• USD 1,7352 0,00% EUR 1,8425 -0,53%
    • GBP 2,1552 -0,71% RUB 0,0297 -1,35%

Zərifə Əliyevanın doğum günüdür

Zərifə Əliyevanın doğum günüdür

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. ANS xəbər verir ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.

Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev ömrü boyu onu əhatə edənlərin dərin hörmətini qazanmışdı. O, rektor, nazir, Mərkəzi Komitənin katibi, baş nazirin müavini olmuş və həmişə yüksək intellekti, təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdır. Dövrünün partiya və dövlət xadimləri arasında özünəmsəxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilib. Əziz Əliyevin həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat dərsləri olub. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə başqalarından tamamilə fərqlənirdi. Öz gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. O dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Xalqımızı bu müdhiş bəladan xilas etmək, Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskva şəhərindən vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Konkret müalicə təcrübəsindən başqa alim Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, traxoma ocaqları aşkar edir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Həmçinin uşaq evlərində olan ata-ana himayəsindən məhrum yeniyetmələr arasında traxomanın aradan qaldırılmasında müstəsna xidmətlər göstərirdi. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr alır. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir.

Zərifə xanımın təklifi ilə yeni müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni gərginlik çox vaxt tələb edirdi. Zərifə xanım bu ağırlığın və çətinliyin öhdəsindən uğurla gəlmişdi.

Böyük alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım həkimlik fəaliyyəti ilə daha çox məşğul olmağa başlayır: cərrahiyyə əməliyyatları aparır, xəstələrə yeni üsullu müalicələr yazır, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya şöbələrini, təşkilatları əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.

Tibbi təcrübə və kadr hazırlığı ilə ciddi məşğul olmasına baxmayaraq alim elmi-tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verirdi. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın zəruri problemlərinə xüsusi diqqət yetirir. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunması ilə əlaqədar idi. Zərifə xanım sözün əsl mənasında bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi məhz Zərifə xanımın adı ilə bağlıdır. Alimin apardığı fundamental tədqiqatlar ona böyük şöhrət gətirib və dünya oftalmologiyası məkanında məşhurlaşdırıb. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Bir fakt xüsusi qeyd olunmalıdır ki, o dövrdə sənaye zəhərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri elmi ədəbiyyatda az işıqlandırılmışdı. Kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri isə xüsusilə az öyrənilmişdi. Halbuki kimyəvi inqrediyentlərin müxtəlif kombinasiyaları bir çox hallarda insan orqanizminə və görmə orqanlarına ağır təsir göstərir. İnkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsalat tullantılarının görmə orqanlarına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və həmin xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri böyük nəzəri və təcrübi əhəmiyyət daşıyaraq dünya ədəbiyyatında analoqu olmayan unikal tədqiqatlar sırasına daxil edilib. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu işlər Bakı şin və yod, məişət kondisionerləri, elektrotexnika avadanlığı, elektron hesablama maşınları, maşınqayırma zavodlarında, Sumqayıt "Üzvi Sintez" İstehsalat Birliyində, Mingəçevir "İzolit", Mingəçevir Rezin-Texnika Məmulatı zavodunda, Gəncə Gil-Torpaq Kombinatında, Salyan rayon kənd təsərrüfatı mexanizatorları arasında aparılıb. Həmin müəssisələrdə zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə təsiri də öyrənilib. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Yeri gəlmişkən, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim-qadın idi. Məhz akademikin apardığı tədqiqatlardan sonra istehsalatda əmələ gələn zərərli maddələrin görmə orqanlarına mənfi təsirinin qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirmək mümkün olub. Alim bu müəssisələrdə işçilərin gözlərinin peşə zədələnmələrinə qarşı kompleks sanitar-gigiyenik, texnoloji tədbirlərin işlənilməsi və həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması, hava hövzəsinin təmizlənməsi, zavod və ona bitişik ərazilərdə çirklənmə və qazla zəhərlənmənin aşağı salınmasında misilsiz işlər görüb.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra görkəmli alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir. Elə ilk gündən akademik ətrafına istedadlı, gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edir. O zaman kafedranın mövcud maddi-texniki bazası elmi tədqiqatların keçirilməsi tələblərinə cavab vermirdi. Zərifə xanım bu problemin də həlli yolunda konkret addımlar atır.

Professor Zərifə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Belə bir mötəbər tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın bütün ağırlığı Zərifə xanımın üzərinə düşürdü. Bu plenum həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən nüfuzlu akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb.

1983-cü ildə Zərifə Əliyeva ADHTİ-nin oftalmologiya kafedrasının müdiri seçildikdən sonra fəaliyyət dairəsini daha da genişləndirdi. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi ilə bağlı idi. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri akademikin "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə şərh edilib.

Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və başqa oftalmoloji elmi işlər ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirib, onun bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və başqa əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli alim fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biri idi. Elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Onun bu mövzuya dair baxışları oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanıb, "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırılıb. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunub. Görkəmli oftalmoloq alim dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. Alim həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin ən doğma adamıdır" deyib. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanışlıq onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.

1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və oftalmologiyanın inkişafındakı xidmətlərinə görə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Böyük alim səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Görkəmli alim heç zaman gərgin işdən usanmamış, həmişə ilhamla çalışıb. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin, xəstələrinin dərin ehtiramını qazandırıb.

Ötən əsrin 60-80-ci illərində Zərifə xanımın yazdığı dəyərli əsərlər bu gün də öz aktuallığını saxlayır. Onun oftalmologiyanın müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyaları alimlərin və həkimlərin, həmçinin ali tibb məktəblərində təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi idi. Alim onlarca elmlər doktorunun və elmlər namizədinin rəhbəri olub. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR