• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İŞİD-ə qoşulan azərbaycanlının Suriya sərgüzəştləri

İŞİD-ə qoşulan azərbaycanlının Suriya sərgüzəştləri

Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Publika.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesin əvvəlində təqsirləndirilən Əhməd Həsənova yeni vəkil təyin edildiyi məlum olub. Müvəkkilin ailə üzvləri ilə müqavilə bağlayan vəkil Səfəralı Süleymanov orderi məhkəməyə təqdim edib. Əvvəlcə təqsirləndirilən şəxs vəkilə etirazını bildirib. Hakim deyib ki, əgər ailə üzvlərinin müqavilə bağladığı vəkildən imtina olunarsa, dövlət tərəfindən təyin edilmiş vəkillər işə buraxılacaq.

Əhməd Həsənov vəkildən imtina etmədiyini söyləyib. Hakim məhkəmə istintaqının başladığını bildirib, ittiham aktını elan etmək üçün sözü prokurora verib.

Prokurorun səsləndirdiyi ittihamda deyilir ki, təqsirləndirilən şəxslər BMT-nin terror təşkilatı elan etdiyi İraq Şam İslam Şam Dövlətinin (İŞİD) qanunsuz silahlı birləşmələrində iştirak etmək üçün Suriya Ərəb Respublikasına gediblər. Onlar Gürcüstan ərazisindən Türkiyənin Hatay vilayətinə gəliblər. Hatay vilayətindən də Suriyaya keçib qanunsuz hərbi birləşmələrə qusulublar. Orada insanların sağlamlığının pozulması, kütləvi qırğınlarla nəticələnən partlayışlar hazırlayıblar. Lakin iradələrindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyiblər.

İttihamda təqsirləndirilən şəxslərin məcburən Suriya ərazisindən çıxarıldığı vurğulanır. Türkiyə ərazisindən Azərbaycana gəldikləri, müxtəlif vaxtlarda Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbsə alındıqları göstərilir.

Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Ruslan Cəfərov deyib ki, barəsində qurulan məhkəməni qəbul etmir: “Nə desəm, məhkəmənin gedişi kimi qəbul ediləcək. Buna görə də heç bir söz demirəm”.

Daha sonra hakimlər Elbrus Quliyevə söz veriblər. O da özünü müdafiə etmək istəmədiyini bildirib: “Özümü müdafiə etməyimin nəticəsi yoxdur. Çünki bizə iş veriləcək, barəmizdə yazılan ittihamlar əvvəlcədən hazırlanan ssenaridir. İşin mahiyyəti budur”.

Təqsirləndirilən şəxs Suriyaya getdiyini etiraf edib. Bildirib ki, günahı namaz qılmağıdır: “Namaz qılıb, ibadət etmişəm. Suriyaya getməmişdən əvvəl orda baş verən hadisələrin videosuna baxmışam. Suriyaya gedib şəriət qanunları ilə idarə olunan ölkənin torpaqlarında yaşamaq istəmişəm. Suriyaya getmək cinayət deyil. Maraqlı vəziyyət yaranıb. Namaz qılırsan, saqqal saxlayırsan, deməli, sən terrorçusan. Əslində elə deyil. Mənim terror məqsədilə Suriyaya getmək niyyətim olmayıb. Ora özümlə pul aparmışdım, həmin pulla Suriyada ev tutmuşam, yaşamışam. Sonradan öz istəyimlə geri qayıtmışam, burada da həbs edilmişəm”.

Prokurorun suallarını cavablandıran Elbrus Quliyev Suriyadakı vəziyyəti belə izah edib: “Burada da günəş çıxır, orada da günəş çıxır. Burada necə yağış yağırsa, orada da elə yağış yağır”.

O, qanunsuz hərbi birləşmələrin tərkibində olması ilə bağlı prokurorun suallarına cavab verib: “Mən Suriyada döyüşə getməmişəm. Bir nəfər desə ki, döyüşlərdə iştirak etmişəm, onda mən şərəfsizəm. Mənim bir məqsədim olub, şəriət torpaqlarında yaşamaq istəmişəm. Başqa şəriət qanunları ilə idarə olunan ölkələr də var. Amma mən Suriyanı seçmişəm”.

Elbrus Quliyev qeyd edib ki, Suriyanın bir çox bölgələrində olub: “Əvvəlcə Suriyanın Ərbil şəhərində yaşamışam. Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində təlimlərdə iştirak etməmişəm. Oradakı adamlarla internet vasitəsi ilə tanış olmuşam. İttihamda yazırlar ki, Seyfullanın əmir olduğu camaatın tərkibinə qatılmışam. Əgər mən Seyfullanın təşkilatının tərkibində olmuşamsa, Allah mənə qənim olsun. Orada insanlarla bərabər yaşamışıq.

Yazırlar ki, Suriyada aclıqdır. Yazılanlar kimi də deyil. Dünyanın hər yerindən Suriyaya yardım gəlir. İnsanlar da həmin yardımlarla dolanırlar. Yardım ərzaqlarından yemişik, Allaha şükür etmişik. Orada insanlar belə vəziyyətdə yaşayırlar, amma şükür etməyi bacarırlar. Mənim də belə insanlarla yaşamaq niyyətim olub”.

Elbrus Quliyevin sözlərinə görə, təqsirləndirilən şəxslərdən yalnız Əhməd Həsənovu tanıyıb. Digər təqsirləndirilənləri tutulandan sonra görüb: “Mən Əhməd Həsənovu Bakıda tanış olmuşam. Onunla uzun müddət dost olmuşuq. Birlikdə Suriyaya getmişik. Amma mən ondan tez qayıtmışam. Onun nə vaxt qayıtdığını bilməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Azad Suriya” ordusunun üzvləri tərəfindən ölkədən çıxarılıblar: “İttihamda yazırlar ki, “Əl-Musra” hərbi təşkilatının tərkibində olmuşuq. Halbuki bizi “Əl-Musra” Suriyadan çıxarıb. Burada məntiqsizlik var. “Əl-Musra”nın rəhbərləri hərbi birləşmələrdə döyüşməyimizi tələb etdilər, biz qəbul etmədik. Buna görə bizi Suriyadan çıxardılar”.

Məhkəmə iclası aprelin 28-də davam etdiriləcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR