• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Yalvardı, görüşdük, məni gördü...”

“Yalvardı, görüşdük, məni gördü...”

- Adım Çimnazdır, sizinlə görüşmək istəyirəm... - redaksiyamıza zəng edən xanım telefona mənim cavab verdiyimə əmin olandan sonra dedi bunu.

- Çimnaz xanım, bəlkə, salam da verəsiniz?

Onu pərt etmək fikrim heç yoxdur, sadəcə, səsindəki titrəyişin onun çəkincək olmasını hiss etdirməsindən irəli gəldi dediklərim və ardınca da “sən” müraciəti ilə zarafat etdim:

- Salam hədiyyə deyil, qorxdun ki, almaram?

Titrək səs qırıldı, dəstəyin o üzündən aramla aldığı nəfəs isə hiss olunurdu. Vəziyyətdən çıxartmaq istədim:

- Qızım, neçə yaşın var, yəqin ki, məktəblisən, əmi zarafatıdır da, incidin?

Yeniyetmə bildiyim səs sahibi dilləndi:

- Yox, Faiq bəy, 31 yaşım var... Bağışlayın, salamı unutdum, elə bilirəm ki, sizinlə uzun müddətdir söhbət edirəm.

Bir az da ara verdikdən sonra əlavə etdi:

- Zəng edənə qədər, öz-özümə sizinlə çox danışdım, necə müraciət edim, nə deyim, görünür, o üzdən çaşdım.

Qızın tamam özünü itirdiyini hiss etmək o qədər də çətin deyildi. Özümü qınadım. Zarafatım yerinə düşməmişdi. Bir qədər də söhbət etdikdən sonra onun taleyini nəql etmək, mənimlə paylaşmaq istədiyini öyrənirəm. Razılıq verirəm:

- Oldu, redaksiyadayam, gəlin “Azadlıq” metrosuna, orada görüşüb, gedərik redaksiyaya.

Vədələşdik. Təxminən 1 saatdan sonra zəng etdi ki, gəlmişəm. Getdim. Bəstəboy, uzun saçlı, qara gözlü ağca bir xanımdır. Bacardıqca hərəkətsiz qalmaq istəyini hiss etməmək olmur.

Salamlaşdıq. Arxa oturacaqda oturdu. Çevrilib baxdım, ürəyimdən keçən ilk fikir bu oldu: “İlahi, niyə axı, bu səsi, gözü, qaşı, saçı, bir sözlə, onun sifətində cəmlədiyin bu gözəlliyin ardınca ...”

Nə isə, beynimdəki fikri ürəyimdən keçirmək belə istəmədim. Sükanı möhkəm sıxdım, kimə əsəbiləşdim ki? Yaradanamı? Yoxsa özümə hər zülm, iztirab, səfalət içində yaşayan insanın çağırışına gedib də üzülməyimə görəmi acığım tutmuşdu? Yox, yəqin ki, bu deyildi... Yaradan niyə qıymışdı ona?!

- Çimnaz, gedək redaksiyada oturaq, hava da istidir, çay içək, söhbət edək.

- Gedək, amma xahiş etsəm, olar?

- Buyur.

Kondisioneri söndürməyimi istəyirdi:

- Üşüdüm...

Məndən şeir oxumağımı istəməyin

Redaksiyaya yaxın yerdə əməkdaşımız İsmi Şahzadə və Rəfiqə Əlisəfanı görürəm.

- Bizim uşaqlardı, reportajdan qayıdırlar, - deyirəm.

Maşını bərabərlərində saxlayıram:

- Sizi götürmürəm, çünki piyada gəzmək sizə yaraşır, - deyə zarafat edirəm.

Hər ikisi təbəssümləri ilə zarafatıma reaksiya verir. Çimnaz Rəfiqəyə baxır, qızın şax duruşu, müasir geyimi, gözəlliyini nəzərlərinin girovunda saxlayır.

- Faiq bəy, mən sizin redaksiyaya getməsəm, olar? – hələ də baxışları Rəfiqənin üstündədir.

- Çatmışıq, nə qalıb, ayrıca otaqda oturub söhbət edərik.

Güzgüdə ona fikir verirəm, hələ də xanım əməkdaşımıza baxır. Bir qədər də pərtdir, bəlkə də, zəng edib görüşməsinə görə peşman olduğunu fikirləşirəm:

- Hə, olar, istəyirsənsə, getməyək, - deyirəm.

Çimnaz rahat nəfəs alır. Redaksiyamıza getmək istəməməsini təxmin etmişdim, verdiyi sual isə təxminimi dəqiqləşdirdi:

- Sizin redaksiyada qızlar çoxdur?

Kollektivimiz haqda bəhs edirik və onun müvəqqəti yaşadığı məkana tərəf gedirik. Əhmədlidəki Əlillərin reabilitasiya mərkəzində müalicə olunduğunu artıq bilirəm.

- Rayondan 10 günlük göndəriblər. İki gündən sonra gedirəm. Sizin yazılarınızı oxumuşdum. İnsan talelərini, onların faciələrini... eləcə təşəkkür etmək istədim. Həm də fikirləşdim ki, görəsən, bütün adamların dərdini yaza bilərsiniz?

Sakit bir yer tapıb otururuq. Çay sifariş verirəm. Söhbət edirik. Daha doğrusu, o danışır, mən isə qulaq asıram.

- Çimnaz, nə işlə məşğulsan? – soruşuram.

- Rəssamlıq edirəm. Yaxınlarda sərgim olacaq. Toxuyuram, müxtəlif əşyalardan bəzək əşyaları düzəldirəm. Qolbaq, boyun zənciri, toxunma başlıqlar... Nə bilim, hər şey...

- Yəqin, şeir də yazırsan.

- Yox, şeir yaza bilmədim. Arada cəhd edirəm, sınayıram, amma xahiş edirəm, məndən şeir oxumağımı istəməyin.

İstəmirəm. Sadəcə, həyatının onu narahat edən məqamlarını danışmasını istəyirəm.

Bunlar məni qəzəbləndirirdi

- Mən Bakıda doğulmuşam. 4-cü sinfə qədər burada oxudum. Atam öləndən sonra rayona köçdük. Bir qardaşım var. Böyükdür. Anam bizi böyütdü. Mən uşaq olanda onurğa sütunumda əyrilik varmış. Amma müalicə oluna bilmədim. Məktəbə gedəndə də hiss edirdim ki, başqa qızlar məndən şax yeriyir, qaçır, atılıb düşürlər. Elə istəyirdim ki, nadinc olam. Amma alınmırdı. Müəllimlərim məni həmişə nümunə göstərirdi:

- Baxın, Çimnaz necə ağıllı uşaqdır, haysız-küysüz, sakit, heç nə ilə işi yoxdur.

Elə pis olurdum ki... məni tərifləyirdilər, nümunə göstərirdilər, yaxşı oxuyuram, deyirdilər, bunlar da məni qəzəbləndirirdi. Mən çox istəyirdim o biri uşaqlar kimi partaların üstü ilə qaçam, dəhlizdə oynayam.

- Niyə müalicə olunmadın ki?

- Bilmirəm, atamı çox istəyirdim, onu əzizləyirdim, biz kasıb idik. Hövsanda yataqxanada qalırdıq. Qonşumuzda bir həkim gəlin varmış, anama deyib ki, uşağı masaja aparın, korset alın. Elə “bu gün-sabah” ediblər. Atam anamı incidirdi. İş yoldaşları ilə yeyib içirdi, gəlirdi evə. Uzanırdı divanda, məni də alırdı sinəsinin üstünə, ağlayırdı, üzünü göyə tuturdu, hey deyirdi ki, mənim balamı niyə belə yaratdın?!

Çimnazın titrək səsinin əsirindəyəm. Bu acı tale, pozuq xətlə yazılmış alın yazısı ancaq bu səslə nəql oluna bilərdi.

- Anamı döyürdü, niyə şikəst doğdun bu qızı, - deyirdi... Anamın gücü özünə çatırdı.. Atamı çox istəyirdim. Ona deyirdim ki, ağlama, mən ağrımıram, dərslərimi də oxuyuram... Atam həmişə deyirdi ki, bu ay maaşı alanda səni həkimə aparacağam.

Çimnazın boynu, onsuz da, sağ çiyni üzrə içəri çəkilib. Bir az da boynunu qısır. İri, qara gözləri, yumru çənəsi, dodaqları, az qala, çiyinlərinin arasında görünməsin.

- Atam maaşı alırdı. Dükanların borcunu verirdi, ərzaq alınırdı... və yenə də gələn ayın maaşına qalırdı mənim müalicəm... İçməyə isə pulu olurdu. Bəlkə də, dostları alırdı içkini. Faiq bəy, atam çox istəyirdi mən müalicə olunum...

Feysbukdakı dostlarıma üstünlük verirəm

Hələ də stəkanlarımız süzülən çayı ağuşunda saxlayıb. Heç birimiz içməmişik. Mən siqareti siqaretə calayıram, o isə dərdlərini titrək səsinin qabağına qatıb içərisindən mənə tərəf qovur:

- Sonra atam öldü... İçki ciyərini korlamışdı. Anam işə düzəlmişdi. Hər yay atama deyirdi ki, maaşı alıb səni xəstəxanaya aparacam. Amma anamın maaşı az olduğuna görə, ay ərzində nisyə alınan ərzaqların pulunu ödəməyə ancaq yetirdi... Atamın içki dostları ona xəstəliyinə görə pensiya düzəltdilər. Dediklərinə görə, 2 ay araq içməyiblər, o pulu toplayıb, həkimə veriblər ki, ikinci dərəcəli əlillik ala bilsinlər. Atam təqaüdünə əl vurmurdu. “Qoy yığılsın, Çimnazı həkimə aparın”, - deyirdi. Mən məktəbli idim, həkimə getmək istəmirdim, istəyirdim, atam sağalsın... Atam öləndən sonra həmin pula onu rayonda dəfn etdik, özümüz də köçdük rayona. Rayonda məktəbə getdik. Anam korset aldı, müalicəyə apardı məni... amma davamlı olmadı.

- Çimnaz, dedin rəssamlıqla məşğulsan, bu bir gəlir gətirirmi sənə?

- Yox, amma təzə iş qururam. Əlillərin bir QHT-si var. Onun filialını açırıq. Mən rəhbər olacam. Razılıq əldə olunub, sənədlər də hazırdır. Bölgədə olan əlil adamları toplamaq istəyirəm, nə iləsə məşğul olmaq gərəkdir.

- Dostların necə, varmı?

- Var. Ən çox Feysbukdakı dostlarıma üstünlük verirəm. Onlar daha mehribandır. Pis adam yoxdur. Hamı yaxşıdır. Mən hər kəsə inanıram.

- Heç dost dediyin adamlardan incidiyin olubmu?

- Olub. Bir dəfə məni əlillər üçün Şağan kəndində olan bir istirahət mərkəzinə göndərmişdilər. Vaxtım tamam olanda, dostluq etdiyim birinə yazdım ki, gəl mənə kömək elə. “Koroğlu” metrosuna qədər avtobusla özüm gələcəkdim, çantalarıma yardım etməsini istəmişdim. Gəlmədi, dedi ki, işim var... Heç onu da qınamadım, görünür Feysbukda yazışdığı adamın şikəst olduğunu biləndən sonra dostluq etməkdən boyun qaçırmışdı...

Heç istəməzdim bu sualı verəsən

- Çimnaz, incimə. Verəcəyim bu sual mənim üçün də ağırdır, amma verməyə də bilmirəm. Sevdiyin, ürəyindən keçirdiyin məhrəm hisslər olubmu?

Soyumuş çayı yarıya qədər içir. Dilini ehmalca suyunu qurudurmuş kimi dodaqlarının üstündə gəzdirir. Çiyinlərimin üstündən uzağa baxır:

- Heç istəməzdim bu sualı verəsən. Bu mənim iç dünyamdır. Amma bir halda ki... hə, olub. Məndən yaşda böyük idi. Feysbukda tanış olduq. Mən öz şəklimi qoymuram axı. Gül şəkli qoyuram. Sonra zəngləşdik. Danışdıq. O mənim səsimə, yazdığım statuslara vurulmuşdu. “Görüşək” - dedi. Razı olmadım. Axır məcbur etdi. Bakıda xəstəxanada olanda dedim ki, gəl. Amma ona dedim ki, mən şikəstəm. “Qəbulumsan” - demişdi. Ona inanmışdım. Gəldi, xeyli söhbət etdik, çay içdik, sonra getdi. Yazışmaq istədim, gördüm məni dostluqdan çıxarıb, heç zəng də etmədim...

- Üzdüm səni...

- Oxumaq istədim, sənədlərimi verdim 6 il qabaq. Qabiliyyətdən də keçmişdim. Rəssam olmaq istəyirəm axı. Qəbul olundum. Bakıya balım çatmadı. Əyalətə isə qardaşım qoymadı, qız uşağısan, dedi, rayonda sənə çətin olar... Qardaşımı çox istəyirəm. Atamı istədiyim kimi... O dedi ki, hazırlaş növbəti ilə girərsən. Növbəti illərdə də uğursuzluq məni izlədi. Liseydə təhsil aldım. Mühasibatlıq, kompüter ixtisası üzrə. Ali təhsillilərə iş yoxdur, liseyi bitirən mühasibə işmi olacaq? İnşallah, işimi qurum, yaxşı olacaq...

Çimnazla söhbətimiz uzun oldu. Könlünü xoş edən söhbətlər etdim. İçindəki həyat eşqinə, daxilindəki inama “əhsən!” dedim, “sən nümunə olacaq bir xanımsan”, - söylədim...

Ayrılanda sakitcə dedi:

- Xahiş edirəm, məni xəstəxanadan bir qədər kənar düşürərsən. İstəmirəm yad adamın maşınından düşdüyümü görsünlər. Əslində isə sən yad deyilsən, Faiq bəy, doğmasan, sənin bütün yazılarını oxumuşam, adımı olduğu kimi yazma. Görürsən, mən artıq sənə “sən” deyirəm...

Sonda isə nə qədər unutmamışam, deyim, “Çimnaz” qəhrəmanımın şərti adıdır... Şəklini çəkməyə isə əvvəlcə razı olsa da, İsmigillə qarşılaşandan sonra ona da razı olmadı – nə deyim sənə, fotoqraf İsmi... (axar.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR