Millət vəkili Qazi Universitetindəki çıxışıyla bağlı yayılan yalanlara cavab verdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Qazi Universitetindəki çıxışıyla bağlı yayılan yalanlara cavab verdi

"Mənim əlehimə açıqlamalarla məşğul olan bəzi mənbələr belə bir məlumat yayıblar ki, guya Qazi Universitetində Xocalı çıxışım zamanı çıxışımın uzunluğuna etiraz edən tələbələr zalı tərk ediblər. Yüzlərlə insanın gözü önündə baş vermiş hadisə ilə bağlı bu qədər böyük yalan və cəfəngiyat insanı dərindən üzür. Həmin insanlara söyləmək istəyirəm ki, elə həmin sizin yaydığınız videonu yayan Ankara Ülkü Ocaqlarının video ilə bağlı açıqlamasına da baxmaq və yazmaq lazım idi. Əgər məqsədiniz gerçəkdən də məlumat yaymaq olsaydı, məhz belə edərdiniz".

Bu sözləri Publika.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva Qazi Universitetində çıxışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, həmin açıqlamada Ülkü Ocaqları Qazi universitet rəhbərliyinin bəzi addımlarına etiraz olaraq tədbirin əvvəlində etiraz şüarları səsləndirərək zalı tərk etdikləri qeyd edilib:

“Mən isə əslində o tədbirin pozulmaması üçün çıxış etməkdən çəkinməyərək ilk olaraq çıxışa başlamışam və gəncləri sakit olmağa səsləmişəm, Xocalı Soyqırımı anım günündə bu kimi addımlara ehtiyac olmadığını bildirmişəm. Bundan sonra sakitlik yaranmağa başlayıb və mən, məndən sonra digər iştirakçılar çıxışlara davam edib. Yəni, mənim çıxışımın uzunluğuna etiraz deyə bir hadisə olmayıb. Çünki həmin hadisələr mənim çıxışıma qədər olub. Dərindən bilmək istəyənlər Ankara Ülkü Ocaqlarının bununla bağlı açıqlamalarını oxuya bilərlər. Həmin tədbirdə Azərbaycanın Türkiyədəki səfiri, millət vəkilləri və bütün mediya mənsubları olub. Hər kəsin gözü önündə baş vermiş bir hadisəni Qənirə Paşayevaya qarşı yönəltmək bir mədəniyyətsizlik və qeyri-peşəkar jurnalistikadır. Ucuz sensasiya dalınca gedənlərə isə sadəcə təəssüf edirəm. Peşəkar jurnalistika ilə məşğul olan dostlara isə ümumiyyətlə ucuz sensasiyalar dalınca getmədikləri və jurnalistikanı qorudukları üçün təşəkkürlər”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm