“Azərişıq” yanan binanın sakinlərinin borclarını sildi
Bizi izləyin

Qırmızı.az

“Azərişıq” yanan binanın sakinlərinin borclarını sildi

“Azərişıq” ASC yanğın baş vermiş binanın sakinlərinin elektrik borclarını öz üzərinə götürüb.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda deyilir:

"Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi bütün Azərbaycanı sarsıtdı. Yanğın zamanı həyatını itirmiş insanların faciəsi “Azərişıq” ASC kollektivi tərəfindən də böyük kədərlə qarşılanıb. Belə ağır anlarda onlara öz dəstəyini göstərmək üçün ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib".

Qərara əsasən, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin bütün elektrik borcları Səhmdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.

“Azərişıq” ASC-nin rəhbərliyi bütün kollektiv adından zərərçəkmişlərə şəfa arzulayır və həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm