• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tağı Əhmədov: “Maskalanmağa ehtiyac yoxdur” - MÜSAHİBƏ

Tağı Əhmədov: “Maskalanmağa ehtiyac yoxdur” - MÜSAHİBƏ

Bakı Metropoliteninin sabiq rəisi (1998-2014) Tağı Əhmədovun Publika.Az-a qısa müsahibəsi:

-Tağı müəllim necəsiniz?

-Çox sağ olun, hər şey yaxşı və yüksək səviyyədədir.

-Yəqin istirahət edirsiniz?

-Xeyr, niyə istirahət edim ki? İşdəyəm.

-Metropolitendə?

-Əlbəttə, yenə də metrodayam. Bəs harada olmalıyam?

-Bakı Metropoliteninin rəisi vəzifəsindən çıxarılan vaxtı həyat yoldaşınız demişdi ki, bir müddət istirahət edəcəksiniz…

-Qoyun həyat yoldaşım mənim əvəzimdən də istirahət etsin. Ancaq mən işimlə məşğulam.

-Yeni planlarınız nədən ibarətdir?

-Yeni plan yeni rəhbərliyin olacaq. Mən indi artıq icraçıyam. İcraçı kimi də mənə deyirlər, hər zaman yerinə yetirirəm. İndi yeni rəhbərlik də lazım biləndə mənə nəsə deyər. Ancaq faktiki olaraq mən metroda işləyirəm.

-Tağı müəllim, vəzifədən çıxarılan ərəfədə jurnalistlər sizdən çox yazmışdı. Buna görə jurnalistlərdən incik qalmamısınız?

-Nə olar, sağ olsunlar. Kim necədirsə, elə də olmalıdır da. Maskalanmağa ehtiyac yoxdur, necə lazımdırsa, elə də olmalısan. Mən heç bir məmura da kölgə atmaq istəmirəm. Sadəcə olaraq, mən necə varamsa, eləyəm. Mən necə düşünürəmsə, elə danışıram. Mənim jurnalistlərə qarşı böyük hörmətim var. Ancaq o jurnalistlərə ki, onlar həqiqətən jurnalistlərdir. Küçədən tutulub gətirilmiş və savadsız jurnalistlərə isə heç zaman hörmətim olmayıb və bundan sonra da olmayacaq.

-Bədii yaradıcılıqla bağlı nə planlarınız var?

-Bu istiqamətdə işlərim davam edir. Bunu ki, mənim əlimdən alan yoxdur? Əvvəl elə düşünürdüm ki, şeirlərimi çap etdirməyəcəm. Ancaq indi fikirləşirəm ki, artıq mən məmur deyiləm və kitabımı çap etdirə bilərəm. Hələ yeni kitabım çıxmayıb. Ancaq cilalanmış şəkildə bədii yaradıcılığımdan nümunələr var. Hamısı da şeirlərdir. Bunları kitab şəkilində çap etmək olar. Hardasa ortalığa sanballı bir kitab çıxar. Kitabın adını hələ düşünməmişəm. İnşallah, bir il və il yarıma kitab çıxarmaq olar. Bəlkə də heç olmadı. Hər şey ola bilər. Bunların içərisində ulu öndər Heydər Əliyevə, Yeni Azərbaycan Partiyasına (YAP) həsr olunan şeirlərim və Azərbaycanda məşhur olan “İlham alıram” adlı mahnının sözləri də var.

-Əgər mümkünsə, oxucularımız üçün yazdığınız şeirdən birini söyləyərdiniz…

-Xocalı soyqırımı ilə bağlı fevralın 26-da “Respublika” qəzetində bir şeirim dərc olunub. Həmin şeirimdə müsəlman dünyasına aid fikir söyləmişəm. Şeir belədir:

Zülm həmişə dayanıb, görənlər kordur,

Alov asimanda, deyirlər qordur,

Müsəlmanlar üçün hörülən tordur,

Belə gəlib, belə gedən dünyadır!

-Tağı müəllim, həm şeirə, həm də müsahibəyə görə təşəkkür edirəm!

-Mən də təşəkkür edirəm, oxuculara da can sağlığı arzu edirəm!

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR