Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı anılıb
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı anılıb

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Ceyhun Osmanlı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəsissələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov və BANM-nin kollektivi iştirak edib. Tədbir Xocalı Abidəsini ziyarətlə başlayıb.

Xocalı Abidəsini ziyarət etdikdən sonra Bakı Ali Neft Məktəbində təşkil olunmuş mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan biridir. O vurğulayıb ki, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. E.Qasımov ötən əsrlərə və əsrin əvvəllərinə nəzər salaraq, “Quba , Bakı , Şamaxı,” və bu kimi bir çox soyqırımlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Xocalı faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən rektor E. Qasımov bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edilib. Mühasirəyə alınan şəhər yandırılıb. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. E.Qasımov vurğulayıb ki, bu soyqırımı həyata keçirən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitası olub və ya bu vandalizmi həyata keçirən və törətdikləri vəhşilikləri yüksək fəxrlə qələmə alan və dünya ictimaiyyətinə çatdıran Z.Balayan kimi vandallar Ermənistan dövləti tərəfindən milli qəhrəman adına layiq görülüb. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir.

O bildirib ki, çox təəssüflər olsun ki, dünya ictimaiyyəti bu məsələyə bu günə kimi yetərli qiymətini verməmişdir, lakin mən inanıram ki, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərfindən tanılacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklər.

Tədbirdə iştirak edən millət vəkili Ceyhun Osmanlı bildirib ki, Xocalı soyqırımı XX-əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O, qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarının və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini Soyqırım kimi tanımış və pisləmişdirlər.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov öz çıxışında qeyd edib ki, bugün dünyada silahlar deyil, beyinlər savaşır, yəni dünyada top- tüfəng deyil informasiya müharibəsi gedir və bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağıraraq bildirdi ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün tale yüklü məsələdir.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəsissələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov öz çıxışında bildirib ki, Xocalı Soyqırımı ilə bağlı dövlətimiz tərərfindən vahid siyasət həyata keçirilməkdədir. Vahid siyasətinin həyata keçirilməsində məqsəd, bələ faciələrin gələcəkdə təkrarlanmaması üçün bu cinayətə dair reallıqlar dünya ictimaiyyətinə çatdırılsın, onu törədənlər qanun və ədalət qarşısında cavab versinlər.

Tədbirin sonunda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzi tərəfindən hazırlanmış “Xocalı- qərib obam” adlı tamaşa və Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən sosial şəbəkələrdə istifadə olunmaq üçün ingilis dilində hazırlanmış “Xocalı Soyqırımı“ video çarxı nümayiş olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm