• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

15 manatlıq iş, ali savadlı fəhlələr – Suraxanıdakı “qul bazarı”ndan reportaj

15 manatlıq iş, ali savadlı fəhlələr – Suraxanıdakı “qul bazarı”ndan reportaj

Suraxanı qəsəbəsinin mərkəzi ərazilərindən birində yerləşən avtobus dayanacağındakı ağaclardan içi müxtəlif əşyalarla, o cümlədən fəhlə paltarları və usta alətləri ilə dolu olan bir neçə sellofan torba asılıb. Sellofan torbaların yanında isə hər gün bir neçə işsiz insan dayanıb müştəri gözləyir. Onların arasında fəhlə də var, usta da, savadsız da, orta, hətta ali savadlı da. Hər birinin öz taleyi, həyat yolu var. Qərara aldıq ki, Suraxanı qəsəbəsinin işsizləri ilə bağlı müşahidələr aparıb, gördüklərimizi, eşitdiklərimizi qələmə alaq. “Publika.az“ Suraxanı rayonunun mərkəzindəki “qul bazarı”nda baş verənləri təqdim edir:

Müştəri həsrəti, işsizlik...

Avtobus dayanacağının yaxınlığındakı kiçik meydançada dayananlar hər gün olduğu kimi bu gün də müştəri axtarırdılar. Özlərini fəhlə kimi təqdim edənlərdən bəziləri yorulduqlarından avtobus dayanacağında oturmuşdular. İçində iş paltarları və əmək alətləri olan torbalarını da dayanacaqdan asmışdılar.

Bir az sonra əraziyə bir “Mercedes” yaxınlaşdı. Günəmuzdlulardan ikisi fürsəti qaçırmadı. Avtomobildən düşmək istəməyən sürücü Əmircan qəsəbəsindəki evlərdən birinin əşyalarının daşınması üçün adam axtarırdı. Söhbət bir qədər uzun çəkdi. Həmin şəxs maşının pəncərə şüşəsinə doğru əyilmiş iki nəfərə bir neçə saatlıq iş üçün 15 manat təklif etdi. Onlar da işin ağırlığını nəzərə alaraq zəhmət haqqı kimi 20 manat tələb etdilər. Həm də əlavə iki nəfərə ehtiyac olduğunu bildirdilər. Qısa söhbətdən sonra sürücü fəhlələrlə razılaşdı. Onlardan biri avtomobilin qabaq oturacağına əyləşdi. Digəri isə sellofan torbaların asıldığı ağaclara tərəf gedib, öz əşyalarını götürdü. Bundan sonra iki nəfərə yaxınlaşıb nəsə dedi. Yerə oturmuş həmin şəxslər ayağa qalxdılar. Ağaclardan asılmış sellofan torbalarını da götürüb, avtomobilə tərəf tələsdilər. Maşına əyləşib, Əmircan qəsəbəsinə doğru istiqamətləndilər. Deyəsən, bu gün onların bəxti gətirmişdi.

“Hər şeyi bacarırıq: - santexnik, elektrik işi, hörgü...”

Qərara aldıq ki, əvvəlcə işsizlərin zəhmət haqları barədə məlumatı onların özlərindən müştəri kimi alaq. Onlar arasından bir nəfər yaxınlaşdığımızı görüb bizə tərəf gəldi:

- Qardaş, nə lazımdır?

- Siz ustasınız?

- Usta, fəhlə, nə gəldi...

- Nə mənada?

- Hər şeyi bacarırıq. Santexnik işi, elektrik, hörgü...

- Ev əşyalarının daşınması...

- (sözümüzü kəsərək) Onu da həll edərik, uşaqlar hər şeyi bacarır. Əlimizdə imkan var. Ev hardadır?

- Yaxındadır. Zəhmət haqqı olaraq nə qədər verməli olacağam?

- Sənə təkcə daşınma işi lazımdır?

- Yox, həm də kafel-metlax işi. Nə qədər zəhmət haqqı vermək lazımdır?

- Zəhmət haqqı kvadratmetrdən asılıdır.

- Hər kvadratmetrə nə qədər istəyirsiz?

- ...Baxır da. Nə verəcəksən?

- Bəzi yerlərdə 10 manata vururlar.

- Olar, razılaşarıq.

Qeyd edək ki, kənardan danışığımızı eşidənlər bizim söhbətimizi dinləmək üçün ətrafımıza toplaşmışdılar. Bəzilərinin səbirsizliklərindən, davranışlarından məlum olurdu ki, neçə gündür işsizdirlər. Onlar arasındakı yaş fərqi də açıq-aydın sezilirdi. Aralarında 20-25 yaşı olanlar da vardı, 40-45, hətta təxminən 50-52 yaşı olanlar da. Lakin söhbətimizin uzandığını, “nağd” müştəri olmadığımızı başa düşən işsizlərdən bəziləri bizdən aralanıb, yenidən müştəri axtarışına çıxdılar. Onlar ərazidə var-gəl edir, bura yaxınlaşanların nə üçün gəlmələri ilə maraqlanırdılar. Hirsindən papirosu papirosa calayanlar da vardı. Görünür, neçə gün idi “siftə” etməmişdilər. Bəziləri isə kənarlaşıb domino və kart oynayanlara qoşuldular.

“Yanvarda cəmi 250 manat qazanmışam”

İşsizlər arasında özümüzə usta və köməkçi “axtara-axtara” onlardan birinin keçmişi barədə də məlumat toplaya bildim. Suraxanı qəsəbəsində bir neçə tanışı ilə kirayə ev tutduğunu deyən Rüstəm adlı fəhlə ailəsini dolandırmaq üçün hər gün müştəri gözlədiyini dedi. Sellofan torbasındakı nimdaş, tozlu iş paltarını özüylə gəzdirən Rüstəm 2 ildən çoxdur burada münasib iş üçün müştəri axtarır. Özünün dediyinə görə, bir neçə aidiyyəti orqana iş üçün müraciət etsə də, ona “gözləyin, iş olanda sizə xəbər edərik” cavabını veriblər. Rüstəm isə gözləməməyi qərara alaraq, başına çarə qılıb. Lakin buradakı iş də daimi deyil. Elə gün olur ki, evə pulsuz gedir, rayondakı ailəsinə pul göndərə bilmədiyi vaxtlar çox olub:

- Sonuncu dəfə nə qədər qazanmısınız?

- 30 manat.

- Nə iş idi?

- Mebel daşıdıq.

- Hara?

- Ramanaya.

- Bu gün “siftə” olub?

- Səhərdən bir manat da qazanmamışam.

- Belə günlər çox olur?

- Olur da, hərdən.

- Ötən ay qazancın necə olub?

- Az...

- Az, yəni təxminən nə qədər?

- 200-250 manat

- Həmişə belə olur?

- Yox, ancaq qış aylarında.

Müsahibimiz bildirdi ki, ən çox gəliri payızda olub. O, ev əşyalarının daşınmasıyla yanaşı, hörgü işini də bacarır. Amma müştərilər bu işi hər kəsə etibar etmirlər deyə onu evlərə əsasən usta köməkçisi kimi aparırlar. Müştəri tapmaq heç də işsizlərin bir günlük problemlərinin həlli deyil. Rüstəmin sözlərinə görə, bəzən “kapriz”li müştərilərlə də qarşılaşırlar. Dekabrda həyətində işlədiyi evin sahiblərindən biri onun zəhmət haqqını kəsib. Noyabrda isə daşıdıqları mebellərdən birinin qapısı cızıldığından müştəri onlara vəd verdiyi pulun miqdarını azaldıb.

Özünün qiymətləndirməsinə görə, ən “ac” ay dekabr olub. Həmin ayda bəzən 4-5 gün işsiz qalan vaxtları varmış. Lakin bütün bunlara baxmayaraq, Rüstəm Allaha şükür etdiyini deyir. “Sobez”də işləyənlərin vədlərinə əməl etmələrini gözləsəydim, indi acından ölmüşdüm. Ailədir, dolandırmaq lazımdır” deyən müsahibimin sözlərinə görə, o, 3 övlad atasıdır. Əvvəllər daimi işlədiyi yer olub. Amma sonra şirkətdə ixtisarlar getdiyindən işsiz qalıb. Ailəsi rayonda yaşayır Özü isə burada kirayənişin həyatı yaşayaraq, günəmuzd işləyir və ailəsinə hər həftə mümkün qədər çox pul göndərməyə çalışır. Bəzən gəliri o qədər az olur ki, papirossuz qalmalı olur.

İşsizlərin “iş” rejimləri, “nahar” fasiləsi...

Müsahibim işsiz yoldaşlarının, habelə özünün gündəlik “iş” rejimindən, qidalanmasından da danışdı. Bildirdi ki, səhər saat 9-un yarısından bura yığışırlar. Şənbə və bazar günlərində yarım saat tez – səhər saat 8-də bura toplaşırlar. Çünki istirahət günləri olduğundan həmin gün işə getməyən müştərilər ev işlərini ucuz qiymətə gördürmək üçün bura üz tuturlar. Həftə sonları müştəri çox olur. Odur ki, həftə ərzində 5-10 manat qazanan işsizlər bütün ümidlərini şənbə və bazar günlərinə bağlayırlar. İşsizlərin gündəlik naharları da burda olur – kimi 20 qəpiklik peraşki, kimi keks, “sendviç”lə başlarını qatır. Burada peraşki satılan kiçik köşkün daimi alıcıları elə işsizlərdir. “Bəzən saatlarla buralara gələn olmur” – deyən müsahibim əlavə etdi ki, belə vaxtlarda “iş” yoldaşlarıyla kart və ya domino oynayırlar. Elə ki uzun fasilədən sonra fəhlə, ucuz usta axtaran müştəri gəldi, işsizlər hətta onun əlverişsiz zəhmət haqqı təklifi ilə də razılaşmağa məcbur olurlar. Onlar arasında ali savadlılar da var. Bir neçəsi hətta vaxtilə öz ixtisaslarına uyğun olan yaxşı şirkətlərdə çalışıblar. Lakin müxtəlif səbəblər üzündən iş yerlərini itirməyə məcbur olublar. Artıq burda hamı bir-birini yaxşı tanıyır. Rəqib olsalar da, bəziləri hətta münasibətlərini doğmalaşdırıblar. Odur ki, əraziyə müştəri gələndə bir-birlərinə iş ötürməyi unutmurlar. Bu məkanın bazarının ən “gənc” sakini 1 ildir burada müştəri axtarır. Onlar arasında işsizliyi özünə dərd edənlər, tez-tez içki içənlər də var. “İş” vaxtı spirtli içki içmələri səbəbindən bəzi müştərilərin yaxşı münasibət bəsləmədiyi bu insanlardan bir neçəsi əslində bir vaxtlar yaxşı usta, bəziləri ali savadlı kadr olublar, indi isə ... ucuz fəhlələrdir. Hər cür ağır iş şərtlərinə və şəraitinə uyğun günəmuzd əməyə hazır olan, axşamlar ailələri, övladları üçün bir tikə çörək alıb aparmağa çalışan naəlac, işsiz insanlar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR