• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sınıq oturacaqlar, çirkli üzlüklər, deşik salonlar – Paytaxtın xəstəlik, təhlükə mənbəyi olan avtobusları – FOTO/VİDEO

Sınıq oturacaqlar, çirkli üzlüklər, deşik salonlar – Paytaxtın xəstəlik, təhlükə mənbəyi olan avtobusları – FOTO/VİDEO

Ölkə rəhbərliyinin tapşırığı ilə Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün dəfələrlə yeni avtobuslar gətirilib. Prezident İlham Əliyev həmin avtobuslara şəxsən baxış keçirib, Bakı şəhərinin yol nəqliyyat sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Təəssüflər olsun ki, ölkə başçısının bu diqqət və qayğısına baxmayaraq, nəqliyyatın vəziyyətinə, təhlükəsizlik problemlərinə hələ də dırnaqarası yanaşanlar var.

Paytaxtın sərnişindaşıma sistemindəki nöqsanlar yalnız bəzi sürücülərin özbaşınalığı, hərəkət qrafikini pozmaları, sərnişinlərə qarşı xoşagəlməz davranışları ilə yekunlaşmır. Bütün bunlar həlli vacib olan məsələlərin bir tərəfidir. Problemin digər tərəfi istismar müddətini başa vurmuş, yaxud texniki cəhətdən nasaz olan avtobusların hələ də xətdə qalmasıdır.

Publika.az-ın araşdırması nəticəsində məlum oldu ki, hazırda paytaxtda fəaliyyət göstərən bir sıra ictimai nəqliyyat vasitələri əslində normativ tələblərə cavab vermir. Barəsində söhbət açdığımız avtobusların oturacaqlarının bir qismi sürücülər tərəfindən (məqsəd salona maksimum sərnişin yerləşdirmək, ayaqüstə gedənlərin sayını çoxaltmaqla əlavə gəlir əldə etməkdir - müəl.) salondan götürülüb. Oturacaqların bir qismi isə sərnişinlər tərəfindən sındırılaraq yararsız hala salınıb. Avtobusların texniki göstəricilərinin normativlərə cavab verməməsinin əsas səbəblərindən biri də onların istismar müddətinin başa çatması, bəzilərinin isə təmirə ehtiyacının olmasıdır. Uzun illərdir xəttə fasiləsiz buraxılan, hər gün 16-18 saat istismar olunan bir sıra avtobusların oturacaqları sıradan çıxıb, üzlüklər köhnəlib, qapılar yaxşı açılıb-bağlanmır. Qapılardakı salonu yağış sularından qoruyan xüsusi fırçalar illər öncə sıradan çıxdığından yağıntılı havalarda yağış, qar suları hərəkət edən avtobusların salonuna dolur, sərnişinləri isladırdı. Bu problemlər xüsusən “161”, “175” saylı marşrut avtobuslarından istifadə edən sərnişinlərə yaxından tanışdır.

Biz hələ köhnəlmiş ictimai nəqliyyat vasitələrinin damının örtüyünün sıradan çıxmasını demirik.

Publika.az-ın əməkdaşının paytaxtın, habelə Bakıətrafı qəsəbələrin ayrı-ayrı marşrut avtobuslarında çəkdiyi fotolardan da göründüyü kimi, bir sıra ictimai nəqliyyat vasitələrinin salonlarının damı sıradan çıxdığından yağıntılı havalarda yağış suları içəri axır. İstismara yararlı olmayan avtobusların damlarındakı digər problem onların nəfəsliklərinin (“lyuk”larının-müəl) istifadəyə yararsız olmasıdır. Məsələ burasındadır ki, istifadə müddətini başa vurmuş, lakin sahibkarlar tərəfindən hələ də istismar edilən avtobusların dam nəfəslikləri açılmır. Qarşıdan yay fəsli gəlir. Belə çıxır ki, sərnişinlər növbəti yay fəslini də salonları havasız olan köhnə ictimai nəqliyyat vasitələrində keçirməli olacaqlar. Bu səbəbdən də qızmar yay aylarında Bakıətrafı qəsəbələrdə yaşayan sakinlərin köhnəlmiş avtobuslardan istifadə edərkən hansı müsibətlərlə üzləşəcəkləri indidən aydındır.

Çirkli oturacaqlar, deşilmiş döşəmələr

Sadaladığımız problemlər əsasən “175, “161”, “10”, “132”, “107”, “147”, “13”, “71”, “102” saylı, habelə digər marşrut avtobuslarında mövcuddur (Bu sıraya xəttə yenicə buraxılmış “88” saylı marşrut avtobuslarındakı problemləri də əlavə etmək olar). Elementar normativ tələblərə cavab verməyən avtobusların istismar müddətlərini başa vurması onların döşəmə örtüyündə də özünü göstərir. Fotolardan da açıq-aydın görünür ki, bəzi ictimai nəqliyyat vasitələrinin döşəməsi korroziyaya uğrayaraq sıradan çıxıb. Paslanmış hissələr dəmir parçaları ilə əvəz olunsa da, bəzi avtobuslarda bu cür təmir işləri hələ də həyata keçirilməyib. Qəza çəkicləri sürücülər tərəfindən salondan götürülüb.

Bakıətrafı qəsəbələrə sərnişin daşıyan bu avtobuslarda hər hansı yüksək nəqliyyat xidmətindən, sərnişinlərin rahatlığından danışmağa dəyməz. Sadaladığımız problemlərə avtobuslardakı antisanitar şəraiti də əlavə etsək, sərnişinlərin üzləşdiyi problemlərin miqyasını təsəvvür etmək o qədər də çətin olmur. Məsələ burasındadır ki, bir sıra ictimai nəqliyyat vasitələrinin oturacaqları o qədər çirklənib ki, çirkdən qalın ərp yaranıb. Hər gün yüzlərlə insanın əlinin dəydiyi, oturacaq kimi istifadə etdiyi bu avtobusların salonları, oturacaqların üzlükləri aylarla yuyulmadığından həmin ictimai nəqliyyat vasitələri əslində real xəstəlik mənbəyidir.

“Üzlüklərin yuyulması bizlik deyil, sahibkarlıqdır”

Söhbətləşdiyimiz sürücülər bildirdilər ki, salonda təmizlik işlərinin həyata keçirilməsi, o cümlədən oturacaqların üzlüyünün yuyulması, habelə şüşə və pəncərələrin, oturacaqların təmiri sahibkarların üzərinə düşür. Yalnız avtobusun mühərriki, yaxud digər hissələri nasaz olduqda, təmirə ehtiyac yarandıqda sürücülər bu işləri görüb, ictimai nəqliyyat vasitəsini saz vəziyyətdə sabahkı növbəyə təhvil verirlər. Bu cür təmir işlərinə sərf olunan vəsaitin üçdə birini sürücülər, digər hissəsini isə sahibkar ödəyir: “Saat 21:00-dan sonra xəttə çıxmış bütün avtobuslar yuyulur. Əgər avtobusda nasaz yer varsa, o təmir edilir. Marşrutlar şirkətin hesabına yuyulub təmizlənməlidir. Oturacaqların üzlüyü cırılırsa, o da şirkətin hesabına yenilənməlidir”.

O ki qaldı təhlükəsizlik çəkiclərinin yığışdırılmasına, sürücülər iddia edirlər ki, bu, sərnişinlər arasında tez-tez yaranan mübahisələrlə əlaqədardır: “Bir dəfə avtobusda iki nəfər arasında mübahisə yarandı. Söz-söhbət sonda əlbəyaxa davaya çevrildi. Sərnişinlərdən biri əlini qəza çəkicinə atdı. Çəkici onun əlindən güclə ala bildik. Buna görə də çəkiclər yığışdırıldı”.

“Oturacaqlar qaydasında deyilsə, sürücü 50 manat cərimə oluna bilər”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, marşrut avtobuslarının salonlarının çirkli olması sanitar-gigiyenik tələblərin pozulmasından xəbər verir: “Əgər marşrut avtobuslarının oturacaqları yerindədirsə, hər şey qaydasındadırsa, sadəcə oturacaqlar və onların üzlükləri çirklidirsə, bu, sərnişindaşımada sanitar-gigiyenik tələblərin pozulması deməkdir. İctimai nəqliyyat vasitəsi reysdən əvvəl təmizlənməli, müəyyən dövrlərdə isə dezinfeksiya olunmalıdır. Qanunvericilikdə bu halda hər hansı cərimə, cəza növü nəzərdə tutulmayıb”.

Ərşad Hüseynovun sözlərinə görə, oturacaqların yuyulması, salonlarda dezinfeksiya işlərinin aparılması marşrut avtobuslarının sahibkarlarının çiyninə düşən vəzifələrdir: “Sürücü nəqliyyat vasitəsini idarə edir, gün ərzində ona nəzarəti həyata keçirir. Belə problemlər olduqda o, rəhbərliyi məlumatlandırmalı, rəhbərlik isə həmin çatışmazlıqları aradan qaldırmalıdır. Marşrut avtobuslarının bu işlərlə məşğul olan xüsusi işçiləri olmalıdır. Sürücülər isə bu işə ancaq ciddi nəzarət etməlidirlər. Rəhbərliyi vaxtında məlumatlandırmalıdırlar. Belə hallara görə, qanunvericilikdə konkret məsuliyyət yoxdur. Amma sərnişindaşıma qaydalarında qeyd olunub ki, ictimai nəqliyyat vasitələri sanitar-gigiyenik qaydalara cavab verməli, avtobusların salonu təmiz olmalıdır”.

Bütün bunlar sərnişindaşıma qaydalarından irəli gələn tələblərdir: “Əgər oturacaq yerində deyilsə, qırılıbsa, yaxud laxlayırsa, yəni ondan istifadə edən sərnişin yıxıla bilərsə, yaxud sərnişini zədələyə bilərsə, belə nəqliyyat vasitəsi nasaz sayılır. Problemlər hər iki halda nəqliyyat vasitəsinin sahibi tərəfindən aradan qaldırılmalıdır”.

Ekspert qeyd etdi ki, nəqliyyatdakı bu problemlər müvafiq dövlət orqanı tərəfindən sərnişindaşımada keçirilən reydlər zamanı aşkarlandıqda ona müvafiq qiymət verilir: “Belə olduqda sahibkara sərnişindaşımanın hansı vəziyyətdə olması ilə bağlı məlumat verilir və xidmət qiymətləndirilir. Əgər oturacaqlar qaydasında deyilsə, belə hallarda avtobusun sürücüsü 50 manat cərimə oluna bilər. Belə avtobuslar sürülməməlidir”.

“Sahibkarlara bununla bağlı tapşırıqlar verəcəyik”

Nəqliyyat Nazirliyinin Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif İsmayılov Publika.az-a bildirdi ki, bir sıra ictimai nəqliyyat vasitələrində oturacaqları elə sərnişinlər sıradan çıxarır: “Bu məsələlərdə hər birimiz təşəbbüskar olmalıyıq. Sərnişinlərə başa salmaq lazımdır ki, ictimai nəqliyyat vasitələrinin oturacaqları sizin rahatlığınız üçündür. Avtobuslar heç də marşrut sahibkarları yox, sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Paytaxtın ictimai nəqliyyatında sərnişinlərə xidmət göstərən avtobuslar əsasən özəl şirkətlərin sahibkarlarına məxsus ictimai nəqliyyat vasitələridir”.

Nəqliyyat Nazirliyinin rəsmisi bütün bunlara baxmayaraq, bəzi avtobuslarda aşkar edilmiş xoşagəlməz hallar, o cümlədən salonun döşəməsinin və damının deşilməsi, oturacaqların sıradan çıxması, üzlüklərin çirklənməsi ilə bağlı hallarla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini bildirdi: “Biz belə faktlarla qarşılaşdıqda onları qeydə alır, nöqsanları yazıb götürürük. Təbii ki, bütün bunların hamısı xərc və vaxt tələb edir. Lakin imkan dairəsində bu problemlərin hər biri avtobusların sahibkarları tərəfindən aradan qaldırılır”.

O ki qaldı avtobusların oturacaqlarının üzlüklərinin vaxtlı-vaxtında yuyulub təmizlənməsinə, şöbə rəisi qeyd etdi ki, adları sadalanan marşrut avtobuslarında bununla bağlı qeydə alınmış xoşagəlməz hallar tezliklə aradan qaldırılacaq, həmin ictimai nəqliyyat vasitələrinin salonları yuyulub təmizlənəcək: “Biz həmin sərnişin avtobuslarının rəhbərlərinə bununla bağlı müvafiq tapşırıqlar verəcəyik”.

Anar Tağıyev

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR