• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

QÜDRƏTli BƏYin 50 yaşına

QÜDRƏTli BƏYin 50 yaşına

Fərqli düşüncələrə, müxalif baxışlara görə kiməsə nifrət etməyin normal insanlara yaraşdırmıram. Amma dövlətinə, bayrağına, torpağına, xalqına müxalif olanlara dözümlü yanaşmanı da anormallara yaraşdırıram. Bəziləri bu dəyərlərin mənasız olduğunu təbliğ edir, guya qloballaşan dünyada bu kimi məfhumların əhəmiyyətini itirdiyini iddia edirlər.

Ola bilsin, kiminsə üçün elədir, adi və məqbuldur. Lakin bizim kimi torpağı işqal altında olan, düşmən qonşularla əhatə olunmuş xalqlar üçün vətən, millət namusu taleyüklü məsələdir. Harada, hansı partiyada olmasından asılı olmayaraq, belə insanlara həmişə simpatiya bəsləmişəm. Qüdrət BƏY də belələrindəndir. Ən radikal vaxtlarında belə, ümummilli məsələlərə münasibətdə müxalifətçiliyini unudub. Ən loyal zamanlarında belə, haqqı deməkdən, nahaqqı tənqid etməkdən çəkinməyib.

Yuxarıda "bəy" sözünü təsadüfən böyük hərflə yazmadım. Belələrinə bizim tərəflərdə deyərlər ki: Ağa, bəy adamdır. Onu "Avrasiya" qəzetində reportyor işlədiyim zamanlardan tanıyıram. Həmişə qüruru və prinsipiallığı ilə seçilirdi. Ətrafındakı boyundan yuxarı baş göstərmək istəyən partiyadaşlarını öz xarizması ilə əzməyi bacarırdı. Sonra comərdliyinin də şahidi oldum. Bir dəfə arıq, üstü-başı tökülmüş bir cəbhəçi jurnalistin ona yaxınlaşıb "Qüdrət bəy, ayaqqabıma bax" deyərək, burnu aralanmış çəkmələrini göstərdi. Yarı siyasətçi jurnalist Qüdrət bəylə birlikdə "Azadlıq" qəzetinin akt zalına doğru getdilər. Sabahısı gün həmin jurnalist yeni ayaqqabılarla gəzirdi. Bu, şahidi olduğum onlarla epizoddan biri idi. Xəstəsi olanın, imtahandan kəsilənin, məsləhətə ehtiyac duyan adamların Qüdrət Həsənquliyevə yaxınlaşdığına dəfələrlə şahidlik etmişəm...

...Mən 2003-cü ildə MSK-ya işə gələndə, Qüdrət Həsənquliyev artıq oradan getmişdi. Amma bir özü boyda hörməti qalmışdı. MSK-nın mühafizəçilərindən tutmuş sədrinə qədər hamı onun adını hörmət-izzətlə çəkirdi. Deyilənə görə, parlamentdə də elədir, adlı- sanlı, sanballı. Və 50 ili də belə yaşayıb: Adl-sanlı, sanballı, AĞA kimi, BƏY kimi, QÜDRƏTLİ!

QÜDRƏTli BƏY, yubileyiniz mübarək! Şair Fərid Hüseyn demiş, "Siz ömrü süzüb bir əlli vurduz", mən də sizin şərəfinizə bir 50 vuraraq 100 yaşamanızı arzu edirəm.

Azər Sarıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR