Bir kuryerin söhbəti: “Oğlum elə bildi ölmüşəm” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bir kuryerin söhbəti: “Oğlum elə bildi ölmüşəm” – FOTOLAR

Küçələrdə gəzişirdim. Soyuq idi. İsinməyə yer axtarırdım. Şəhərin mərkəzi tərəflərində bir şirniyyat evinin giriş lövhəsi diqqətimi çəkdi. İçəri daxil olub, bir parça tort aldım, bir stəkan da çay.

Təkdim. Görünür, çox darıxmaqdan idi ki, orada çalışan bir kuryerlə söhbətləşməyə başladım. Bir də baxdım ki, axşam düşüb. Təzə tanışımla isə o qədər doğmalaşmışdıq ki, məni evlərinə dəvət etdi.

Peşəsini bildiniz, indi də sizə hekayəsini danışacağım adamın adını deyim - Elvin Əhmədov.

İlk işi fəhləlik olub. Əsgərlikdən gəlib və ticarət mərkəzlərindən birində fəhlə kimi işləməyə başlayıb. Əvvəllər çətin olsa da, işin öhdəsindən gələ bilib. Daha sonra qohumu onu kuryer işinə düzəldib, beləcə, özünə şirin bir iş tapa bilib. Qısa zamanda işi öyrənib.

Özü bu barədə belə deyir: “Təbii ki, ilk günlər ağır keçirdi, müştərilərin çoxluğu məni yorurdu. Ümumiyyətlə, deyərdim ki, hər işin siftəsi çətin keçir. Bir məsələ var ki, bacarıqlı və məsuliyyətli olmalısan. Bir dəfə yekə tortu əlimdən yerə salmışdım. Müdir bilmədi. Tortu bişirən şirniyyatçı gəlib məni danladı, üstümə qışqırdı. Ancaq hirsi soyuyandan sonra üzr istədi...

40 dərəcə istidə işləmişəm

Beləcə, fəhləlikdən sonra şirniyyat evində işləməyə başladım. Tortları sifariş verirdilər və mən də lazım olan yerlərə çatdırırdım. Bəzən peraşki aparmalı olurdum. İşdə ən çətinlik çəkdiyim bir gün oldu ki, onu heç vaxt unutmuram. Qırx dərəcədə isti yay günündə qan-tər içində işlədim. Elə bil öləcəkdim, nəfəsim kəsilirdi. Deyirdim, ay Allah, bircə bu iş başa çatsaydı, canım dincələrdi. Evə gedəndə çarpayıya meyit kimi düşdüm. Balaca oğlum elə bildi, ölmüşəm...

Kollektivlə işləmək mənim üçün gözəl duyğudur. İş vaxtı bir-birimizlə zarafatlaşırıq, vaxtın nə təhər gəlib keçdiyini bilmirəm. Qızlarla məzələnirəm, boş vaxtlarda oğlanlarla domino oynayırıq, ya da yaxınlıqdakı kafedə pivə içirik. Orada tez-tez fəhlələrlə rastlaşırıq. Əlləri qabar-qabardır. Hamısıyla dostam.

Boş vaxtlarım olanda...

Boş vaxtım o qədər də olmur, ancaq olanda daha çox filmlərə baxıram. Amerika filmləri daha çox xoşuma gəlir, əsasən də döyüş səhnələri. Azərbaycan kinolarından SSRİ vaxtlarında lentə alınmış filmlər daha çox xoşuma gəlir. “Yeddi oğul istərəm”, “Şərikli çörək”, “O olmasın, bu olsun” və digər filmlər, fikrimcə, dünyaya çıxa bilərdi. İndiki filmlərimizdən təkcə “Yaddaş” filmi xoşuma gəlmişdi. Ancaq köhnələrin yerini verən filmlərimiz, demək olar ki, yoxdur. Bir də musiqi dinləməyi çox sevirəm. İndi isə Şabanın (Kamal Sunal – red.) filmlərinə baxmaq yorğunluğumu alır. Allah ona rəhmət eləsin.

Röya bizdən tort alıb

Məşhur adamlardan Röya Ayxan, Afaq Bəşirqızı, Ədalət Şükürov, Tahir İmanov və adlarını unutduğum bir çox şəxs bizim məkandan tort alıblar. Hər dəfə özləri gəlməsə də, adamları gəlib aparır. Özləri gələndə isə daha çox şirniyyat alırlar.

Mənə başqa heç nə lazım deyil

Həyatda arzusuz insan, yəqin ki, yoxdur. Zaman nə göstərər bilmirəm, amma işimdən narazı deyiləm. Şükür Allaha, çörəyimi qazana bilirəm. Bu da mənə bəs edir. Mənə başqa heç nə lazım deyil”.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm