• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Tarixi yaddaşsızlıq manqurtluqdur” - BRİFİNQ

“Tarixi yaddaşsızlıq  manqurtluqdur” - BRİFİNQ

Professor, tarix elmləri doktoru Kərim Şükürov “Brifinq”in qonağıdır. Kərim müəllimdən əvvəlcə tarixçilərin mediadakı tarixi mövzulara dair müzakirələrdə passivliyinə aydınlıq gətirməsini istədik. Daha çox qeyri-peşəkarların müzakirələrə can atmasının səbəbləri barədə suallar ünvanladıq. K.Şükürov Babəkin kimliyi haqda son zamanlar yaranan mübahisə və iddialara faktlarla izah verdi. O, tarixi mövzularda teatrlarımızda qoyulan tamaşalar barədə də fikirlərini bölüşdü.

Dilqəm Əhməd: Kərim müəllim, mediada tarixi mövzular dartışılanda mətbuat orqanlarına açıq bir neçə tarixçi istisna olmaqla fikirlərini dinləməyə ekspert tapa bilmirik. Tarixçilər mətbuatdan uzaq gəzir, yoxsa günah bizdədir, onları dəvət etmirik?
- Mediaya açıq peşə sahiblərindən biri tarixçilərdir. Media ilə konkret vaxtda əlaqədə olmaq imkanı məhdud olan tarixçilər də ola bilər. Amma tarixi tədqiqatların əsas istiqamətlərindən biri də tarixin populyarlaşdırılması, geniş xalq kütləsinə çatdırılmasıdır. Bu da işlərimizdən biridir.

D.Əhməd: Deyilənə görə, tarix tarixçilərin öhdəsinə buraxılmayacaq qədər daha böyük sahədir. Gündəmdə olan tarixi mövzulara daha çox ixtisasca tarixçi olmayan insanlar münasibət bildirir. Tarix barədə hər kəs danışa bilərmi, yoxsa sırf peşəkar yanaşma labüddür?
- Gərək burada bir məsələni dəqiqləşdirək: tarix nədir, tarixçi kimdir? Bu suallar cavab tələb edir. Məsələn, mən 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. O zamandan tarix sahəsində çalışmağa başlamışam. Adətən, belə hesab edirdik ki, tarix sırf elmdir. Amma tarixə baxanda fərqli məqamlar çox olub. Qədim yunanlar tarixi incəsənətin bir sahəsi hesab edirdilər. Elm insanın idrakı, incəsənət isə hissləri ilə bağlıdır. Tarix də yüz faiz elm hesab olunurdu, amma zaman keçdikcə məndə belə bir fikir əmələ gəldi ki, biz bilik və fəaliyyət sahəsi olaraq tarixə baxışımızı dəyişməliyik. Tarix həm elmin, həm incəsənətin çox mühüm xüsusiyyətlərini özündə birləşdirir. Tarixi mövzulardan danışılmasına gəlincə, hamı tarixdən danışmağı sevir. İnsanlar tarix barədə müəyyən fikirlərini söyləyə bilərlər. Çox təəssüf ki, bu fikirlər bəzən elmi qaynaqlara əsaslanmır, təsadüfi və insanın bir anlıq düşüncəsinin məhsulu olur. Amma tarix sahəsində də professionallıq var. Çoxları hesab edir ki, tarix qədim elmdir. Lakin burada yanlışlıq var. Tarixin atası adlandırılan Herodot eradan əvvəl V əsrdə yaşayıb, amma fəaliyyət sahəsi kimi tarix XIX əsrdə universitet elminə çevrilməyə başlayır, o zamandan peşəyə çevrilir. Peşənin də əsas xüsusiyyəti odur ki, insan həyati təminatını o sahədən əldə edir. Tarixdə də peşəkarlar var. Peşəkar tarixçiləri dinləmək, peşəkar tarixçilərin əsərlərini oxumaq daha yaxşı olar Tarixə son dövrdə . bir az məsuliyyətsiz baxış mövcuddur. İnsan fikir söyləyə bilər, amma məsələnin qəbuledilməz tərəfi odur ki, insanlar fikirləşir ki, doğru olan o deyəndir. Bax, bununla razılaşmaq olmaz.

“BDU-da ilk mühazirə də tarixdən olub”

Səxavət Həmid: Həm peşəkar tarixçi qismində, həm də tarixə məsuliyyətsiz yanaşan şəxslər kimi kimlərin adlarını sadalamaq olar?
- Söhbət Azərbaycandan gedirsə, BDU 1919-cu ildə açılıb və bəlkə də, çox adam bunu bilmir, ilk mühazirə də tarixdən olub. O zaman professor Dubrovski birinci mühazirəni ümumi tarixdən oxuyub. O dövrdən başlayaraq Azərbaycanda tarix universitet fakültəsinə çevrilir və peşəkar tarixçilər yetişdirilir. Məndən soruşsanız, deyərəm ki, bizim tarix məktəbimizin müəyyən problemləri vardır. Dünya miqyasında tarixçilərin ayrı-ayrı məktəbləri var. Bu məktəblər toplu olaraq ölkə tarix məktəbini formalaşdırır. Bizdə də tarix məktəblərinin formalaşdırılması istiqamətində işlərə diqqət artırılmalıdır. Görkəmli tarixçilərimizdən xüsusi professionallığı ilə fərqlənən Ziya Bünyadov tarixçilik etalonu hesab oluna bilər. XIX əsr, XX əsrin əvvəlləri düzdür, indi o dövrdə yazılanlar tənqid olunur, Əlisöhbət Sumbatzadəni çox görkəmli tarixçi hesab edirəm. XIII-XIV əsrlər tariximizi öyrənən akademik Əbdülkərim Əlizadə olub. IX-XI əsr tarixi üzrə Məmmədəli Şəriflinin monoqrafiyası stolüstü kitabımız hesab olunur və s. Sovet dövründə sovet ideologiyası ilə yazan tarixçilər olub. İdeoloji qəlibləri çıxandan sonra onların topladıqları materiallar, əslində, indi də elmi dəyər təşkil edir. Müasir dövrdə də çox güclü tarixçilər var. Amma peşəkar tarixçilərin işləri axtarışlar aparmaq, arxivlərdə tarixi qaynaqları öyrənməkdir. Bəzi adamlar var ki, onların əməyinin nəticəsindən istifadə edib ortaya çıxırlar. Bu hallar tarixçilik sahəsində var. Son dövrdə tarixi romanistika güclənməyə başlayıb. Bizim filmlərə fikir vermisiniz, daha çox tarixi filmlər çəkilir. Gürcü kinematoqrafiyası ilə müqayisədə onlar, adətən, yaşadıqları dövrün mühüm sosial və siyasi problemləri ilə bağlı daha çox dramatik məsələlərə fikir veriblər. Bizimkilər isə filmlərdə tarixi mövzulara diqqət yetirib. Hesab edirəm ki, burada iki səbəb ola bilər: müasir dövrün problemlərindən yayınmaq; o tarixi problem vasitəsilə müasir dövrün problemlərini ortaya qoymaq.

“Müasir dövrdə normal tarixi roman görməmişəm”

Nərmin Muradova: Sizcə, yaxşı hal deyil?
- Biz heç kimin fikrinə pis və ya yaxşı deyə bilmərik. Onlar belə hesab edirsə, belədir. Düşünürəm ki, tarixi filmlər müasir dövrdən nəyisə demək üçün vasitə olmamalıdır. Tarixi mövzuda çəkilən film ona görə çəkilməlidir ki, məhz tarixi problemi ortaya qoysun, tarixi əks etdirsin. Tarixə gedib müasir dövrlə nəyisə deməkdənsə, müasir dövrün problemlərindən film çəkmək daha yaxşı olar. Müasir dövrdə tarixi roman və povestlər yazan müəlliflərimiz var. Açığı, onların içərisində normal tarixi roman görmədim. Bəzi əsərlərin televiziyada müzakirələri keçiriləndə gedib iştirak etmirəm. Çünki o əsərlər oxucunun da zövqünü korlayır, tarixi faktlar haqda anlayışa böyük ziyan vurur.

N.Muradova: Akademik Milli Dram Teatrında son illər tarixi mövzularda bir neçə tamaşa oldu. “Şah Qacar”, “Əmir Teymur”, “Nadir Şah” tamaşaları qoyuldu. Tarixi tamaşalara baxırsınız?
- Tarixi tamaşalara baxıram. Bir tamaşanı xüsusi qeyd eləmək istəyirəm, tarixi baxımdan ən güclü Hüseyn Cavidin “Topal Teymur” əsəridir. Tamaşanın televiziya versiyası çox güclüdür. Əsərin özünün konsepsiyası var. Nəriman Nərimanovun “Nadir Şah” dramı var. Burada məsələ tarixi həqiqəti çatdırmaq yox, müəyyən bir siyasi məsələləri göstərmək olub. O, “Nadir Şah” pyesini yazmaqla göstərmək istəyirdi ki, şahları necə devirmək olar, yəni müəyyən ideologiyaya xidmət edirdi. “Azdrama”dakı tarixi tamaşaları, istər Qarabağ, istər Atabəylərlə bağlı əsərləri çox da güclü hesab etmirəm.

“Azərbaycanda tarixçi kadrlar doğru metodlarla hazırlanmır”

Qurban Yaquboğlu: Bizim cəmiyyət və xalq olaraq tarixi qəhrəmanlara münasibətimiz hansı kontekstdən formalaşmalıdır: tarixi faktlar əsasında, yoxsa xalqın mənafeyi nəzərə alınmalıdır? Yəni qəhrəmanımızdır deyə onu tərənnüm etməliyik? Yaxud tarixi fakta önəm verməliyik?
- Elə məsələlər var ki, ona birmənalı cavab verməyin özü çox çətin olur. Burada iki məsələ vəhdətdə olmalıdır: tarixin faktı özü və xalqın fakta münasibəti. Bəzən görürsən ki, faktdan çıxış edib bir insanı ideallaşdırıb qəhrəmanlaşdırırlar. Qəhrəmanlara gələk, Sovet dövründə kəndli və qaçaq hərəkatının rəhbərləri, inqilabçılar ideallaşdırılıb, onların adına küçələr qoyulub. Onlara indi bizim münasibətimiz necədir? Tarixin fəlsəfəsi adlı xüsusi sahə var ki, bu, bizdə yox dərəcədədir. Universitetlərdə tədris olunan tarixçi təhsili müasir standarta cavab vermir. Bütün ali məktəblərdə, demək olar ki, tarix ixtisası var. Bunların da hamısı yanlış yoldadır. Bir fakültədə tarixin fəlsəfəsi keçilmir. Azərbaycanda tarixçi kadrlar doğru metodlarla hazırlanmır. Tarixi yaddaş problemi var. Tarixi yaddaşın olmaması da problemdir, mövcud tarixi yaddaşın spesifik xüsusiyyəti də problemdir. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktində tarixi yaddaş çox böyük rol oynayır. ATƏT-in Minsk Qrupunun üzvləri təklif edirlər ki, gəlin problemi həll etmək üçün tarixi bir tərəfə qoyaq, tarixi yaddaş bizə mane olur. Azərbaycanın da bir sıra siyasətçiləri də bunlarla razılaşır, deyirlər, düz deyirsiniz, tarix bizə mane olur. Onu kənara qoyub digər göstəricilərdən çıxış edərək problemi həll etməyə çalışaq. Amma zənnimcə, bu, yanlış məsələdir. Biz tarixi yaddaşı bir kənara qoyaraq problemi həll edə bilmərik. Çünki tarixi yaddaşı unutmaq manqurtluğa gətirib çıxarır. Tarixin çox kəskin dəyişmələr dövründə tarixi yaddaşa xüsusilə ehtiyac artır. 1980-ci illərdə bizdə bu ehtiyac yarandı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun liderlərinin həyatına xüsusi maraq meydana gəldi. Bunlar vasitəsilə özümüzü dərketmədə yeni istiqamət yaratmağa çalışdıq. Lakin müəyyən dövrdən sonra bu unudulmaz tarix də siyasiləşdirildi. AXC liderlərini “bizimkilər” və “sizinkilərə” bölüblər. Siyasiləşmədən uzaqlaşmalıyıq. Tarix siyasiləşməyə meylli sahə olduğuna görə bəzən siyasətin qurbanına çevrilir.

Taleh Şahsuvarlı: Bizim milli kimliyimizlə bağlı məsələ qaranlıq qalan məsələlərdəndir. Biz türklər Azərbaycana nə vaxt gəlmişik?
- VII cildlik “Azərbaycan tarixi” adlı akademik nəşrimiz var. Amma orada çoxlu çatışmazlıqlar mövcuddur. Əslində, dünyada qəbul olunmuş qaydaya görə bu nəşr bizi tarix sahəsində düşündürən bütün fundamental suallara cavab verməlidir. VII cildlik bizim bir çox fundamental suallarımıza cavab vermir. Bunlardan biri də dediyiniz məsələdir. Suala anlaşıqlı cavab yoxdur. Əvəzində bu sahədəki konsepsiyalara müraciət olunur. Amma konsepsiyalardan yekun nəticə çıxmır. Bu məsələ bizim opponentlərimizə əsas verir ki, onlar tariximiz haqda yanlış fikir söyləsinlər. Erməni tarixçiliyini izləsəniz, xüsusilə son dövr Azərbaycan tarixi, kimliyimizə dair çoxlu kitablar yazıblar. Professional nöqteyi-nəzərdən deyirəm ki, onlar məsələni tamamilə yanlış qoyurlar. Elmi cəhətdən düzgün qoysaydılar, başqa elmi münasibət bildirərdik. Konkret türklərin Azərbaycana gəlməsi ilə bağlı əlimizdə olan qaynaqlar əsasında qeyd etmək olar ki, yerli əhalinin içərisində müəyyən qrup türk əhali olub, sonrakı müxtəlif dövrlərdə miqrasiyalar baş verib. IV-V əsrdən türk tayfalarının kütləvi miqrasiyası olub. Sonrakı dövrdə ən güclü miqrasiya XI əsrin müəyyən dövründə səlcuqlarla bağlıdır. Növbəti miqrasiya monqollar dövründə XIII-XIV əsrdə olub. Biz bəzən Monqol imperiyası deyirik, əslinə qalsa, monqollar Uzaq Şərqdən yürüşə başlayanda yol boyu türklərlə daim təmasda olub və birlikdə hərəkət edib. Bunlar da Azərbaycanda qovuşmağa başlayıb. Azərbaycan xalqının formalaşmasına gəlincə, xalqı xalq edən onun kimliyidir. Bu məsələdə xüsusən VII-VIII əsrlərdə Azərbaycanda baş verən hadisələrə, xüsusilə İslam dinini yayılmasına fikir verməliyik. İslam dini vasitəsilə mənəvi birlik meydana gəlir. İslam dininə qədər bizdə dini ayrılıq vardı. Hesab edirəm ki, VIII və IX əsrdə Azərbaycan xalqının formalaşması üçün zəruri şərait olub. Səlcuqların gəlişi bu xalqı daha da möhkəmləndirib və onu Cənubi Qafqazda əsas aparıcı etnoslardan birinə çevirib.

“Azərbaycan tarixini dərk etmək çox mürəkkəb işdir”

Nərgiz Ehlamqızı: Deputat Fazil Mustafa da deyir ki, Azərbaycan adında dövlət 1918-ci ildə yaranıb. Bu fikrə münasibətiniz necədir?
- Hazırda dünyada məlumat-soraq kitablarında 240-a qədər ölkə, 3 mindən çox millət və xalq adı var. Bunların içində Azərbaycan tarixi qədər mürəkkəb, ziddiyyətli və eyni zamanda, zəngin və şərəfli tarix yoxdur. Digər ölkə və xalqlarla müqayisədə Azərbaycan tarixini dərk etmək çox mürəkkəbdir və burada daha çox hazırlıqlı olmağa ehtiyac vardır. Bu tarixi dərk etmək üçün tariximizin özünün fəlsəfəsini bilmək lazımdır. Problemimiz nədədir? Bunu anlamayan insanlar bir neçə faktın əsasında belə fikirlər söyləyirlər. “Adında Azərbaycan sözü olan ilk Azərbaycan dövləti AXC-dir” fikri zahirən doğrudur. Amma məsələnin mahiyyəti başqadır axı. Əvvəla, dünya xalqlarında necədir, Azərbaycanda nə üçün belə olub? Analogiyalar aparım, Mustafa Kamal Atatürk 1923-cü ilə Türkiyə Cümhuriyyəti elan edənədək Türkiyə adlı dövlət vardı? Bu dövlətin adına Bab-ı-Ali, yaxud Avropada Ottoman imperiyası deyilirdi. İran tarixinə baxaq, İran sözünün rəsmən dövlətin adına şamil edilməsi 1935-ci ildə olub. Mənim, ümumiyyətlə, qəbul etmədiyim məsələ var, ölkənin adını xüsusi müzakirə obyektinə çevirmək olmaz. "Azərbaycan" sözünün bizdə azı 10 cür izahı var. Bir fikir budur ki, Atropatın adı ilə meydana gəlib, ikinci yayılmış fikir odur ki, odlar yurdu olub, bununla da yaranıb. Oturaq fikirləşək, bu yanaşmanın nəyində bir problem var? Görün, Azərbaycan adını necə izah edirlər: “Az” adlı, igid, ər tayfaların məskun olduğu yer. Məsələni bu qədər mürəkkəbləşdirirlər, həqiqəti ortaya çıxarmaq çox çətin olur. Ümumxalq düşüncəsində ölkənin adı dediyimiz şəkildə qəbul olunur. Vətənimizin ərazisi Azərbaycandır. Çox mühüm bir sual ortaya çıxır və müzakirəyə də çevrilir: burada olan dövlətlər hansı dövlətlərdir? Hesab aparsaq, Azərbaycanda 40-dan çox dövlətin tarixi çuğlaşır. 20-yə qədər dövlət azərbaycanlıların yaratdığı dövlətdir, 20 dövlət isə dövrün ən böyük imperiyaları idi və işğal prosesində Azərbaycanı da tuturdular. Məsələn, Sasanilər, yaxud Ərəb Xilafəti Azərbaycanı tuturdu, onun tərkib hissəsinə çevrilirdi. Və Azərbaycan torpaqları iqtisadi, siyasi, coğrafi cəhətdən həmin imperiyaların ən aparıcı hissəsi olurdu.

T.Şahsuvarlı: Dediyiniz dövlətlərin içərisində Babəkin dövləti də var idimi?
- Babəklə bağlı müzakirələri izləyirəm, bayaq da qeyd etdim, hər bir şəxs fikir söyləyə bilər. Buna etiraz da etmirik. Çünki Sovet dövründə uzun müddət vahid fikir, ideologiya bizə mane olub. İndi müxtəlif fikirlilik var. Müxtəlif fikirliliyin ziyanlı cəhəti odur ki, fikir söyləyən adamlar professionallıqdan uzaq olurlar. Tarix elminin Babək, Xürrəmilər hərəkatında son sözü Səid Nəfisinin “Azərbaycan qəhrəmanı Babək Xürrəmdin” və Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlər” kitabıdır. Ziya Bünyadov BDU-nun tarix fakültəsinin tələbə və müəllimləri ilə görüşürdü, orada çox gözəl söz dedi. Söylədi ki, mən çox kitablar yazmışam, amma VII-IX əsrlər kitabı mənim həyat kitabımdır. O kitabdakı fikirlərlə sonrakı dövrdə də razılaşırdı. Azərbaycan tarixşünaslığının Babək haqda son fikri qeyd etdiyim bu iki əsərdədir. Görürəm ki, son dövrdə Babək haqqında ərəb qaynaqlarına müraciət olunur. Amma ərəb qaynaqlarının Babək haqda fikirlərinə tam inanmaq olarmı? Babək kimə qarşı mübarizə aparırdı? Ərəb Xilafətinə qarşı. Tarixçilər də xilafətin rəsmi tarixçiləri idi. Ona görə də oradakı fikirlər tənqidi yanaşma hesab edilir. Babəkin dövlət rəhbəri olması fikrinə gəlirəm, qaynaqların hamısını oxuyanda bizdə belə bir fikir yaranır: Babək 20 il ərzində 816-cı ildən 837-ci ilədək mübarizə aparır. Buradan məntiqi nəticə çıxır. Kiminsə fikrimlə razılaşıb-razılaşmaması üçün demirəm, tarixi faktlara əsaslanıram. Babəkin dövlət qurması üçün ideoloji platforması varmı? Var, xürrəmilik, xüsusi bir baxışlar sistemidir. 20 il mübarizə aparıb, onun mübarizə apardığı müəyyən coğrafi ərazi məlumdur, mərkəzi var - Bəzz qalasıdır. Çünki bu qalanın süqutu bu hərəkatın başa çatması ilə olur. Babək dövründəki hərbi əməliyyatlara nəzər salaq, strategiyası, taktikası var, bu qədər qoşunu bir yerə yığıb idarə etmək, hərbi nöqteyi-nəzərdən təmin etmək və s. var. Burada dövlətin bütün əlamətləri var.

T.Şahsuvarlı: Diplomatik yazışmaları da var...
- Bəli, Bizans imperatoru ilə yazışması var. Biz universitetdə oxuyanda müəllimimiz vardı. Məmməd Azərlini xüsusi xatırlamaq istəyirəm, Səid Nəfisinin kitabı Azərbaycan dilində tərcümə olunmuşdu, çox məhdud sayda idi. O, həmin kitabı gətirmişdi və ərəb tarixçilərinin tendensiyalı fikirlərini bir-bir açıb izah edirdi. Babək yazmışdı ki, xəlifə öz aşpaz və dərzisini mənim üzərimə göndərib. Əgər sən ikinci cəbhə açsan, onda xilafət üzərində qalib gələ bilərik.

“Ərəb qaynaqlarının əsas məqsədi Babəkin şəxsiyyətini alçaltmaq olub”

Q.Yaquboğlu: Babəkin etnik kimliyi barədə də tez-tez müzakirə aparırlar...
- Tarixçilikdə belə bir şey var, biz tarixi mühazirələrin bütün dövrlərini oxuyuruq, amma hər birimizin bir tədqiqat sahəsi olur ki, onu arxivi, qaynaqları ilə öyrənirik. Bu dövrdə professional tarixçimiz Ziya Bünyadovdur. Həmçinin Səid Nəfisinin tədqiqatı var. Ərəb qaynaqlarının əsas məqsədi Babəkin şəxsiyyətini alçaldıb təhqir etmək olub. Ərəb xilafəti o zaman faktiki olaraq dünyanın sahibi idi. Bunlar sübut etmək istəyirdi ki, Babək kimdir ki, Ərəb xilafətinə qarşı mübarizə aparsın. Anası haqda yazırdılar ki, kor olub, dünyanın ən çirkin qadını idi. Biz hesab edirik ki, qaynaqlar bunun hamısını saxtalaşdırıb. Babək etnik cəhətdən də azərbaycanlıdır.

“Səfəvilər dövlətində aparıcı yeri türk tayfaları tutub”

D.Əhməd: Səfəvilər dövlətinin İran dövləti olduğu barədə iddialar var. Bu iddialara cavab olaraq fikirləriniz necədir?
- Bu sahədə əsas monoqrafik tədqiqat Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvi dövləti XVI əsr” kitabıdır. O zamankı baxış birmənalı şəkildə belə idi ki, Səfəvi dövləti elə İran dövlətidir. Amma kitabın adı da çox önəmlidir. Sovet dövrünün ən gərgin çağlarında, ideologiyanın bütün sferalara hopduğu anda tarixçi kitabına “Azərbaycan Səfəvi dövləti XVI əsrdə” adını qoyub. Kitabda məsələnin qoyuluşu belə idi ki, Şah Abbasa qədər dövlət Azərbaycan dövləti olur. Lakin Şah Abbas islahatlar keçirir, paytaxtı İsfahana dəyişir və o zaman Osmanlı-Səfəvi müharibələri gedirdi, növbəti müharibədə 1590-cı il müqaviləsi ilə Azərbaycan torpaqları Osmanlı dövlətinə keçir. Belə bir fikir irəli sürülürdü ki, XVI əsrin sonlarına qədər Azərbaycan dövlətidir, XVI əsrin sonlarından isə elə bir proses gedir və bu, İran dövlətinə çevrilir. Hazırda Azərbaycan tarixşünaslığında fikir belə qoyulur ki, biz elə əvvəldən dövlətin yaranmasından 1501-ci ildən sonadək 1736-cı ilədək Azərbaycan dövləti kimi baxmalıyıq. Azərbaycan dövlətinin xüsusiyyəti ondan ibarətdir ki, burada yaşayan bir sıra xalqlar dövlətin idarə edilməsi və möhkəmləndirilməsində iştirak edib. Amma dövlətdə aparıcı yeri Azərbaycan, türk tayfaları tutub. Səfəvilərin Azərbaycan dövləti olmasını təsdiqləyən birinci fikir odur ki, İsmayıl mübarizəsinin əvvəllərində Şirvana hücum edir, Gülüstan qalasını mühasirəyə alır. Mühasirə uzanır. O zaman İsmayılın məşhur ifadəsi var. İsmayıl sual edir: Sizə nə lazımdır, Azərbaycan taxt-tacı yoxsa, Gülüstan qalası? Yəni bunun kredosu nədir? Azərbaycan taxt-tacı. Təbriz tutulur, mərkəz olur. İkinci məsələ Azərbaycan dili ilə bağlı olub. Üçüncüsü isə dövlətin ilkin yaranması prosesində, xüsusilə 1501-1503-cü illərdə əsas torpaqlar genişlənəndə torpaqda yaşayanların kimlər olduğu ilə çıxış etməyimiz əsas verir ki, Səfəvilərə Azərbaycan dövləti deyək. Biz Azərbaycan dövləti kimi baxırıq. Şah İsmayılın əsərlərini də oxuyanda bu, aydın olur. Bu arada onun da etnik kimliyi bəzən şübhə altına alınır. Fikir verirsinizmi, Azərbaycan tarixində çox oxşar şeylər meydana çıxır. Babək, Şah İsmayılla bağlı etnik kimliyi ilə bağlı suallar indiki dövrə qədər davam edir. Tariximizlə bağlı eyni iddialar səslənir.

N.Ehlamqızı: Milli Məclisin tribunasından çıxış etmək istəmirsiniz? Bu il parlament seçkiləri ilidir, namizədliyinizi verməyi düşünürsünüz?
- Mənim özüm şəxsi təşəbbüs irəli sürmək istəmirəm, amma seçicilər tərəfindən belə bir təşəbbüs olsa, qəbul edərəm.

T.Şahsuvarlı: Övladlarınız yolunuzu davam etdirdi?
- Yox, üç qızım var, iki qızım ailə həyatı qurub, hər qızımın 2 övladı var. Böyük qızım BDU-nun jurnalistika fakültəsini bitirib, magistr təhsili də var. Ortancıl qızım biologiya fakültəsinin bakalavr və magistr üzrə oxuyub. Kiçik qızımın ixtisası kulturologiyadır, Mədəniyyət və İncəsənət Universitetinin kino tarixi üzrə magistrantıdır.
Sonda icazənizlə bir məsələyə xüsusi toxunmaq istərdim. Biz qısa bir vaxt ərzində Azərbaycan tarixinin bəzi problemlərindən bəhs etməyə çalışdıq. Bir daha aydın oldu ki, bizim üçün Vətənimizin tarixinin ən mühüm dövrlərini, tarixi inkişafının aparıcı istiqamətini bilmək necə də vacibdir. Azərbaycanın yenidən müstəqillik əldə etməsi nəticəsində həyatımızda yaranan yeni mərhələ tariximizin aktuallığını daha da artırır. Açığı deyim ki, belə bir şəraitdə Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən Azərbaycan tarixinin buraxılış imtahanları sırasına daxil etməməsi yalnız təəssüf yaradır.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

Xəbər lenti

DAHA ÇOX XƏBƏR