Psixoloq: “Bina sakinlərinə psixoloji yardım edilir”
Bizi izləyin

Qırmızı.az

Psixoloq: “Bina sakinlərinə psixoloji yardım edilir”

Ötən gün Azadlıq prospektində yaşayış binasında baş verən yanğından zərər çəkmiş ailələrə psixoloji yardım göstərilir.

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin Krizis şöbəsinin həkim-psixoloq briqadası iki gündür 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmiş xəstələr, onların yaxınları ilə məşğul olur.

Şöbənin həkim psixiatrı Aynur Zeynalov bildirib ki, bu cür hadisələrdə ilk 48 saat ərzində şok reaksiyası olur və vəziyyətdən çıxmaq üçün xəstəyə vaxt verilir.

“Adətən, 48 saat keçdikdən sonra xəstəyə yardım etmək olar. Hələ ki, həmin vaxt tamam olmasa da, xəstələrlə danışıqlar aparırıq. Yaxınlarını itirənlər hələ hadisənin şokunu yaşayırlar. Bir qadına isə övladının öldüyü hələ deyilməyib. Psixoloqlarımız yavaş-yavaş onu uşağının ölüm xəbərinə alışdırır, amma ailə hələ ki deyə bilmir. Amma bu xəbər bir az da gecikdirilsə, daha ağır nəticə verə bilər.

Hazırkı durumda həm də xəstələrin yaxınlarına yardım göstərilir. Hadisənin təsirindən psixoloji durumu pis olan, ağlayan xəstə yaxınları var idi. Bəziləri isə nisbətən yaxşıdır və yaxınlarına dəstək olurlar. Həkim psixiatrlarımız həmçinin yanan binada olub və oradakı sakinlərlə də danışıqlar aparıblar”.

Psixoloqun sözlərinə görə, hadisə nəticəsində zərər çəkmiş insanların bir çoxu vəziyyətin ağırlığını hələ tam anlamırlar. Bir neçə gündən sonra onlara daha ciddi dəstək lazım olacaq:

“Xəstə yaxınlarını bu barədə maarifləndirmişik. Bir neçə gün sonra zərərçəkmiş şəxslərlə birlikdə mütləq psixoloqa müraciət etmələri tövsiyə edilib. Əlbəttə, gedib-getməmək öz istəkləridir. Lakin biz psixoloqa müraciət edilməsini vacib hesab edirik. Bundan başqa, xəstənin ağırlıq vəziyyətinə uyğun evdə ona nəzarət edilməli və mütəxəssisdən mütləq şəkildə yardım alınmalıdır. Əks halda, sonradan onlar qorxulu yuxular görə, olmuş hadisələri yadına sala bilər və bu da vəziyyətlərini daha da ağırlaşdıra bilər. Belə olan halda xəstə yaxınları qorxmamalıdır, çünki bu gözlənilən reaksiyadır. Mütləq psixoloq və psixiatra müraciət edilməlidir. Çünki xəstəyə o anda kömək lazımdır”.

Qeyd edək ki, ötən gün Azadlıq prospektində binada baş vermiş yanğın nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Yaralıların 34-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm