• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Yes gır astvaserm”- Əsiri ölümdən qurtaran sözün sirri və ya keşiş niyə döyüldü

“Yes gır astvaserm”- Əsiri ölümdən qurtaran sözün sirri və ya keşiş niyə döyüldü

Əbdüləzim Məmmədov 1991-ci ilin noyabrında Milli Ordu sıralarında qulluq etməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş birinci batalyon Şuşaya göndərilən gündən o, bütün hərbi əməliyyatlarda iştirak edib. Əbdüləzim Məmmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış Fərhad Atakişiyevlə birlikdə posta çıxıb.

Hər şey də həmin vaxtdan başlayıb. Özünün dediyinə görə, hərbçilərimiz strateji cəhətdən o qədər də etibarlı olmayan təkqat kərpiclə tikilmiş postda dayanıblar. Publika.az 65 gün əsirlik həyatı yaşamış Əbdüləzim Məmmədovun acı xatirələrini təqdim edir:

“Postumuza tank mərmisi ilə atəş açdılar”

Dekabrın 28-i günü axşam posta çıxmışdıq. Həmin yerdə ermənilərlə bizim aramızdakı məsafə cəmi bir neçə metr idi. Divarın o biri tərəfində düşmən dayanırdı. Elə yerlər vardı, məsafəmiz hətta cəmi 9-10 metr olardı. Onlar projektorla bizim müşahidə yerimizi çox gözəl görə, izləyə bilirdilər. Çünki mövqeləri bizimkindən yuxarıda idi, hündürdə dayanmışdılar.

Birdən postumuza tankın mərmisi ilə atəş açdılar. Kərpiclər, daşlar başımıza töküldü, başımdan yaralandım. Elə oradaca huşumu itirdim. Neçə saat keçdiyini bilmirəm. Atışma başladı və dekabrın 29-u günortaya qədər davam etdi. Həmin gün günorta idi, artıq sursatımız tükənmişdi. Saat təxminən 13 radələrində yerli sakinlərdən biri, Ziyəddin adlı oğlan düşmənin əlinə keçməmək üçün özünü güllələdi. Ona silahı mən vermişdim. Sığındığımız evin içinə qumbara atdılar, ayağımdan və qarnımdan yaralandım, huşumu itirdim”.

Sonradan nələrin baş verdiyindən xəbəri olmayan döyüşçü gözlərini açanda özünü yük maşınında görüb: “Döyüşçü yoldaşlarımın sözlərinə görə, bizim sursatımız qurtarıb. Əsgərlərimizdən çoxları yaralanıb əsir düşdükdə iki erməni əsgəri məni sığındığımız evin içindən sürüyə-sürüyə çölə çıxarıb. Gətirib böyük yük maşının içinə atıblar. Bir də məni “Samosvalt”dan yerə atanda oyandım. Başım yerdə nəyəsə dəyib əzildi. Gördüm bizi böyük bir təcridxanaya gətiriblər. Çoxlu qan itirmişdim. Hamımızı tamamilə soyundurdular. Hamımız üşüyürdük. Bizə işgəncə verməyə başladılar. Əvvəlcə itlərlə qovdular. Yeriməyə taqətim olmadığından hərəkətsiz qalmışdım, amma əsgər yoldaşlarımın başına hansı müsibətlərin gətirildiyini görürdüm. Gündə 4-5 dəfə döyürdülər. Bilirsiniz ki, atışmada bizimkilər də onların əsgərlərini öldürürdü. Öldürülən düşmən əsgərlərinin qohumları gəlib bizi vəhşicəsinə döyür, işgəncə verir, bununla ölənlərinin hayıfını çıxırdılar. Döyülmədiyimiz günü bayram hesab edirdik. 65 günlük əsir həyatım işgəncələrlə keçdi”.

“Ağzımdakı qızıl dişlərin hamısını çıxardılar”

Əbdüləzim Məmmədovun sözlərinə görə, düşmənə əsir düşmələrindən sonra onların əzablı günləri başlayıb: “Məni ata qoşub sürüyür, itlərlə qovurdular. Onlar bizim düşmənə qarşı necə amansız olmağımızdan xəbərdar idilər. Kimsə şəxsi işimizi onlara çatdırmışdı. Hansı əməliyyatlarda iştirak etdiyimizi üzümüzə deyirdilər. Odur ki, bizə vəhşi kimi işgəncə verirdilər.

Dekabrın 29-da əsir düşəndə ağzımda dörd qızıl dişim vardı. Ermənilər onun ikisini paslanmış kəlbətinlə dartıb çıxardılar. Ağrılara dözə bilmirdim. Sonra iki qızıl dişimi də iplə dartıb çıxardılar. İki erməni əsgəri mənim qızıl dişlərimin üstündə dava salmışdı. Biri deyirdi ki, o dişləri mən sökəcəm, o biri də deyirdi ki, yox, dişlərin dördü də mənimdir. Dişlərimi çıxarıb satdılar”.

Əsirlik həyatında qeyri-insani rəftarla üzləşən döyüşçülərimiz günlərlə ac-susuz qalmalı olublar: “Bizə bir neçə gün yeməyə heç nə vermədilər. Hamımızı həbsxana kameralarına salıb, günlərlə ac, susuz saxladılar. Sonradan “insaf”a gəldilər. Qaynadılmış suyun içinə 4-5 ədəd vermişel töküb, onu yemək kimi verirdilər. Özü də minnətlə. Bir də qaynadılmamış su. Özü də soyuq halda. Deyirdilər ki, yeyin, için, haramınız olsun. Cavab verdim ki, Azərbaycanın çörəyi ilə dolanan sizsiniz, biz yox. Əgər məni Azərbaycandakı hansısa erməni əsiri ilə dəyişmək istəməsəydilər, bu sözlərimə görə elə orda öldürərdilər. Odur ki, elə vururdular ki, ölməyim.

Əbdüləzim Məmmədov dəfələrlə ölümünü gözünün qarşısına gətirib: “Əsirlik həyatı ilə bağlı ağır məqamlar, ölümə hazırlaşdığım, əcəlimi gözlədiyim anlar çox olub. Bir dəfə vəhşi kimi döyüb qolumu sındırdılar. Başımın ortasından necə vurdularsa, huşumu itirdim. Sonrakı işgəncələrdən xəbərim olmadı. Hər gün kameraya girib işgəncə verirdilər”.

“Erməni keşişini öz əsgərləri döydü”

Ermənilər döyüşçülərimizi mülki vətəndaşların qarşısında da təhqir edirdilər: “Bir dəfə məni və döyüşçü yoldaşım Arif İsmayılovu İrəvana gətirdilər. Yeri gəlmişkən, ali təhsilimi orda almışdım deyə, həmin yerləri, o cümlədən İrəvanı çox yaxşı tanıyıram. Bizi “Mail Hayastan” – ana vətən adlandırdıqları yerə gətirib, əlində qılınc tutmuş heykəlin yanında, dağın döşündə təhqir etməyə başladılar. Erməni keşişinin göstərişi ilə qollarımızı xaça bağlamışdılar. Ətrafımıza xeyli erməni toplaşmışdı. Keşiş bizi sakinlərə göstərib deyirdi ki, baxın, bunlar türkdür. Onlar bizim cavanlarımızı öldürüblər, yandırıblar. Bununla yalan təbliğatlarını aparır, onlarda bizə qarşı nifrət oyadırdılar. Guya ki, biz bunların uşaqlarını, qadınlarını yandırmışıq. Halbuki heç vaxt qadına, uşağa güllə atmamışdıq.

Sakinlər bizi daşqalaq etməyə başladılar. Soruşdum ki, niyə daş atırsınız, vurursunuz? Keşiş bunu eşidəndə ermənilərə dedi ki, sakit durun görək, bu nə istəyir? Erməni dilində dedim ki, əgər doğrusunu bilmək istəyirsinizsə, biz sizin allahınızıq.

“Yes gır astvaserm” – mən sizin Allahınız sayılıram. Bizi döyməməlisiniz, əksinə, itaət etməlisiniz. Axı siz bizi xaça bağlamısınız. Xaç isə sizin dininizdə müqəddəs sayılır. Bunu deyəndən sonra keşiş tapşırdı ki, qollarımızı xaçdan açsınlar. Təəccübləndilər ki, buna bax, özünü bizim Allahımız hesab edir. Ermənilər öz səhvlərini başa düşmüşdülər. Yeri gəlmişkən, İrəvanda dərc olunan qəzetdə sonralar bu olayla bağlı məqalə işıq üzü gördü. Yazmışdılar ki, derder – keşiş “kafir”i, yəni bizi xaça bağlamaqla xaçı murdarlayıb. Onlara “mən sizin Allahınızam” dediyimə görə məni elə döydülər ki, gözlərimi açanda özümü Ağdamın məscidində, özümüzünkülərin əhatəsində gördüm. Özü də bir neçə gün sonra. Erməni keşişini isə öz əsgərləri döymüşdü”.

“Qızlar damarlarına iynə vurub döyüşə girirdilər”

Onun sözlərinə görə, Livandan, İsraildən və digər xarici ölkələrdən gələn muzdlular asudə vaxtlarda erməni qadınları ilə əylənirdilər: “Bir dəfə bizi harasa aparırdılar. Xankəndidəki təcridxananın yanında böyük hovuz yerləşirdi. Erməni qadınları həmin hovuzdan evlərinə su daşıyırdılar. Mənim qollarımı bağlayıb vertolyotla İrəvana aparmağa hazırlaşırdılar. Bu vaxt gördük ki, yuxarıdan bir tank və PDM gəldi. Tank hovuzun yanında dayandı, əsgərlər düşdülər və erməni qızlarından bir neçəsini seçib harasa apardılar. Vertolyotdakı erməni pilotlarından soruşdum ki, onlar kim idi, niyə sizin qızlarınızı seçib harasa aparır? Cavab verdi ki, bu sənlik deyil.

Mən ermənicə yaxşı bilirəm. Bir qədər sonra vertolyotdakı iki ermənini bir-birləri ilə söhbət edərkən dinlədim. Onlardan biri o birinə dedi ki, Livandan gələn erməni muzdluları bizim qızlarımızı aparıb onlarla əylənir, kef edirlər. Biz isə kənardan durub baxırıq. Bax, ermənilər belə millətdir”.

Əbdüləzim Məmmədovun sözlərinə görə, Livandan, İsraildən, Suriyadan gəlib döyüşən muzdlular arasında qadınlar, qızlar da olub: “Elə qızlar vardı ki, boyları 2 metrdən çox idi. Onlar snayper qızlar idi. Hərdən bizi onlar da döyür, işgəncə verirdilər. Bir neçə dəfə gəlib təhqir etdilər. Aralarında Janna adlı yaşlı erməni snayperi vardı. Bir gün qızlara dedi ki, daha bəsdir bunlarla məzələndiniz, gedək. Livandan olan həmin qadın bizim əsgərlərə snayperlə atəş açsa da, əsirlərlə o qədər də qəddar davranmırdı. Bu qızlar döyüşdən əvvəl narkotik maddələr qəbul edir, bundan sonra səngərlərə girirdilər. Damarlarına iynə vurur, nəşə çəkirdilər.

Bir gün ermənilər məni döymək üçün kamerama gəldilər. Üzümdən, sifətimdən, başımdan zərbə endirəndə yerə yıxıldım. Əzilməmək üçün döyənin ayağından yapışdım. Gördüm ki, altdan zirehli geyim geyinib. O, məni dizi ilə vurub kənara itələdi. Bunlar hər gün narkotik maddə qəbul edən qadınlar, xüsusi təlim görmüş muzdlu döyüşçülər idilər. Aralarında ruslar, zəncilər də vardı”.

Döyəndə dəfələrlə dəmir alətlərlə boynumun dalından, taxta ilə başımdan vururdular. Bir neçə dəfə huşumu itirdim. Bizi döyənlər arasında mülki adamlar da kifayət qədər çox idi.

Bir gün rus zabitlərindən biri kamerama girib dedi ki, afqaneç, sən burda can verəcəksən. Cavabında dedim: “Sənə nə? Bura mənim torpağımdır. Bəs sən kimin torpağında öləcəksən?” Rus zabiti ayağa qalxıb qarnıma təpik vurdu”.

Ermənilər əsirlərə işgəncə vermək üçün ən müxtəlif vasitələrdən və qəddar üsullardan istifadə ediblər: “Məni iki-üç dəfə dəyişməyə apardılar. Amma deyəsən, atışma şiddətləndi deyə, dəyişə bilmədilər. Çox əsəbiləşdilər. Buna görə atışmalardakı itkilərinin qisasını məndən alırdılar. Həbsxana kamerasına gətirib, yenidən işgəncə verməyə başladılar.

Bir dəfə gəlib dedilər ki, Allahverdi Bağırov sənin dəyişilməni istəyir. Amma növbəti dəfə atışma başladı deyə, proses yenə təxirə salındı. Bundan 3 gün sonra İrəvana apardılar. Hansı günlər idi, yadımda deyil. Çünki dəfələrlə başıma zərbələr endirmişdilər deyə günlərlə huşumu itirirdim. Ayılanda isə görürdüm ki, soyuqdan titrədirəm. Bircə onu bilirdim ki, qış fəslidir.

Bir neçə dəfə iynələrin içinə kerosin, ağ neft, habelə digər maddələr töküb, damarlarıma vururdular. Ermənilərdən biri deyirdi ki, elə edəcəm, sənin bədənin ömür boyu ağrısın, əzab çəkəsən”. İndi doğrudan da elədir, bədənim həmin vaxtdan indiyə qədər xəstədir”.

Onun sözlərinə görə, bəlkə də, yay fəsli olsaydı, həmin vaxtlar bu zərərli maddələr damarlarına tez yayılar, bir neçə gün sonra ölərdi: “Lakin qış olduğundan, üstəlik, bədənim donduğundan ölmədim. Artıq o qədər işgəncə vermişdilər ki, sümüklərimiz ağrılara dözümlü olmuşdu. Demək olar, bütün barmaqlarımı sındırmışdılar. Nefti qızdırıb boynuma tökürdülər. Artıq bu, mənə ağrı vermirdi. Çünki öyrəşmişdim. Bir neçə dəfə isə dırnaqlarımı qopardılar. Bunlar adi döyülmələr yox, işgəncələr idi”.

Növbəti döyülmələrdən birində başından ağır zərbə almış Əbdüləzim Məmmədov huşunu itirdiyindən sonradan başına hansı hadisələrin gəlməsindən xəbərsiz olub: “Bir dəfə yenə vəhşi kimi döydülər, sonra işgəncə verməyə başladılar. Ağrılardan və başımdan aldığım zərbələrdən huşumu itirdim. Elə biliblər ki, ölmüşəm. Məni tabuta qoyub, üstümə su töküblər, dondurub taxta qutunun içinə atıblar ki, hansısa erməni ilə dəyişsinlər. Elə döymüşdülər ki, qolum və ayağım sınmışdı. Bunu dostum Allahverdi Bağırovdan gizləmək üçün məni tabutun içində dəyişməyi qərara almışdılar. Heç sonradan da bilmədim ki, məni kiminlə dəyişiblər.

Bizimkilər mənimlə yanaşı əmim oğlu İsrail Məmmədovu da dəyişmək istəyirdilər. Yeri gəlmişkən, o, əsir düşəcəyimizi görüb, özünü vurdu. Lakin ölməmişdi, ağır yaralı idi. Amma ermənilər onun meyitinə nə etdilərsə, İsrailin nəşini tapmaq mümkün olmadı.

Milli Qəhrəman Allahverdi Bağırovun dəfələrlə səyindən sonra məni tabutda dəyişiblər. Özümdə olmamışam deyə, məni hara, necə gətirdiklərini bilməmişəm. Gətiriblər Ağdam məscidinə ki, yuyub dəfn etsinlər. 11 gün tabutda dondurulmuş vəziyyətdə qalmışam. Üstümə su töküb, donumu açmaq, buzumu əritmək istəyiblər. Lakin Allahverdi Bağırov buna icazə verməyib. Mollaya tapşırıb ki, qoy onun donu özü açılsın, su ilə açmayın. Belə də olub”.

Əbdüləzim Məmmədov ölüm yuxusundan bir də Ağdamda ayılıb: “11 gün sonra Ağdam məscidində məni yuyublar. Yuyulan zaman başımmı, yoxsa boynummu tərpənib, bilmirəm, başa düşüblər ki, ölməmişəm. Meyitimi yuyan, kəfənləmək istəyən şəxs deyib ki, bu sağdır, ölməyib. Bundan sonra mənə tibbi yardım göstəriblər ki, ölməyim. Allahverdi Bağırovun tapşırığı ilə sağ qalmağım üçün hər şeyi ediblər. Bir qədər keçdikdən sonra xəstəxanaya göndərildim. Müalicəmi orda davam etdirdim. 1995-ci ildə ölkə başçısı, ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olundum”.