Əlilliyin müəyyən edilməsində yeniliklər tətbiq ediləcək
Bizi izləyin

Qırmızı.az

Əlilliyin müəyyən edilməsində yeniliklər tətbiq ediləcək

Səlim Müslümov tapşırıq verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin noyabrında verilmiş tapşırıqların icra vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, iclas respublikada əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkili sahəsində neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunmasına həsr edilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin müəyyən olunması sahəsində fəaliyyət mexanizminin müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun tərzdə yenidən qurulmasının son aylarda nazirliyin qarşısında əsas vəzifələrdən birinə çevrildiyini vurğulayıb. Bu istiqamətdə konkret işlərin aparıldığını qeyd edən nazir eyni zamanda fəaliyyəti əhalidə ciddi narazılıq yaradan tibbi-sosial ekspert komissiyalarının sədrlərinin (TSEK) vəzifələrindən uzaqlaşdırıldığını bildirib. “Artıq 25-dək TSEK-n tərkibi dəyişdirilib. Bununla yanaşı, ilkin əlillik təyinatı ilə bağlı işlər nazirlik tərəfindən yaradılmış işçi qruplar tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənib”-deyə bildirən S.Müslümov aparılan işlərin nəticəsi kimi, müsbət dəyişikliklərin olduğunu diqqətə çatdırıb. “Əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar da daxil olur. Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir”.

S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işlərinin aparıldığını, əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacağını qeyd edib:

“Bununla bağlı olaraq, müvafiq proqram təminatının hazırlanması işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda biz artıq bu işlərin pilot mərhələsinə başlayacağıq. İlk növbədə hər bir TSEK sədri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyatı qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq”.

Nazir əvvəllər TSEK-lərin əlillik təyinatını təsdiqləyən formal bir qurum kimi mövcud olmuş Respublika Tibbi-sosial Ekspertiza Mərkəzinin fəaliyyətinin yenidən qurulmasının və əlillik təyinatı ilə bağlı verilən qərarlara görə TSEK-lərin tam məsuliyyət daşımasının vacibliyini bildirib. S.Müslümov eyni zamanda əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraitinin göstərilməli olduğunu deyib:

“Lakin bir çox TSEK-lər tərəfindən bu qaydalara əməl edilmir və həmin bənddə qısa olaraq “əmək qabiliyyətsiz” sözü yazılır ki, bu da işəgötürənlərlə əlilliyi olan şəxslər arasında onların məşğulluğu və əmək münasibətlərinin pozulmasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Belə hallara son qoyulmalıdır”.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlillik təyinatı və əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatlarla bağlı məlumat verib. Bildirilib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, həmçinin “2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihə sənədi hazırlanıb. Eyni zamanda, əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə dəyişiklər edilib. “Ehtiyata və ya istefaya buraxılmış (orqanlarda xidmət etmiş) vətəndaşlara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə” Təlimat hazırlanıb. Əlillər barədə vahid məlumat bazasının yaradılması məqsədilə hazırlanmış xüsusi proqram təminatı üzrə məlumatların TSEK-lər tərəfindən doldurulması işləri davam etdirilir. Bununla yanaşı, “Uşaq əlilliyinin səbəbləri və aradan qaldırılmasına dair” Tədbirlər Planı hazırlanmaqdadır. İclasda əlilliyin müəyyən olunması proseduru zamanı səhiyyə idarələri tərəfindən verilən müvafiq göndərişlərin bir çox hallarda TSEK-lər tərəfindən formal araşdırıldığı, TSEK-də əlillər üçün fərdi reabilitasiya proqramının tərtib edilmədiyi, onların əlillərin bərpa mərkəzləri ilə əlaqəsinin zəif olduğu və s. kimi nöqsanlar diqqətə çatdırılıb.

İclasda S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahat tədbirlərinin, o cümlədən əlillər barədə vahid məlumat bazasının yaradılması işlərinin sürətləndirilməsi, əlilliyin müəyyən olunması və əlillərin reabilitasiyası zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması, TSEK-lərlə əlillərin bərpa mərkəzlərinin və məşğulluq mərkəzlərinin əlaqəli fəaliyyətinin gücləndirilməsi, bərpa mərkəzlərində müalicə ilə yanaşı, sosial reabilitasiya xidmətlərinin də göstərilməsi və s. barədə tapşırıqlar verib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm