Keçmiş polis rəisi: “Mən bekarçılıqdan çəkməyə başladım...” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Keçmiş polis rəisi: “Mən bekarçılıqdan çəkməyə başladım...” – MÜSAHİBƏ/FOTOLAR

Onu mətbuatda çoxdan olanlar, xüsusən də kriminal sahədən yazan jurnalistlər daha yaxşı tanıyır. Amma Nəsimi Rayon Polis İdarəsinin sabiq rəisi kimi. Bizə Bağır Bağırovun yalnız rəssam vaxtını görmək nəsib olub.

Keçmiş polis rəisi və rəssam... Sərt və soyuqqanlı polis və yaradıcı, həssas rəssam obrazını bir yerdə təsəvvür etmək nə qədər çətin olsa da, keçmiş polis rəisi bu iki sənəti birləşdirməyi bacarıb. Uşaqlıqda əlinə fırça götürüb şəkillər çəkən Bağır Bağırov bir də bu sənətə 50 ildən sonra qayıdıb. Görünür, rəssamlığa portretlə başlaması həm də polis işlədiyi zaman insanların sifət cizgiləri və xarakterlərini daha yaxşı öyrənməsindən irəli gəlirdi. Əsərləri arasında fərq qoymasa da, mənə görə ən maraqlısı kətan üzərində yağlı boya ilə işlənmiş polis formasındakı avtoportret idi.

Publika.az keçmiş polis rəisi Bağır Bağırovla müsahibəni təqdim edir.

- Polis rəisi və rəssam. Bu, adama bir qədər qəribə gəlir. Biz, adətən, polisin bir qədər sərt, soyuqqanlı olmasına öyrəşmişik, yəni peşəsi belə tələb edir. Rəssam isə əksinə, həssas və ürəyiyumşaq olur. Yəqin ki, oxuculara da çox maraqlıdır, keçmiş polis rəisi necə rəssam oldu?

- Hər kəs bir işin dalınca gedir, bir vəzifə sahibi olur. Bunun heç bir fərqi yoxdur. Heç kim də anadangəlmə polis doğulmur. Mən özüm də heç vaxt fikirləşməmişəm ki, polis olum. Deyirlər ki, polis bir az qəddar olmalıdır, amma mən o fikirlə razı deyiləm. Məncə, polis, ümumiyyətlə, qəddar olmalı deyil. Mən işimlə əlaqədar Türkiyədə, İspaniyada və digər ölkələrdə ezamiyyətdə olmuşam. İspaniyada daxili qaydada əmr verilmişdi ki, uzunboylu və irigövdəli insanlar rəsmi olaraq polisdə işə götürülməsin. Çünki insanlar belə polisdən qorxurlar. Axı polis insanı qorxutmaq üçün deyil. Bu nöqteyi-nəzərdən polis heç qəddar da olmalı deyil, yumşaq olmalıdır. İkinci bir tərəfdən, “rəssam bir az ürəyiyumşaq olmalıdır” fikri ilə də razı deyiləm. Məsələn, Hitler də rəssam olub və cavanlığında sulu boya ilə çəkib satdığı rəsmlərin hesabına dolanıb. Kim deyə bilər ki, Hitler ürəyiyumşaq adam olub? Hitler əslində qaniçən olub. Yəni insan hansı vəzifənin dalınca gedirsə, orada da işləyir. Təbii ki, polisdə soyuqqanlılar da var, yaxşı da var, pis də var. Ümumən, demək olmaz ki, polis kiminsə cibini kəsməlidir, soymalıdır. Polis hüquqşünas deməkdir, əksinə, polis yumşaq olmalıdır, rəssamdan da yumşaq.

- Sizdə rəssamlığa maraq necə yarandı, uşaqlıqdan belə bir istedadınız vardımı?

- Ümumiyətlə, Allah hamıya istedad verir - kimə az, kimə çox. İnsanda qabiliyyət, istedada varsa, onu inkişaf etdirir. Bəzən elə insanlar olur ki, onların istedadı olur, amma bunu üzə çıxara bilmir, ölüb gedir və üzərində bir qanqal bitir. Bununla da onun həyatı qapanır. Ümumiyyətlə, insanda istedad varsa, belə adamlar hərtərəfli olurlar. Əgər rəssamdısa, o, həm də oxuya bilir. Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov var, o həm də gözəl tar çalır, həm də muğam oxuyur. Mən də özüm üçün elə qəşəng oxuyuram ki! Musiqiyə həvəsim olduğuna görə üç dəfə özümə musiqi aləti almışam. Amma istədiyimi tapa bilməmişəm. Musiqini gözəl başa düşürəm. Muğamda elə nöqtələr var, oxuyanları həmin nöqtələrdən anlayıram ki, bu, oxuya bilir, ya yox.

Mən uşaq vaxtı da rəsmlər çəkirdim, sonra məktəbi bitirdim, institutda oxudum, işlədim və bu müddət ərzində 50 il heç nə çəkmədim. Təqaüdə çıxandan sonra yadıma düşdü ki, nə vaxtsa çəkmişəm. Karandaş aldım, yoxladım, gördüm ki, alınır. Təqaüdə çıxanda da cəmiyyətdə öz yerini tutmaq lazımdır. Mən bekarçılıqdan rəsm çəkməyə başladım.

- Siz əsərlərinizi həm də musiqinin müşayiəti ilə çəkirsiniz.

- Bəli, mən musiqini sevən insanam. Rusiyada işləyəndə tez-tez vətənim üçün darıxırdım və o zaman “priyomnik”im var idi və onu açıb Azərbaycan mahnıları tapırdım. Əvvəllər muğamı sevməmişəm, sonra yaş ötdükcə hər şey dəyişdi. Mən muğamın sədaları altında şəkillər çəkməyə başladım. Elə bil ki, bu musiqi mənim daxildən gələn enerjimi ikiqat artırırdı. Mən iş görərkən tənhalığı sevirəm. Əhvalım yaxşı olmayanda emalatxanaya qalxıram, musiqi dinləyirəm və əhvalım düzəlir. Sonra rəsmlər çəkməyə başlayıram. Əvvəl elə bilirdim ki, bunu yalnız muğam edə bilər, sonra anladım ki, bu Bethoven də ola bilər, Mosart da, ümumiyyətlə, hansı musiqi ruhumu oxşayırsa, o musiqini də dinləyirəm.

- Ən uğurlu hesab etdiyiniz, ən sevdiyiniz əsəriniz varmı?

- Mən internetdən çox şey öyrənirəm. Bu yaxınlarda da bir məlumat oxudum ki, əgər portretini çəkdiyin adam sənin xoşuna gəlmirsə, o zaman həmin əsər alınmayacaq. Amma gördüm ki, bu doğru fikir deyil. Mən xoşuma gəlməyən insanın da şəklini çəkmişəm və gözəl alınıb. Əgər bir işi görürəmsə, istəyirəm yüksək səviyyədə olsun, heç birini natamam qoymuram. Yəni, mənim üçün fərqi yoxdur. Bəyənmədiyim, götürüb gizlətmək istədiyim əsərlərimi rəssam dostlarım bəyənib sərgi üçün seçdilər. Əsas qiymət ona görə verilir ki, sən onu öz təxəyyülündən çəkəsən. Əsası odur ki, mənim qarşımda maneə yoxdur, nə istəsəm, onu da çəkə bilərəm. Mənim üçün bütün çəkdiyim əsərlər qiymətlidir.

- Siz daha çox portretlər çəkirdiniz. Keçmiş işinizin, polis olmağınızın insanları tanımaq, xarakterləri bilmək baxımından sizə köməyi olubmu?

- İndi də portret çəkirəm. Bəzən əlimdə başqa iş olmayanda qohumlarımı, dostlarımı tutub gətirirəm ki, gəlin sizin şəklinizi çəkim. Sonra başqa rəsmlər də çəkməyə başladım. Yasəmən gülünü çəkə bilmirdim, onu da öyrənmişəm (gülür). Polisdə işləmək insanların psixologiyasını mənə, haradasa, öyrədib. Portretini çəkdiyim insan gözümün qabağındadır, nə var, onu da görürəm. Polis olmasam da, bunları görə bilərəm. Amma bu sahədə uzun müddət işlədiyimə görə peşəkar kimi insanları daha yaxşı başa düşürəm. O qədər insanla söhbət eləmişəm ki, ağzını açan kimi başa düşürəm ki, necə insandır və bununla söhbət eləməyə dəyər, ya dəyməz.

- Sevdiyiniz rəng var? Yoxsa bütün rənglər sizin üçün eynidir?

- Narıncı rəngi, ümumiyyətlə, isti rəngləri sevirəm. Qara, qəhvəyi rəngi o qədər də sevmirəm. Amma rəssam elədir ki, qara rəng xoşuma gəlməsə də, onsuz keçmək olmur. Qara boya olmasa, onsuz şəkil çəkmək olmaz, çünki onu hər rəngə qatırsan. Əslində, rəssam üçün bütün rənglər gözəldir.

- Siz rəsm çəkərkən prosesin özündən ləzzət alırsınız, yoxsa sondakı nəticə sizi sevindirir?

- Proseslərdən də zövq alıram, amma nəticə gözəldir. Proses, düzdür, bir qədər əziyyətli olur, yarım saat çəkirəm və sonra qabağıma qoyub çəkdiyim əsərə baxıram. Nə qədər enerji vermişdim, onun bir neçə misli geri qayıdır. Baxdıqca əhvali-ruhiyyəm düzəlir. Əhvalım pis olanda emalatxanaya qalxıram və çəkdiyim tablolara baxıram. Elə bil ki, mənə 10 dənə dopinq vurublar (gülür).

- Heç olur ki, çəkdiyiniz əsərləri dəyişəsiniz?

- Olur. Bəzən nəyisə çəkmək istəyirəm, amma sonra fikrimi dəyişib həmin əsəri başqa cür çəkirəm.

- Jurnalistikada belədir ki, bir çox hallarda əvvəllər yazdığımız hansısa yazını bir müddətdən sonra bəyənmirik. Rəssamlarda da belədirmi?

- Əvvəllər çəkdiyim rəsmlərin üstündən bir müddət keçəndən sonra onları bəyənmirdim. İndi onları kənara qoyub təzədən çəkirəm. Bu professionallıqla bağlıdır. Bu gün bir qədər professional olmuşam, sabah ola bilər ki, bugünkünü bəyənmərəm. Bəzi rəsmlər var ki, məsələn, elə özümün avtoportretim çox xoşuma gəlir. Mən ona heç vaxt kritik yanaşa bilmirəm. Hansısa bir səviyyəyə gəlib çatandan sonra artıq bütün əsərlər rəssam üçün eyniləşir, yəni professionallaşırsan.

- Belə bir fikir də var ki, rəssamda çəkmək üçün daxili azadlıq olmalıdır.

- Bəli, olmalıdır. Amma daxili azadlıq olmayanda da rəssam var idi. Məsələn sovet dövründə də rəssamlar var idi. Onlar öz hisslərini gizli saxlayırdılar. Mən bu yaxınlarda Putinin bir fərmanını oxudum. Rusiya prezidenti rəssamlara, musiqiçilərə nə çəkməsilə bağlı göstəriş verməyi qəti qadağan etmişdi. Əslində, rəssam nə istəyir onu da çəkməlidir. Bəzən elə olur ki, mən nəyisə çəkmək istəyirəm, amma fikirləşirəm ki, mənə nə deyərlər? Əlbəttə azadlıq gözəl şeydir.

- Deyirlər, rəssamların bəzi qəribəlikləri olur. Rəssamlığa başlayandan özünüzdə belə qəribəliklər hiss etməmisiniz ki?

- Bəli, düz deyirsiniz, rəssamlarda belə qəribəliklər olur (gülür). Bəzən rəssamlar gedib dağda qalır, tək yaşayır və sair. Özümdə yox, başqalarında görmüşəm. Bəzən baxıram ki, tanınmış bir rəssam uzun, qırmızı şərf taxıb, yaşıl şalvar geyinib. Bu, əslində, xoşuma gəlir, bəzən geyinmək istəyirəm, amma fikirləşirəm ki, mən belə geyinsəm, vedrə bağlayarlar. Bununçün də daxili azadlıq lazımdır. Amma çox rəssamları tanıyıram, hamısında belə bir şey olmur. Bəzən də rəssamlar qəsdən belə edirlər. Mənə dostlarım da deyirlər ki, sən də başına bir papaq qoy, rəssam imici yaransın. Amma mənim sadəlik xoşuma gəlir. Hərdən dostlarım zarafatla deyirlər ki, paltarın yoxdur, sənə paltar alaq (gülür). Mən sadəliyi xoşlayıram.

- Bağır müəllim, heç əsərlərinizi satmısınız?

- Əsərlərimi bəzən bağışlamışam. Sonra onları təkrar çəkmişəm. Bəzən də kiməsə vermək istəmişəm, amma fikirləşmişəm ki, özümə qalmayacaq. Rəssamlar bir az xəsis olurlar. Onlar hədiyyə verməyə də xəsislik edirlər, satmağa da əlləri gəlmir. Kiməsə çəkdiyim portreti özümdə saxlamıram, onu özünə verirəm. Satmağı bir az özümə sığışdırmıram, amma satışa qoysam, əlbəttə ki, satılar. Bilirsiniz, əslində, mənim rəssamlara yazığım gəlir. Əsərlərini satmaq da bir qədər çətindir, hamı onu anlamır. Bəzən tablolar illərlə mağazada qalır. Əgər qoyduğun xərcin 3 mislini götürürsənsə, sən qazanmış olursan. Bəzən rəssamlar yüz qatını götürmək istəyirlər. Mən əsərlərimi satmadığıma görə evdə məni çox danlayırlar.

- Təqaüdünüz çatırmı rəng, fırça, kətan, almağa?

- Mənim təqaüdüm çoxdur, amma elə hamısı da onlara gedir. Çox vaxt dostlarıma hədiyyə edirəm, onlardan pul ala bilmərəm ki? Onların elə mənə ürəkdən salam verməsi nəyə desən dəyər. Amma satmaq da lazımdır. Kim rəsm çəkib satmırsa, deməli, başı xarabdı.

- Çəkmək istədiyiniz, fikirnizdə olan, hələ çəkə bilmədiyiniz əsər var?

- Fikrimdə əsərlər çoxdur. Mən Qərbi Azərbaycanda - Ermənistanın Sisyan rayonunda doğulmuşam. Kəndimizin şəkillərini çəkmək istəyirəm, oradan bəzi fotolar əldə eləmişəm. Şah İsmayılın, Sultan Süleymanın, Uzun Həsənin şəklini çəkmək istəyirdim, amma orijinal foto tapmadım. Əlimdə olsa, onları çəkərəm, çünki bunlar bizim tariximizdir. Hələ bilmək olmaz, bəlkə də, çox çəkəcəyəm.

- Hansı mövzular sizə yaxındır?

- Əvvəl ancaq portret çəkirdim, indi ürəyim nə istəyir, onu da çəkirəm.

- Abstrakt əsərlər da çəkirsiniz?

- Yox, abstrakt şəkilləri mən başa düşmürəm. Əgər abstraktı bilən varsa, ondan məmuniyyətlə öyrənməyə hazıram.Mənə bir rəssam dedi ki, sən abstrakt çək, səndə yaxşı alınacaq. Dedim axı bunu bilmirəm, Cavab verdi ki, elə bilmədiyinə görə səndə yaxşı alınacaq. Bir rəssam tanışım da mənə dedi ki, 10 metrlik kətan alaq, rəngləri qarışdıraq, ona bir az torpaq, bir az un, sancaq səpək və sonra onu hissələrə bölüb sataq (gülür). Bəzən abstrakt çəkirlər, amma nə demək istəyirlər, mənə çatmır. Mənim ən çox sevdiyim klassikadır. Düzdür, indi klassikaya fikir verən yoxdur. İlan-qurbağa kimi çəkirlər, adam heç evə də vurmaq istəmir. Amma görünür, hərə bir şeyi sevir də.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm