Heydər Əliyevin mənzil verdiyi poçtalyon: “62 ildir işimin başındayam” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyevin mənzil verdiyi poçtalyon: “62 ildir işimin başındayam” - FOTOLAR

Dostları, tanışları, habelə həmkarları onu işini sevən, enerjili, təcrübəli poçtalyon adlandırırlar. “Azərpoçt”un 2 saylı filialının 9 saylı poçt şöbəsinin 62 illik iş stajına malik 77 yaşlı əməkdaşı Həcər xanım İsababayeva kollektivin sevimli üzvlərindən olmaqla yanaşı, bir sıra maraqlı xatirələri öz həyat yolunda birləşdirən poçtalyondur. Publika.az Bakının ən gənc və ən qocaman poçtalyonu Həcər İsababayeva ilə müsahibəni təqdim edir:

“15 yaşımdan poçtalyon işləməyə başladım, 62 ildir poçtalyonam”

- 1938-ci ildə Bakıda dünyaya gəlmişəm. Ailəmiz əslən Qubanın Alpan kəndindən olsa da, paytaxtda, Abdulla Şaiq küçəsi 99 ünvanında yaşamışıq. 1953-cü ildən bu sahədə çalışıram, 15 yaşımdan poçtalyon işləməyə başladım.

- Niyə belə erkən yaşdan?

- Hələ uşaq idim, ata-anam xəstə idi, ailədə 4 uşaq idik – iki qardaş və iki bacı. Dolanışığımız çətin idi. Həyat elə gətirdi ki, 3 uşağa – bacıma və iki qardaşıma baxmalı oldum. Ailəmizin maddi vəziyyəti çox ağır idi. Atam müharibədən yenicə qayıtmışdı, bizə yaxşı baxa bilmirdi. 1953-cü ildən poçtalyon işləməyə başladım. Bu poçt onda keçmiş Əli Bayramov küçəsi 52 ünvanında yerləşirdi. Həmin küçə indi Təbriz Xəlilbəylinin adını daşıyır. 1966-cı ildə poçt şöbəmiz bura – Azərbaycan prospekti 35 ünvanına köçdü. 15 yaşımdan elə burda çalışıram, başqa heç bir poçtda işləməmişəm. 62 ildir poçtalyonam, 15 il deputat olmuşam.

- Bu sahəyə ilk gəlişinizi necə xatırlayırsınız?

- Kasıblıq üzündən yeniyetmə yaşlarımda poçta gəldim. Başımı bağlamışdım ki, heç kim uşaq olduğumu bilməsin, tanımasınlar. Onda uzun, gözəl saçlarım vardı. Saçlarımı yığır, başıma yaylıq örtürdüm. Ata-anam tez öldü deyə, bacı və qardaşlarıma mən baxmalı oldum. Poçtalyon işləyə-işləyə onları böyütdüm.

- Bəs 15 yaşda sizi necə işə götürdülər?

- Onda başqasını yerinə işləyirdim. O, yəhudi idi, Rusiyaya getdi. Ayda 31 rubl alırdım. İki il onun yerinə işləməli oldum. Evlərə məktub daşıyırdım. (Əli ilə küçələri göstərərək-müəl) Bu küçələrin hamısı mənə doğmadır. 60 ildən çoxdur, buralarda məktub daşımaqla məşğul oluram. 18 yaşımda pasport aldıqdan sonra məni işə qeydiyyata aldılar. Allah poçtumuzun keçmiş rəisi Ənvər Məmmədova rəhmət etsin! Çox yaxşı adam idi. İlk qazancımı – 31 rublu alanda atam dedi ki, qızım, pulun 10 rublunu apar hədiyyə olaraq ver rəisə. Axı səni işə o qəbul edib. Rəisin otağına girib 10 rublu masanın üstünə qoydum. Dedim ki, əmi, bu pulu atam verdi. Bir də gördüm, 10 rubl göydə uçur (gülür). Rəis pulu atıb hirsləndi ki, sən kasıb qız uşağısan, özü də 15 yaşında işləməyə məcbur olmusan. Mənə pul verirsən? Sənin pulunu neynirəm? Apar pulu ver ata-anana, onlar xəstədir, ailənə kömək et, evinizə çörək, ərzaq al.

“Tramvaylarda dəmirlərin üstündə yatırdım”

- Gedib evlərin qapılarını döyürdünüz ki, sizə məktub var. 15 yaşlı uşağı necə qarşılayırdılar?

- Yaxşı, bizim xalq çox insanpərvərdir, maşallah, insanlarımız gözəldir. Poçtalyon olaraq məni qonaq kimi qarşılayırdılar. Evlərə əsgər məktubları daşıyırdım. Bəzi ailələr sevinclərindən mənə muştuluq kimi dəmir 1 manatlıqlar da verirdi. Həyatda çox çətinliklərlə üzləşmişəm. Atam müharibədə iştirak etmişdi. Anam əvvəllər yaxşı vəzifədə çalışmışdı. Amma sonra tramvayda konduktor işlədi. Mən də onun yanında olurdum. Anam işləyirdi, mən isə tramvaylarda dəmirlərin üstündə yatırdım. Gecə saat birə qədər Bakının küçələrində işləyirdik. Şükür Allaha ki, gəlib bu günə çatmışam. Ailəmiz çox çətinliklər çəkdi, qardaşlarım öldü.

- Heç olmayıb ki, hansısa məktubu aparanda onun üstünü oxuyub sizi qanıqara qarşılasınlar?

- Heç vaxt...Amma bəzən elə olub ki, arxamca qaçıblar ki, bu məktubun içinə nə yazılıb? Cavab vermişəm ki, mən zərfin üstünü oxuyuram, məktubun içini yox.

- O dövrdə savadı olmayanlar sizdən məktubları oxumağınızı istəyirdilərmi?

- Yox, belə şeyləri xoşlamıram. Mənim heç mobil telefonum da yoxdur.

- Bəs 15 yaşlı uşaq məktubların üstünü necə oxuyurdu, onların çatacağı ünvanları necə müəyyənləşdirirdi?

- Onların üstünü heç oxuya da bilmirdim. Girirdim həyətlərə, soruşurdum ki, “tyotya”, bax, gör bu məktub kimədir? Axı rusca oxuya bilmirdim. İndi hamısını oxuya bilirəm.

- Nə vaxt ailə qurdunuz?

- 1960-cı ildə, 22 yaşımda.

- Həyat yoldaşınız poçtalyon işləməyinizin əleyhinə çıxmadı ki?

- Yox, işimdə qalıb çalışmağımla razılaşdı.

“1972-ci ildə mənə “Lenin” ordeni verdilər”

- Qarşınızı kəsənlər, söz atanlar, cinayətkarlarla qarşılaşdığınız məqamlar olurdu?

- Əlbəttə, amma hamısının cavabını verirdim (gülür). Giridilər qaranlıq dalanlara, narkotik istifadə etməyə başlayıdılar. Onları görəndə danlayırdım. Hirslənirdim ki, burda nə edirsiniz? Odur ki, məni görəndə özlərini yığışdırırdılar. İndi həmin adamların hərəsinin 3-4 övladı var. Bəziləri deyir ki, Həcər xala, bizim bir tərəfə çıxmağımızın səbəbkarlarından biri də sənsən. Ata-anamızın etdiklərimizdən xəbərləri yox idi. Sən olmasaydın, biz həbsxanalarda çürüyərdik. İndi bəziləri Rusiyada yaşayır.

- Yəqin, küçədə sataşanlar, söz atanlar da olurdu.

- O qədər sataşıblar ki...(gülür). 1972-ci ildə mənə “Lenin” ordeni verdilər. Onda çox uzun saçlarım, hörüklərim vardı. Ordenin təqdim etmək üçün məni Mərkəzi Komitəyə çağırdılar. Məni komitənin rəsmi şəxslərindən olan Danil Quliyev qəbul etdi. Saçlarımı yığıb, onun kabinetində əyləşmişdim. Birdən Danil Quliyev “Qızım, sənin nə gözəl saçların var!” deyə təəccübləndi və əlavə etdi: “Sən avtobusda gedəndə mütləq saçlarını yığ”. Cavab verdim ki, əmi, mən məktubları paylayanda, sahəni gəzəndə həmişə saçlarımı yığıb, başımı yaylıqla bağlayıram.

- Daha hansı mükafatları almısınız?

- 1977-ci il mayın 13-də Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldüm. Bununla əlaqədar məni Heydər Əliyev qəbul etdi. O, məni yaxşı tanıyırdı.

“Heydər Əliyev təəccübləndi ki, 3 nəfərlik ailəyə 4 otaqlı, 7 nəfərlik ailəyə 3 otaqlı ev?”

- Heydər Əliyevlə bağlı başqa hansı xatirələriniz var?

- Mənə 3 otaqlı ev verməli idilər. Heydər Əliyev mənzilin orderini təqdim etmək üçün 1977-ci il avqustun 28-də məni Mərkəzi Komitəyə çağırdı. Getdim qəbula. Birdən Heydər Əliyev soruşdu ki, mənziliniz neçə otaqdır? Cavab verdim ki, bilmirəm. Heydər Əliyev təəccübləndi: “Ordan gəlmisən, amma bilmirsən mənzilin neçə otaqdır? Açıb sənədlərə baxdım ki, mənzil 3 otaqlıdır. Heydər Əliyev mənzilimin 3 otaqlı olduğunu biləndə soruşdu ki, ailəniz neçə nəfərdən ibarətdir? Cavab verdim ki, yeddi. Ulu öndər bir qədər fikrə getdi: “Bəyəm 3 otaq ailəniz üçün az deyil?” Cavab verdim ki, nə vermisinizsə, çox sağ olun, mən şükürlü adamam. Heydər Əliyev telefonu götürüb, Hüseynzadə soyadlı kiməsə zəng vurdu. Ulu öndər həmin adama dedi ki, kimə neçə otaqlı ev vermisənsə, siyahını mənə oxu. O da başladı 3 və 4 otaqlı mənzillərin orderlərini vermək istədiyi adamların adlarını sadalamağa. Heydər Əliyev təəccübləndi: “Bəs bu qadına niyə 3 otaqlı ev vermişiniz? Axı onun ailəsi 7 nəfərdən ibarətdir. 3 uşaqlı ailəyə 4 otaqlı mənzil verirsən, 7 nəfərlik ailəyə 3 otaqlı?”. Heydər Əliyevin tapşırığı ilə mənzilimin orderini yarım saat ərzində dəyişdilər və mənə 4 otaqlı mənzil verdilər. Ulu öndər dedi ki, get, 4 otaqlı mənzilin orderini al, ondan sonra gətirib orderi yenidən mənə göstər. Beləcə, 4 otaqlı mənzili mənə verdilər. 2 otaqlı evimi isə hökumətə qaytardım. Heydər Əliyevdən xahiş etdim iki otaqlı mənzilləri damlarda yaşayan rabitəçilərə verin.

- Heydər Əliyevlə başqa görüşünüz olmuşdu?

- Bəli, bir dəfə keçmiş Lenin sarayında da tədbir keçirilirdi. Sosialist Əməyi Qəhrəmanı Nikolay Baybakov Bakıya gəlmişdi. Balaca oğlum da yanımda idi. Heydər Əliyev məni Baybakova göstərib dedi ki, bu qadın bizim Sosialist Əməyi Qəhrəmanımız, rabitəçimizdir. Bundan əvvəl də - 1983-cü ildə Heydər Əliyevlə Moskvada qurultayda görüşdük. O hər birimizlə mehribancasına görüşdü, amma kövrəldi. Allah ona qəni-qəni rəhmət etsin.

“Düz 7 il elə bildik ki, atam müharibədə ölüb”

- İş yerinizdə qeydiyyatınız rəsmiləşəndən sonra qazancınız artdımı?

- Bəli, qazancım əvvəlcə 47 rubl idi, sonra 99 rubl oldu.

- Dolana bilirdiniz?

- Bəli, maaş artdıqdan sonra dolanışıq bir az düzəldi.

- İndi də evlərə məktub daşıyırsınız?

- Bəli, indi də məktub daşıyıram. Mən elə bir adamam ki, işləməsəm, yaşaya bilmərəm. Həyatda çox dərdlərlə üzləşdim. Bir övladım – Namus Şahbalayev 1993-cü ildə Qarabağ müharibəsində şəhid oldu. Qubanın Alpan kəndində dəfn etdik. Məni saxlayan, başımı qarışdıran işimdir.

- Neçə yaşınız var?

- Yetmiş yeddi...

- Bu yaşda piyada gəzmək çətin deyil ki?

- Yox. Buranı (əli ilə iş otağını, məktubları göstərir-müəl.) mən idarə edirəm, üç adamın işini görürəm. Hər gün evlərə məktub daşıyıram. İşçilərimizin hamısı, ümumiyyətlə, kollektivimiz yaxşıdır. Burda hamı mənə “Həcər xala” deyib başıma dolanır. İşimdən çox razıyam, insanlara öyrəşmişəm, alışmışam. İşləyirik, uğurlarımıza sevinirik. Mən işləməyə vərdiş etmişəm, bircə gün də olsa, evdə qala bilmirəm. Bir sıra ölkələrdə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Fransada olmuşam və Azərbaycanı təmsil etmişəm. Bu ölkələrdə keçirilən tədbirlərdə çıxış etmişəm.

- Yəqin ki, bu illər ərzində maraqlı xatirələriniz də var.

- Xatirələr çoxdur, bəziləri şən, bəziləri isə qəmli. Atamın ölüm məktubunu aldım. Yazmışdılar ki, müharibədə həlak olub. Atam sovet-fin müharibəsinə getmişdi. Bir gün evimizə üçgünc formalı ölüm məktubu gəldi. Halbuki bundan bir neçə il sonra – 1946-cı ildə atam müharibədən sağ-salamat qayıtdı. Düz 7 il elə bildik ki, atam ölüb. Amma bundan sonra çox az yaşadı.

“Şəhid olan oğlum poçtalyon işləyirdi”

- Bəs bu illər ərzində atanız evə məktub yazmadı?

- Yox, amma bir gün gördük ki, atam gəlir. Gözlərimizə inanmadıq. Biz onu ölü bilirdik axı.

- Atanız cəbhəyə gedəndə siz körpə idiniz, onun gəlişini necə qarşıladınız?

- Gözlərimə inana bilmədim. Axı atamı heç tanımırdım. Mən dünyaya 1938-ci ildə göz açmışam, atam isə 1939-cu ildə müharibəyə göndərilib. Onda cəmi 1 yaşım vardı. Əvvəllər atama yaxın getmirdim, inanmırdım ki, mənim atamdır. “Qızım, mənim qızım” – deyib, əlini saçlarıma çəkərdi. Ölüm məktubunu atama göstərdim ki, bunu sən yazmısan? Ölmüşdün, bəs niyə dirildin? Uşaq idim də...

- Övladlarınız arasında yolunuzu davam etdirənlər, poçtalyon işləyən var?

- Vardı. Şəhid olan oğlum poçtalyon işləyirdi. Qardaşım və bacım poçtalyon işləyirdilər. Bacım təqaüdə çıxdı.

“Gün ərzində 100-150 məktub daşıyıram”

- Dediniz əvvəllər evlərə əsgər məktubları aparırdınız. Bəs indi, daşıdığınız məktublar əsasən hansı mövzulardadır?

- Məhkəmə işləri, vergilər, yol polisindən evlərə, idarələrə göndərilən məktublardır. (əli ilə göstərərək-müəl) Baxın görün, nə qədər məktub var. Hamısını evlərə, idarələrə aparmalıyam.

- Yeni ilin ilk günlərində daşıdığınız məktub hansı sahə üzrə, yaxud mövzu ilə bağlı idi?

- Məhkəmə məktubları idi.

- Həcər xanım, yəqin ki, daha evlərə sevgi məktubları daşımırsınız.

- Hə, elədir. Çünki daha sevgi məktubları yazmırlar. Cavanlar indi mobil telefonlarla sevgi mesajları yazır.

- Gün ərzində evlərə, idarələrə təxminən neçə məktub aparırsınız?

- 100, 150, bəzən hətta 200 məktub.

- Bu qədər məktubu daşıyarkən yorulmursunuz?

- Yox, öyrəşmişəm.

- Əvvəllər bir gündə nə qədər məktub daşıyırdınız?

- 30-40 məktub.

- Bəs indi niyə artıb?

- Nə bilim, əsas məhkəmələr, yol polislərinin cərimələri, vergiləri ilə bağlıdır.

“General-polkovnik Elçin Quliyev əsgərlərin ailələrinə məktublar göndərir”

- Əsgər məktubları da yoxdur?

- Yox, çünki əsgərlər əsasən telefonla danışırlar. Hərdənbir olur, o da Sərhəd Qoşunlarından. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev əsgərlərin ailələrinə təşəkkür və təbrik məktubları göndərir. General valideynlərə məktub yazır ki, sizin övladınız nümunəvi xidmət göstərir. Belə məktublar 2-3 aydan bir olur.

- Tanınmış şəxslərdən kimlərin evlərinə məktublar daşımışınız.

- Şair Nəbi Xəzrinin evinə... Məktubu özü alır, oxuyurdu. Elə olurdu ki, bəzən məktub aparanda həyat yoldaşıyla oturub söhbətləşirdik. Tarzən, Azərbaycanın xalq artisti Bəhram Mansurova da məktublar aparırdım. O, sonradan məni qiyabi şəkildə övladlığa götürdü. Həmişə mənə “qızım” deyərdi. Tanınmış bəstəkarımız, Xalq artisti Eldar Mansurov mənim qardaşım sayılır. Eldar Mansurov özü hərdən bura gəlir, mənə “bacı” deyir, görüşürük.

“Nazirlikdən tapşırdılar ki, portretimi düzəldib işlədiyi yerdə qoysunlar”

- Həcər xanım burda – 9 saylı poçt şöbəsində sizin portretiniz də var.

- Bir dəfə işlədiyim sahənin sakinlərindən birinin uşağı portretimi burda görüb. Gedib evdə deyib ki, ana, deyəsən Həcər xala ölüb. Onun portretini düzəltdirib işlədiyi yerdə şkafın üstünə qoyublar.

- Yeri gəlmişkən, portretinizi niyə burda qoyublar?

- Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə oldu. Nazirlikdən tapşırdılar ki, Həcər xanımın portreti hazırlansın və işlədiyi yerdə qoyulsun. Hələ portretimin qarşısına gül də qoymuşdular (gülür). Amma gülləri götürdüm. Bəziləri elə bilirdilər, ölmüşəm.

P.S. Bakının ən gənc və qocaman poçtalyonu ilə müsahibəmizi bir neçə dəfə yarımçıq kəsməli olduq – iş yoldaşları, digər poçtalyonlar tez-tez ondan məsləhətlər alır, söz soruşur, ünvanlarla maraqlanır, habelə məktublarla bağlı suallar verirdilər. Həcər xanım incimədən, böyük həvəslə ona ünvanlanan bütün sualları dəqiq və dolğun cavablandırırdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm