• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Azərbaycanlı mütəxəssis ən yüksək ustad dərəcəsini aldı - FOTO

Azərbaycanlı mütəxəssis ən yüksək ustad dərəcəsini aldı - FOTO

Məşhur NLP Ustadı nüfuzlu təşkilatın mükafatına layiq görülüb.

Publika.az-ın məlumatına görə, bu gün Azərbaycanda ilk dəfə olaraq “Fərdi İnkişaf” sektorunun inkişafı ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransda məşhur Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramov beynəlxalq nüfuza malik treninq təşkilatı - “Mind Training İnstitute” (MTİ) tərəfindən NLP treninqləri standartlarına görə dünyada ən yüksək ustadlıq dərəcəsi sayılan “NLP Master Trainer” elan olunub. Babək Bayramov beynəlxalq aləmdə böyük nüfuza malik bir təşkilatdan bu adı almış ilk azərbaycanlı olub.

Konfransda fərdi inkişafın dövlətin sosial-siyasi mühitinə müsbət təsirlərindən də danışılıb. Eyni zamanda sağlam vətəndaş cəmiyyətinin və hər bir sahədə potensial kadr hazırlığının daha səmərəli inkişafına, effektiv təsirlərinə toxunulub.

Tədbirdə öncə NLP-nin mənası və nəzəri cəhəddən açıqlaması birdirilib: NLP- Neyro Lingvistik Proqlamlaşdırma (Neuro Linguistic programming).

Neyro: Beş duyğu üzvümüzü istifadə edərək təcrübələrimizi şüurlu və ya şüuraltı proseslərə çevirən bir sistemdir, beynimiz və sinir sitemimizin bütün funksiyalarını ifadə edir.

Linguistik: Dilin, təcrübələrimizə məna qazandırmaq və bu təcrübələri özümüzə və başqalarına köçürtmək üçün istifadə etdiyimiz sözlü və ya sözsüz mesaj və simvolları təmsil edır. Yəni, nə ilə düşündüyümüzü, danışdığımızı və duyğuları kodlayaraq necə çatdırdığımızın sistemidir.

Proqramlama: Hədəfimizə çatmaq üçün istifadə etdiyimiz zehin proqramlarıdır.Bu proqramların keyfiyyəti isə birbaşa onların doğuracağı nəticələrdən irəli gələrək insanların həyat keyfiyyətini təyin etməklə sonda barışmalı olduqları talelərini formalaşdırır.

Hər cür təcrübə, yaxşı və ya pis olmasından asılı olmayaraq, bir zehin proqramının nəticəsidir. Qısası, necə düşündüyümüz, nəylə düşündüyümüz və bu düşüncələri davranışa necə çevirdiyimiz, bu köçürmələrlə nə cür nəticələr əldə etdiyimiz həyatımıza təsirsiz ötüşmür.

Proqramlar dəyişərsə davranışlar, duyğular və hərəkətlər də dəyişər. Konfransda “Mind Training İnstitute” (MTİ) Türkiyə təmsilçiliyinin sədri Cemal Kondu çıxış edib. Onun sözlərinə görə, NLP düşüncə və duyğuların daxili dünyamızda necə formalaşdığını öyrənməklə başlayır: “Heç bir şey təsadüf nəticəsində yaranmır. Hər şey müəyyən bir sıralamayla başlayır və son dərəcə mənalı bir şəkildə reallaşır. NLP isə bu davranış və duyğu zəncirinin şifrəsini tapmağa köməkçi olur. Əgər sizi nələrin dibə çəkdiyini anlaya bilsəniz, bunlardan necə qurtulacağınızı da öyrənəcəksiniz. Bu da sizi mümkün təhlükə və zərərlərdən qorumuş olacaq. Davranışlarımızın şifrələrini tapmaq, bir dedektivin ipuclarını doğru şərh etməsi prosesinə bənzəyir. Özünü kəşf etmək əyləncəlidir. Özünüzü kəşf etdikdən sonra özünü dəyişdirmək isə möhtəşəm bir gücdür. Bu güc əlçatmaz deyil. Bu gücə hər kəs çata bilər”.

Cemal Kondu qeyd edib ki NLP-nin bizə verdikləri arasında xüsusilə özümüzlə olan daxili dialoqumuzu dəyişdirmək əsas yer tutur: “Özümüzlə olan ünsiyyətimiz, gələcəyimizin necə olacağı haqda bir ipucu verir. Özümüzlə münasibətimiz necədirsə, həyatla da münasibətimiz elədir. NLP, eyni zamanda nəfəs alıb vermə şəklimiz, fiziki sağlamlığımız, xəyallarımız, hədəflərimiz, ehtiraslarımızla əlaqəlidir. O, dəyərlərimizin fərqində olub dəyişməyimizə, hədəflərimizi professional şəkildə idarə etməyimizə və insanlarla sağlam əlaqələr qurmağımıza kömək edir. Öz yerimə bunları deyə bilərəm: Əgər bu neçə ildən sonra belə sırf NLP ilə edilə biləcək şeylər haqqında danışanda eyni həyəcanı yaşayıramsa, NLP heç də çölə atılmayacaq qədər güclü bir vasitədir və mütləq bu güc istifadə olunmalıdır”.

Ekspertin sözlərinə görə, fərdi inkişaf sektorunun vahid şəkildə inkişafı göz önünə alınsa, Azərbaycanda NLP-nin tam mənasıyla tanınmadığını söyləmək olar: “Türkiyənin 1990-ci illərin sonundakı vəziyyəti indi Azərbaycanda yaşanır. Xalqın içindən sadəcə kiçik bir qrupu NLP-nin nə olduğunu bilir. NLP-nin L-si dillə bağlı olduğundan, insanlar bu təlimi mümkün qədər öz dillərində və ya eyni dil qrupuna daxil olan dillərdə almalıdırlar. Dil NLP-də önəmlidir, hər dilə xas olan ayrı qəliblər var”.

Daha sonra NLP ustadı Babək Bayramov çıxış edərək bildirib ki, həyatda insanların uğur əldə etməsi üçün öz işlərini planlı şəkildə görmələri vacibdir: “Hədəfə çatmağa müxtəlif yollarla nail ola bilərik. Yetər ki, hədəflərimiz real olsun və ilk növbədə buna özümüz inanmalıyıq. İnsan bir şeyi çox istədikdə beyin onu gerçəkləşdirmək gücünə malikdir. İnsanların müxtəlif olması uğura çatmaq yolunda heç bir maneə yaratmır. NLP-yə görə insanlar potensial olaraq bərabərdir. Hər birimizin eyni quruluşa malik beynimiz və 24 saat vaxtımız var. İnsanlar arasındakı fərq dil, din, əqidə müxtəlifliyidir ki, bu da uğura çatmaqda heç bir əngəl deyil. Digər tərəfdən, NLP həyatımızın bir çox sahələrini özündə birləşdirir. Təhsil, siyasət, ticarət, ailə içi ünsiyyət, fərdi inkişafda belə işimizə yarayar. Məsələn, elə insanlar var ki, müxtəlif fobiyalardan əziyyət çəkir. NLP terapiyaları ilə bundan yarım saata qurtulmaq mümkündür. Çünki NLP-nin bu insanlara yanaşması tibbi müdaxilədən fərqlidir. Tibb daha çox bioloji, NLP isə neyroloji yanaşmadır. Özünəinamı az olanlar, məsələn müdirdən maaşın artırılmasını istəyə bilmir, geniş ictimaiyyət qarşısında çıxış etməkdə çətinlik çəkir. Bunlar da şərtləndirmə ilə bağlıdır. Amma istənilən insanın özgüvəni olan sahələr də var. Həmin insanlar dostlarının əhatəsində çox sərbəst olur, amma bir məclisdə danışa bilmirlər. NLP vasitəsilə onun dostlarının yanında keçirdiyi hissləri utandığı anda olan hissləri ilə əvəzləyirik, bir neçə seansa özünəgüvən əksikliyi itirilir”.

Mətbuat konfransından sonra jurnalistlər üçün Motivasiya Seminarı keçirilib. Eyni zamanda, qarşıdan gələn “Mətbuat günü” ilə əlaqədar media nümayəndələri üçün xüsusi seminarın təşkil ediləcəyi də elan olunub.

Qeyd edək ki, MTİ Türkiyə təmsilçiliyinin rəhbəri Cemal Kondunun Bakıdakı səfəri davam edir və o, NLP Ustadı Babək Bayramovla birlikdə may ayının 2 - 3-də seminarlar verib. Səfərin məqsədlərindən biri də Azərbaycanda fərdi inkişaf sektorunun genişlənməsi üçün imkanları dəyərləndirmək və aidiyyatı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR