Novruz süfrəsi neçəyə başa gəlir? - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Novruz süfrəsi neçəyə başa gəlir? - FOTOREPORTAJ

Novruz bayramına sayılı günlərin qaldığı, sonuncu çərşənbənin qapıda olduğu bir vaxtda bütün ailələrdə əziz bayrama hazırlıq gedir. Milli bayram olan Novruzda hər kəs qazanının qaynamasına, süfrəsinin boş qalmamasına çalışır.

Bəs bir ailənin orta səviyyəli bayram süfrəsi bəzəməsi neçəyə başa gələcək?

Bunu araşdırmaq və yerindəcə hesablamaq üçün üz tutduq bazar və yarmarkalara.

Hər il olduğu kimi, bu il də satıcılar bayramı fürsət bilib, qiymətlərdə bəzi dəyişiklik etmişdilər. Əvvəlcə paytaxtın ən ucuz “8-ci kilometr” bazarına baş çəkdik. Elə ucuzluğunu nəzərə alan alıcılar da seçimi məhz bu bazardan etmişdilər. Ona görə də bazarda xeyli qələbəlik idi. Bazarda şabalıd 4, ərik 5-7, kişmiş 5, qabıqlı qoz 7, fındıq 6, ləpə qoz 12-15, fındıq 8-10, iydə 4, innab 4-5, badam 11-12, püstə 10-15 manatdır. Meyvələrdə də vəziyyət pis deyildi. Alma 1-2 manat (50 qəpiyə də tapmaq olardı), armud 2-3, portağal 2.50 manat, naringi 3, kivi 2-3, üzüm 2, qreyfurt 4, ananas 4-5, heyva 2 manat idi. Səməni 1-2 manat, həcmi daha böyük olanlar 5-6 manat idi, bayram xonçasının bəzəyi olan şamlar 50 qəpikdən, 1 manata qədər idi. Əlbəttə, daha ucuz qiymətə də məhsul tapmaq mümkün idi, amma onların keyfiyyəti ürəkaçan deyildi.

Bazar yaxınlığında yerləşən marketlərdə düyünün qiyməti 2 manat 50 qəpikdən başlanırdı. Bu marketlərdə qoz, fındıq və digər çərəzlərin qiymətində bazarla müqayisədə 20-50 qəpik arasında fərq hiss olunurdu.

Digər bazarlara nisbətən burada qiymətlərin ucuzluğunu görən alıcılar da razılıq edirdilər. “8-ci kilometr” bazarından fərqli olaraq, “Nəsimi” bazarında qiymətlər ceyran belində idi. Bayram bazarlığını buradan etmək istəyənlər alma, portağalın kilosunu 3 manatdan, narı 4, heyvanı 3, yerli armudu 6, xaricini 3 manat, üzüm və naringini 2-3, ananası 6-7 manatdan ala bilərlər. Çərəzlərə gəldikdə qoz və fındıq ləpəsi 15, xurma 7, kişmiş 6, şabalıd 7-10, badam 12-14, innab, iydə 5, qaysı qurusu 8 manat idi. Səməni böyüklüyündən asılı olaraq 2-10 manat arası dəyişirdi. Əlbəttə, sadaladığımız məhsulların bəzilərinin daha yüksək qiymətə olanları da var idi. Qiymətlərin digər bazarlardan nə üçün baha olmasına gəldikdə, satıcılar mallarının seçmə olması ilə əlaqələndirdilər.

Rüstəm adlı satıcı məhsulların qiymətinin baha olmasını etiraf edir:

“Bizim malların hamısı seçmədir. Bir-bir seçirik ki, içində xarabı olmasın. Ona görə də baha satırıq. Keyfiyyətli, yaxşı mal almaq istəyən də bura gəlir. O biri bazarlarda, yarmarkalarda qiymətlərin daha ucuz olmasına aldanmasınlar, çünki onlar çox vaxt çəkidə aldadırlar. Hər alıcı da bazara tərəzi ilə gəlmir axı”.

Kənd toyuğu və yumurtası satan Esmira xanım bu il alıcının az olmasından şikayətlənir.

“Təmizlənmiş hazır toyuq 6 manat, yumurta 25-30 qəpikdir. Baha olduğuna baxmayın, təmiz maldır. Bura gələnlər də bilir ki, ancaq keyfiyyətli mal ala bilərlər. Amma nədənsə bu il gələn azdır. Sabah axır çərşənbədir, sabahı gözləyirik”.

Elə bayramqabağı bazarlarda qiymət artımını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il olduğu kimi, bu il də ənənəvi yarmarkalar təşkil edilib. Mart ayının 14-dən 19-dək təşkil olunan yarmarkalarda qiymətlərin bazarlardan 20-30% ucuz olacağı bildirildi. Elə kənd təsərrüfatı naziri Heydər Əsədov da yarmarkaların açılışında iştirak edib, əhalinin heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edə biləcəyinə söz vermişdi.

Əvvəlki illərdə olduğu kimi Xətai rayonu - Ukrayna dairəsinin yanı, Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə bazarın ərazisi, Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə Kollecinin arxası, Nərimanov rayonu - "Gənclik" metro stansiyasının yanı, Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12 və Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, "Elit" Ticarət Mərkəzinin yaxınlığında açılmış yarmarkalarla yanaşı, bu il əlavə olaraq Xətai rayonunda, Yasamal rayonunda ikinci yarmarkalar açılıb, Binəqədidə yarmarka yenilənib, Suraxanıda tam yenisi açılıb. Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq.

Nərimanov rayonu ərazisində yerləşən yarmarkada girişdə səməni və limonun qiyməti yarmarkadakı ucuzluqla bağlı fikirlərimizə təsir etdi. Belə ki, digər günlərdə və bazarlarda olduğu kimi, burada da limonun 4-ü bir manat idi. Ən kiçik səməni 1 manat, forması fərqli, ölçüsü böyük olanlar isə 6-8 manat idi. Yarmarkada kənd toyuğu 3-4 manat, yumurta 7 qəpik, alma 50 qəpikdən 3 manata qədər, naringi 2, portağal 3, ananas 6, banan 4, kivi 2, üzüm 1-2 manat idi. Nazirliyin rəsmi qiymət kağızlarında armudun kilosu 1 manat 20 - 1 manat 50 qəpik olsa da, satıcılar armudu 2 manatdan təklif edirdilər.

- Kağızda 1 manat 50 qəpik yazmısınız. Nə üçün 2 manata satırsınız?

- Mən 3 cür armud satıram, 1 manat, 1 manat 50 qəpik və 2 manat. Onları hesablayıb 3-ə böləndə 1 manat 50 qəpik edir.

Amma satıcının bir manata təklif etdiyi armudun evə sağ-salamat çatması sübhə altında idi. Yarmarkada çərəzlərin də qiyməti bazarlardan fərqli deyildi. Məsələn, qoz ləpəsi 10-14 manata təklif olunurdu. 10 manata təklif olunan qoza yaxın duran yox idi. Satıcının ürək dərmanı deyə təriflədiyi ərik qurusu elə halda idi ki, onun yeyənin ürəyi sağalsa da, mədəsi xəstəlik tapa bilərdi. Şabalıd 4-7 manata təklif edilirdi. Amma 4 manatlıq şabalıdın içində qurdlar yuva salmışdı. Yarmarkada xurma 3, innab 3 manat 50 qəpik, kişmiş 6 manat, fıstıq 13, fındıq və badam 15 manat idi. Diri kənd toyuğu 3, kəsilmişi isə 3 manat 50 qəpiyə satılırdı. Yarmarka açılarkən mal əti 5, qoyun ətinin 5 manat 50 qəpik olacağı elan edilmişdi. Amma bu gün qiymətlər fərqli idi. Mal əti 5 manat 50 qəpik, qoyun əti 7 manat idi. Niyə belə baha, bəs ətin 5 manat olacağını demişdilər axı? Sualımız satıcılar tərəfindən cavabsız qalsa da, bunu eşidən bir alıcı “Səsinizi çıxartmayın, mən də onu soruşdum, az qala dava düşmüşdü”,- deyə cavab verdi.

Bazarda olduğumuz müddətdə elə alıcılarla satıcılar arasında əsas mübahisənin məhz qiymət fərqi ilə bağlı olduğunu müşahidə etdik.

Satıcı ilə mübahisə edən alıcılardan biri marketlərlə müqayisədə yarmarkada qiymətin ucuz olmadığını deyir.

“Bu yaxınlıqda market var, dünən portağalın kilosunu oradan 1 mant 20 qəpiyə almışam, yarmarkada 3 manata deyirlər. Bu, necə yarmarkadır axı? Ondansa, marketdən alarıq da”.

Sözlərini satıcı belə əsaslandırır:

“O, dünən idi, mən də dünən o qiymətə almışdım. Bu gün 2 manat 50 qəpiyə almışam, 3 manata da satıram”. Bu mübahisə alıcının yarım kilo portağal alması ilə nəticələnir.

Qeyd edək ki, yarmarkada qiymətlər nazirin açılış etdiyi gündən xeyli fərqli idi. Məsələn, ilk gündə 2 manata təklif edilən portağal, indi 3, 1 manat 50 qəpiklik heyva 2-3 manat, 1 manat 70 qəpiyə olan armud 2-3 manat idi. Satıcıların əksəriyyəti nazirlik tərəfindən müəyyən edilmiş qiyməti malların üzərinə vurmamışdılar.

Alıcılar da yarmarkada qiymətin iki gün əvvəllə müqayisədə dəyişdiyini deyirlər. Bu fərq qəpik yox, manatlarla hiss olunurdu. Onlar bu il təxminən 4 nəfərlik ailənin bayram xərci üçün 200 manat ayırdıqlarını, ancaq bunun kifayət etməyəcəyini deyirdilər.

Yarmarkanı gəzərkən özünü Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı kimi təqdim edən Murtuz Əkbərli ilə burada satılan ətin ucuz olmasının vətəndaşlarda şübhə yaratmasına aydınlıq gətirir. Ətin keyfiyyətinə zəmanət verdiklərini deyir. O, bütün ət və süd məhsullarının keyfiyyətinin yüksək səviyyədə olduğunu bildirdi.

Yarmarkadan çıxarkən nazirliyin əməkdaşı Savalan Seyfəddinoğluna alıcıların qiymətlərlə bağlı fikirlərini çatdırdıq. Nazirlik əməkdaşı satıcıların məqsədli şəkildə onların müəyyən etdiyi qiyməti məhsulların üzərinə vurmadıqlarını dedi:

“Ancaq bu yarmarka üçün 4 gündə 600 qiymət cədvəli hazırlamışam. Amma satıcılar onu vurmaq istəmir. Soruşanda gah deyirlər külək apardı, gah deyirlər cırılıb. Biz yenə də hazırlayıb veririk”.

S.Seyfəddinoğlu bildirdi ki, insanlar GMO-lu məhsullara yox, yerli mallara maraq göstərməlidir. İçinə qurd girmiş meyvə keyfiyyətlidir.

Ətin qiymətininilk gündən fərqli olmasına gəldikdə, o, bu iddianı qəbul etmədi. Bizimlə birlikdə həmin satış yerinə baş çəkdi. Elə nazirlik əməkdaşının yanındaca satıcılar bizə əvvəlki qiyməti təklif etdilər. Amma onun nazirlik işçisi olduğunu anlayanda dediklərini inkar edib, əvvəldən müəyyən olunmuş qiyməti ətin üzərinə vurdular. Amma biz yarmarkanı gəzib geri dönərkən artıq kağızı “külək aparmışdı”. Belə anlaşıldı ki, yarmarkada normal qiymətə mal almaq istəyən ya nazirlik işçisi, ya da jurnalistlə gəzməlidir.

Bir sözlə, yarmarka və bazarlarda orta qiymətə əsasən 4 nəfərlik bir ailənin Novruz süfrəsi bəzəməsi üçün 150-200 manat lazımdır.

Biz qiymətləri təqdim etdik, indi seçim öz ixtiyarınızdadır.

Gülxar Şərif

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm