qəfildən 23:45-də ilk atəş açıldı. Binaların üzərində yerləşdirilmiş xüsusi şəxslər küçədə toplaşmış insanlara atəş açdılar. Amma silahlar birbaşa insanlara istiqamətlənmiş olsaydı, qan gölü Xəzərə çatardı. Çünki insanlar çox idi, açılan atəşin kimə tuşlandığı bilinmirdi. Bəzən sadəcə havaya atılırdı. Çünki məqsəd insanları qorxutmaq idi. Lakin bizim xalq qorxaq deyil – meydandakılar qaçmadı, demək olar ki, ancaq qocaları və uşaqları evə apardılar. Cavanlar hamısı orada idi. Hər tərəf uçub, dağılmışdı, küçədə yaralı və ölülər...

Kişilər ağlamaz deyirlər, amma həmin gecə torpağın, millətin qədrini bilənlər bu mənzərə qarşısında göz yaşlarını saxlaya bilmirdilər. Bütün şəhərin üzərinə sanki qırmızı örpək çəkilmişdi. Saat 3:00-da Şamaxinka tərəfdən “BTR” gəldi. Yol kənarındakı maşınların, ağacların, hətta insanların üzərindən keçirdilər. Gözümüzün qarşısında bir nəfərin üstündən “BTR” keçdi. Amma bu da bizi qorxutmadı, qaçmadıq. Bu zaman üzərimizə hərbidə istifadə edilən tüstüdən vurdular. Bir az sonra həmin “BTR”lər də çıxıb getdi”.

“Sürücüyə 42 güllə dəymişdi”

T. Allahverdiyev ilk iki hücumda yaralanmasa da, sonuncuda xilas ola bilmir.

“Şəhərin digər yerlərində nə baş verdiyindən xəbərsiz idik. Amma nə üçün silahlı əsgərlərin şəhərə bu cür hücum etməsini anlamırdıq. Hərə bir tərəfə qaçır, yaralılara kömək edirdik. Yoldan keçən maşınlar yaralıları xəstəxanaya aparırdı. Bizim dəstədə təxminən 20-30 nəfər vardı. Sonuncu hücumdan sonra dörd yolun ortasında qalmışdıq. 04:45-də üçüncü hücum oldu. Bu dəfə silahlar bizi nişan almışdı. Bu hücumda mən də yaralandım. Amma əvvəl nə baş verdiyini anlamadım. Heç yaralanmağımı da hiss etmirdim. Yerə yıxılmışdım, bir də baxdım ki, ağzımdan qan gəlir...

Həmin vaxt 123 sayılı avtobusun sürücüsü Rüstəm Əliyev həmin ərazidən keçirdi. O, yaralıları xəstəxanaya aparırdı. Maşında nə qədər adam olduğunu bilmədim. Bizim yanımızdan keçəndə onu elə atəşə tutdular ki, maşın deşik-deşik oldu. Təkcə sürücüyə 42 güllə dəymişdi. Çox dəhşətli mənzərə idi”.

“Dəhlizlər yaralılarla dolu idi”

Yaralanandan sonra iş yoldaşlarından, dostlarından ayrı düşən T.Abdullayev xəstəxanaya qədər piyada gedir. Əlbəttə, ailəsindən nigaran və xəbərsiz halda...

“Yaralanandan sonra sürünərək evlərin arasına keçməyə çalışırdım. Amma yaramın nə dərəcədə ciddi olduğunu tam anlamırdım. Bu vaxt iş yoldaşlarımı gördüm, onlar məni xəstəxanaya aparmaq istədilər. Orada sağ əlindən, sol ayağından yaralanmış kişi var idi. Dostlarıma həmin yaralıya kömək etmələrini tapşırdım. Çünki ən azından mən ayağımdan yaralanmamışdım, rahat hərəkət edirdim. Mən tək piyada oradan “Semaşko”ya qədər getdim. Hələ yaranın ağrısını hiss etmirdim. Tam xatırlamıram, təxminən 45 dəqiqəyə xəstəxanaya çatdım. Bəlkə də, tez çata bilərdim, amma əsas yollarda tanklar hərəkət edirdi. Ona görə də, binaların arası ilə gedirdim. Yaralanana qədər heç vaxt “mənə bir şey olsa, ailəmin vəziyyəti necə olar” deyə düşünməmişdim. Amma həmin dəqiqələrdə sağalıb-sağalmayacağımı, ailəmin taleyini düşündüm”.

Müsahibim deyir ki, xəstəxanaya çatanda artıq səhər açılmışdı. Xəstəxana adamla dolu idi. Kimi xəstə yaxının vəziyyəti ilə maraqlanır, kimi də yaxınlarını axtarırdı.

“Mən xəstəxanaya çatanda nəinki palatalar, dəhliz də yaralılarla dolu idi. Xəstəxananın həyətində adam əlindən yer yox idi. Həkimlər imkanları çatdıqca, xəstələrə tez yardım etməyə çalışırdılar. Amma həkimlərin sayı yetərli deyildi, çünki yaralılar çox idi. Təcili yardımda çalışanlar yaralıları dəhlizə qoyub gedirdilər. Həkimlər məni müayinə edəndə güllənin qolumdan girib boynumdan çıxdığını dedilər. Həmin gecə, sadəcə, yaranı təmizlədilər, tikdilər. Sabah saat 11 radələrində isə həkimlər yenidən müayinə etdi və məni əməliyyat etdilər. 4 fəqərəm zədələnmişdi, onları çıxarıb özümə verdilər. Biri kül halında idi, üçünü saxlayıram...

Həmin vaxt mobil telefon olmadığına görə ailəmə xəbər verə bilmədim. Yanımda olan dostlarımdan biri yoldaşıma xəbər vermişdi. Səhər tezdən oğlumla birlikdə yanıma gəlmişdilər. Öz ağrılarım bir tərəfə, ailəmin vəziyyətindən də nigaran idim. Onları görəndən sonra sakitləşdim. Yanvarın 20-də bütün şəhər boş idi. Sankı şəhərdə heç kim yaşamırdı. Yoldaşım yanıma piyada gəlmişdi. Küçədə tanklar şütüyürdü.

Bir ay müddətində xəstəxanada qaldım. Ağır xəstə olduğuma görə, yoldaşım da yanımda qalırdı. Hər gün təqvimdə günləri işarələyirdik. Xəstəxanadan çıxandan sonra da daim müayinəyə gedirdim”.

“Oğlum da meydanda idi”

Həmin vaxtdan sonra əmək qabiliyyətini itirən müsahibim buna görə təəssüflənmədiyini deyir:

“Həmin vaxt 41 yaşım var idi. 3 övladım var idi. Oğlanlarımdan biri Kubada hərbi xidmətdə idi, o biri texniki peşə məktəbində oxuyurdu. Mən yaralanandan sonra keçirdiyi sarsıntı onun dərslərinə təsir etdi. İkinci oğlum yanvarın 19-u günü orada idi. Məndən xəbərsiz getmişdi. Meydanda onu tapdım, ağsaqqallarla birlikdə evə göndərdim. Bəlkə, evə göndərməsəydim, yaralanan və ölənlər arasında o da olacaqdı...

Sol əlim, qolumda hisslərim yoxdur. Əlim tuta bilir, amma gücüm yoxdur. Əlimə iynə batsa belə, hiss etmirəm. Ona görə əvvəlki işimdə işləyə bilmədim. Artıq yoldaşım işləməyə başladı, həmin dövrə qədər isə o heç vaxt işləməmişdi. Dostlar, qohumlar da sağ olsunlar, kömək edirdilər. Sonra təqaüd aldım, oğlanlarım böyüdü, artıq onlar işləməyə başladı. Həyatımın sonrakı illərini müalicəyə sərf etdim. 25 ildir həkim nəzarətindəyəm.

Sağ olsun həkimlərimiz, həmin gün nə qədər insanı həyata qaytardılar. O dövrdə sanki bütün insanlarda birlik yaranmışdı, hamı bir-birinə dəstək olurdu, hamı qohum idi. Həmin günlərdə Şeyxülislam Hacı Allahşükür Paşazadə xalqın yanında oldu. Şəhidlərin dəfn olunmasında onun böyük rolu oldu.

Xəstəxanada qalanda ölkənin müxtəlif rayonlarından gənclər, uşaqlar bizim yanımıza gəlirdi. Bizə müxtəlif sovqatlar gətirirdilər. Tanımadığınız insanlardan belə diqqət, qayğı görmək adamın ürəyini dağa döndərir. Xəstəliyi də, ağrıları da unudurduq. O vaxtkı birlik kaş yenidən olardı. Onda bütün problemlərimiz həll olardı.

20 Yanvar faciəsində yaralanmayan adamlar, şəhid verməyən ailələr belə mənəvi sarsıntı keçirirdi. Axı nə üçün bizim başımıza belə bir hadisə gəlməli idi? O günlər hadisə şahidlərinin yaddaşından heç vaxt silinməz”.

25 ildir müsahibim hər il yanvarın 19-da həmin hadisələri xatırlayır, oxşar hissləri yenidən keçirir. Bəzən heç kimin olmadığı yerə gedib ağlayır.

Gülxar

P.S: Müsahibə 2015-ci ildə 20 Yanvar faciəsinin ildönümü ərəfəsində alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm