• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Metroda “pul udan” aparatlar - PROBLEM

Metroda “pul udan” aparatlar - PROBLEM

Bakı Metropoliteninin bəzi stansiyalarında post-terminallarda müəyyən problemlər yaşanır.

Sərnişinlərin Publika.az-a verdiyi məlumata görə, post-terminallar əksər hallarda ya xırda pulu (qəpik), ya da kağız əsginasları qəbul etmir. Nəticədə post terminalların qarşısında uzun növbələr yaranır.

Ötən gün isə əməkdaşımız “Dərnəgül” stansiyasının girişində qoyulmuş ikinci post terminaldakı nasazlığa görə bir saata yaxın ləngiyib. Belə ki, axşam saat 18:50 radələrində metroya düşən əməkdaşımız kartı yükləmək üçün post terminala bir manat kağız əsginas salıb. Əsginası qəbul edən terminal sönüb, nə ödənişi yükləyib, nə də çek verib. Stansiya əməkdaşları isə terminalın “udduğu” pulu qaytarmaqdan və karta yükləməkdən imtina ediblər. Uzun mübahisədən sonra işə stansiya rəisi qarışıb. Metropolitenin server idarəsi ilə əlaqə saxlayan stansiya rəisinə bir manatın terminala qəbul olunduğu təsdiq olunub. Eyni zamanda, ona bildirilib ki, müştəri bir manatını almaq üçün “Cəfər Cabbarlı” stansiyasına getməli və kart analiz şöbəsinə müraciət etməlidir. Orada aparılan araşdırmadan sonra sərnişinin bir manatı özünə qaytarıla bilər. Belə çıxır ki, sərnişin 1 manatını “qaytarmaq” üçün 40 qəpik xərcləyərək (əlavə xərc çəkib “Cəfər Cabbarlı” stansiyasına getmək və qayıtmaq) vaxt itirməlidir...

Post terminalların vəziyyətinə gəlincə, stansiyadan bildirilib ki, artıq bir neçə gündür həmin terminal texniki nasazlığa görə, öz-özünə yanıb-sönür. Bununla belə, terminalın üzərinə onun nasazlığı ilə bağlı heç bir bildiriş vurulmur. Stansiyadan bildiriblər ki, onlar bu barədə texniki idarəyə məlumat veriblər. Hətta məlumat verilməsə də, onlar oturduqları otaqdan terminallardakı vəziyyəti görə bilirlər. Terminalı düzəltmək də, üzərinə nasaz olması barədə bildiriş vurmaq da onların səlahiyyətindədir.

Stansiyadan əməkdaşımıza tezliklə mühəndis çağırılaraq post terminaldakı nasazlığın aradan qaldırılacağını bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR