2 həftəlik istirahət 50 manata – Metro işçilərinin Sağlamlıq Mərkəzindən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

2 həftəlik istirahət 50 manata – Metro işçilərinin Sağlamlıq Mərkəzindən FOTOREPORTAJ

Yayın isti günlərində 50 manata 2 həftəlik istirahət. Üstəlik, tək yox, bu qiymət 4 nəfərlik ailə üçündür. Bütün otaqlar mebel, zəruri əşyalarla təmin edilib. Səliqə-sahman da yerində, dəniz ayağınızın altında.

Belə istirahəti kim istəməz?

Bu, hansısa turizm şirkətinin reklam yazısı deyil. Haqqında danışdığımız yer “Bakı Metropoliteni” QSC-nin işçiləri üçün yaratdığı “Bilgəh” Sağlamlıq Mərkəzidir.

Bu dəfə mərkəz qapılarını jurnalistlər üçün açdı. 40 ildən çoxdur metro əməkdaşlarının müalicə aldığı və istirahət etdiyi məkan bu il onları tam fərqli simada qarşılayıb. Ötən ilin aprel ayından təmirinə başlanılan mərkəzdə işlər, demək olar ki, yekunlaşıb. Köhnə birmərtəbəli evciklər ləğv olunaraq yerində kottec tipli müasir çoxmərtəbəli evlər tikilib. Həmçinin 5 yeni bina inşa olunub. Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-si ikimərtəbəlidir. Bunlardan əlavə, istirahət mərkəzində daha 10 ikimərtəbəli və 5 birmərtəbəli ev var. Yeni binalar sayəsində hər biri 4 nəfərdən artıq olmamaq şərtilə, ümumilikdə 75 ailə bu yay istirahətinin 2 həftəsini daha az xərclə keçirə biləcək.

Uşaqlar olmaz...

Üstəlik, xərclərlə keyfiyyət tərs mütənasibdir. Çünki otaqların tam təmirli olması bir tərəfə, bütün yeni kotteclər ən müasir məişət, mətbəx və s. avadanlıqlar, mebellərlə təchiz olunub. Digər kotteclər isə vəziyyətinə uyğun olaraq, əsaslı və cari təmir olunaraq, lazım olan bütün yeni avadanlıqlarla təchiz edilib. Bu il bütün mənzillər kondisionerləşdirilib və isti su ilə təchiz olunub.

Metro işçiləri burada yalnız istirahət etmir. Mərkəz sanatoriya tipli olduğundan burada həm də bir sıra xroniki xəstəliklər müalicə edilir. Sanatoriyada qalmaq isə pulsuzdur. Bir yollayışının müddəti 20 gündür. Hər gedişi 90 nəfər olmaqla, dekabr ayına qədər davam edəcək mövsüm boyunca sanatoriyada 850 nəfər dincələ biləcək. Müalicəvi xüsusiyyətləri, həmçinin burada sağlamlıq kursu keçənlərin maraqları nəzərə alınaraq, sanatoriyaya 6 yaşdan aşağı uşaqla yollayış almağa icazə verilmir.

İstirahət mərkəzi kimi sanatoriyanın da bu ildən müalicə xidmətlərində yeniliklər var. Bütün avadanlıqlar bu ildən tam yenilənərək, ABŞ, İlaiya və Çexiya istehsalı olan ən müasir tibbi cihaz və avadanlıqlar alınıb.

Müalicə üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, Naftalan və parafin müalicəsindən, inhalayasiyanın bütün növlərindən, impulsiv masaj, müalicəvi idmandan, ultra səs müayinəsindən və su ilə müalicədən istifadə olunur. Sanatoriyada dincələnlərin, müalicə kursu keçənlərin qidalanmasına da xüsusi diqqət yetirilir. Onlar üçün nəzərdə tutulmuş yeməkxanada əsasən pəhriz yeməklər hazırlanır. Burada İsveç süfrəsinin tətbiqi isə sakinlərə bu mənada seçim imkanının verilməsi deməkdir.

Həkim-nevropatoloq Təranə Kərimova bildirir ki, xəstələr əsasən Dəmiryolu Xəstəxanasından göndərişlə bura müraciət edirlər, onlar xroniki xəstəliklər üzrə müalicələr alırlar. Gün ərzində bura 10-15 nəfər müraciət edir.

Metro işçilərinin ən çox müraciət etdiyi xəstəliklərə gəldikdə, T.Kərimova bildirdi ki, ən çox müraciətlər ortioz, ostrexondoz, təzyiq, şəkərli diabetlə bağlı olur. Metro işçilərinin spresipik xəstəliyi ağciyərlə bağlıdır.

Sensorlu fəvvarə, tennis, şahmat...

2 həftə mərkəzdə qalan metro işçilərinin əyləncəsi də düşünülüb. Ərazidə yeni iri park salınıb, sensorlu fəvvarə qurulub. Xüsusən uşaqların istirahətinə daha çox diqqət ayrılıb. Parkda uşaqların rahat dincəlməsi məqsədilə qum sahələri, əyləncə qurğuları qoyulub. Böyüklər üçün isə istirahəti üçün köşklər, skamyalar, oturacaqlar quraşdırılıb. Ərazidə mini-futbol və voleybol, tennis və şahmat meydançaları da var. İstirahət zonasında çayxana, mağaza, maşın dayanacağı da fəaliyyət göstərir. Ərazinin hasarları da baxışdan keçirilib, təmir-bərpa işləri sayəsində bütün ərazi mühafizə xidməti tərəfindən mühafizə olunur.

Ərazi internet və Wi-Fi ilə təmin edilib, kabel televiziyası çəkilib. Sanatoriyada yeni qazanxananın quraşdırılması mövsüm boyu isti suya olan tələbatı tam ödəyir. Ərazidə yeni elektrik yarımstansiyası quraşdırılıb, yeni kanalizasiya xətti çəkilib. Yeni yanğından mühafizə hovuzu inşa olunmaqla, bu sistem tam yenilənib. Kommunal təsərrüfat təşkilatı ilə müqavilə bağlanaraq, gün ərzində iki dəfə ərazidən məişət tullantılarının daşınması təşkil edilir. Sanitar-epidemioloji mərkəzlə bağlanmış müqaviləyə əsasən, hər 10 gündən bir ərazidə müvafiq dezinfeksiya tədbirləri görüləcək.

Yazının girişində çimərlik məsələsini əbəs yerə qabartmamışdıq. Bu ildən metro işçiləri üçün ən böyük yeniliklərdən biri artıq burada dincələn metropolitençilərin özlərinin çimərliyinin olmasıdır. Sabunçu rayon İcra Hakimiyyətindən götürülmüş mövsümlük çimərlikdə artıq çəpərlənmə işi aparılır. Ərazidə müvafiq abadlıq işləri aparılır, çimərlik avadanlıq və ləvazimatlarla təchiz olunacaq, modul tipli məişət, soyunub-geyinmə və s. otaqlar quraşdırılacaq.

Hər gün səhər 9:00-dan axşam 20:00-a qədər burada hər saatbaşı avtobus hərəkət edəcək və sağlamlıq mərkəzinin sakinlərini çimərliyə aparıb, geri daşıyacaq.

Mövsüm yeni başlasa da, Sağlamlıq Mərkəzinə istirahətə və müalicəyə gələnlər kifayət qədər idi.

Sizə xoş istirahətlər, sağ əliniz istirahət arzusunda olanların başına...

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm