Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq

Azərbaycanda dərmanların qiyməti tənzimlənəcək. Artıq istehlakçı eyni dərmanı Bakıdakı bütün apteklərdə, hətta rayonlarda belə eyni qiymətə ala biləcək.

Uzun müddətdir müzakirə olunan dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı Qaydalar iyunun 3-də Nazirlər Kabineti tərəfindən təsdiqləndi. Bundan sonra isə Tarif Şurası tərəfindən qiymətin tənzimlənməsi barədə təlimat qəbul edildi.

Bəs dərmanlar nə vaxtdan vahid qiymətə satılacaq? Bunun istehlakçılar və aptek sahibləri üçün üstünlüyü nələr olacaq?

Tarif Şurası tərəfindən təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formalarında göstərilib ki, tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçilib.

Bazis qiymət üçün pul vahidi olaraq bəyannamədə ABŞ dollarından istifadə olunur. Pul vahidinin fərqli olduğu ölkələr üzrə qiymətlər isə qiymət bəyannaməsi verilən tarixə Mərkəzi Bankın internet saytındakı rəsmi valyuta məzənnələrinə uyğun olaraq hesablanır. Mərkəzi Bank tərəfindən valyuta məzənnəsi müəyyən edilmədiyi halda, həmin ölkənin Mərkəzi Bankının və ya Avropa Mərkəzi Bankının rəsmi internet saytına istinad olunur. Dərman vasitələrinin qiymət tənzimlənməsi və istinad ölkələrində bazis qiymətlərdəki dəyişikliklərə nəzarət edilməsi məqsədilə istifadə olunan informasiya mənbələrinin Şuranın Katibliyi (bundan sonra – Katiblik) tərəfindən monitorinqi aparılır.

Bundan başqa, vahid qiymət tətbiq ediləndən sonra aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir. Dərman vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilmiş digər üsullarla göstəriləcək.

Tənzimlənmə prosesinin nə vaxtdan başlanacağına gəlincə, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu işin mərhələli şəkildə həyata keçiriləcəyini bildirib:

“Azərbaycanın dərman bazarında 5 minə yaxın dövlət qeydiyyatından keçmiş dərman vasitələri var. Onların qablaşdırılması və dozasını nəzərə alsaq 18-20 min civarında dərman satılır. Hazırda İqtisadiyyat və Sənaye və Səhiyyə Nazirliyi birinci mərhələ üzrə birgə iş aparır. İlkin mərhələdə həyatı əhəmiyyətli -əhalinin ən çox müraciət etdiyi dərman vasitələrinin qiyməti müəyyən ediləcək. Növbəti mərhələdə isə digər dərmanların qiymətləri tənzimlənəcək. Bu işlərin ən qısa müddətdə başa çatdırılması planlaşdırılır. Ümumilikdə, bu proses ölkənin dərman bazarındakı bütün məhsullara aid ediləcək. Ən vacib dərmanların siyahısı müəyyən ediləndən sonra vahid qiymət tətbiq ediləcək. Tənzimlənmə zamanı baza olaraq ən ucuz qiymət götürüləcək”.

A.Əliyev bu yeniliyin sosial əhəmiyyətinin yüksək olduğunu vurğulayıb:

“Bu, dərman vasitələrində qiymətlərdəki dəyişikliyə səbəb olacaq. Dərman vasitələrində ucuzlaşmaya doğru dəyişikliyi hər kəs hiss edəcək. Bu həm də süni qiymət artımı hallarını da aradan qaldıracaq. Müəyyən edilmiş qiymətdən baha satmaq mümkün olmayacaq”.

A.Əliyev onu da vurğulayıb ki, vahid qiymət tarifi istehlakçılar üçün sərfəli olduğu qədər, aptek sahiblərini də zərərə salmayacaq.

“Qiymətin müəyyən edilməsi üçün hazırlanan cədvəllərdə rentabellik gözlənilib. Dərman idxalı, satışı ilə məşğul olan sahibkarlar bundan zərər görməyəcək”.

İstehlakçı apteklərdə dərmanın vahid qiymətə satılmadığını müşahidə edənlər bu barədə müvafiq quruma müraciət edə biləcəklər. Belə ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti qiymət intizamına ciddi nəzarət edəcək.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm