• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kəmaləddin Heydərov: "Sadə insanlar Azərbaycanı xilas etməyi xahiş edirdilər"

Kəmaləddin Heydərov: "Sadə insanlar Azərbaycanı xilas etməyi xahiş edirdilər"

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov, nazirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov, FHN-in əməkdaşları və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, ümummilli liderin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov bildirib ki, bir neçə il əvvəl Azərbaycan gərgin vəziyyətdə idi: "Mixail Qorbaçovun rəhbərliyi ilə 1988-ci ildən ölkəmizə, erməni daşnaklarının, separatçılarının Rusiyadan dəstəyi ilə Azərbaycana qarşı təzyiqlər başlamışdı. Məqsəd Azərbaycan torpaqlarını ələ keçirmək idi. Sanki bilirdilər ki, SSRİ dağılacaq. Ona görə də torpaqlarını qanunsuz olaraq bir az da genişləndirmək istəyirdilər. Təsadüfi deyil ki, 1987-ci ildən Dağlıq Qarabağ ətrafında məsələlər başlamışdı. Heydər Əliyev kimi şəxsin SSRİ rəhbərliyindən getməsi onlara pis əməllərini həyata keçirməyə imkan verdi".

K.Heydərovun sözlərinə görə, ölkə daxilində isə bəzi qüvvələr istəmirdilər ki, Heydər Əliyevin xalqın içində olan nüfuzu artsın: "Bakıda o vaxtkı rəhbərlik onun Azərbaycana gəlişini qısqanclıqla qarşıladı. Amma o hara gedirdisə, sadə insanlar onu müşayiət edir və Azərbaycanı xilas etməyi ondan xahiş edirdilər. Sadə xalq Naxçıvana üz tutub həm onu ziyarət edir, həm də onu ümid yeri kimi görürdü. İstəyirdilər ki, Azərbaycan, o cümlədən hər tərəfdən blokadada olan Naxçıvan gərgin vəziyyətdən çıxsın. O vaxt ölkədə hakimiyyət, kreslo davası gedirdi. Hərə özünə silahlı qurum yaratmışdı. Onların məqsədi torpaqları azad etmək, orduya kömək etmək deyil, onlardan şəxsi mənafeləri naminə istifadə etmək idi. Bunlar hamısı gözümüzün önündə baş verirdi".

Nazir bildirib ki, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda dalğalandı: "Bu da Heydər Əliyevin adı ilə bağlı idi. Bunun simvolik mənası ilə yanaşı, həm də dərin kökləri var. Yaradıcıya, təbiət qanunlarına, tarixə inanırıqsa, bu, belə də olmalı idi. Artıq 12 ildir ulu öndər Heydər Əliyev həyatda yoxdur. Amma bu illər ərzində onun ideyaları üzərində təməli qoyulan ölkə nə qədər məsafələr qət edib, uğurlar əldə edib.

K.Heydərov qeyd edib ki, 2005-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır: "Prezident İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər və dinamik inkişaf Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirib".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü S.Novruzov bildirib ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətləri olub.

O bildirib ki, Heydər Əliyevin doğum gün ümumxalq bayramı kimi qeyd olunur: "Heydər Əliyev sovetlər dövründə geridə qalmış respublika olan Azərbaycanı inkişaf etmiş ölkəyə çevirdi. Müstəqilliyimizin təməli əslində sovetlər dövründə Heydər Əliyev tərəfindən qoyulub".

Millət vəkili ulu öndərin Azərbaycanın ordu quruculuğunda, hərbi-sənaye kompleksinin yaradılmasında, milli hərbi kadrların yetişdirilməsində, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasında xüsusi rolu olduğunu vurğulayıb.

S.Novruzov ulu öndərin Azərbaycan xalqı və dövləti ilə yanaşı, bütün müsəlman və türk dünyası qarşısındakı xidmətlərindən də bəhs edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR