Paltar sərmək qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Paltar sərmək qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına yeni elanlar vurulub. Elanda qeyd olunur ki, binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulması, paltar asılması qadağandır.

Eyvanlara paltar asılması, əlavə əşyaların qoyulması və ya formasının dəyişdirilməsi ilə bağlı qadağa Sovet dövründə də olub. Həmin dövrdə bu qadağaya hər kəs əməl edirdi. Tədricən bu ənənə dəyişdi. İndi forması dəyişdirilməyən, paltar asılmayan eyvan tapmaq mümkün deyil. İllər əvvəl tətbiq edilən qadağa unudulub, bəzi binalarda eyvanlar otağa çevrilib. Bu, yalnız binanın ümumi görünüşünə xələl gətirmir, həm də tikintidə qayda və normaların pozulması deməkdir.

Ümumiyyətlə, görünməsi heç də münasib hesab edilməyən paltarların eyvanları “bəzəməsi” heç də yaxşı hal deyil.

Üstəlik, bu qadağa xarici ölkələrin əksəriyyətində illərdir mövcuddur. Qərb ölkələrində bu qadağaya alternativ olaraq binalarda camaşırxanalar yaradılıb. Türkiyədə, Rusiyada isə paltarların eyvanın görünməyən hissəsinə asılması tövsiyə edilir.

Bəs bizdə qadağanın yenidən gündəmə gəlməsinin səbəbi nədir? Bunun üçün alternativ hansı imkan yaradılacaq? Çünki eyvanlara paltar asılması nə qədər xoş mənzərə olmasa da, insanlara alternativ yol da təklif edilməlidir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Publika.az-a açıqlamasında bildirib ki, qadağa Birinci Avropa Oyunları ilə əlaqədardır:

“Bu ənənə Sovet dövründə də var idi, müəyyən müddət sonra insanlar eyvanları istədikləri kimi dəyişməyə, paltarlar asmağa başladılar. Bu heç də yaxşı hal deyil. Paytaxta gələcək qonaqların belə mənzərə ilə qarşılaşması nə qədər düzgündür? Bunu nəzərə alıb, qadağanı yenidən gündəmə gətirdik. Sovet dövründə yalnız paytaxtda deyil, bölgələrdə də bu qadağa var idi. İndi də ölkəmizə yüzlərlə qonaq gələcəyini nəzərə alaraq paytaxtın mərkəzi hissələrində binaların girişinə bu tövsiyələr vurulub. Hesab edirik ki, oyunlar ərəfəsində eyvanlara paltar asılması ilə bağlı qadağanı tətbiq etmək vacibdir. Xüsusən mərkəzi hissələrdə, qonaqların gəliş-gediş yerlərində bu qadağa tətbiq ediləcək, kənar rayonlara da tövsiyə edilib. Həmçinin paltarları eyvanın görünməyən hissəsində asa bilərlər. İki eyvanı olanlar paltarı həyətə baxan eyvana asa bilər, yaxud da həyətdə asmaq mümkündür. İmkan daxilində paltarı elə asmaq lazımdır ki, bu, zövqsüz alınmasın. Hər bir azərbaycanlı eyvanın yaraşıqlı olmasına çalışmalıdır. Hesab edirəm ki, bu məsələ oyunlardan sonra da qüvvədə qalacaq və daim nəzarət olunacaq. Bu qadağa yalnız bizdə deyil. Türkiyədə paltarların yuyulub, qurudulması üçün xüsusi otaq tikilir. Bizdə Sovet dövründə tikintilərdə bu məsələ nəzərə alınmayıb, yaxşı olar ki, müasir tikililərdə buna diqqət etsinlər”.

Bu qadağaya əməl etməyənlərə qarşı hansı addımın atılması barədə heç bir məlumat verilmir. Lakin İcra Hakimiyyətinin bu qadağa əvəzində bəzi təklifləri də var. N.Məmmədova paltar asmaq əvəzinə gözəl görüntü üçün gül əkməyi məsləhət görür:

“İsti fəsillərdə eyvanlara dibçəkdə gül qoymaq olar. Sovet dövründə eyvanlarda bu məqsədlə xüsusi dəmirdən yerlər hazırlanırdı”.

Memar Nəriman Əliyev Publika.az-a açıqlamasında bütün iri şəhərlərdə belə bir məhdudiyyətin olduğunu bildirdi:

“Eyvanda paltarın asılması səliqəsizlik yaradır, şəhərin görkəmini pozur. Ona görə də böyük şəhərlərdə bu məsələ ilə bağlı məhdudiyyət var. Paris, Moskva kimi şəhərlərdə əvvəlcə maarifləndirmə aparıldı, bunun nəticə vermədiyini görəndə, qadağa irəli sürüldü. Bu məhdudiyyətin Azərbaycanda da tətbiq edilməsi normal haldır. İnsanlar çıxış yolu kimi paltarlarını mümkünsə həyətdə, ya da gecələr asa bilərlər. Əks halda, küçəyə baxan eyvanda asılması yaxşı mənzərə yaratmır. Avropa Oyunları ərəfəsində də paytaxtın səliqəsiz görünməsi xoş deyil. Bu qadağa böyük şəhərlər üçün nəzərdə tutulub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm