• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməni dilində danışıq, iki dəfə həbs, ali təhsilli ustalar - FOTOLAR

Erməni dilində danışıq, iki dəfə həbs, ali təhsilli ustalar - FOTOLAR

1953-cü ildə Qərbi Azərbaycandan respublikamıza köçmüş və hazırda Göyçayda yaşayan Kərimovlar ailəsinin maraqlı, yalnız son illər pozulan ənənəsi var. Bu ailənin başçısı və onun dörd övladı ayaqqabı ustasıdır. Onlardan biri sifarişləri qəbul edir, ayaqqabını tikir, digəri qəlibə salır, bir başqası yapışdırır. 68 ildir bu sənətdə çalışan 85 yaşlı Fərman Kərimov və onun dörd övladı tikdikləri ayaqqabıların keyfiyyətinə, onun gec sıradan çıxacağına təminat da verirlər.

Publika.az Kərimovlar ailəsi ilə bağlı yazını təqdim edir.

“17 yaşımda sənət öyrənməyə başladım”

Fərman Kərimov deyir ki, sənətə gəlməsinə səbəb uşaq yaşlarından atasız qalması, sənətdə qalmasına səbəb isə əvvəllər qazancının yaxşı olması imiş: “1930-cu ildə anadan olmuşam. Atamı avtomobil vurdu, dünyasını vaxtsız dəyişdi. Ailədə üç qardaş, bir bacı idik. Yetim qaldıq. Yaxşı ki, İrəvanda iki evimiz vardı. Onlardan birini kirayə verdik. Göy öskürək xəstəliyinə yoluxduğumdan məktəbdə dedilər ki, bu şagirdə dərsə gəlmək olmaz, şagirdlərə xəstəlik yoluxdurar. Ona görə bir il məktəbə getmədim. Bir il sonra dərsə gedəndə başa düşdüm ki, özümdən yaşca balacalarla oxuyacam. Anama etiraz edərək dedim ki, mən bu sinifdə oxumayacam. Beləcə oxumaqdan imtina etdim.

İrəvandakı evimizdə erməni ailəsi kirayədə qalırdı. Manuk adlı həmin şəxs Türkiyədən köçüb gəlmişdi. Ayaqqabı ustası idi. Əvvəllər dərsə hər gün Manukun işlədiyi yerdən keçib-gedirdim. Bir gün anama dedim ki, mən ayaqqabı ustası olmaq, bu sənəti öyrənmək istəyirəm. Anam istəyimlə razılaşdı. Dedi əvvəl-axır hansısa sənəti öyrənməlisən. O vaxt belə bir qanun qüvvədəydi. Kimin atası müharibədə ölmüşdü, ümumiyyətlə dünyasını dəyişmişdisə, həmin yeniyetmələri növbəsiz işə götürürdülər. Biz yetim uşaqlar idik. Getdim Manukun yanına, onun işinə baxa-baxa sənət öyrənməyə başladım. Tədricən pinəçiliyin bütün sirlərinə bələd oldum. Onda 17 yaşım vardı, 18-ə yenicə keçmişdim.

Daha sonra məni başqa yerdə - məişət evində işə götürdülər. Onu da bizim azərbaycanlıların tapşırığı ilə. Soydaşlarımızdan biri İrəvanda yaxşı vəzifədə çalışırdı. Məişət evində 12 nəfər işçi çalışırdı. Ustalardan birinin adı Xosrov idi. İrandan gəlmiş ermənilərdən idi. Mənə o, rəhbərlik edirdi. İşə gələn gün soruşdular ki, adın nədir? Cavab verdim Fərman. Lakin ermənilər f hərfini tələffüz edə bilmirlər deyə, məni Telman çağırmağa başladılar. Həmin gündən adım Telman qaldı. Yeri gəlmişkən, elə indi də rayonda hamı məni bu adla çağırır. Ermənicə bilirəm deyə, sənəti tez qavradım”.

“...vəzifəmi böyüdüb məni sex rəisi də etdilər”

Onun sözlərinə görə, sənətdə ucaldığı vaxtlar da çox olub. Hətta vəzifəsi də varmış: “1947-ci ildən 1953-cü ilə qədər İrəvanda əvvəlcə ayaqqabı ustasının köməkçisi, sonra isə usta işlədim. 1953-cü ildə ailəliklə Azərbaycana köçməli olduq. Əvvəlcə Ucar- Göyçay yolunda yerləşən sexdə usta işlədim. Hətta sonralar vəzifəmi böyüdüb məni sex rəisi də etdilər. Həmin obyekti mən işlədirdim. Sonra sexdə yanğın oldu. Artıq 68 ildir bu sənətdəyəm.

Əvvəllər müştərilərimin sayı-hesabı yox idi deyə sifarişlər də çox idi. Gündəlik qazancım da yaxşı idi. Amma indi belə deyil. Təəssüf ki, indi iş, sifariş əvvəlki illərlə müqayisədə çox azdır.

Bütün bunlara baxmayaraq, övladlarımla birlikdə sənəti davam etdirirəm. Onlar mənə çox kömək edirlər. Digər övladım Ceyhun ali təhsil alaraq bir neçə il əvvəl stomatoloq ixtisasına yiyələndi. Əvvəlcə Qəbələdə həkim işlədi. Sonra işini burada – Göyçayda davam etdirdi. Bir müddət rayonumuzda ixtisası üzrə çalışdı. Amma sonra obyektiv və subyektiv səbəblər üzündən sənətindən uzaqlaşmalı oldu. Bir gün Ceyhun dedi ki, ata, mən də bu sənəti öyrənmək, sənin yolunu davam etdirmək istəyirəm. Stomatoloq sənətindən birdəfəlik imtina edirəm. Beləcə, yavaş-yavaş ayaqqabı tikməyə, sənətin sirlərinə yiyələnməyə başladı”.

Əvvəllər həkim olmuş Ceyhun da indi yaxşı ayaqqabı ustasıdır. Həmin vaxtlardan etibarən atasının yolunu davam etdirməyə başlayıb: “Digər oğlum Ayaz elə yeniyetmə yaşlarından ayaqqabıların üzünü tikməyə girişdi. Bir müddət sonra sənətin sirlərini tamamilə öyrəndi. Kiçik oğlum Samir əvvəllər hərbçi olmaq istəyirdi. Ali təhsil almaq üçün hərbi akademiyaya daxil oldu. Təhsilini bitirdikdən sonra onu Tərtər rayonuna göndərdilər. Üç il burada çalışdı. Amma sonra hərbi xidmət keçdiyi yerdə bir sıra problemlər ortaya çıxdı. Buna görə də rayonumuza qayıtdı. İndi Samir də mənim yolumu davam etdirir, ayaqqabı tikir”.

“Ayaqqabı dərisini ondan aldığım üçün məni də həbs etdilər”

Qocaman ustanın yalnız bir övladı bu sənətdən ayrıdır. O, 8 ildir Səudiyyə Ərəbistanında həkim-terapevt işləyir. Fərman Kərimov satdıqları ayaqqabıların uzunömürlü olmasının sirrini açıqladı: “Bizim tikdiyimiz ayaqqabıların hər bir hissəsi keyfiyyətli məhsullardan hazırlanır. Ona görə də uzunömürlü olur. 68 ildir çalışdığım bu sənət mənə həm də məhrumiyyətlər, çətinliklər yaşadıb. Ayaqqabı dərisi üstündə başıma çox işlər gəlib. Bir gün mənə ayaqqabı üçün dəri gətirdilər. O vaxt bununla bağlı hansısa idarədə yoxlama apardılar. Həmin adamı tutdular. Dərini ondan aldığım üçün məni də həbs etdilər. İki nəfərlik həbsxana kamerasına salındım. Orda Aşot adlı biri vardı. Həmin şəxs də ayaqqabı üstündə həbs olunmuşdu. Bir gün məndən soruşdu ki, adın Telmandır, dedim hə. 28 gün sonra mənə “peredaça” göndərdilər. Soruşdular ki, azərbaycanlı Telman kimdir? Cavab verdim mən. Aşot təəccübəndi ki, bəyəm sən türksən? Dedim hə. Cavab verdi ki, ermənicə sərbəst danışığından bizimkilərdən heç fərqlənmirsən. Orda 3 il həbsxana həyatı yaşadım”.

Sənət Fərman Kərimovu həm də ağır sınaqlara çəkib. Özü də düz iki dəfə: “Bir neçə il sonra Bakıda da həbs olundum. 1982-ci ildə gətirib ayaqqabı dərisi satdılar. Bütün ustalar kimi mən də aldım. Sonradan onları həbs etdilər. Həmin şəxslər istintaqa ifadə verəndə demişdilər ki, dəriləri Göyçay Univermağındakı “Quzubala” ləqəbli adama vermişik. O isə həmin dəriləri mənə satmışdı. Bunlar həbs olundular deyə mən də 1 il həbsxana həyatı yaşamalı oldum. Həbsxanadan çıxanda soruşdular ki, Telman, yenə ayaqqabı tikəcəksən? Zarafatla cavab verdim ki, yox, tikməyəcəm. Özü də bundan sonra ayaqqabı deyil, qaloş geyinəcəm. Bax, sovet rejimi dövründə belə bir rejim vardı”.

Müsahibimin sözlərinə görə, indi bu sənətə maraq get-gedə azalır. Çünki ucuz və keyfiyyətsiz ayaqqabıları gətirib satırlar deyə heç kim ayaqqabı almaq istəmir. Buna görə müştərilərin də sıraları seyrəlir. Əvvəllər qazanc yaxşı olsa da, indi elə günlər olur ki, heç ayaqqabıların qiymətini soruşan da olmur.

“Politexnik İnstitutunu bitirsəm də, ayaqqabı ustası oldum”

Fərman Kərimovun oğlu Elçin Kərimov da bir neçə il əvvəl ali təhsil alıb. Amma qardaşları kimi o da ayaqqabı ustası olmağa qərar verib. Neçə ildir atasının yolunu davam etdirən Elçin 15 il əvvəlki addımından peşman deyil: “1990-cı ildən bu sənətdəyəm. Artıq 15 ildir ayaqqabı ustası kimi çalışıram. Ötən əsrin 80-ci illərinin sonlarında o zamankı Politexnik İnstitutunu bitirib, Bakıda bir müddət öz ixtisasım üzrə çalışdım. Amma sonra yenidən rayonumuza qayıtdım və ayaqqabı ustası işləməyə qərar verdim. Başqa sahə üzrə ali savad alsam da, sonralar bu sənəti öyrənməyim çətin olmadı. Qeyd edim ki, uşaq yaşlarımdan da pinəçilyin sirlərinə bələd idim. Çünki hələ körpə yaşlarımdan ayaqqabı dəriləri üzərində iməkləmişəm, ayaq açmışdım. Rayonumuzdakı sənətkarların demək olar, hamısı atamın şagirdləridir. Onların çoxu pinəçi yox, ayaqqabı tikəndir. Ayaqqabı tikən təzə ayaqqabı tikir, amma pinəçilər həm tikir, həm də sökülmüş ayaqqabıları təmir edilər, onun altlığını dəyişirlər”.

Kərimovlar ailəsi həm ayaqqabı tikir, həm də təmir işi ilə çörəkpulu qazanırlar: “Sənətə yenicə gələndə tez-tez barmaqlarımı, dırnaqlarımı zədələyirdim. İynə gah əlimə batırdı, gah barmağıma çəkic dəyirdi. Amma bu da çox çəkmədi. Tədricən hər şeyi öyrəndim”.

“Bir neçə dəfə çaşıb, birinin ayaqqabısını başqasına vermişik”

Çexiya istehsalı olan “Minerva” maşını təmir üçün ustaların işinə yarayır: “Əvvəllər rayonumuzda Məişət Evinin ayaqqabı tikən bölməsi - “zakazotdel” vardı. Sonralar xaricdən ayaqqabılar idxal olundu deyə, onun işçiləri bu sahədən uzaqlaşdılar. Ali təhsil aldığım əvvəlki ixtisasımı bir kənara qoyub bu sənətə gəlməyimə peşman deyiləm. Çünki ailəm dolanır, ruzim var. Hər gün Allaha şükür etmək lazımdır. Hər gün 5-6 ayaqqabı təmir edirəm. Əsas işim təmirlə bağlıdır. Bu, həm də mövsümi işdir. Məsələn, qışda sifarişlərimiz çox olur. Hamı çalışır ki, ayağı su keçirməsin, islanmasın. Ancaq yayda hamı sərinləşdirici, yüngül rezin ayaqqabılar geyinir”.

Kərimovlar ailəsinin müştəriləri əsasən rayonun kəndlərindən olan sakinlərdir. Çünki kənd yerlərində asfalt yollar az olduğundan sakinlərə uzunömürlü, davamlı, keyfiyyətli ayaqqabılar lazım olur: “İş vaxtımız günortaya qədərdir. Çünki günorta saat 13-14-də bazar bağlandığından hamı çıxıb gedir. Müştəri də olmur. Buna görə işimizi evimizdə davam etdiririk.

Çalışırıq ki, təmir etdiyimiz ayaqqabılar gec sıradan çıxsın. Bu, onu geyinənlərdən də asılıdır. Təmir üçün lazım olan yapışdırıcı maye “kley”, habelə altlıqlar, rezinlər, iplər Türkiyə və İrandan gətirilir. Bunları öz hesabımıza alırıq. Ayaqqabıların uzunömürlü olması üçün lazım olan əsas şey yapışdırıcının tərkibinin keyfiyyətidir. Türkiyə məhsulu olan altlıqlar daha keyfiyyətli və uzunömürlü olur. Onların qiyməti 5-6 manatdır. Altlıqları da öz hesabımıza gətizdiririk. Bu cür məhsullar yumşaq olur. Amma Çin istehsalı olan ayaqqabı altlıqları bərk, həm də keyfiyyətsiz olur. Ona görə də tez sıradan çıxır. Biz Çin yox, Türkiyə məhsullarından istifadə edirik. Mal, keçi dərilərindən istifadə edirik. Ayaqqabının tikilməsi 20 manata başa gəlir. Uzunboğaz çəkmələr isə 40 manata başa gəlir. Çoxları bu məbləğin çox olduğunu iddia edir. Amma düşünmürlər ki, bunun altlığı, rezini, dərisi, mismarı, “zamok”u, ipi, yapışdırıcısı və sonda çəkdiyimiz ağır zəhmətin haqqı var. Ayaqqabının qopmuş altlığının tikilməsinin zəhmət haqqı 2 manatdır. Qazancımdan razıyam, Allaha şükürlər olsun, dolanırıq”.

Arxada qalmış 15 ildə başına gələn maraqlı, məzəli məqamlardan danışan Fərman kişi deyir ki, bir neçə dəfə çaşıb, birinin ayaqqabısını başqasına verib.

“Sonradan qərara gəldik ki, ayaqqabıları dəyişik salmamaq üçün hər kəsin adını ayaqqabısının üstünə yazaq”.

Anar Tağıyev